Menu
Geri İrəli

Nə üçün fərdi tikililər üçün istismara qəbul aktı ala bilmirik? – (MÜSAHİBƏ)

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Yanvar 2017 • Baxış sayı: 501 dəfə • Şərh yoxdur

Ölkəmizdə fərdi tikinti ilə bağlı dəfələrlə problemlər yaranır, bunun şərtləri və qaydaları ilə bağlı mövzular daim diqqət çəkir. Məsələnin aktuallığını nəzərə alıb tikinti qaydaları üzrə ekspert, alim Sahib Fərzəliyevlə görüşdük. Onunla tikililərin istismara qəbulu qaydaları, qanunvericilik bazası, sənədsiz evlər və sair problemlər ətrafında söhbətləşmişik.

HAŞİYƏ:Sahib Abduləli oğlu Fərzəliyev 1960-cı ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Memarlıq və İnşaat Unversitetinin “Sənaye və mülki tikinti” ixtisasını bitirib. Moskva şəhərində Ümumittifaq Elmi Tədqiqat İnstitutunda alimlik elmi dərəcəsi alıb. 1987-ci ildən Memarlıq və İnşaat Unversitetində müxtəlif vəzifələrdə calışıb. Hazırda həmin təhsil ocağında “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə edilməsi” kafedrasının müdiridir. Qabaqcıl elm təhsil işçisi, müharibə veteranıdır. Onun bir sıra orden, medal və dövlət təltifi var. FHN-nin Dövlət Tikinti Norma və Qaydalarının tərtib edilməsi üzrə komissiyalarından birinin rəhbəridir.

-Sahib müəllim, istərdik Sizinlə tikililərin istismara qəbulu qaydaları ilə bağlı məsələni müzakirə edək. Vəziyyət necədir bu sahədə?

-Vəziyyət cox ürəkaçan deyil. İlk növbədə ondan başlayım ki, təkcə Bakı və bakıətrafı ərazilərdə 600 mindən çox qeyri qanuni hesab edilən tikililər mövcuddur. Respublika üzrə belə bir statistika hələlik mövcud deyil. Onların istismara qəbulu və qeydiyyatı mexanizmi yoxdur.Möhtərəm Prezidentimiz İlham Əliyev bu istiqamətdə bir sıra humanist addım atsa da, hələ ki, məsələ öz həllini tapmayıb. Sual yaranır, bəs bu tikililər necə həyata keçirilib ki, dövlətin xəbəri olmayıb. Bu, bir həqiqətdir ki dövlət orqanlarının razılığı olmadan bir daşı daş üstə qoymaq olmaz. Mən hesab edirəm ki, dovlət vətəndaşının yaşamaq hüququnu təmin etməlidir. O, bunu edə bilmədiyindən “güzəşt” olaraq vətəndaşların öz mənzil şəraitini qurmasına, yaxşılaşdırmasına göz yumub. Ancaq yaxşı olardı ki, bu qanuni yolla həyata keçiriləydi və bu qədər problemlər yaranmazdı.

-Sahib müəllim, o, hansı problemlərdir?

-Birincisi, bu cür tikililərin istismara qəbulu mümkün deyil. Çünki tikinti üçün torpaq sahəsinin ayırılma sənədi, tikilinin inşaat pasportunun olmaması, tikilinin memar tərəfindən hazırlanmış tikinti layihəsinin memarlıq-planlaşdırma həllinin olmaması buna imkan vermir. İkincisi, qeydiyyat məsələsi – heç kim mülkiyyətini qeydə aldıra bilmir. Bu səbəbdən də vətəndaş tikiliyə pasport qeydiyatına düşə bilmir, mülkiyyəti kimi sərəncam verə bilmir, sata bilmir, bağışlaya bilmir, dəyişdirə bilmir girov qoyub kredit ala bilmir və s. Üçüncüsü, dövlət xeyir əldə edə bilmir. Əgər o, 600 min tikili qanuniləşdirilib qeydiyyata alınsa, onların hərəsi ildə bələdiyyə büdcəsinə 100 manat əmlak vergisi ödəsə, onda ildə bələdiyyə büdcələrinə 60 milyon manat vəsait daxil olardı. Maliyyə böhranı içərisində boğulan bələdiyyələr bu vəsait hesabına bir sıra sosial proqram həyata keçirə bilərdilər.

-Gəlin qayıdaq qanuni tikili sahibləri mövzusuna… Axı onlar da istismara qəbul aktı ala bilmirlər, bunun səbəbi nədir?

-Düz buyurursunuz, ölkəmizdə 80%-ə qədər insan qanuni mülkiyyətinin sahibi ola bilmir. Çünki, onların da tikililəri istismara qəbul olunmur. Bunun bir neçə səbəbi var. Əsas səbəb məmur özbaşınalığı, məmurların qanunvericiliyin tələblərini bilməməsi və öz səlahiyyətlərini icra edə bilməməsidir. Digər səbəb də vətəndaşların öz hüquqlarından xəbərsiz olmaları və bunu tələb edə bilməməsidir. Əsas səbəblər budur. Çünki ölkəmizdə tikililərin istismara qəbulu ilə bağlı kifayət qədər qanunvericilik bazası mövcuddur.

-Bu, hansı qanunvericilik bazasıdır?

-Azərbaycan Respublikasında fəaliyyətdə olan Dövlət Tikinti Norma və Qaydaları, Şəhərsalma və Tikinti Məcəlləsi, Prezidentin müvafiq fərmanları və Nazirlər Kabinetinin qərarları və s kimi qanunvericilik bazası mövcuddur.

- Bu qanunvericiliyə əsasən istismara qəbul qaydaları necə həyata keçirilməlidir?

-Mövcud qanunvericiliyə görə istismara qəbul qaydaları 2 kateqoriyaya bölünür. Birincisi, məlumatlandırma icraatı tələb olunan obyektlər üçün, ikincisi, tikintisinə icazə tələb edilən tikinti obyektlər üçün. Nə başa düşülür – məlumatlandırma icraatı tələb olunan obyektlər dedikdə. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1.maddəsində qeyd olunur ki, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün müvafiq layihənin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Bir çox hallarda məmurlar bu bəndin yalnız yaşayış evlərinə aid olduğunu iddia edirdilər. Bu narazılığı nəzərə alan Prezidentimin 25 may 2015-ci ilə bu məcəlləyə dəyişiklik edərək bu bənddəki “yaşayış evlərinin” sözlərinin “tikinti obyektlərinin” sözləri ilə əvəz etdi. Eyni zamanda o bəndə əlavə olaraq 80.1.1 əlavə yarımbəndini əlavə etdi. O bənddə deyilir insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin inşası ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Məlumat üçün oxuculara onu da qeyd edim ki, bu qanunun 80.2. bəndində göstərilir ki, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Bu tip obyektlərin istismara qəbulu yerli icra hakimiyyətinin, bələdiyyənin təyin etdiyi dövlət qəbulu komissiyası tərəfindən həyata keçirilir. Yəni təsdiq olunmuş komissiya istismar üçün müraciət etmiş şəxsin obyektinə gedir və obyektin tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadə edildiyini, istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı kimi məsələləri araşdırır. Əgər araşdırılan məsələlər tikinti norma və qaydalarının tələbləri səviyyəsindədirsə, onda tikintinin istismara qəbulu aktı tərtib və təsdiq edilir. Bu proses 15 gün ərzində həyata keçirilməlidir. Əgər qeyd olunan tələblərdən hansısa norma və qaydalara uyğun deyilsə, onun aradan qaldırılmasına möhlət hüququ verilir. Əgər qeyd olunan çatışmazlıq aradan qaldırılmazsa, komissiya istismara qəbul aktı verməkdən imtina edir.
Artıq qeyd etdiyim kimi 2-ci kateqoriya tikintisinə icazə tələb olunan obyektlərdir. Bu kateqoriyaya daxil olan obyektlər isə məcəllənin 74.1 maddəsində qeyd olunub. Həmin maddədə qeyd olunur ki, 79-80-ci maddələrdə nəzərdə tutulan tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə alınmalıdır. Deməli, məlumatlandırma icraatı tələb olunan obyektlər istisna olmaqla bütün obyektlərin tikintisinə icazə tələb olunur.
Bu tip obyektlərin istismara qəbulu qaydaları isə Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli 309 saylı qərarı ilə tənzimlənir. Yəni tikintisinə icazə tələb olunan obyektlərin istismara qəbulu müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi komissiyaya həmin qərarda göstərilən sənədlər təqdim edildikdən sonra istismara qəbul aktı verilir. Bu akta əsasən müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin istismarına icazə sənədini verir.

-Sahib müəllim, bəs onda niyə dedikləriniz bu komissiayalar tərəfindən həyata keçirilmir.?

-Ona görə ki, yerli icra hakimiyyəti və müvafiq icra hakimiyyəti orqanları bu komissiyaları formal olaraq yaradır və onlara heç bir səlahiyyət vermirlər. O komissiyalara sağlam təfəkkürə malik adiyyəti qurumların mütəxəssisləri və ictimai sektorun nümayəndəsi daxil edilərsə və onlara sərbəstlik verilərsə, onda bu, rahatlıqla həyata keçirilə bilər. O işləri icra edən adamlarla indi görüşürəm. Hamısı deyir, biz kimik ki, bizim nə səlayihətimiz var ki?! Budur əsas problem.

-Çıxış yolunu nədə görürsünüz?

-Çıxış yolunu möhtərəm prezitentimiz İlham Əliyev özü arayır. 19 may 2016-cı il tarixdə 895 saylı “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb. Cənab prezident də görür ki, sadə vətəndaşlar bu proseslərdən çox əziyyət çəkir və istəyir ki, vətəndaşlarının problemi tezliklə həll olsun. Artıq Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələlələri həll edib. 02 dekabr 2016-cı il tarixdə 491 saylı qərarı ilə “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı normativ hüquqi aktları” təsdiq edib. Bundan sonrası qalır yenə məmurlarımızın insafına.

-Hesab edirsiniz ki, bu sadələşmə də öz effektini verməyəcək?

-Yox, əsla elə düşünmürəm. Ölkəmizdə gedən proseslər məndə optimist fikirlər oyadır. Xüsusən də bugünlərdə möhtərəm prezidentimizin imzaladağı inqilaba bərabər 12 yol xəritəsi məndə çoxlu ümidlər yaradır. Ancaq məmurlarımızdan əminliyim çox deyil. Bilirsiniz, məhşur test var. Bir qrup insana bir ağ vərəq verilir – ortasına da bir qara nöqtə qoyulur. Soruşulur ki bu vərəq haqda fikrinizi bildirin. Maraqlı budur ki, hamı o boyda ağ vərəqdə yalnız o balaca qara nöqtəni görür. Qorxuram ki, məmurlarımız gəlib yoxlayanda vətəndaşa kömək etmək əvəzinə, yenə orda bir qara nöqtə axtara. Onlar ilk növbədə fikirləşməlidirlər ki, möhtərəm prezident istəyir ki, onun vətəndaşı mülkiyyətinin sahibi olsun, sahibkar obyektinin mülkiyyətçisi olsun. Vətəndaş rahat təhlükəsiz evində yaşasın, sahibkar mülkünü bir banka girov qoyub müəyyən vəsait götürüb öz biznesini genişləndirsin və s. Bu fərman təsadüfi deyil. İqtisadi böhran şəraitində bütün rıçaqlar işə salınmalıdır. İqtisadiyyatımızın 80%-i özəl sektorun payındadır. Onun da mülkiyyəti dövlətin girovundadır. Necə inkişaf etdirsin o, öz biznesini. Bu fərmanı imzalayanda möhtərəm prezidentimiz hesab edirəm ki, bu məqamları əsas götürüb.

-Çox sağ olun, Sahib müəllim, ətraflı müsahibəyə görə. Hesab edirik ki, sizin kimi ziyalı bir alimin sözünə bu gün çox ehtiyac var, ona görə də imkan düşdükcə bu istiqamətdə söhbətlərimizi davam etdirmək, çox əhəmiyyətli olardı.
Siz sağ olun ki, bu gün respublikamız üçün çox xarakterik olan bir bir problemi gündəmə gətirdiniz və oxucuları məlumatlandırdınız. Hesab edirəm ki, bu problemlərin sırasında vətəndaş məlumatsızlığı və təşəbbüskarlığının az olması da mühüm məsələlərdən biridir. Həmçinin yerli Memarlıq və Səhərsalma idarələrinin də üzərinə böyük öhdəliklər düşür. Bu material onlar üçün də çox faydalı ola bilər, oxuyub əməl etmək istəsələr. Burda vətəndaş cəmiyyətlərinin də fəallığına ehtiyac vardır. Faydalı oldumsa, çox şadam.

Söhbətləşdi: Ramil Zeynallı

Xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın