Menu
Geri İrəli

Muxtar Babayev: “Bu gün Sumqayıtda elə bir ailə tapılmaz ki…”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2012 • Baxış sayı: 476 dəfə • 2 şərh

ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayein yap.org.az saytına müsahibə verib. Müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq:

- Muxtar müəllim, bu gün Azərbaycanda iqtisadiyyatın diversifikasiyası siyasəti həyata keçirilir. Bu siyasətin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik…

- Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın müdrik rəhbəri Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkə iqtisadiyyatı çox keçmədən nəinki düçar olduğu çətin və ağır vəziyyətdən xilas ola bildi, hətta özünün ilkin inkişaf mərhələsinə qədəm qoydu. Dünyanın siyasi mənzərəsinin Azərbaycan üçün əlverişsiz və mürəkkəb olduğu bir dövrdə Ulu öndər bir sıra hegemon dövlətlərin gizli və bəzən də açıq təzyiqlərinə baxma­yaraq, özünəməxsus  yüksək iradə və qətiyyət nümayiş etdirərək, həm də yeganə düzgün qərar qəbul edə­rək, 20 sentyabr 1994-cü ildə bir çox beynəlxalq neft şirkətlərinin iştirakı ilə «Əsrin kontraktı»nın imzalanmasına nail olmuşdu. Məhz  həmin beynəlxalq kontraktın imzalan­ması,  Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri­nin inşasına başlanması ilə Azərbaycan bütün dünya miqyasında öz iqtisadi və siyasi müstəqilliyini bir daha və qəti şəkildə təsdiqlədi, eyni zamanda ölkəmizin bugün­­kü sürətli, dinamik inkişafının möhkəm təməli qoyul­muş oldu.

Ölkə rəhbərliyinin uzaqgörən iqtisadi siyasətinin, qlobal olaraq düşünülmüş neft stra­tegiyasının nəticəsi, dövrün ən mühüm və respublikamız üçün strateji baxımdan xüsusi əhəmiyyətə malik beynəlxalq layihələrindən olan BTC-nin reallaşdırılması sayəsində Xəzərin Azərbaycan sektorunda neft hasilatının artması və onun nəqli üçün şaxələndiril­miş ixrac neft kəmərləri sisteminin yaradılması region və Avropa ölkələrinin karbohidro­genlərlə daimi və etibarlı təminatı üçün böyük perspektivlərə yol açdı. Bu gün Xəzəryanı ölkələrdə hasil olunan enerjidaşıyıcıların da nəql edilməsində mühüm rol oyna­yan Azər­bay­can artıq 3 neft və 4 qaz kəmərləri şəbəkə­sinə malikdir ki, bu da region ölkələrinin enerji təhlükəsizliyinin təminində xüsusi əhə­miy­yət kəsb edir. Ölkəmizin xam neftinin və müxtəlif neft məhsullarının dəmir yolu ilə Gürcüstanın limanlarına nəql olunaraq, oradan Qara dəniz vasitəsilə Avropa ölkələrinə ixracı da məqsədyönlü diversi­fikasiya prinsip­lə­rin­dən irəli gəlmişdir.

Xəzərin karbohidrogen ehtiyatlarının zənginliyi, «Şahdəniz», «Günəşli», «Bahar» ya­taq­larında yeni təbii qaz ehtiyatlarının aşkara çıxarılması və istifadəsi son illərdə ölkə­mizin təkcə neft yox, həm də təbii qaz hasilatçısı və ixracatçısı kimi də beynəlxalq aləm­də nüfuzunu və strateji əhəmiyyətini artırmışdır.

Ölkəmizdə neft-qaz hasilatı həcminin ildən-ilə yüksəldilməsi, onun nəqli və istehlak­çılara çatdı­rılması sahəsində fəaliyyətini daha da genişləndirməklə hazırda regionun güc­lü və nüfuzlu neft-qaz şirkətinə çevrilmiş SOCAR öz istehsalat-terminal aktivini də müx­təlif şaxələr, istiqamətlər üzrə gücləndirməkdədir. Türkiyədə «Petkim» neft-kimya kom­pleksi, Qara dəniz sahilində Kulevi neft terminalı kimi enerji aktivlərinə malik olan Azər­baycan Dövlət Neft Şirkəti ötən il İzmir vilayətində yeni bir neft emalı zavodunun – «Star» müəs­si­səsinin təməlini qoy­muşdur.

Bu gün ölkəmizin ən mühüm təbii enerji sərvətlərindən olan karbohidrogen ehtiyatla­rın­dan maksimum və səmərəli istifadə edilməsinin, onların Avropa ölkələrinə nəqlinin şaxələndirilməsinin nəticəsi olaraq əldə edilmiş iri neft kapitalı sayə­sin­­də Azərbaycan öz iqtisadiyyatını gücləndirməklə və dünya iqtisadi birliyinə sürətlə inteqrasiya etməklə di­na­mik inkişa­fını uğurla davam etdirir.

Ölkə daxilində və regionda enerji layihələrinin diversifikasiyasından beynəlxalq iqti­sa­di əməkdaşlıq sahəsində mühüm vasitə kimi yararlanmaqla yanaşı, neft faktorundan sə­mə­rəli şəkildə faydalanaraq, ölkə iqtisadiyyatının digər sahələrinin, xüsusilə də qeyri-neft sektorunun inkişaf etdirilməsi, sənayenin bütün aparıcı sahələrində, o cümlədən neft-kimya kompleksində müasir texnologiyaların və elmin son nailiyyətlərinə əsaslanan yeni­lik­lərin tətbiqi artıq özünün gözlənilən dividendlərini verməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin uzaq perspektivə hesablanmış ideya və təşəb­büsləri sayəsində neft gəlirlərindən ölkə­nin qeyri-neft sektorunda, xüsusilə də iqti­sa­diy­ya­tın mühüm sahə­lərin­dən olan tikinti, nəqliyyat və ener­ge­tika sistemində də diversifi­kasiya prin­sipi əsas götürülərək, maksimum səmərə ilə istifadə edilməkdədir. Respubli­ka­nın elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan Mingəçevir su elektrik stan­­siyaları, rekonstruksiya edilərək əsaslı şəkildə yenidən qurulmuş Şimal Döv­lət Elek­trik stan­siyası ilə ölkənin böyük poten­siala malik energetika sisteminin daha da güclən­diril­məsi və genişləndi­ril­məsi, regionla­rın enerji təhlükəsizliyinin təmin edilməsi məqsə­dilə son bir-neçə ildə 11 yeni elektrik stansiyası, o cümlədən Naxçıvanda, Sumqa­yıtda, Şəkidə və res­pub­likanın digər bölgələ­rin­də ən son texnologiyalar əsasında hazırlanaraq inşa edil­miş modul tipli elektrik stan­siyaları istismara verilmişdir. Hazırda respublikanın elektrik enerjisi sisteminə daxil olan 13 istilik və 6 su elektrik stansiyası onlardan diver­sifi­kasiya prinsipi üzrə yüksək səmərə ilə və daha etibarlı şəkildə istifadə etməyə imkan verir.

Regionların müntəzəm və etibarlı enerji təminatında bu il və gələn il istismara veri­ləcək «Cənub» və «Şimal-2» elektrik stansiyaları, həmçinin Füzuli və Dəvəçidə inşa edi­lən su elektrik stansiyaları mühüm əhəmiyyət kəsb edəcəkdir. Xüsusilə diqqətəla­yiqdir ki, ölkəmizin enerji sistemi­nin geniş­ləndirilməsi və diversifikasiyası sayəsində hətta ən ucqar rayonlarımızda belə sənaye müəssisə­lərinin və əhalinin elektrik enerjisi ilə təmi­natında stabilliyə və daha yüksək etibarlılığa nail olunmuşdur.

- Siz Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtın seçicilərini Parla­mentdə təm­sil edirsiniz. Bu gün şəhərdə yeni muəssisələrin yaradılması istiqamətində hansı ad­dımlar atılır?

- Bu bir həqiqətdir ki, Sumqayıtdan söz düşəndə kimyanı təsəvvürə gətirməmək,  kimyadan danışanda isə Sum­qayıtdan söz açmamaq, ümumiyyətlə, bunları bir-birindən ayırmaq qeyri-müm­kün­dür. Təməli qoyulduğu ilk günlərdən etibarən Sumqayıt kim­yaçılar şəhəri kimi tanınıb, ötən illər ərzində bura­da halal zəhmətə bağlı olan əməksevər bir şəhər cəmiyyəti formalaşmışdır. Bu gün Sumqayıtda elə bir ailə tapılmaz ki, onun heç olmasa bir üzvü kimya sənayesində çalışmasın, nə vaxtsa kim­­ya ilə bu və ya digər dərəcədə bağlılığı olmasın. Odur ki, şəhərin həm neft-kimya, həm də digər iqtisadi struk­tur sahələrinin bugünkü və perspek­tiv inki­şa­fi hər bir sumqayıtlı üçün xüsusi əhə­miyyət kəsb edir və olduqca mühümdür.

Ölkə Prezidenti İlham Əliyevin son dövrlərdə Sumqayıta səfərləri, burada hər il bir-birinin ardınca yeni və müasir, yüksək texnologiyalar əsasında yaradılan səna­ye müəssi­sə­lərinin təməlinin qoyulması, mühüm sosial obyektlərin, o cümlədən Olim­piya kom­pleksi­nin istifadəyə verilməsi, şəhərin sürətli sosial-iqtisadi inkişafı, nümunəvi sə­na­ye mərkəzinə, paytaxt Bakı kimi gözəl və abad bir şəhərə çev­rilməsi üçün ikinci dəfə dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması hər bir sum­qayıtlıda doğma şəhərin xoş sabahına ümidləri daha da artırmış, şəhərin yeni sosial-iqti­sadi proqram və layihələr əsa­sında yenidən qurulacağına, ilk növbədə sağlam ekoloji muhi­tin təmin olunacağına, sosial-məişət şəraitinin, yaşayış səviyyəsinin yaxşılaşa­ca­ğına, digər mühüm məsələlərin də öz pozitiv həllini tapacağına dərin inam yaratmışdır.

Məmnunluqla qeyd edə bilərəm ki, Sumqayıtın ən iri sənaye strukturu olan “Azəri­kimya” İstehsalat Birliyi ARDNŞ tərkibində fəaliyyət göstərdiyi ilk günlərdən baş­layaraq kimyaçılarımız şəhər ictimaiyyəti ilə daha çox qaynayıb-qarışmış, birgə mə­də­ni-kütləvi, sosial təd­­­birlər keçirmiş, idman-sağlamlıq spartakiadalarının, müxtəlif növ yarış və oyunların  təşkilat­çısı olmuşdur. İctimaiyyətin iştirakı ilə təşkil olunan tədbirlər, müxtəlif görüşlər zamanı aydın hiss olunur ki, sumqayıtlılar şəhərin ictimai-sosial həyatının can­lan­masında kimya­çı­larla bir sırada olmaqdan məmnunluq, xoş ovqat duyur, sağlamlıq və ruh yüksəkliyi, nikbinlik yaradan tədbirlərin keçirilməsində  “Azərikimya” kollektivi ilə birgə olmağa çalışır.

Yeni yaradılan və gələcəkdə yaradılacaq müəssisələrə gəlincə isə deməliyəm ki, Azərbaycanda dövlət müstəqilliyi əldə edildikdən sonra Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Sumqayıtın iqtisadi xəritəsində bir-çox yeni, müasir tipli sənaye obyektləri yaradılmışdır. Şəhərdə tullantısız, müasir texnologiyalar əsasında inşa edilmiş «Azkompozit», «Güntex», «Basf Kaspian» müəssisələri, «Bismak» Qida-sənaye Kompleksi, yeni Elektrik stansiyası və s. istifadəyə verilmiş, «Azərboru»nun istehsalat fəaliyyəti bərpa edilmiş, onlarla yeni yaradılmış kiçik müəssisə ilk məhsullarını verməyə başlamışdır.

Sumqayıtın nəinki Azərbaycanın, bütünlükdə regionun ən yüksək inkişaf etmiş səna­ye mərkəzinə çevrilməsini qarşıya məqsəd qoymuş ölkə başçısı  İlham Əliyevin təşəb­büsü ilə res­publika iqtisadiyyatında müstəsna əhəmiyyəti olan  Sumqayıt Texnologiyalar Parkının qısa bir müddətdə inşa edilib istifadəyə verilməsi bu sahədə atılmış ən mühüm addımlardan biridir. Keçmiş İEM-2-nin ərazisində inşa edilmiş Texnoparkdakı müəssisələrin sayı yaxın zamanlarda 17-ə çatdırılacaqdır.  Hazırda müasir texnologiyalar əsasında yaradılmış bu müəssisədə res­pub­lika üçün mühüm əhəmiyyət kəsb edən və böyük ixrac potensialına malik elektro­energetika və maşınqayırma sənayesi məhsulları – müxtəlif təyinatlı kabellər, yüksək gər­ginlikli avadanlıqlar, o cümlədən transformatorlar, hidro­tur­binlər, elektrik mühər­rikləri, borular və s. istehsal edilir.

İlboyu günəş işığı bol olan və küləklər diyarı kimi tanınan ölkəmizdə təbii enerji mənbələrindən geniş miqyasda və daha səmərəli istifadə etmək üçün Azərbaycan Prezidentinin təşəbbüsü ilə Sumqayıtın genişlənməkdə olan sənaye zonasında yeni təyinatlı, ən yüksək və tullantısız texnologiyalar əsasında yaradılmış «Güntex» zavodunda respublikamızda ilk dəfə olaraq yeni istehsalat sahələri – «günəş modulları» (batareyaları)  və LED lampaları xətləri işə salınmışdır.

Bu müəssisənin yaradılması Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması sa­hə­sin­də ölkə rəhbərliyinin apardığı uğurlu siyasətin davamı kimi xüsusilə diqqətə­layiq­dir.

Onu da qeyd etmək lazımdır ki, «günəş modulları»na yalnız Azərbaycanda deyil, ilin günəşli dövrünün çox olduğu digər ölkələrdə, o cümlədən Orta Asiya respublikalarında və cənub ölkələrində də böyük ehtiyac vardır. Təsadüfi deyil ki, «Güntex»in fəaliyyyə­tinin daha da genişləndirilməsi, günəş batareyalarından və digər alternativ enerji mən­bə­lərindən maksimum səmərə ilə istifadə edilməsi məqsədilə ölkə Prezidentinin mü­va­fiq Fərmanı əsasında gələcək böyük perspektivə hesablanmaqla Azərbaycan Res­publi­ka­sının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradıl­mışdır.

Dövlət başçısının Sumqayıtda təməlqoyma mərasimində iştirak etdiyi daha bir müəssisənin – Karbamid zavodunun layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məh­sul­ları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanmışdır. Zavodun inşası üçün “Azərikimya”nın istifadəsində olan ərazidən 24 hektar torpaq sahəsi ayrıl­mışdır. Müəssisənin tikintisi dövlət investisiyaları hesabına maliyyələşdiriləcək və 2012-2014-cü illər ərzində həyata keçiriləcəkdir. Gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton karbamid təşkil edəcək müəssisədə əsas xammal kimi təbii qazdan istifadə olunacaqdır. Zavodun inşası zamanı 3 min nəfər mövsümi işlə, müəssisə fəaliyyətə baş­ladıqdan sonra isə 500 nəfər daimi işlə təmin olunacaqdır.

Bu ilin ən perspektivli layihələrindən biri də ölkə başçısının 21 dekabr 2011-ci il tarixli digər bir Sərəncamı üzrə Sumqayıtın sənaye zonasında 167,7 hektarlıq bir ərazidə Kim­ya Sənaye Parkının yaradılması ilə bağlıdır. Bu, mütərəqqi texnologiyalar əsasında yara­dıl­mış nümunəvi bir  emal şəhərciyi olacaqdır. Yeni kompleksin inşasında əsas məqsəd səna­yenin özəl sektorunun, kiçik və orta biznesin inkişafına, nəticə etibarilə isə müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye məhsulları istehsalına, əhalinin yeni iş yerləri ilə təmin edilməsinə nail olmaqdır. Bu, eyni zamanda ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaradacaq, qeyri-neft sektorunun davamlı inkişafını təmin edəcəkdir.

Magistral və dəmiryol xətlərinin Sumqayıt Kimya Sənaye Parkına yaxın olması, bu sə­na­ye şəhərciyində yerləşəcək emal müəssisələrinin yaxın gələcəkdə müasir standartlara cavab verən texnoloji avadanlıqlarla, “Azərikimya” İB tərəfindən xammal və yarımfab­ri­kat məhsullarla təmin edilməsi, orada kiçik müəssisələrin sahibkarları üçün güzəştli və sərfəli biznes mühitinin yaradılması, nəticə etibarilə onlarla çeşiddə son kimyəvi məhsulun istehsalına bilavasitə Azərbaycanda nail olunması ölkə iqtisadiyyatı üçün yeni və daha böyük perspektivlər vəd edir.

O da xüsusilə əhə­miyyətlidir ki, yeni müəssisələrin sənaye zonasında, həm də ən son, müasir texnologiyalar əsasında inşa olunması nəzərdə tutulmuşdur. Bu isə, heç şübhəsiz ki, ilk növ­bədə Sum­qayıtın ekoloji təmizliyinin qorunması və şəhər əhalisinin sağlam mühitdə yaşamasının təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.

- Bəs, ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyi öz fəaliyyətində nə kimi uğur­lara nail olmuşdur? Birliyin tərkibində fəaliyyət gostərən müəs­sisələrin modernləşməsi, yeni is­tehsalat sahələri ilə bağlı hansı yeniliklər həyata keçirilir?

- “Azərikimya”nın müəssisələrində yeniləşmə və rekonstruksiya işləri, istehsalatın müxtəlif sahələrində müasir standartlar səviyyəsində olan, avtomat­laşdırma-kompüter sis­temi üzrə idarə edilən qurğu və avadanlıqların, yeni texnologiyaların tətbiqi son iki ildə geniş yer almaq­dadır. Etilen-polietilen zavodunun EP-300 istehsalatında məhsul istehsalının artımına, xammal və yarımfabrikat məhsulların itkisinin qarşısının alınmasına yönəldilmiş əsaslı təmir və modernləşmə işləri, kimyəvi proseslərin ahəngdarlığını və da­vamlı olmasını təmin etmək məqsədilə yeni texnologiyanın tətbiqi, «Polimir-120» isteh­salatında ilk dəfə olaraq robot tipli mexanizmlərin quraşdırıldığı müasir paletləmə-qab­laşdırma kompleksinin yaradılması və s. bu sahədə görülmüş mühüm tədbir­lər­dəndir.

İstehsalat sahələrinin rekonstruksiyası, texniki yeniləş­məsi və müasirləşdirilməsi isti­qamətində görülmüş tədbirlərin real nəticəsi olaraq “Azərikimya” İstehsalat Birliyinin əməkçiləri ötən istehsalat ilini və bu ilin 6 ayını uğurlu əmək na­iliy­yətləri ilə yola salmışlar. Etilen-polietilen zavodunda kollektivin gərgin əməyinin, texnoloji rejimə ciddi əməl edilməsinin, yeni tətbiq olunan texnologiyalar sayəsində boşdayanmaların mini­muma endirilməsinin nə­ti­cə­si kimi əsas məhsullar üzrə proq­no­z tapşırıqları artıqla­ması ilə yerinə yetirilmiş, əsas ixrac məhsulları olan etilen və polietilenin istehsalı yüksək səviyyəyə çatdırılmışdır. Bütünlükdə isə Birlik üzrə dinamik inkişafa və məhsulların yüksək keyfiyyətinə nail olunmuş, xammal və məhsulların, enerjidaşıyıcıların nəql olun­duğu xətlərin yeniləri ilə əvəz olunması, xammal və hazır məhsul itkilərinin qarşı­sının alınması sayəsində xeyli həcmdə kimyəvi məhsula, həmçinin istilik və elektrik enerjisinə qənaət edilmişdir.

Xüsusilə təqdirəlayiqdir ki, ötən iki il ərzində yüksək istehsalat göstəricilərinə nail ol­muş kimyaçıla­rımızın əmək haqqları da orta hesabla iki dəfədən çox artmış, maddi vəziyyətləri yaxşılaşmış, onlarda həm kimya səna­ye­sinin gələcəyinə, həm də öz sabah­larına inam hissi yüksəlmişdir.

Prioritet olaraq müasirləşməyə, texniki yeniləşməyə doğru istiqamət götürmüş  «Azərikimya»da hazırda yeni layi­hələrin həya­ta keçirilməsi ilə bağlı texniki hazırlıq işləri aparıl­maqdadır. Artıq xaricdən polipro­pilen qurğusunun alınması və quraşdırılması üçün müvafiq mü­qavilə bağlan­mışdir. Yeni qurğunun yaxın gələcəkdə istismara verilməsi ilə Azərbaycanda ilk dəfə olaraq çox qiymətli bir məhsul kimi dünyada tələbatın olduqca yüksək olduğu polipro­pilen istehsal edilə­cəkdir. İllik istehsal gücü 200 min ton olacaq texnoloji xəttin sayəsində propilenin xaricə sadəcə xammal kimi, emal olunmadan ixracının, həmçinin respublikamızın polipropilendən hazırlanan müxtəlif məişət əşya və məmulatlarının idxalının qarşısı xeyli alınmış olacaq, onların bilavasitə Azərbaycanda hazırlanması üçün əlverişli imkan və şərait yaradılacaqdır. Aşağı təzyiqli polietilen istehsalı qurğusunun inşasi ilə əlaqədar isə ha­zır­da məslə­­hət­ləşmələr aparılır və yaxın gələcəkdə bu məsələ də yəqin ki, öz müsbət həllini tapacaqdır.

- Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet məsələ­lər­dəndir. Azərbaycan iqtisadiyyatında onun yeri və rolunu necə görürsünüz?

- Azərbaycanın bütün dünyaya, hamıya bəlli olan reallığı budur ki, neft sektoru ölkəmizin iqtisadiyyatında çox mühüm yer tutur, onun xüsusi çəkisi və potensialı kifayət qədər böyükdür. Ölkəmizin sürətli iqtisadi inkişafına səbəb olmuş bu mühüm amil hələ 4 il əvvəl başlamış dünya iqtisadi böhranı fonunda özünü daha aydın göstərir.

Ulu öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasətinin davamı olaraq  Azər­bay­can Prezidenti İlham Əliyevin bir-birinin ardınca həyata keçirdiyi mühüm, uzaq perspek­tivə hesablanmış, düşünülmüş tədbirlərin nəticəsidir ki, Azərbaycan nəinki iqtisadi böhrandan yan keçməyi bacarmış, hətta bu gün öz yüksək və sürətli inkişafı ilə dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilmişdir. Təbii ki, son dövrlərdə əldə olunmuş bütün iqtisadi və həmçinin siyasi nailiyyətlər ilk növbədə neft faktoru ilə bağlıdır. Bu, danılmazdır. Lakin məlum olduğu və ölkə rəhbərinin də bunu etiraf etdiyi kimi, yeraltı sərvətlərimizin ən qiymətlisi olan neft heç də daimi deyildir və o ən yaxşı halda 70-80 ildən sonra tükənə bilər. Məhz bunu nəzərə alaraq, ölkə başçısı bu gün neft gəlirlərindən daha səmərəli şəkildə istifadə etməklə karbohidrogen ehtiyatlarının hələ də bol olduğu indiki zamanda ölkənin qeyri-neft sektorunun məhz neftin sayəsində möhkəm təməlini yaratmağı və inkişaf etdirməyi təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoymuşdur. Bu mü­hüm vəzifənin reallaşdırılması ilə Azərbaycanın iqtisadi baxımdan güclü və qüvvətli bir ölkə kimi daim inkişafda olması, xalqımızın yüksək həyat səviyyəsinin, ölkəmizin xarici təsirlərdən və faktorlardan etibarlı şəkildə qorunma­sının təmin edilməsi üçün bu mühüm missiyanın uğurla yerinə yetirilməsinə, elə bu günlərimizdən etibarən mövcud neft potensialından maksimum bəhrələnmək, ondan səmərəli istifadə etmək son dərəcə mühüm və vacibdir.

Məhz bütün bunlar nəzərə alınmaqla ölkə başçısının təşəbbüsü ilə Bakıda və res­pub­li­kamızın digər şəhər və rayonlarında qeyri-neft sektoruna daxil olan sahələrin – ener­getika, avtomatika, tikinti-inşaat, kənd təsərrüfatı və digər sahələr üzrə iri və unikal mü­əs­sisələrin, infrastruktur sahələrinin, turizmin və s. inkişafına xüsusi diqqət yetiril­mək­dədir. Respublikamızda tikinti-inşaat sektorunun, kənd təsərrüfatının ayrı-ayrı sahələ­rinin, idmanın, turizmin, təhsil və səhiyyənin inkişafına yönəldilmiş neft gəlirləri vəsait­ləri, onlardan məqsədyönlü şəkildə, maksimum səmərə ilə istifadə edilməsi bu sahədə dövlət səviyyəsində aparılan iqtisadi siyasətin real təsdiqi, sübutudur.

Son dövr­lərdə yetişməkdə olan gənc nəslin idman-sağlamlıq tədbirlərinə daha geniş cəlb edil­məsi, beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsi üçün nəinki Bakıda, həm­çinin res­publikamızın bütün iri şəhər və rayonlarında idman-sağlamlıq, olimpiya kom­pleks­lərinin yaradılması, Avropa standartlarına uyğun olan müasir təhsil və səhiyyə ocaqla­rının, minlərlə xarici turistləri Azərbaycana cəlb edə bilən turizm-istirahət mər­kəzlərinin açılması və s. bu istiqamətdə aparılan işlərin uğurlu nəticəsidir. Ölkəmizin son illərdə əldə etdiyi uğur isə onun bütün dünyada nüfuzunun daha da artmasına səbəb olmuş, xalqımızın qədim bir tarixə malik, sülhsevər və beynəlmiləl təbiətli, olduqca qo­naqpərvər bir xalq olduğunu bir daha təsdiq etmiş möhtəşəm bir tədbirin – «Avrovizion» mahnı müsabiqəsinin Bakıda çox böyük bir uğurla keçirilməsidir. Dövlət başçımızın rəhbərliyi ilə bu beynəlxalq müsabiqəyə yüksək səviyyədə hazırlıq, onun bu müsabiqələr tarixində ilk dəfə olaraq böyük bir möhtəşəmliklə keçirilməsi bütün dünya xalqları üçün yaddaqalan, mühüm bir hadisə olmuşdur.

- Muxtar müəllim, Azərbaycan parlamenti bu gün gərgin iş qrafiki əsasında fəaliyyət göstərir. Millət vəkili olaraq necə düşünürsünüz, Milli Məclis qarşıdakı dövrdə daha hansı qanun layihələri üzərində işləməlidir?

- Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyub saxlamaqla yanaşı ümumbəşəri dəyər­lərə, o cümlədən Avropanın mütərəqqi dəyərlərinə də tədricən inteqrasiya etmək­dədir. Öl­kəmiz nüfuzlu beynəl­xalq təşkilatlarda təmsil olunur və biz insan hüquq və azadlıqlarını özündə əks etdirən bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq. Bundan əlavə, ölkə­mizin sürətli sosial-iqtisadi inkişafı ictimai münasibətlər sistemində, mədəni dəyərlərdə, me­yar­larda da müvafiq dəyişikliklərə səbəb olur. Bütün bunlar bəzi hallarda yeni qanun­ve­ricilik aktlarının qəbulunu, mövcud qanunlarda müvafiq dəyişikliklərin apa­rıl­masını zəruri edir. Yəni, qanunlarımız cəmiyyətin inkişaf tempindən geri qalmamalı, döv­rün tələblə­ri­nə, çağırışlarına cavab verməli, cəmiyyətin harmonik inkişafını təmin etməlidir.

Qeyd etdiyiniz kimi, Milli Məclis qanun­ve­ricilik aktlarının qəbulu, onlarda zəruri də­yişikliklərin edilməsi sahəsində həqiqətən çox gərgin qrafik əsasında işləyir və daha səmə­rəli, konkret tədbirlərin görülməsinə yönəlmiş mühüm layihələr üzərində çalışaraq, vacib qərarlar qəbul edir. Təbii ki, qəbul olunmuş hər bir qərar Azərbaycanın dövlət müstəqilliyi çərçivəsində Vətənimizin ərazi bütövlüyü və təhlükəsizliyinə, xalqımızın daha firavan yaşayışının təmin olunmasına yönəldilir. Bu qərarların bir çoxu uğurla yerinə yetirilməkdədir və hazırda Milli Məclisin gündəliyində ölkəmizin daxili və xarici siyasəti ilə bağlı mühüm layihələrin müzakirələri gözlənilir.

Facebook Şərhləndirmə:

“Muxtar Babayev: “Bu gün Sumqayıtda elə bir ailə tapılmaz ki…”” yazısına 2 cavab

  1. sarqiyya deyir:

    5 il bundan evvel sumqayit ehalisinin 90 faizi, indi ise 60 faizi iwleyir.iwlemeyenler iwleyenlerin agzina baxir

  2. Etibar deyir:

    nese yaman yel gəlir e….

Şərhinizi yazın