Menu
Geri İrəli

Murad Doymuş: “Xəzər Lənkəran”ın futbolçusu özü də yaxınlaşıb dedi ki, orda penalti yox idi” (MÜSAHİBƏ)

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2013 • Baxış sayı: 287 dəfə • Şərh yoxdur

“Sumqayıt”ın müdafiəçisi Murad Doymuş Topaz Premyer Liqasının XXII turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la 2:2 oynadıqları oyunla bağlı Sportinfo.Az saytına müsahibə verib.

 

- Öncə oyunla bağlı fikirlərini öyrənək…

- Son iki turda yaxşı nəticələr qazana bilmirdik. Ona görə bu oyunda özümüzü yaxşı tərəfdən göstərmək istəyirdik. Görüşə də yaxşı başladıq, ilk dəqiqələrdə qol vurduq. Qarşılıqlı hücumlar şəraitində keçən bir matç idi. İkinci hissədə qapıçımız çox gözəl top çıxardı. Bunun ardınca hücum təşkil edib qol vurduq. Sadəcə, komandamız hesabda ikinci dəfə irəli çıxdıqdan sonra müdafiədə “oturdu”. Ümumiyyətlə, bizim də elə ən böyük problemimiz budur ki, önə keçdikdən sonra müdafiətyə otururuq. Hesab bərabərləşdikdən sonra da qol vura bilərdik, amma qismət olmadı.

- Belə deçək olar, “Sumqayıt” 1 xal qazanmadı, 2 xal itirdi?

- Bəli, razıyam. Xüsusən də hesab 2:2 olandan sonra qol fürsətlərimiz çox oldu. Hətta bir epizodda top qapı dirəyinə də tuş gəldi.

- Hər iki qolu penaltidən buraxdınız. Həmin epizodlarda penalti var idi?

- Mənim rəqiblə mübarizə apardığım ilk epizodda əminəm ki, 100 faiz penalti yox idi. Futboldan anlayışı olan insan da baxsa, o dəqiqə bilər ki, orada penalti yox idi. Hətta “Xəzər Lənkəran”ın futbolçusu özü də yaxınlaşıb dedi ki, orda penalti yox idi.

- Rəqib futbolçu özünü yerə atdı?

- Yox, bunu da dəqiq bilmirəm. Ola bilər ki, elə bir niyyəti yox idi, sadəcə, yıxıldı. Ancaq onu dəqiq  bilərəm ki, penalti yox idi.

- Bəs ikinci penalti epizodunda nə baş verdi?

- Orada penalti vermək olardı. Çünki köynəkdən çəkmə var idi. Həm də “Xəzər Lənkəran”ın 55 nömrəli futbolçusu (Ağabala Ramazanovu nəzərdə tutur) elə yıxıldı ki, kim baxsa penalti kimi qiymətləndirərdi. Amma olmayan ilk penaltidən sonra ikinci verilməməli idi. Birincini vermişdisə, ikincini saxlamalı idi.

- Hakimin “Xəzər Lənkəran”a qarşı simpatiyası hiss olunurdu?

- Yox, elə bir şey hiss etmədim. Amma bəzi epizodlarda bizim əlehimizə fit çalırdı.

- Hakim Fərzadın vurduğu 3-cü qolu qeydə almadı. Yan xətt hakimi oyundankənar vəziyyət, baş hakim isə əllə oyun qeydə aldı. Halbuki futbolçu özü təmiz qol vurduğunu düşünür.

- Hakim epizoda çox yaxın idi və əllə oyunun olmadığını bilirdi. Sadəcə, yan xətt hakimi bayraq qaldırdığı üçün oyunu saxlamalı oldu. Əslində ona bayraq qaldırmaq da demək olmazdı. qaldırmaq istəyir amma yelləyir, sanki cəsarət eləmir və təzədən aşağı salır. Mənə hələ də çatmır ki, baş hakim niyə fit çaldı. Məncə, o epizodda  hakim təmiz qolumuzu saymadı.

- Səncə, “Sumqayıt” mövsümü 7-ci pillədə başa vura biləcək?

- İnşallah, hər tur belə oynasaq, istənilən rəqibi məğlub edə bilərik. Sadəcə olaraq oyunumuzda qeyri-stabillik var. Bunun səbəbini mən də bilmirəm.

Anar  Xanlarov

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın