Menu
Geri İrəli

`Laçından çıxarılırkən 4 yaşım yox idi` – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 18 May 2016 • Baxış sayı: 613 dəfə • Şərh yoxdur

1463566209_vusale-novruzlu-3Vüsalə Novruzlu: “Bütün türk dünyası olaraq bir yerdə yumruq tək necə birləşə biləcəyimizi düşünməliyik”

Mayın 17-si Laçın rayonunun Ermənistan separatçıları tərəfindən işğalı günüdür. Müsahibimiz Vüsalə Novruzlu Laçında dünyaya gəlib. O, Laçınla bağlı fikir və duyğularını bizimlə bölüşüb. Qeyd edək ki, V.Novruzlu Sakarya Universitetinin magistri, Sakarya Azərbaycan Tələbə Təşkilatının sədr müavinidir.

-Laçın sizin yaddaşınızda necə qalıb? 

-Sualınıza cavab vermədən öncə qısa tarixə göz atmaq istərdim. Bildiyimiz kimi, 1988-ci ildən başlayaraq ermənilər Dağlıq Qarabağda təxribatlar törətməyə başladılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda olan soyqırımından sonra hədəf Şuşa və Laçını ələ keçirmək idi. Mayın 8-də Şuşa, 17-də isə Laçını ələ keçirən xain düşmən öz çirkin əməllərini həyata keçirməkdə davam edirdi. Laçından çıxarılırkən 4 yaşım yox idi. Uşaqlıq xəyallarımda Laçın haqqında az bir şeylər qalıb. Sadəcə, dünyaya göz açdığım ev, bağçamız, bir az keçirdiyim uşaqlıq illərim… Və daha çox Laçın haqqında yaddaşımda, sonra da oxuduqlarımdan Laçının necə işğal olunduğu, ac aslanın önünə yem parçası tək düşdüyü kimi, çox da yaxşı olmayan xatirələr var…

-Laçınlı olub Laçını görməmək sizə necə təsir edir? 

-Bu sualınıza cavab vermədən öncə bir örnək üzərində anlatmaq istərdim. Aslanlar torpaqda, balıqlar suda yaşayır. Aslanı suya, balığı isə torpağa çıxardığımızda yaşamaq üçün mücadilə etsələr də, çox yaşaya bilmirlər. Onların yaşaması üçün hava, su, torpaq, qida olsa da, çox yaşamırlar. Çünki bioloji, fizioloji olaraq aslan torpağa, balıq isə suya görə yaradılıb. Sualınıza belə cavab verə bilərəm: laçınlı olub Laçını görməmək və Laçında yaşamamaq, aslan olub suda, yaxud balıq olub torpaqda yaşamaq kimidir.

-Hər halda, belə işğal günlərinin keçirilməsinə vərdişkarlıq heç də müsbət hal deyil…

- Bir nöqtədən baxsaq, bu, yaxşı haldır. Çünki ən azından Azərbaycan vətəndaşları tarixi yaddaşlarını unutmurlar və yad edirlər. Başqa nöqteyi-nəzərdən baxsaq, bəli, bu hal heç də yaxşı deyil. Hər il işğal günü üzgün şəkildə qeyd edəcəyimizə, bir gündə başda Laçın olmaq üzrə işğalda olan torpaqlarımızın işğaldan azad olunduğu günü qeyd etsək heç də pis olmazdı. Düşünürəm ki, bu işdə hər birimizin, özəlliklə biz gənclərin üzərində məsuliyyət daha çoxdur. Bu məsuliyyətimizi təkcə sözdə deyil, əməllərimizdə də göstərməliyik. Cinsindən, oxuduğu ixtisasdan, işlədiyi yerdən, yaşadığı məkandan asılı olmayaraq hər birimiz Azərbaycanın bütövlüyü naminə hər şeyi etməliyik. Aprelin 2-dən 5-dək davam edən döyüşlərdə xalqımızın milli-mənəvi ruhda düşmənə lazımi dərsi verdiklərinin bir daha şahidi olduq. Həmçinin xalqımızda bu ruhun hələ də davam etdiyi gün kimi aydın oldu. İnsanların “Ya Qarabağ, ya ölüm” şüarlarıyla döyüş meydanlarında əsgərlərimizə dəstək olması özü gözəl bir örnəkdir. Sakaryada oxuyan Azərbaycan tələbələri olaraq aprel ayında gedən döyüşlərdə əsgərlərimizə dəstək olaraq bir araya gəlib yürüş etdik.

-Xaricdə Azərbaycanın tanıtımı ilə bağlı hansı işlər görürsüz? 

-Sakarya Azərbaycan Tələbə Təşkilatının sədr müavini olaraq Azərbaycanı tanıtdırmaq adına tədbirlərin təşkilində yaxından iştirak edirəm. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı olaraq 28 dekabrda Sakarya Universitetinin Kongre ve Kültür Merkezində tədbir keçirdim. Fevralın 24-də Sakarya Universitetində keçirilən “Qarabağ və Xocalı soyqırımı həqiqətlərinin təbliği sayəsində xidmətlərinə” görə diplomu ilə təltif olundum. Xocalı soyqırımı ilə bağlı həqiqətləri və səsimizi Türkiyə xalqına daha yaxından çatdırmaq üçün fevralın 26-da ikinci dəfə Türkiyə Böyük Millət Məclisinə gedənlərin arasında yer aldım. Bundan başqa, martın 21-də “Baharın Gəlişi – Azərbaycanın ölkə tanıtımı” adlı tədbiri təşkil etdim. Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Uzun illər boyunca milli-mənəvi dəyərlərimizin ermənilər tərəfindən mənimsənilmə istəyini və uzun müddət rusların əsarətində qaldığımız üçün xalqımızın qədim adət-ənənələrini tarixi yaddaşlarımızdan silməyə çalışdıqlarını göz önündə tutaraq, bu cür tədbiri təhsil aldığım Türkiyənin Sakarya Universitetində eləmək bir azərbaycanlı olaraq mənim öndə gələn vətəndaşlıq borclarımdan biri idi. Düşünürəm ki, 2016 Azərbaycan Respublikasında “Multikulturalizm ili” olduğu zamanda belə bir tədbiri keçirmək məqsədəuyğun oldu. Zənnimcə, damarında Azərbaycan qanı axan hər bir vətəndaşımız, özəlliklə xaricdə təhsil alan, yaşayan, çalışanlar vətən üçün bir qarşılıq gözləmədən bacardığını eləməlidir. Nəfəsim və gücümün yetdiyi son anadək yorulmadan və qarşılıq gözləmədən Azərbaycanım üçün əlimdən gələn hər şeyi etməkdə davam edəcəm. Çünki bu mənim öncə Azərbaycan vətəndaşı olaraq vətəndaşlıq borcumdur.

-Xaricdəki gənclərimiz bu istiqamətdə hansı işlər görməlidir?

-Sakarya Universitetində 500-dən artıq azərbaycanlı tələbə var. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu tələbələrin heç də hamısı keçirdiyimiz tədbirlərdə yaxından iştirak etmirlər. Oxuduğun universitetdə istər 1, istər 10, istər 100 azərbaycanlı olsun. Fikrimcə, bunun çox da önəmi yoxdur. Unutmamalıyıq kı, hər birimiz fərdi olaraq oxuduğumuz universitetdə ölkəmizi təmsil edən bir Azərbaycan diasporuyuq. Oxuduğumuz universitetdə, ya da fakültədə fərdi olaraq böyük işlər görə bilməsək də, ən azından “azəri” kəliməsi olmadığını, bu kəlmənin farsların çıxardığı bir söz olduğunu, gerçəkdə isə azəri deyil, azərbaycanlı olduğumuzu anlada bilərik. Ya da Qarabağ, Xocalı həqiqətlərini, ermənilərin bizlərə etdiklərini anlada bilərik. Ona görə də mən belə hesab edirəm ki, kəmiyyət yox, keyfiyyət önəmlidir…

-Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması ilə bağlı hansı tədbirləriniz olub?

-Öncədən qeyd edim ki, mən könüllü olaraq Azərbaycan üçün sosial aktivliyimə 2 ilə yaxındır başlamışam. Daha doğrusu, Türkiyənin Sakarya Universitetinə magistr təhsili almağa gəldiyim gündən məqsəd və hədəflərimin ən başında Azərbaycan həqiqətlərini, adət-ənənələrini, Dağlıq Qarabağ hadisələrini, Xocalı soyqırımını, ən azından oxuduğum fakültədəki müəllim və tələbələrə anlatmağı qarşıma məqsəd qoyaraq bu yola çıxdım. Daha bir neçə gün öncə dərs mövzum “İnsan haqları” idi. Bir dərsdə ən az 60 tələbəyə Milli Qəhrəman Çingiz Mustafayevin görüntülədiyi videoları, şahidlərin söylədiklərini, həmçinin Zori Balayanın 13 yaşındakı bir uşağın dərisini soyaraq neçə dəqiqəyə qan itirmədən öləcək deyə, bir yoxlama etdiyini anlatdım. Azərbaycanlı olaraq belə bir mövzuda Xocalıda xalqımıza edilən zülmləri dilə gətirməsəydim, ən azından mənim üçün ayıb olardı. Sualınıza cavab verəcək olsam, daha bir neçə gün öncə başlatdığım bir layihə haqqında məlumat verərək davam etmək istəyirəm. Belə ki, Sakaryada oxuyan, əsasən də əcnəbi tələbələrlə ingilis dilində və öz dillərində “Qarabağ Azərbaycanındır”, “Xocalı bir soyqırımıdır” kimi şüarlarla çəkiləcək videogörüntülər və şəkillərdən olan görüntülər üçün bir neçə gündür işə başladıq. Sadəcə, hal-hazırda Sakarya Universitetində imtahan zamanı olduğu üçün qısa bir ara vermək məcburiyyətində olduq.

-Dünya birliyini bu məsələyə necə cəlb etmək olar?

-Dünya birliyini bu məsələyə necə cəlb edəcəyimizi düşünməkdən öncə, məncə, bütün türk dünyası olaraq bir yerdə yumruq tək necə birləşə biləcəyimizi düşünməliyik. Türk dünyası bir olsa, düşünürəm ki, nəinki Azərbaycan türklərinə, eləcə də bütün dünyada yaşayan türklərə edilən haqsızlıqların sonu gələcəkdir. Dünya birliyinə bu məsələni cəlb etməkdə tək yol bizlərə edilən haqsızlığı öncə özümüz dərindən dərk edib başa düşməliyik. Daha sonra bunu dünyaya faktlarla sübut etməliyik. İnanıram ki, gec-tez haqq yolunu tapacaq. Bizlərə edilən haqsızlıqları bütün dünya anlayacaq və lazımi insanlara lazımi cəzaları verəcəklər. Və sonda 17 may Laçının işğal günü ilə bağlı olaraq və laçınlı olaraq mənə qəzetinizin bir köşəsində Laçınla bağlı düşüncələrimi paylaşmaqda şərait yaratdığınız üçün sizə sonsuz təşəkkürümü bildirirəm.

Fuad Hüseynzadə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın