Menu
Geri İrəli

Namiq Məna: “Gecə saatlarında maşından düşüb Sumqayıtı gəzirəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Aprel 2015 • Baxış sayı: 1,091 dəfə • Şərh yoxdur

namiq menaRubrikamızın qonağı meyxana sənətində sözünü demiş, tanınmış bədihə (meyxana) ustası, Namiq Mənadır.
- Salam Namiq bəy,xoş gördük sizi. Əslən Qubadlı rayonundansınız. Qubadlı camaatı daha çox aşıq-saz sənətinə maraq göstərir. Necə oldu ki, meyxananı seçdiniz?
- Çox sağ olun ki,dəyərli vaxtınızdan ayırıb, məni müsahib kimi qəbul eləyirsiniz. Bəli, əslən Zəngəzur mahalındanam. Bizim bölgədən təkcə aşıqlar deyil, böyük yazarlar da  çıxıb. O, cümlədən Seyid Nigari olub ki, Cəlaləddin Rumi kimi böyük şəxsiyyət hesab olunub. Onun qəzəlləri, şeirləri çox məşhur idi. Hələ o vaxt valideynlərim Corata gəlmişdilər. Onda heç Sumqayıt yox idi. Mən uşaq olanda yadıma gəlir ki, babam qapıya gələn qonağı bədahətən şeirnən qarşılayırdı. Böyük qardaşım isə Ələkbər Əliyev Musiqili teatrın aktyorudur. Ona baxıb mənim də incəsənətə həvəsim oyandı.O vaxt incəsənət adamları çox əlçatmaz idi. Mən də populyar olmaq istəyirdim. Elə məktəbi bitirəndən sonra sənədlərimi İncəsənət universitetinə verdim və qəbul oldum.
- Neçənci ildən meyxana sənəti ilə məşğulsunuz?
- 1985-1986-ci illərdən bu sənətlə məşğul olmağa başladım. 1989-cu ildə isə universitetə qəbul oldum. Artıq el şənliklərində çıxış edirdim, lent yazılarım çıxmışdı. Xalq tərəfindən sevilirdim. Çox vaxt dərslərə səhlənkar yanaşırdım. Müəllimim var idi Zəminə Hacıyeva, mənə dedi ki, səndə qeyri-adi istedad var. Onsuz da aktyorluğun arxasınca gedənə oxşamırsan. Məsləhət gördü ki, meyxana sənətini davam etdirim. Uzaqgörən insan idi. Sözləri təsir elədi mənə. Sözündə haqq var idi.
- Bu sənəti seçməyinizi ailəniz necə qarşıladı?
- Ailədə təbii ki, qadağalara məruz qaldım. Zəngəzur mahalına yad bir janr idi. Sovet dönəmində çox aşağılanmışdı. O vaxt bu sənətin adamlarına əyyaş, narkotik aludəçisi  kimi baxırdılar. Qız almağa getsən belə qız verməzdilər. Halbuki, Seyid Əzim Şirvani də, Mirzə Ələkbər Sabir də bədahətən demişdilər. Mən çox araşdırdım bu sənətin incəliklərini. Bu janrın işıqlı gələcəyini görürdüm. Araşdırmaqda da davam edirəm.
- Niyə məhz Məna təxəllüsü?
- Bir dəfə Novruz şənliyində bədahətən gördüklərimi dedim. Fəlsəfə fənnindən dərs deyən Kazım müəllim məni auditoriyaya çağırdı ki, sən, necə olur ki, gördüklərini deyirsən, əzbərləmisən? Dedim ki, mən əvvəlcədən bilmirdim axı kimlər olacaq. Dedi sənin dediklərin məna kəsb edir. Çox mənalı deyirsən. Soruşdu ki, təxəllüsün var? Bildirdim ki, yox. Dedi Namiqin yanına Məna təxəllüsünü qoy. Onda 20 yaşım vardı. Çox ağır bir təxəllüs olduğunu söylədim. Kazım müəllim dedi ki, yavaş-yavaş doğruldarsan. Şükür Allaha ki, doğrultdum .Meyxanaçılar bölgələri təxəllüs seçirdilər. Mən isə bölgələrin bölünməyinin əleyhinə idim. O təxəllüslər xarakterimə yad idi.
namiq mena1- Namiq bəy, bu yoldan sizi uzaqlaşdırmaq istəyənlər olub?
- O vaxt mənim yeməyimə mismar atmışdılar. İki il xəstə yatdım. Ölümcül vəziyyətdə idim. Çox həkimlər gəzdim. Heç biri mənə kömək edə bilmədi. Axırda bizim ağır seyidlərdən biri tapdı çıxartdı. Onda hələ 20 yaşım var idi. Bunu mən heç yerdə danışmamışam. İlk dəfədir ki, sizə danışıram. Yuxuda gördüm yer çəkir məni özünə. Yerin altına tərəf gedirəm. Gördüm Əliağa Vahid gəldi dayandı düz başımın üstündə. Tam səmimi deyirəm. Əlini mənə uzatdı ki,qalxım. Dedi ki, sənin gələcəyin hələ qabaqdadır. Yaxınlarda onun səs yazısını tapdım. 40 dəqiqəlik lent yazısı idi. O vaxt Əliağa Vahiddən müsahibə götürmüşdülər. Eşidəndə çox kövrəldim.
- Siz “Qız hara,şalvar hara” meyxanası ilə tanındınız. Artıq illər keçib. Yenə də bu fikirdə qalmısınız?
- Onu o dövrə şamil eləmişdim (gülür). Yeniyetmə vaxtım idi. O dövrün tələbləri var idi. Mən xanımların siqaret çəkməsinin əleyhinə idim. Onu bu meyxanamda da qeyd eləmişdim. Hər dövrün özünün tələbi var. Mən müasirliyin tərəfdarıyam. Sadəcə olaraq əndazədən çıxmamaq şərtilə.  Xarakterimə yad idi, ona görə demişdim. Elə lent yazıları var ki, 20-25 il əvvəl demişəm. İndi özümə gülməyim gəlir. Səhv də mənim səhvimdir, düz də mənim düzümdür. Ona mənim səhvim kimi baxmıram. Mən Mirzə Ələkbər Sabir deyiləm ki? Mirzə Ələkbər Sabirin vaxtilə dediklərini bugünkü gündə də istifadə eləmək olar.
- Meyxanaçıların əksəriyyəti meyxana deyəndə çox emosional olurlar. Amma sizdə bu müşahidə olunmur. Bunu sizin xarakterinizlə əlaqələndirmək olarmı?
- Xarakterlə də əlaqələndirmək olar bunu. Dünyagörüşündən də irəli gəlir. Adicə danışanda o təmkin məndə var. Həzrət Əlinin belə bir kəlamı var, təbəssüm sədəqədir. Elə tərəf müqabili olur ki, onunla el şənliyində, televiziyada üzləşirsən. Amma tamaşaçılara görə yumşaq tərzdə keçirsən ki, onların əhvalını pozmayasan. Sən də ona acı söz desən artıq mübahisə yarana bilər və tamaşaçıya qarşı hörmətsizlik olar. Hirsli yanaşsan məğlubiyyətə doğru gedərsən. Nəinki sənətdə, elə həyatda da çalışıram ki, təmkinli olum.
- Hətta kanalların birinin səhər proqramında xanım aparıcı ilə mübahisəniz oldu. Xanım əsəbi halda danışsa da, siz çox təmkinli danışığınızla yadda qaldınız.
- Nanə xanımı deyirsiz. Xanım olduğuna görə  yumşaq tərzdə yanaşdım. Orada mənim digər həmkarım da var idi, “Uçaskovu icazə vermir” ifadəsini işlətdi. Nanə xanım da hətta “Uuçaskovu qoymur?” deyə sual verdi. “Uçaskovu” sözünü iki dəfə işlətdi. Mən də Azərbaycan dilində “Sahə müvəkkili” deyə düzəliş verdim. Bu da Nanə xanımın xətrinə dəydi. Mən onun özünə də dedim, razılaşdı. Aparıcı tərəf bildirə bilməz. Televiziyanın da öz qanunları var. Aparıcı çağırdığı müsahibin tərəfini tuta bilməz. Özü də mənə dedi ki, verilişdən sonra mənə nə qədər zəng gəldi. Sizi nə qədər istəyənlər var. Nanə xanım duyğusal xanımdır, şeiriyyatı sevən xanımdır. O gün məndən müsahibə də götürdü. Təzə veriliş açır.
- Namiq bəy, kimdən  dərs almısınız?
-
Bu sənətdə müəllim anlayışı yoxdur. Sırf bu sənəti öyrətmək mümkün deyil. Olur ki, kimsə deyir, sən də çalışırsan özünü ona bənzədəsən. Əruz vəznində hansı bəhr olduğunu kimdənsə öyrənə bilərsən, amma istedadı sənə Allah verməlidir. Heç kim əlimdən tutub bu sənətə gətirməyib. Amma məndən öncə Ağasəlim Çıldaq, Nizami olub. Mən onların hər ikisinə baxıb, görüb, götürmüşəm. Məsələn Nizaminin yüksək mədəniyyəti var idi. Şeri, qəzəli təmkinlə deyirdi. Ağasəlim Çıldaq meydanı gözəl ələ alırdı.
- Bəs özünüzün necə, davamçılarınız varmı?
- Bəli, məndən bəhrələnənlər var. Elələri var ki, üzünü heç görməmişəm. Telefonda yazırlar ki, mən sizin tələbənizəm, sizin həvəsinizlə gəlmişəm bu sənətə. Məna təxəllüsünü götürəndən sonra sənətə pərəstiş edənlər uşaqlarının adlarını Məna qoyurdular. Halbuki əvvəllər bu ada rast gəlinmirdi. Vaxt gələcək mən olmayacağam. Sizin kimi jurnalistlər araşdırıb çıxaracaqlar ortaya belə hadisələri. Ulu öndərimiz deyib ki, istedada qayğı lazımdır. Çox olub ki, istedadlı insanları çəkib çıxarmışam efir məkanına.
- Qadınların meyxana deməyinə münasibətiniz necədir? Məsələn götürək elə Samirə xanımı.
- Samirə xanımdan əvvəl bizim Rəhim Saraylı var, Saray qəsəbəsində yaşayır. 80 yaşı var. Onun bacısı Xanımana bədahətən deyirdi. El şənliklərində də bir-iki dəfə tərəf müqabili olmuşuq onunla, çox gözəl də səsi var idi. Xanımların meyxana deməyinə əndazədən çıxmamaq şərtilə yaxşı baxıram. Bəyəm Xurşidbanu Natavan deməyib? Onun da rübailəri, qəzəlləri, qəsidələri var. Mən bunların elmi tərəflərini araşdırıram. Bizim aşıq xanımlarımız olub. Tükəzban xanım, Nailə xanım. Onlar da bədahətən deyiblər. Yenə deyirəm, əndazədən çıxmamaq şərtilə yaxşı baxıram. Küçə ifadələri işlənməməlidir ki, kənardan baxana da xoş gəlsin.
- Yaradıcılığınızda nə yeniliklər var?
- Yaradıcılığımda yenilik odur ki, bu yaxınlarda görkəmli rejissorumuz Vaqif Mustafayev məni “Şən-şuq” verilişinə aparıcı kimi dəvət etdi. İlk dəfədir burdan deyirəm.(Elə yeri gəlmişkən, bu müsahibə eksklüziv xəbərlərimin bolluğuyla seçildi, deyəsən) Verilişə ad qoyulanda istəyirdim “Mənalı dəqiqələr” olsun. Vaqif müəllim dedi ki, “Mənalı dəqiqələr” ağır olacaq, “Şən-Şuq” daha yaxşıdır. Fikirləşirdim ki, necə qarşılanacaq. Mənə bir az yad gəldi, amma sonradan gördüm,Vaqif müəllim uzaqgörən bir insandır. Hara gedirdimsə yaşlılar, uşaqlar deyirdi ki, Namiq müəllim “Şən-şuq”a baxırıq ey. Bir ustadım kimi Vaqif müəllimi ömrümün axırına kimi unutmayacağam. Yaradıcı insan olduğu üçün yaradıcı insanlara dəyər verir.
- Sumqayıt şəhərində doğulmusunuz. Sözsüz, bura sizin üçün doğmadır. Amma daha maraqlı tərzdə meyxana ustası Namiq Məna üçün bir Sumqayıt əhli olaraq Sumqayıtın nə məna  kəsb etdiyini bilmək maraqlı olardı.
- Mən bu şəhərdə doğulub, böyümüşəm. İndinin özündə də gecə saatlarında  maşından düşüb Sumqayıtı gəzirəm. Corata düşəndə nostalji hisslər məni ağuşuna alır. Köhnə Coratda mağaralar qurulurdu. 10 yaşımda olanda Hacıbaba Hüseynova qulaq asmaq üçün ora gedirdim. Məni Sumqayıta bağlayan o illərdir. Özüm əvvəlcədən öz qarşımda söz vermişəm. Mən söz verdimsə, eləyirəm. Söz vermişəm ki, Sumqayıtı tərk etməyəcəyəm. Ömrümün axırına kimi buradayam. Bakıda da evim var. Amma Sumqayıt məni özünə çəkir.
- Namiq bəy, müsahibəyə görə çox sağ olun. Təşəkkür edirəm.
- Mənə də çox xoş oldu sizinlə həmsöhbət olmaq. Elə yəqin buna görədir ki, müsahibəyə üç-dörd saatdan çox vaxt sərf etməyə vaxtım çatdı.

Zeynəb Abdullah, Xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın