Menu
Geri İrəli

Kamran Quliyev: ““Sumqayıt” böyük potensialı olan klubdur” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2013 • Baxış sayı: 466 dəfə • Şərh yoxdur

“Sumqayıt” klubunun prezidenti Kamran Quliyevin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasında geridə qalan 11 turdan sonra “Sumqayıt” 5 xalla sonuncu pillədə qərarlaşıb. Bu cür olacağını gözləyirdiniz? 
- “Sumqayıt”la rəqib komandaları müqayisə etsək, bəli, gözlənilən idi. Premyer Liqanın əksər klublarının heyətində ustalıq səviyyəsi yüksək olan legionerlər, təcrübəli futbolçular var. Bizim komanda isə gənclərdən qurulub. Bu amilinin nəticəyə təsiri qaçılmazdır. Göz qabağında olan amillər var. “Sumqayıt” böyük potensialı olan klubdur, ancaq hazırda güclü rəqiblərlə başabaş mübarizə aparmağa çətinlik çəkirik.

- “Sumqayıt”ın elitada mövqeyini qorumaq ehtimalı nə dərəcədə böyükdür? 
- İrəlidə hələ 25 oyun var, hər şey ola bilər. Üzərimizə düşənin, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümid edirəm ki, əziyyətimiz hədər getməyəcək. Elitada yerimizi qoruyacağımıza inanırıq. Ümidimizi itirsək, burda işləməyin nə mənası var? Qələbə lazımdır, “qara zolaq”dan çıxmaq üçün bircə qələbə.

- “Sumqayıt” təbii örtüklü meydançada qəbul etdiyi “Xəzər Lənkran” (1:1) və “Qəbələ”dən (2:1) xal ala bilib. Amma yenicə istifadəyə verilən süni meydançada qonaq etdiyiniz “Qarabağ”la oyun göstərdi ki, meydan düz olanda, güclü rəqiblərə müqavimət göstərə bilmirsiniz. Bu fikirlə razısınız? 
- Əksinə, biz düz meydançada yaxşı oynayırıq. Siz qeyd etdiyiniz oyunlar avqust ayında keçirilib və həmin vaxt Mehdi Hüseynzadə adına stadionun qazonu yaxşı vəziyyətdə idi. Hətta, “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakla “Qəbələ”nin çalışdırıcısı Yuri Syomin ot örtüyünün durumundan razılıqlarını ifadə etmişdilər. Həmçinin, “Neftçi” ilə oyunumuzu xatırlayın, “Bakcell Arena”da təbii örtükdə oynadıq və xal aldıq (0:0). Sözümün canı odur ki, meydançanın süni olması oyunumuza təsir etmir. “Sumqayıt” ötən mövsüm son oyunlarının əksəriyyətini süni qazonda keçirtdi və lazımı xallar toplayıb, elitada qaldı.

- “Sumqayıt” ötən mövsümlə müqayisədə zəif təsir bağışlamasa da, xal ehtiyatı azdır. Bunu nə ilə əlaqələndirərdiniz? 
- Ötən il komandanın orta yaş həddi daha böyük idi. Ancaq indi gəncləri ön plana çıxartmağa çalışırıq. Digər tərəfdən, ötən mövsüm güc baxımından bizdən zəif olan “Kəpəz” və “Turan” vardı. Bu komandalarla duellərdə xal ehtiyatımızı artıra bilirdik. Ancaq indi vəziyyət dəyişib, əksər klublar mükafatlar uğrunda mübarizə aparırlar. Bu mövsüm rəqabət daha güclüdür. Belə deyək, “Sumqayıt” davamlı olaraq iddialı klublardan xal ala bilməz. Məsələn, biz “Neftçi”ni məğlub ediriksə, bu, sensasiya kimi qəbul edilir. Ancaq hər həftə sensasiya etmək olmur axı.

- “Sumqayıt” və “Rəvan”ın güc baxımından digər 8 klubundan geri qalması və bu komandaların Premyer Liqa standartlarına cavab verməməkləri fikri ilə razısınız? 
- Turnir cədvəlinə baxanda, sizinlə razıyam. Ancaq indi sonuncuyuqsa, bu o demək deyil ki, həmişə orada qalacağıq. Çempionatın ilk 4-5 turundan sonra “İnter” kimi klubun sıfır xalı vardı. Çempionatın sonunu gözləyək. Lakin elitanı tərk etmək, ora layiq olmamaq anlamına gəlməməlidir. I diviziona kimsə düşməlidir də.

- Pərdis Fərcad-Azad, Orxan Əliyev kimi futbolçuların zədə üzündən komandaya yetərincə kömək edə bilməməkləri çıxışınıza nə dərəcədə mənfi təsir göstərir? 
- Əsas amillərdən biri məhz aparıcı futbolçularla bağlı problemlərdir. Orxan təzəcə özünə gəlir. Pərdis hələ tam formasını yığmayıb. Hesab edirəm ki, o, yerli hücumçuların heç birindən geri qalmır. Ancaq hazırda formada deyil. Elə ona görə də Berti Foqts milliyə çağırmır.

- Əvəzində icarəyə götürdüyünüz Elşən Abdullayevlə Nurlan Novruzovun yarımmüdafiənin cinahlarında yaxşı təsir bağışlayırlar. Lakin onlarda son oyunlarda kölgədə qalıblar… 
- Elşənin 19, Nurlanın 20 yaşı var. Siz gözləməyin ki, bu yaşda olan futbolçular günü-gündən güclənən Azərbaycan Premyer Liqasında hər oyunda stabil çıxış etsinlər. Onlar zamanla püxtələşəcəklər. Hər ikisi olduqca perspektivlidir. Onlar Azərbaycan futbolunda öz sözlərini deyəcəklər.

- Komandanının hazırkı durumuna nəzər salarkən, baş məşqçi Aqil Məmmədovla bağlı sual vermək zərurəti yaranır. Onun əvəzlənməsi gündəmdə deyil ki? 
- Aqil Məmmədov potensiallı bir məşqçidir. Biz ona inanmasaydıq, baş məşqçi təyin etməzdik. Bilirsiniz ki, gənclərlə işləmək daha çətindir. Ona dəstək verməkdə davam edəcəyik, ən doğrusu budur. Aqil Məmmədova verdiyimiz “etimad limiti” hələ tükənməyib. Onun yaxşı oyunları da olub, səhvləri də olub. Onun bu postda nə qədər qalacağını zaman göstərəcək. Bizim Müşahidə Şuramız var, yığışıb komandanın çıxışını, səhvlərimizi götür qoy edirik. Baş məşqçi dəyişikliyinə ehtiyac duysaq, bunu Müşahidə Şuramızda müzakirəyə çıxardacağıq.

- Növbəti turda AZAL-ı qəbul edəcəksiniz. Bu rəqibi “qara zolaq”dan çıxmaq üçün münasib saymaq olar? 
- Bilirsiniz, Azərbaycanda istənilən komanda ilə oynamaq və qalib gəlmək olar. İstər “Neftçi” olsun, istər AZAL, istərsə də başqa biri. “Sumqayıt” hər oyuna döyüşmək, sürpriz etmək üçün çıxır. AZAL-la görüşdə də yalnız qələbə bizi qane edə bilər. Uğursuzluğun belini qırmaq üçün bir qələbə lazımdır. Ümid edirəm ki, bu həftə “qara zolaq”dan çıxmaq yolunda ilk addımımızı atacağıq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın