Menu
Geri İrəli

Mircəfər Bağırovun mühafizəçisi: “Əlindəki qovluğu Xruşşovun başına vurdu” SÖHBƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Noyabr 2013 • Baxış sayı: 352 dəfə • Şərh yoxdur

baqirov muhafizeciAzərbaycan tarixinin ən ziddiyyətli şəxsi, 21 il respublikaya rəhbərlik etmiş Mircəfər Bağırovun şəxsi mühafizəçisi Məhəmməd Şıxəliyev Lent.az-a danışır… 

 (Əvvəlini bu linkdən oxuya bilərsiniz- http://news.lent.az/news/146095)

 …Siyəzənin mərkəzindən üzü dənizə tərəf yol alırıq. Kiçik bir kənddir. Elə kəndin gircəyindədi Məhəmməd kişinin evi. Amma özü evdə yoxdur…

 - Sahədədir. Bircə gün də işsiz qalmır, içsiz dayana bilmir. Uşağı göndərim çağırsın.

Gəlir. Açığı 87 yaş vermək mümkün deyil. Çox cavan qalıb, özü deyir ki, indinin özündə belə hər səhər turnikdə dartınır, azı 10 dəfə. “İdmansız bu yaşa gəlib çatmazdım” deyir.

 “Dedi ki,Dərbəndi də qaytarın bizə”

 - İndiki kimi yadımdadır, Stalin çağırmışdı, şəxsən qəbul edəcəkdi. Kremlə mühafizəçilərdən ancaq məni buraxdılar. Qabaqda bir zabit idi, ortada Seyid, arxasınca da mən. Bir xeyli getdik. Üç-dörd yerdə dəhlizin başında əlisilahlılar dayanmışdı. Nəhayət, böyük bir otağa girdik. İçəridəkilərdən tanıdığım Anastas Mikoyan idi, bir də Xruşşov. Bağırov Mikoyana başıyla salam verdi. Xruşşovun yanına çatanda əlindəki qovluğu yüncülcə onun başına  vurdu. Sonra da dedi ki, bilirəm, sənin işindi. Amma arzun gözündə qalacaq. Sən demə, Xruşşov plan qurubmuş  ki, Bakını ayırıb RSFSR-ə birləşdirsinlər.

Sənə bir söz də deyim oğlum, Stalindən başqa heç kimlə hesablaşmırdı. Malenkov, Molotov, lap elə Mikoyanın özü, onlar da Stalinin qorxusundan bir söz deyə bilmirdi ona. Bakını alıb Rusiyaya birləşdirmək isətyirdilər, o qoymadı. Hələ Malenkov deyirmiş ki, Dağlıq Qarabağı da Ermənistana verin. Bağırov bununla bağlı Stalinin yanına getmişdi. Elə Malenkovun özünə demişdi ki, onda Ermənistanın  sərhəd rayonlarını da Azərbaycana verin. Üstəgəl Dərbəndi də, ləzgilər yaşayan Qasımkəndi də. Sonra görmüşdülər ki, belə alınmayacaq bu fikirdən vaz keçmişdilər.

 “Mikoyanı elə pis söyürdü ki…”

 Məhəmməd baba bir tarixi hadisə barədə də gördüklərini nəql edir. Deyir İranda, Cənubi Azərbaycanda hərəkat başlayanda Bağırov Stalindən xahiş edib ki, bu torpaqları Azərbaycan SSR-ə birlədirsinlər. Hətta Bağırov Cənubi Azərbaycanın xəritəsini də hazırlatdırıbmış. Amma Mikoyan Stalini yoldan çıxarıb. Stalinə deyibmiş ki, Azərbaycan birləşsə, Bağırovun qabağında durmaq çətin olacaq.

- 52-ci il idi, iyul-avqust ayı olardı. Naxçıvana getmişdik. Culfada maşını saxlatdırdı qəfil. Düşüb gəldi Arazın qırağına. Əsgərlər də heç bir söz demədilər. Yarım saata yaxın üzü o yana durub baxdı. Birdən bir ağlamaq ağladı ki, gəl görəsən. Yaxınlaşmağa belə qorxurduq. Sürücüyə əmr elədi ki, sür, qabaqda saxla. Özü təkcə çayın qırağı ilə gedir, biz də arxasınca. Bir kəlmə də danışmırdı. Nə bilim, yalan olmasın 3-4 kilometr beləcə getdi. Sonra mindi maşına qayıtdıq Naxçıvana.

Belə qəribəlikləri çox idi rəhmətliyin. O da yadımdadır ki, həmin vaxtlar Bakıda çoxlu İran azərbaycanlısı vardı. Heç vətəndaşlıq da almamışdılar. Bağırovun bir tək vaqonlu qatarı vardı. Qatarla bir dəfə Moskvaya gedirdik. Bizim üçün də həmin vaqonda yer vardı. Bağırovun özünün isə ayrıca yataq, yemək yeri. Yolda dayanmaq nəydi, bir də Moskvada dayanırdı.  Stalindən həmin azərbaycanlılara mənzil və pasport verilməsini xahiş edəcəkdi. Biz yenə həmişəki kimi qəbul otağında gözləyirdik. Haradasa 3-4 saat söhbət elədilər. Bağırov onun yanından çox pərt çıxmışdı. Sonradan bildik ki, Stalin razılıq verməyib. Bu işə Mikoyan əngəl olubmuş. Çünki həmin günü Kremlin qonaq evində qaldıq. Gecəydi, sakitlik idi deyə otağında nə danışdığını eşidirdik. Mikoyanı elə pis söyürdü ki, heç deyiləsi deyil. Bundan bildik ki, Mikoyan Stalinin başını doldurubmuş.

“Qaçaq Abgüllə görüşmək üçün meşəyə getdi”

 Məhəmməd baba danışır ki, Quba tərəflərdə bir qaçaq Abgül olub. Sovet hökuməti onun əlindən dad döyürmüş. Amma mərd adam imiş. Bağırov ona xəbər yollayır ki, silahı qoysun yerə, təslim olsun. Ona xətər toxunmayacaq. Amma razılaşmır. Sonda, bax bu Xızı tərəflərdə – əli ilə göstərir – meşədə ikisi görüşürlər. Abgülə deyir ki, hökumətlə hökumətlik edə bilməyəcəksən. Yaxşısı budur, Azərbaycandan çıx get. Abgül elə də edir. Yaddaşım məni aldatmırsa Türkiyəyə çıxıb gedir. Hə, həmin Abgülün bir qardaşı oğlu vardı, Hacı. 51-də idi, ya bir az sonra, elə əmisi kimi qoçağın biriydi, amma oxumuşdu. Gəlmişdi qəbula. Bir xeyli söhbət elədilər. Hüquqşünaslıq oxumuşdu, Bakının hansısa rayonuna prokuror təyin elədi. 80-ci illərdə bir dəfə gördüm onu. Oturub xeyli dərdləşdik. Bilmirəm, ölər, ya qalar indi. Mən onda bəlkə də dünyada olmamışam, amma deyilənə görə, Qaçaq Maillə də dost olub. Hələ bir şeir də vardı onların dostluğuna aid yadımdan çıxıb. (Gülür)

 - Bəs özü necəydi, yəni boş vaxtlarında neynirdi? Nə yeyirdi, nə içirdi. Məsələn, zarafatlaşırdımı?

 - Çox zabitəli idi, çox. Hirslənəndə üzünü görmə. Adamı söyə də bilərdi. Amma bütün bunlara baxmayaraq ədalətli adam idi. Həm də sadə həyat tərzi keçirərdi, inanın. Bir dəfə yadımdadı, kimsə bunun qəbuluna gəlmişdi. Əyni-başı da pis gündə. Hələ kabinetə girəndə çarığını da çıxarmaq istəyirdi. Amma durdu ayağa ki, çıxarma, gəl otur. Yadımda deyil, nə isə problemi vardı. Problemi həll eləmək bir yana. Bir də gördüm qırmızı işıq yanır. Hə, bu qırmızı işıq nədir, sizə deyim. Qəbul otağında qırmızı işıq yandısa, demək çıxırıq. Tez hazırlaşdıq. Gördük ikisi də otaqdan çıxdı. Sürücü artıq aşağıda gözləyirdi. Bunlar pilləkənlə düşür mən də ardınca. Döndü arxaya mənə dedi ki, sürücüyə de maşın lazım deyil. Üçümüz Mərkəzi Komitədən çıxıb piyada gəldik bunun evinə. Girdik evə. Yoldaşına dedi ki, tez yemək hazırla. O vaxt da qulluqçu-filan nə gəzirdi? Tez əldə hazır olandan yemək bişirdi. Mən o biri otaqda qaldım. Bunlar bir yerdə nahar elədilər. Çıxanda məni çağırdı. Bir topa pul verib dedi ki, bu kişiylə get dükan-bazara, nə lazımdı al. Mən də dükandan ona kostyum, qalstuk alıram, razılaşmır ki, qalstuk bağlaya bilmirəm. Dedim bağla eee, təzədən onun yanına gedəcəyik. Sən onun gözünə pis görünsən, mənim atamı yandırar. Nə isə, kostyum, qalstuk, qapqara tufli, ağ köynək, bunu geyindirib gətirdim. Üzünü-gözünü də qırxdırmışdım. İçəri girəndə Bağırov güldü. Başqa bir probleminin olub-olmadığını soruşdu, yola saldı. Deyirsən nə yeyirdi? Vallah inanmazsan, mən heç onun nə yeyib nə içdiyini görmədim.

 - Səfərə çıxırdız, bir yerdə yemirdiz ki?

 - Yox, o həmişə ayrıca yeyirdi. Xüsusi bağlamada onun yeməyi olurdu, köməkçisi hazırlayırdı süfrəni. Yemək sarıdan bizə heç korluq verməzdi. (Gülür) Amma onu bilirəm ki, yaxşı nərd oynamağı vardı. Gecə keçəndə bir də görürsən kefi durdu, kiməsə zəng elədi o da gəldi kabinetə nərd oynadılar.

 - Kimlə oynayırdı?

 - Üzeyir Hacıbəyovla. Bir dəfə Səmədlə də görmüşəm. Amma sənə bir söz deyim, Səmədi yaman çox istəyirdi. Bir də rəhmətlik Vahidi. Vahid ona bir şeir yazıbmış ki, evimi tarakan basıb, sən də mənim dostumsan. Gəl bu evə gör ağcaqanadlar, tarakanlar mənə necə divan tutur. (Gülür) Bu da eləmə tənbəllik, durub getmişdi. Amma onu xatırlamıram, ya Vahidə təzə ev verdilər, ya da  təmir etdilər.

 Məhəmməd baba deyir ki, onu təkcə Azərbaycanda sevmirdilər.

 - Yadımdadı, bir də görürdün Ermənistandan, Gürcüstandan, lap elə bu Dağıstandan onun yanına şikayət gəlirdilər. Bilirdilər ki, həll edəcəklər. Bilmirəm bunu bilirsiz, ya yox, ona hökm oxunandan sonra Tiflisdə gürcülər böyük bir mitinq keçirmişdilər. Stalinin heykəlinin yanında.  Tələbləri də o idi ki, Bağırov azad edilsin. Səbuhi Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın