Menu
Geri İrəli

“Kiminsə FETÖ-nü himayə etmək cəsarəti ola bilməz”

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2016 • Baxış sayı: 504 dəfə • Şərh yoxdur
Share Button

siyavus

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “Qafqazinfo”ya müsahibəsi:

- Fətullah Gülən terror təşkilatı ilə bağlı Azərbaycanda da cinayət işi açılıb. Müxalifət cəbhəsindən bununla bağlı həbs edilənlər də var. Baş verənləri necə dəyərləndirirsiniz?

- Azərbaycanda “Dini etiqad azadlığı” haqqında qanun var. Dini icmalar qanun çərçivəsində qeydiyyatdan keçib fəaliyyət göstərməlidir. Kimliyindən asılı olmayaraq, əgər kimsə qanundan kənar fəaliyyət göstərirsə, bunun hüquqi formada cəzası olur. “Dini ekstremizm” haqqında qanun qəbul etmişik. Elə dini cərəyanlar var ki, onlar dövlətin fundamental quruluşunu dəyişdirməyə cəhd göstərir. Konstitusiyada qəbul olunub ki, Azərbaycan demokratik, unitar, hüquqi dövlətdir. Kiminsə Azərbaycanın dövlət quruluşunu təhdid etməsi, dəyişdirməsi, dini dövlət yaratmaqla bağlı arzusu varsa, qanunun aliliyi həmin şəxslərə tətbiq olunacaq. Kimisə şirnikləşdirməklə, müəyyən vəsait ayırmaqla, vədlər verilməklə yoldan azdırırlar.

İndi gündəmdə olan mövzu FETO-çudur. Amma başqa dini cərəyanlar da var. Onlar başqa dövlətlərin ərazisinə silahlı birləşmələrdə döyüşməyə göndərilir. Əməli saleh xalqına, dövlətinə bağlı olan adam heç vaxt bu yolu tutmaz.

Azərbaycanda dini cərəyanların fəaliyyəti elə də təhlükəli deyil. Çünki xalq savadlıdır.Təhsilli insanı yoldan çıxartmaq çox çətin məsələdir.

- Türkiyədə bu təşkilatla bağlı davam edən əməliyyatlar həm də onu göstərdi ki, bu qruplaşma AKP-nin daxilində də geniş vüsət alıb. Xəbərlər yayıldı ki, bu təşkilatın ikinci ən çox güclü olduğu ölkə Azərbaycandır. Bu baxımdan yanaşsaq, təşkilatın hakim Yeni Azərbaycan Partiyasına sızma ehtimalını necə dəyərləndirirsiniz?

- Bu qəti şəkildə mümkün deyil. Belə bir təhlükə yoxdur. Artıq hüquq-mühafizə orqanları da bu işlə məşğuldur. İnsanlar məsuliyyətə cəlb olunub. İndi siz deyilməyinə baxmayın ki, bu ikinci ən çox Azərbaycanda yayılıb. Bunlar hamısı yalan məlumatlardır. Hamısı Azərbaycan- Türkiyə münasibətlərinə kölgə salmaq üçün ortaya atılmış xəbərlərdir. Vaxtilə müxalifətçilər dəridən-qabıqdan çıxaraq sübut etməyə çalışırdılar ki, PKK-nın ən böyük cərəyanı Azərbaycandadır. Fakt onu göstərdi ki, qəti şəkildə belə bir şey yoxdur. Çünki Türkiyəyə qarşı atılan hər bir addım elə Azərbaycana da qarşı atılır. O baxımdan Azərbaycanda belə bir şey mümkünsüzdür, kiminsə də bunu himayə etmək cəsarəti ola bilməz. Kimsə ola bilər ki vədlər verilməklə yolundan azdırıla bilər. Ancaq kütləvi şəkildə ola bilməz. Azərbaycanda erməni lobbisinə işləyən siyasi partiya rəhbərləri var. Adı isə başqa bir beynəlxalq təşkilat olur. Fakt isə odur ki, onları erməni lobbisi himayə edir.

- Azərbaycanda bir neçə nazirin və nazirlik əməkdaşlarının da bu təşkilatla sıx əlaqələrinin olduğu iddia edilir. Bu baxımdan yaxın vaxtlarda kütləvi şəkildə işdən çıxarılma hallarının baş verəcəyi bildirilir…

- Belə bir şey yoxdur, hamısı şayələrdir.

- Ümumiyyətlə hansı qurumlarda bu cür şəxslər varsa onları ortaya çıxarmaq, ifşa etmək çətindirmi?

- Kimsə ibadət edir, hardasa yığışır, özləri özlərinin fikirlərini bölüşür. Bu küçəyə çıxıb elan yazmır, və yaxud küçəyə çıxıb etiraz aksiyası keçirmir. Sadəcə olaraq fəaliyyət göstərir. Mən mətbuta bütün günü baxıram, media ancaq istimaqətini FETO mövzuna yönəldib. Siz bilmədən də sizi bu istiqamətə yönəldiblər. Halbuki burada heç bir məsələ yoxdur. Neçə il idi ki Azərbaycanda “Qafqaz” universiteti də, həmin məktəblər də fəaliyyət göstərirdi. Bu gün başqa bir institutun tərkibinə keçib. Burada nə var ki ? Bunun qabardılması məhz Türkiyə-Azərbaycan münasibətlərinə ziyan vurur.

- Axı proseslər siz dediyinizi göstərmir. Türkiyədə iki aydır bu təşkilatı terror təşkilatı adlandırırlar. Dövlət çevrilişinə cəhd olub, hər gün kütləvi həbslər var. Azərbaycanda da bu qruplaşmanın təmizlənməsi istiqamətində istəyin məhz Türkiyə prezidentinin arzusu ilə həyata keçirildiyi vurğulanır…

- Azərbaycan müstəqil, Türkiyəyə qardaş dövlətdir. İndi kiminsə adına yazılsın ki, bu FETO-çudur, onu işdən çıxardırıq? Biz statistika veririk? Yoxdur da. Olmayan şeyi necə ortaya qoyaq? Bunlar güman edirlər ki, iki qardaş dövlətdir. Mədəniyyət və dil yaxındır. O baxımdan da Azərbaycanda da bu cərayan edə bilər. Türkiyədə onlar çoxdan fəaliyyətlərini qurublar.

- İki il əvvəl də Fətullah Gülən mövzusu gündəmə gələndə proses Azərbaycana da təsir etdi. Ən yüksək səviyyədə Prezident Administrasiyasında çalışan Elnur Aslanovun bu şəbəkənin adamı olduğu bildirilərək vəzifəsindən uzaqlaşdırıldı…

- Onun işdən çıxarılma əmrində FETO-çu olduğu yazılıb? Kim deyir ki, Gülənçi olduğuna görə işdən azad olunub? Rəsmi əmr var. Kiminsə öz işində nöqsanı varsa, işdən azad olunur. Heç kəsi qanuni fəaliyyətdə olan dini, siyasi baxışlarına görə nə işdən azad edirlər, nə də ki həbs edirlər. Bu tamam başqa məsələdir. Kim istəmir mətbuatda elə yazır. Ancaq bunu əsas kimi göstərmək çox səhvdir.

- Onda belə çıxır ki, iqtidarda belə bir qruplaşmaya xidmət edən kimsə yoxdur, ancaq müxalifətdəmi var?

- Müxalifətin digər törətdiyi cinayət əməlləri var. Bununla bağlı da məsuliyyətə cəlb olunublar. Sadəcə olaraq bunu transfer etmək istəyirlər ki, hüquqi status alsınlar. Guya bu adamlara FETO-çu damğası verilib tutulub. Onların bu və ya digər cinayətləri kifayət qədərdir. Bunlar sübut olunacaq. Mətbuatda o qədər şey yazılar ki. Hər yazılanı əsas götürsən, onda ölkədə adam qalmaz.

- Bəs AXCP sədrinin müşaviri Faiq Əmirlini FETO-çu qruplaşmaya xidmət edir ittihamı ilə həbs ediblər. Maşınında Gülənə aid kitabların tapıldığını prokurorluq qeyd edib.

- Cinayət işində elə yazılıb?

- Bəli.

- O zaman 3 ay müddətində araşdırılacaq və istintaqın nəticəsi bilinəcək. İkinci tərəfdən isə kimliyindən asılı olmayaraq kimsə yoldan çıxarıla bilər. Vaxtilə Azərbaycan dövlət çevrilişlərini görüb. Hərəni bir formada yoldan çıxarıblar. Burada başqa qüvvələrin də rolu ola bilər. Tək FETO-çular deyil. Onları da himayə edən qüvvələr var. Öz adamlarını bu cərəyana qoşa bilərlər.

- Ölkədə referendumun keçirilməsinə bir aya yaxın vaxt qalıb. Referendum öncəsi vəziyyəti necə dəyərləndirirsiniz, gözləntiləriniz nələrdir?

- Referendum üzrə təşviqat qrupu yaradılıb. Bu çox demokratik və ədalətli bir layihədir. Əsas prinsiplər insan hüquq və azadlıqlarının qorunmasıdır. Azərbaycan dövlətinin iqtisadi inkişafı, dövlət aparatının təkmilləşdirilməsi məsələləri burada əksini tapır. Bununla bağlı bu günə qədər konkret olaraq alternativ tərəflərdən hər hansı hüquqa əsaslanan konkret fakt ortalığa qoyulmayıb. Heç bir beynəlxalq təşkilat da Azərbaycana təklif verməyib, etirazını bildirməyib. Bu Azərbaycan xalqının istəyindən irəli gəlir. Xalq bunu özü müəyyənləşdirir, kənardan kiminsə müdaxilə etməsinin əhəmiyyəti yoxdur.

- REAL Hərəkatı imza toplama kampaniyasından imtina etdi. Səbəb kimi isə təzyiqlərin olduğu göstərildi…

- Guya REAL Hərəkatı 40 min imzanı toplaya biləcəkdi? Bu ümumi seçicilərin 0,1 faizindən aşağı imza edir. Azərbaycanda 5 milyon seçici var. REAL-ın hamısını bir yerə yığanda 30 nəfərdilər. Onların 30-u da kompyuter arxasında oturub. Heç bilinmir, özü yazır, ya anası, ya da atası. Çünki real deyillər. Burada virtual məkandır. Ola bilər xaricdə bir erməni oturub kiminsə adıyla yazır. Keçmişdə deyirdilər ki, İlqar Məmmədov prezidentliyə namizəd ola biləcək yeganə şəxsdir. Onun arxasında üç adam durur. Bu gün Yeni Azərbaycam Partiyasından başqa, elə bir təşkilat yoxdur ki, ətrafına on minlərlə adam yığa bilsin. Qatı müxalifətdə olanlar dərnək səviyyəsində fəaliyyət göstərirlər. AXCP Milli Şuranın hesabına fəaliyyət göstərir. AXCP yoxdur. Milli Şurada da cəmi on adam var. REAL- da beş-on nəfər uşaq var. Bunlara imza verən kimdir? 25 ildir ki, seçki ilə məşğulam. İmza toplamağın nə olduğunu çox gözəl bilirəm. Elə namizədlər var ki, 500 imzanı toplaya bilmirdi, deyirdi ki, imza vərəqələrimi oğurladılar. Ya da deyirdilər ki, maneçilik törədirlər. Hər gün AXCP-dən 3-4 adam çıxır gedir. Rayon təşkilatları başlı- başınadır. O birilər də eyni vəziyyətdir. Bu ondan irəli gəlmir ki, iqtidar hər hansı təzyiq göstərir. Yox. Sadəcə, onların lideri yoxdur.

- Deputatın mandatdan məhrum edilməsi prosesi indiki halda o qədər də asan deyil. Ancaq referendumda bununla bağlı təklif edilən dəyişiklik prosesi daha da asanlaşdırır. Sizcə, bu deputatların əleyhinə, yoxsa lehinədir?

- Eynidir, bir az bunun əsaslandırmasını düzgün təqdim etmirlər. Milli Məclisin daxili nizamnaməsində, Konstitusiyada da deputatın mandatından məhrum olunması ilə əlaqədar əsaslar göstərilib. Sadəcə iki məsələ bura əlavə olunub. Bu da bir neçə məsələlərin ardıcıl şəkildə bir il müddətinə təsdiq olunmaması , Nazirlər Kabinetinə iki dəfə dalbadal etimadsızlıq göstərilməsi və. s kimi hallardır. Bu da praktikada heç vaxt olmayıb. Ola bilər ki, kimsə nazirə etiraz edə bilər. Ümumilikdə isə parlamentdə indiyə kimi belə bir ənənə olmayıb.

- Azərbaycanda sosial şəbəkələrin bağlanacağı ilə xəbərlər yayılır. İndiki halda, bu nə dərəcədə realdır?

- Azərbaycanda internet azaddır. Sadəcə bunu təkmilləşdirmək lazımdır. İnternet azad şəkildə olmalıdır, ancaq bir şərtlə ki hər hansı istifadəçi şəxsiyyət vəsiqəsinin kodu ilə qeydiyyatdan keçib bundan istifadə etsin. Kimsə məni sosial şəbəkədə təhqir edirsə, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəmədə məsələ qaldırıram. Elə olur ki, 100 min adamın oxuduğu təhqirlə bağlı məhkəməyə müraciət edə bilmirsən. Sənin şərəf və ləyaqətin pozulur, necə müdafiə edəcəksən? Ona görə də hüquqi cəhətdən odur ki, şəbəkəyə şəxsiyyət vəsiqəsi ilə daxil ol. Söymək istəyirsənsə, buyur söy. Bununla da qanunla dediyin sözün cavabdehliyini daşıyırsan.

- Son günlər kriminal avtoritet Rövşən Lənkəranskinin ölümünə mətbuatda geniş yer verildi. Bəziləri oğrunun qəhrəman kimi qələmə verilməsinə narazılığını bildirsə də, bəziləri bunu normal qarşıladı. Siz necə düşünürsünüz?

- Vallah mən bu sistemlə, cərəyanla heç vaxt məşğul olmamışam. Hansı fəaliyyətdə olmalarından da məlumatım yoxdur. Bir şeyi bilirəm ki, ölənə deyirlər ki, Allah rəhmət eləsin.

- Adətən bu tipli avtoritetlərin siyasi dairələrlə sıx əlaqələrinin olduğu da vurğulanır…

- Azərbaycanda 1993- cü ildə ümummilli lider hakimiyyətə gələndən sonra belə bir hal olmayıb. Ona görə də hər hansı siyasi dairələrlə əlaqədən heç bir söhbət gedə bilməz. Ümummilli lider deyirdi ki, Azərbaycanda hakim qanundur, oğru hakim deyil.

Günel Türksoy

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın