Menu
Geri İrəli

Kredit götürən hər bir Bank müştərisinə vacib açıqlama – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2016 • Baxış sayı: 887 dəfə • Şərh yoxdur

anarHazırda Bankların kredit müştəriləri ilə münasibətlərində gərginlik müşahidə olunur. Bir qrup hüquqşünas kredit müştərilərini banka qarşı aqressiv olmağa və kreditləri ödəməkdən imtina etməyə çağırır. Bildiyiniz kimi bu kimi hallar cəmiyyətdə ciddi problemlər yaradır. Ciddi iqtisadi kəsrlərin yaranmasına və eyni zamanda əmanətçi müştərilərin hüquqlarının pozulmasına gətirib çıxarır.

Yaranan ciddi problemlərlə bağlı Tanınmış Hüquqşünas, Vəkil, Vəkillər Kollegiyasının üzvü – Anar Qasımlıdan götürdüyümüz müsahibəni nəzərinizə çatdırırıq.

Anar müəllim, Sizdən xahiş edirik ki, cəmiyyətimizin qeyd etdiyimiz mövzu ilə bağlı hüquqi maarifləmnəsi məqsədi ilə bəzi suallarımızı cavablandırasınız.

Doğrudan da son zamanlar, xüsusən ikinci devalvasiyadan sonra sosial şəbəkələrdə bəzi hüquqşünasların hüquqa söykənməyən açıqlamalarına, çağırışlarına rast gəlirik. Bəri başdan deyim ki, bu çox yanlış tendensiyadır və heç bir hüquqi əsası yoxdur. Əlbəttə, ola bilər ki, hansısa konkret kredit müqaviləsində nöqsanlar, boşluqlar olsun və bundan istifadə edib konkret işdə uğur qazanmaq olar. Lakin ümumi şəkildə kreditləri ödəməməyə, guya krediti ödəməsən hər hansı bir məsuliyyətin olmayacağına yönəlik açıqlamalar tamamilə əsassızdır. Bildiyiniz kimi, birinci devalvasiyadan sonra da bu tip müzakirələr aktual idi. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Aərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarı ilə bir çox suallara konkret cavab verildi. Bu qərar hüquqi mülahizə sərbəstliyinin qarşısını tammailə alır. Bundan sonra irəli sürülən fərqli fikirlər yalnız və yalnız subyektiv mülahizələrdir. Çünki, Konstitusiya Məhkəməsinin qərarları qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Müştərilər Bank kreditlərini ödəməzsə nə baş verər?

Bankla müştəri arasında kredit verilməsi ilə əlaqədar yaranmış münasibət mülki hüquq münasibətidir, müqavilə öhdəliyindən irəli gəlir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi hər iki tərəf üçün konkret hüquq və vəzifələr müəyyən edir. Həm bank, həm də müştəri kredit müqavilələrindən irəli gələn hüquqlarını həyata keçirməkdə sərbəstdirlər. Bununla yanaşı kredit müqaviləsindən irəli gələn vəzifələrini də vicdanla icra etməlidirlər. Əgər tərəflərdən biri müqavilə öhdəliyini icra etmirsə, tərəflər öz aralarında yaranmış problemi birinci növbədə danışıqlar və qarşılıqlı razılaşma yolu ilə nizama salmalıdırlar. Bu mümkün olmadıqda isə, tərəf və yaxud tərəflər məhkəməyə müraciət edə bilər. Əgər müştəri banka olan kredit borcunu ödəməzsə, Bank həmin müştərini məhkəməyə verə bilər. Mülki Məcəllədə müəyyən olunub ki, əgər Mülki Məcəllə  və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu  üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

Müştərinin mülkiyyəti xırda kreditlərin məhkəmə predmeti ola bilərmi?

anar33Kreditin məbləğindən asılı olmayaraq, istər böyük məbləğ olsun, istərsə də kiçik məbləğ, əgər kredit borcu qaytarılmırsa, bank məhkəməyə müraciət edə bilər. Əgər kredit müqaviləsinin təminatı kimi, girov və ya ipoteka müqaviləsi bağlanmışsa, məhkəmə borcun girov predmetinə yönəldilməsi, girov qoyulmuş əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş gəlirin kredit borcunun ödənilməsinə yönəldilməsi barədə qərar qəbul edir. Belə olan halda, əgər girov qoyulmuş əmlakın dəyəri kredit borcunun dəyərindən artıqdırsa, qalan məbləğ müştərinin özünə qaytarılır, az olduqda isə, qalan borcu yenə də müştəri ödəməlidir. Girov olmadıqda isə, xırda kredit borcuna görə tutmanın müştərinin əmlakına yönəldilməsi məsələsini icra mərhələsində icra məmuru tərəfindən qanunla müəyyən edilmiş qaydada həll olunur. Onu da qeyd edim ki, əgər müştərinin əmək haqqı varsa, icra məmuru borcun onun əmək haqqına yönəldilməsi, yəni əmək haqqından tutulmasını təmin edə bilər.

Əgər müştərinin iş yeri yoxdursa bu münasibətlər necə tənzimlənir?

Ümumiyyətə, iş yeri, normal gəliri, krediti qaytarmaq qabiliyyəti olmayan müştəriyə kredit vermək çox riskli məsələdir. Banklar kredit verərkən diqqətli olmalı, ifadəmə görə üzr istəyirəm, hər yoldan ötənə kredit verməməlidir. Banklar kreditin qaytarılmama riskini tam araşdırıb daha sonra qərar verməlidirlər. Təəssüf ki, bir çox hallarda banklar “gözüyumulu” kredit verirlər. Bu gün məhkəmələrdə baxılan mülki işlərin böyük bir qismi qaytarılmyan kreditlərlə bağlıdır. O işlərin əksəriyyətinə nəzər saldıqda görürük ki, banklar kredit ayırarkən müştərini hərtərəfli analiz etməyiblər. Belə hallarda əksər müştərilər kredit alarkən bank işçilərinə müəyyən məbləğdə “şapka”, yəni rüşvət verdiklərini iddia edirlər. Ola bilməz ki, bu iddiaların hamısı əsassız olsun. Ona görə də, banklar kredit ayırarkən ehtiyatlı olmalıdırlar. Lakin bu heç də o demək deyil ki, müştəri bank əməkdaşı ilə danışığa gedib, ona rüşvət verib kredit alıbsa və onun iş yeri yoxdursa, o krediti qaytarmamalıdır. Bu halda icra məmurları digər icra hərəkətləri həyata keçirməklə, borcun qatarılmasını təmin etməlidirlər.

Zamin, götürülən kreditə münasibətdə nə qədər məsuliyyət daşıyır?

Mülki Məcəllədə zaminlik öhdəliklərin icra edilməməsinin təminatı üsullarından biri kimi nəzərdə tutulub. Zaminlik müqaviləsinin məğzi odur ki, bu müqavilə  üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar, yəni, əlavə məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bəzən elə hallar olur ki, bir neçə nəfər birə zamin olurlar.  Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər əsas borclu öhdəliyi icra etməzsə, öhdəlik zamin tərəfindən icra olunarsa, öhdəliyi icra etmiş zamin, zamin durduğu şəxsi məhkəməyə verərək ödədiyi məbləği geri tələb edə biər.

 Sadalanan yönəltmə obyektlərinin heç biri yoxdursa kredit götürən həbs oluna bilərmi?

 Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununun 6-cı maddəsinə görə, heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Eyni zamanda Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət məsuliyyəti yaradır və buna görə min manatdan üç min manatadək miqdarda cərimə və yaüç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri  və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulub.  Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə isə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Kredit götürən kredit borcuna görə deyil, kredit borcunu qaytarmaq barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməməyə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Bir şərtlə ki, onun qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməməsi sübuta yetirilsin.

BankNews.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın