Menu
Geri İrəli

Kino rejisor Elcan Məmmədov: “Cəmiyyət nə çəkirsə, sənətkar da onu çəkməlidir”

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2014 • Baxış sayı: 734 dəfə • Şərh yoxdur
elcan45
O, bu millət üçün çox işlər görüb, qiymətini az almış sənətkarlardandır. Həyata fərqli baxışı var, elə sənətə də. Bəlkə də cəmiyyət belə insanları sevmir, ya da fərqində deyil. Uzun zamandır həmsöhbət olmağı planlaşdırırdıq onunla, qismət dünənəymiş – onun doğum gününə…
Elcan Məmmədov 1958-ci ilin 23 oktyabrında yazıçı Altay Məmmədovun ailəsində dünyaya göz açıb. 2005-ci ildən rejissor kimi fəaliyyətə başladığı kino sahəsində, bu günədək 9 dildə, 23 sənədli filmin və onlarla müxtəlif səpkili videoçarxların rejissoru və əksəriyyətinin ssenari müəllifidir.
- Elcan müəllim, biz nə çəkirik?
 
- Mən sənədli film (gülür -red.) və hər kəs bacardığından. Ölkədə ümumi proses də ümidsiz deyil, ən azından proses dayanmayıb, kimlərsə bacardığı qədər bədii film, kimlərsə serial çəkir. Önəmli olan prosesin getməsidir, belə olarsa, istər-istəməz yeni istedadlar, əsərlər ortaya çıxacaq.
- Bəs cəmiyyət nə çəkir?
 
- Sualınızın alt qatlarını anlayıram. Cəmiyyət nə çəkirsə, sənətkar da onu çəkməlidir. Çünki cəmiyyət hansısa temperaturda yaşaya bilər, lakin özünü görmür. Bax, özünü ona göstərmək lazımdır ki, bunun da məsuliyyəti yaradıcı şəxslərin üzərinə düşür.
- Cəmiyyətin çəkdikləri göz önündədir: psixoloji gərginlik, insanların bir-birinə qarşı aqressiyası, ayrıca sosial ədalətsizlik… Siz – yaradıcı şəxslər, bu çəkdiklərimizi çəkə bilirsinizmi?
- Əlbəttə, biz də bütün bunları yaşayır və bu vəziyyətin perspektivdə nə dərəcədə acınacaqlı olduğunu görürük.
Dəhşətlisi odur ki, insanlar artıq bu cür yaşamağa alışır, müqavimətsizlik hissinə adaptə olurlar. Məsələn, qabaqlar marşrut sürücüsü avtobusu narahat idarə edəndə, sərnişinlər buna etiraz edir və vəziyyəti qismən də olsa, yoluna qoya bilirdilər. Lakin artıq sürücü istədiyini edir və sərnişinlər bu durumla barışırlar. Sanki, cəmiyyət yorulub, müqavimət hissini itirib və “hər şeyin əslində belə də olmalı olduğunu” düşünür. Yaradıcı şəxslər də bütün bunları ortaya çıxarmalı, nəyin yanlış, nəyin doğru olduğunu çatdırmalı və cəmiyyətdə müqavimət gücünü bərpa etməlidirlər.
- Deyəsən, yaradıcı kəsim də mövcud duruma alışıb axı, ya da yorulub…
- Hamının yerinə danışmaq istəməzdim, amma nələrsə edənlər, doğru yolu göstərənlər var. Bizim əsas missiyamız doğrunu söyləməkdir. Lakin hər şey o qədər də asan deyil. Tutalım, kimsə deyir ki, “filan yazıçı sovet dövründə niyə mətnaltı yazıb, hər şeyi açıq deməyib?”. Adam o dövrün reallıqlarını yaşamayıb, qalxıb o dövrdə yazıb-yaradanları ittiham edir. Ziyalının məqsədi cəmiyyətə işıq tutmalıdır, bu məqsədi reallaşdırmağın formasını isə seçməkdə azaddır.
 
- Maraqlıdır, alimini, yazıçısını, rejissorunu az qala ayaqlayan, lakin sıradan bir uniformalının qarşısında ikiqat olan insanların arasında, ya da onların çoxluq təşkil etdiyi bir cəmiyyətdə ziyalı olmaq necə bir hissdir?
- Hər kəs öz yolunu seçən zaman, gələcəkdə üzləşəcəyi reallıqları nəzərə almalıdır. Qeyd etdiyiniz problem bu gün bizim reallığımızdır və yaradıcılıq yolunu seçmişiksə, həmin reallıqlarla barışmalıyıq, gileylənməməliyik. O ki qaldı “belə olmalıdırmı?” sualına, təbii ki, xeyr! Hər şey dünyagörüşü ilə bağlıdır, görünür bizim cəmiyyətə nələrsə düzgün aşılanmır. Bu məsələdə çatışmayan ən ümdə məqam – maarifçilikdir. Və həmin çatışmazlıqlara görə, həm də media, xüsusilə televiziyalar sorumludurlar. Əslində, bu problemi çox qısa müddətdə həll etmək olar. Baxın, İkinci Dünya Müharibəsi bitənə qədər Yaponiya və Almaniya cəmiyyətləri çox aqressiv idi, həmin aqressiv cəmiyyətlər də dünya üçün hansı problemləri yaratdılar, hamımız bilirik. Lakin sonradan anladılar ki, bu yükdən azad olmaq lazımdır, bu aqressiya onlara zərər verir. Nəticədə, katarsisdən keçdilər, yəni öz-özünü “dezinfeksiya” etdilər, cəmiyyətlərdə paradiqmalar dəyişdi və bu gün hər iki cəmiyyət dünya elminin, mədəniyyətinin fövqündə durur. Bu baxımdan, bizdə də vitrin var, nədən katarsisdən keçməyək ki? Vaxt itirdikcə, daha çox uçuruma doğru gedirik və təcili tədbirlər görülməsə, daha acınacaqlı mənzərə ilə üzləşəcəyik.
- Qabaqlar Hollivud filmlərində görürdük – Nyu-Yorkda hamı tələsir, hər kəs harasa şütüyür, şəhər qatara gecikən insana bənzəyir. Bu gün həmin mənzərəni öz Bakımızda müşahidə edirik. İnsanlar sakit və aram həyatdan sürətlə uzaqlaşırlar, hər kəs harasa tələsir. Sizcə, niyə?
- Çünki artıq texnologiya insana qalib gəlir, həyatımızı öz yaratdıqlarımıza uduzuruq. Təsəvvür edin ki, insan öz yaratdığı ilə, yəni özü ilə mübarizə aparır, nahaq bir mübarizə. Və bu mübarizə sonunda məğlubiyyətlə bitir. Digər bir məqama da diqqət çəkmək istəyirəm ki, Nyu-York kimi şəhərlərlə bizim aramızda fərqlər çoxdur. Orada insanların tələsməsi də planlı şəkildədir, bizdə isə xaotik halda.
- Yaradıcı insanlarımız bu tələsən cəmiyyətin arxasınca çata bilirmi?
- Bu, fərdlərə bağlı məsələdir. Mən şəxsən çatdığımı hesab edirəm. Çata bilmədiyim istiqamətlər isə başqa
səbəblərlə əlaqəlidir. Məsələn, mən iki qəhrəmanımı itirdim, filmimə çəkmək istəyirdim, lakin olmadı – biri vəfat etdi, digəri xaricə getdi. Bundan başqa, elə şəxsiyyətlər də var ki, cəmiyyətdən öndə gedirlər. Vaxtilə Da Vinçi indiki İstanbulun Asiya ilə Avropa hissəsini birləşdirən körpünün sxemini hazırladı, lakin qəbul edilmədi. Çünki cəmiyyət ona hazır deyildi, tələbat və avadanlıq yox idi, qayıqla o sahilə-bu sahilə keçirdilər. Halbuki, 1971-ci ildə inşa olunan həmin körpünün sxemi ilə Da Vinçinin hazırladığını tutuşduranda, gördülər ki, təxminən eyni sxemlərdir.
- Bəlkə bir az da kinodan danışaq…?
- Böyük Koreya rejissoru var – Kim Kiduk. Filmləri çox aqressiv olur, yəni hər şeyi çılpaqlığı ilə çəkir. Amma unikal rejissordur, təsəvvür edin, bir ildə üç kino çəkir. Onun deyimi var, deyir: “Anladım ki, həyat kinodan üstündür” (gülür -red.).
- Elcan müəllim, biz hələ də sovet dövründə çəkilən filmlərimizin nostaljisi ilə yaşayırıq. Desək ki, o dövrdə bu sahədə böyük pullar var idi, yalan olar. Yaxud o zaman indikindən daha demokratik cəmiyyətdə yaşadığımızı iddia etsək, kimsə inanmaz. Amma hələ də 60-70 il öncə çəkilən filmlərimizin səviyyəsinə çata bilmədiyimizin məntiqini necə anlayaq?
- Əvvəla, qeyd edim ki, o dövrün filmlərini bəyənən indiki nəsil, əslində o dövrü görməyib. Tutalım, kolxozdakı ideal mənzərəni əks etdirən filmə bəh-bəhlə baxır, lakin fərqinə varmırlar ki, bunlar hamısı yalan idi, belə bir cəmiyyət olmayıb. Biz isə o zaman həmin filmlərə baxıb gülürdük…
- Axı, o dövrün filmlərini bəh-bəhlə izləyən, yalnız indiki nəsil deyil, elə yaşlı nəsil də eyni duyğuları yaşayır…
- Bu da özünü aldatma hissi ilə bağlıdır. Özümüzü inandırmağa çalışırıq ki, o dövrdə belə ideal cəmiyyət olub və kinolarımızda seyr etdiklərimizin hamısı həqiqətdir. Digər tərəfdən, hazırda ölkədə kino sahəsində boşluq var və həmin boşluq cəmiyyəti istər-istəməz köhnə filmlərə qayıtmağa vadar edir.
- Amma o dövrün nəhəng aktyorlarının, rejissorlarının əməyini qeyd etməmək də mümkün deyil. Hanı günümüzün Adil İsgəndərovu, Həsən Məmmədovu, Səyavuş Aslanı, Yaşar Nurisi…? Onları dünyaya gətirən cəmiyyətin bir daha hamilə qalacağını görəcəyikmi?
- Aha, bu artıq mövzunun digər tərəfidir. O insanlar gerçəkdən nəhəng idilər və içərisində olduqları çərçivə onları sıxdıqca, onlar daha da böyüyürdülər. Eyni zamanda, onların çoxu teatr aktyorları idi, teatr aktyoru isə hər zaman kino aktyorundan daha təməlli, daha peşəkar olur. Düşünmürəm ki, onları dünyaya gətirən cəmiyyət bir daha elələrinə hamilə qalmasın. Böyük ehtimalla, indi də çox istedadlı rejissorlarımız, aktyorlarımız, aktrisalarımız var. Sadəcə onları üzə çıxarmaq lazımdır. Bunun üçün də ilk növbədə sənədli filmlərə marağı artırmaq, kurslar yaratmaq lazımdır. Bizim də bu istiqamətdə bir layihəmiz var.
- Yeri gəlmişkən, ən son filminiz hansıdır?
- Bir həftə qabaq “258 nömrəli piyada döyüş maşınının ekipajı” adlı sənədli filmi tamamladıq. Burada Qarabağ
müharibəsindən bəhs olunur və bir tarixi ədalətsizliyin bərpası məqsədi daşıyır. Hazırda qısa bədii filmlərin çəkilişlərinə başlamağı planlaşdırırıq.
- Yəqin ki, maliyyə çətinliklərinin olub-olmamasını soruşmaq yersizdir…
- Əlbəttə, maliyyə çətinlikləri var. Seriallara ayrılan pulların bizə aidiyyəti yoxdur, biz müəllif kinosuna aidik. Ara-sıra Mədəniyyət və Turizm Nazirliyi maliyyə ayırır, təbii ki, o da yetərli deyil. Hərdən düşünürəm ki, niyə bizdə vətəndaşlar, iş adamları bu sahəyə dəstək olmurlar? Axı biz də bu cəmiyyət üçün çəkirik. Lakin artıq qərara almışam ki, maliyyə haqqında düşünməyim, ideya haqda düşünüm, gerisi Allah kərimdir.
- Söhbətimizin axarı öncədən planlaşdırmadığım məcraya yönəldi və mən əslində Sizə ünvanlamalı olduğum sualların çoxunu unutdum…
- Görürsünüz, əslində bizim söhbətin özündən bir sujet yarandı – sənədli film sujeti. Bədii filmdən fərqli olaraq, sənədli filmdə özündən nəsə artırmadan, fantaziyana əl atmadan, tam reallığı çəkirsən. Tutalım, çəkiliş heyəti yığışıb yollanır filmin çəkiləcəyi meydançaya və orada qarşına çıxanlara hansısa əlavələr etmək qadağandır, nə ilə üzləşəcəksənsə, onu çəkirsən. Bədii film isə, daha çox rejissorun, ssenaristin təxəyyülünün məhsuludur, bədii qatqılar çox olur. Və biz Sizinlə söhbətimizə heç bir təxəyyül qatmadıq, hər şeyi təbii axarına buraxdıq…
Tural TALEHOĞLU, bizimyol.info

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın