Menu
Geri İrəli

“Mən başqa idmançı qızlardan fərqlənirəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 29 May 2014 • Baxış sayı: 845 dəfə • Şərh yoxdur
Təranə Xudabaxşıyeva: “Anamla şərtləşmişdik ki, universitetə girsəm idmana gedəcəm”
terane-10 
“Kim deyirsə ki, peşəkar idmanla məşğul olacaq və sağlam qalacaq, yanılır”
Azərbaycanın bayrağını beynəlxalq arenalarda dalğalandıran, nüfuzlu, peşəkar idmançı xanımlarımızın sayı kifayət qədərdir. Ancaq təəssüflər olsun ki, müasir dövrümüzdə ictimaiyyət düşük, lüt şəkilləri ilə gündəmə gələn “müğənnilər”i daha çox tanıyır, nəinki bu zəhmətkeş xanımları. Elə bu ehtiyacdan da çıxış edərək, yeni layihəmizə start veririk:  “İdmançı qızlar” layihəsi çərçivəsində vaxtaşırı sizləri Azərbaycanın tanınan, böyük uğurlara imza ataraq bayrağımızı beynəlxalq və yerli arenalarda dalğalandıran idmançı xanımlarımızla tanış edəcəyik.
Layihəmizin ilk qonağı həm də həmkarımız olan taekvando üzrə milli hakim Təranə Xudabaxşiyeva oldu.
T.Xudabaxşiyeva ilə restoranların birində görüşərək geniş söhbət etdik. Azərbaycanın taekvando üzrə ən gənc milli hakimi olan T. Xudabaxşiyeva ilk olaraq idmana gəlişindən bəhs etdi.
1988-ci il təvəllüdlü Təranə xanımın uşaqlıqdan ən böyük arzusu idmanla məşğul olmaq olub.
 - Biz bakılıyıq. Mən uşaq olanda, bizdə şalvar geyinən qadına pis baxırdılar, o ki qalsın idmanla məşğul olasan. O vaxtlar Brüs Li, Jan-Klod Van Dammın məşhur zamanları idi. Onlara baxıb, idmana çox maraq göstərirdim. Ailəmizin mühafizəkarlığı ucbatından uşaq vaxtı idmana gedə bilmədim. Amma arzum ürəyimdə idi. İradəmlə, inadkarlığımla bu mübarizəmi evdə davam etdirirdim. Axır anamla sözləşdik ki, universitetə qəbul olsam, idmana başlayacağam. Bu sövdələşməmizdən atamın xəbəri yox idi. Buna baxmayaraq zaman-zaman ona da deyirdim ki, idmana getmək istəyirəm. Beləliklə gün gəldi ki, universitet imtahanlarının cavabı çıxdı. O vaxt sms göndərirdik və qəbul olub-olmadığımızın cavabı telefona gəlirdi. Mesaj gələndə ki, siz universitetə qəbul olmusunuz, ilk sözüm mən idmana gedəcəm oldu.
- Necə oldu məhz taekvandonu seçdiniz?
- Sonra ailəmin əlində yeni bəhanə oldu. Bu dəfə də dedilər ki, universitetin var, dərslərini oxu. Amma mən istəyimdən dönmədim. Bizim bir qohumumuz olan oğlan taekvandoya gedirdi, bir gün mən də onunla getdim və qərarlaşdırdım ki, hələlik bu idman növünə gedim, sonra karateyə keçərəm. Beləliklə, ilk məşqimə 2006-cı il oktyabrın 2-də başladım. Etiraf edim ki, əvvəl taekvandonu o qədər də sevmirdim, deyirdim bu nədi, eləcə təpik atırlar. Amma fəlsəfəsini dərk etdikdən sonra gördüyünüz kimi bugünə qədər taekvando ilə məşğulam.
- Ali təhsilinizi hansı universitetdə almısnız?
- Mən 2 ali təhsil almışam. İlk olaraq Mədəniyyət və İncəsənət Universitetinin Kultrologiyasını bitirmişəm. Daha sonra Slavyan Universitetinin Yaradıcılıq fakültəsini oxudum.
- Siz həm də radio aparıcısısınız…
- Bəli. Avropa.az radiosunda çalışıram. Mən həm də yazaram. Hekayə, romanlarım var.
- Eyni vaxtda bu qədər işlə məşğul olmaq sizi yormur?
- Əlbəttə, çətindir. Bəzən çatdıra bilmirəm. Belə zamanlarda hər kəs kimi mən də gərgin oluram.
- Bir xanım üçün hakimlik ağır deyil?
- Mən öz işimi sevirəm. O vaxt mən seçim arasında idim. Ya peşəkar idmançı olmalı idim, ya da universitet təhsilimi uğurla davam etdirməli idim. Mən də universiteti seçdim. Bir neçə il əvvəl də məlum oldu ki, dizimdə, diz bağlarımda yaranmış problemlə bağlı idmanla məşğul ola bilmərəm. Ona görə hakimliyə üz tutdum. Həmin ərəfədə 21-22 yaşım vardı.
- Beynəlxalq hakimlik barədə nə düşünürsünüz?
terane-7 Bu yaxınlarda elə bir şey mümükündür. Lakin hələ dəqiq nəsə deyə bilmərəm, çünki rəsmi qərar verilməyib.
- Hakimlik etdiyiniz yarışlarda siz də zədə alırsınız?
- Bəs necə? (Deyib, gülür.) Bizə də zərbə dəyir. Ümumiyyətlə, gərəkdir ki, döyüş zamanı hakim yarışçılarla qızıl üçbucağı qorusun. Mən ona bermud üçbucağı deyirəm. Elə olub ki, bütün qollarım, ayaqlarım gömgöy olub. Məcburən yayın isti günündə də qollu köynəklə gəzmişəm.
- Hakimlik etdiyiniz bu illərədə hansı maraqlı hadisələr baş verib?
- Hə, çox olub. Amma ən maraqlısını danışacam. Deməli, hakimlik haqqını qazanandan sonra ilk hakimliyim Azərbaycanda keçirilən beynəlxalq yarışda oldu. 21 yaşlı balaca, qara bir qız idim. Baş hakim məndən soruşdu ki, yarışı idarə edə biləcəksən? Heç nə demədim, sadəcə gülümsədim. Çünki nə “hə”, nə də “yox” deyə bilərdim. Həmin gün də çox ağır idi. Azərbaycan bütün yarışlarda uduzmuşdu. Bircə yekun oyun qalırdı. Dəqiq xatırlamırmam, ya 74, ya 78 kiloqramda döyüş olacaqdı. Özümdən həm yaş, həm çəkidə böyük olanların yarışını mən idarə edəcəkdim. Dağıstanlı idmançı ilə həmyerlimizin mübarizəsi idi. Təsəvvür edin, bircə ümid qalmışdı və hər kəsin gözü bu döşəkdə idi. Döyüş başladı, xeyli gərgin keçdi. O vaxt hər kəsin görə biləmədiyi xırda bir detalı görərək, yerindəcə dağıstanlı idmançıya cəza verməyim hər kəsin xoşuna gəldi. Həmin döyüşün qalibi həmyerlimiz oldu. Çox həyəcanlı mübarizə keçdi. Bu və bu kimi daha neçə-neçə maraqlı hadisələr olub, səhərə qədər danışsaq bitməz. (Gülür)
- Taekvando ilə məşğul olduğunuz dönəmdə hansı nəaliyyətləri qazanmısınız?
- Mən idmana gec başalmağıma rəğmən məşqimin 9-10-cu ayında Azərbaycan ikinciliyini qazanmışam. Sonralar Aəzrbaycan çempionatında 2-ci, 3-cü yerlərə layiq görülmüşəm. Bakı çempionatında birinciliyi qazanmışam. Bölgələr arası yarışlarda da 1-2-3-cü yerlərin sahibi olmuşam.
- Ümumiyyətlə, sizin üçün idman nədir?
- İdman insanın daxili gücünü üzə çıxaran vasitədir. Kim deyirsə idman bəylər üçün vacibdir, yanılır. Xeyr, ən çox xanımlar idmanla məşğul olmalıdır.
- İdman və sağlamlıq bunlar vəhdətdə mümkündür?
- Kim deyirsə ki, peşəkar idmanla məşğul olacaq və sağlam qalacaq, yanılır. İstənilən peşəkar idmançıya yaxınlaşsanız, sizə azı 10 dənə ağır zədə yeri göstərəcək. Sadəcə özün üçün məşğul olursansa, bəli, onda sağlam olmaq mümükündür.
- Təranə xanım, birdəfəyə neçə jim edə bilirsiniz?
- 30 edə bilərəm.
- Bəs pres?
- “Podxodla” 50-60 dəfə bacarıram. Birdəfəyə isə 15 pres edirəm.
- Bəs “turnik”də çəkinmək?
- Onu sevmirəm. Bizdə həmişə ayaq əsas götürüldüyündən “turnik”dən uzaq qaçmışam.
- Hobbiləriniz nədir?
- Mən başqa idmançı qızlardan fərqlənirəm. Hekayə, roman, pyes yazmağı sevirəm. Hətta bir əsərim səhnələşdirilib. Tarixi abidələri, muzeyləri gəzməyi sevirəm. Kinoya getməyi o qədər bəyənməsəm də, tamaşalara getməyi xoşlayıram. Rəssamların sərgilərində iştirak etmək də mənə zövq verir.
- Artıq 26 yaşınız var. Ailə qurmaq barədə düşünmürsünüz?
- Hələ istəmirəm. Hələki məndə qışdır. Mən karyeraya üstünlük verdiyim üçün şəxsi məsələni ikinci plana atmışam.
- Hədəfiniz nədir?
- Azərbaycanda idman təşkilatı yaratmışam. İstəyirəm insanlara anladım ki, idman tək yarışdan ibarət deyil.
- Sizcə gəncliyinizi qurban vermirsiniz?
- Bəlkə gələcəkdə bu peşmanlığı hiss edərəm. Amma indi yox, belə hesab etmirəm.
- Buna görə sizi evdə sıxışdırırlar?
- Düzünü desəm, bəli.
- Bu cür seçiminizə idmanla məşğul olmanızın da təsiri var?
- Xeyr. Keçən il millidən nə qədər qızımız evlənib. Bu mənim öz seçimimdir.
Dialoqumuzu burda yekunlaşdıraraq T. Xudabaxşiyeva ilə Taekvando Federasiyasına yollandıq. Səmimi söhbətləri ilə günlük həyat tərzindən, insanlarla münasibətindən bəhs edən xanım idmançımız həm də maraqlı yol yoldaşıdır.
Söhbət edə-edə gəlib federasiyaya çıxdıq. Federasiyanın həyətinə daxil olan kimi hər kəs bir tərəfdən Təranə xanımı salamladı. Həmsöhbətimiz gülərək dedi ki, çoxlu yarışlara hakimlik etdiyindən ona salam verənlərin əksəriyyətini tanımır:
- Bayaq uşaq salam verdi. Heç onu da tanımıram. Yəqin hansısa yarışına hakimlik etmişəm… 
Beləcə məşq zalına keçdik. İdmandan səhhəti ilə bağlı bir müddət uzaqlaşdığını, yalnız bu yaxınlarda məşqlərini bərpa etdiyini deyən müsahibimiz artıq kilolarından narahat olduğunu da gizlətmədi:
- İdman belədir də. İstənilən adam məşqi atan kimi azı 10 kiloqram alır. İndi çalışıram bu artıq kiloları məhv edim.
Həmkarları ilə maraqlı döyüş səhnələri canlandıran müsahibimiz xeyli zamandır idmandan uzaqlaşmasına baxmayaraq formada görsənirdi.
Bir müddət məşq edib, yoldaşları ilə görüşdükdən sonra Təranə xanımla sağollaşdıq.
Fəridə Abdıyeva

Facebook Şərhləndirmə:

Şərhinizi yazın