Menu
Geri İrəli

Oliqarxın nəvəsinə mahnı yazan Murad: “Bunu desəm, məni öldürərlər” – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2017 • Baxış sayı: 762 dəfə • Şərh yoxdur
Share Button

muradsumqayitxeber.com  yeniçag.az-a istinadən şoumen, aparıcı, bəstəkar Murad Arifin müsahibəsini tədim edir.

C.Səlimqızı:

- Bəlkə də ilk dəfədir ki, sizin kimi punktual sənət adamı görürəm…

- Tərəzi bürcü altında doğulduğumdandır, ya nədənsə, saniyəsinə-saniyə qədər dəqiqəm. Yalnız özünə güvənmək məcburiyyətində qalan insanlar punktualdır. Həyatda heç vaxt ata, dayday, sponsor, çiyin, arxa faktoru olmadığı üçün yalnız özümə güvənmişəm. Punktuallığı da həyat mənə təlqin edib.

- Əhval-ruhiyyəniz necədir?

- Əhvalım yaxşıdır, hələ bir çin musiqisi də səslənir, bu da öz təsirini göstərir.

- Punktual insan kimi qarşı tərəfdə sizi ən çox nə qıcıqandırır?

- Azərbaycanlıların nizam-intizama münasibəti… Onun əziyyətini çəkirəm, özüm görüşlərə yarım saat qabaq gəlirəm. Bu hamıya aiddir: iş danışıqlarına da, sənətçilərlə görüşə də.

- Münasibəti insanlara görə nizamlayırsınız?

- Bəli, insanlara görə. Həyatımda çox yaxın olan dostlarımla münasibətlərimdə soyumuşam. Məsuliyyətsizliyə, göstərdiyim diqqətin qarşılığını vermədiyinə görə. Hətta dedilər ki, bu adam sənə lazım ola bilər. Dedim, əgər onunla eyni dalğada deyiliksə, necə lazım ola bilər? 35 yaşım var, ətrafımda yaxşı insanlar çoxdur. Amma demək olar ki, dostum yoxdur.

- Demək ki, özün də yaxşı dost deyilsən?

- Yox, çünki yaxşı dost olmağa vaxtım yoxdur. Yaxşı dost fədakar, cəsur olmaqdır. Təqvimimi görsəz, bir dəqiqə də vaxtım yoxdur, qrafikim çox gərgindir.

- Bəs sizə “yaxşı ata”, “yaxşı həyat” yoldaşı demək olar?

- Çalışıram. Çünki ailəm mənim üçün həyatda birincidir. Mənim üçün hər şey və hər kəs ailədən sonra gəlir. Hətta ailəm üçün hər şey yaxşı olsun deyə, ölkəmi də dəyişə bilərəm. Şöhrətin də üstündən xətt çəkərəm, təki ailəmə yaxşı olsun.

- Bu ailənə olan sevgidən irəli gəlir, yoxsa bunu özünə borc hesab edirsən?

- Bu, mənim eqoistliyimdir. Ailəmlə mənə daha yaxşıdır nəinki işdə, məclisdə…

- Münasibətin adiləşməməsi üçün neynirsiniz?

- Dua edirəm ki, bacardığım qədər adiləşməsin. Çünki adiləşincə çıxıb gedə bilərəm.

- Bunun üçün kim daha çox səy göstərir?

- Hər ikimiz. Çox şeyi sevmirəm, amma ailəmə hədsiz vurğunam.

- Murad həmişəmi mehriban, nəzakətli olur?

- Yox. Bu gün bir üzümü görəcəksiz. Mən hərdən dəli-dolu, kobud, əsəbi də ola bilirəm.

- Hansı halda?

- Qeyri-peşəkarlıq görəndə.

- Bu təhlükə bizi gözləmir ki?

- Yox, indi etibar etdiyim insanların çevrəsindəyəm. Bunu tək mediaya aid etməyək də. Adi supermarketdə satıcını tapa bilmirsən, görürsən qıraqda qeybətləşir, o anda kobud ola bilirəm.

- Həmişə səmimi ola bilirsiniz?

- Tam səmimiyyət ağılsızlıqdır. Xüsusən də indiki cəmiyyətdə.

- Sosial şəbəkədə sərt statuslar yazırsınız?

- Təəssüf ki, elə görsənir.

- Elə deyil ki?

- Niyyət elə deyil. Kənardan baxıram ki, bu qoca, deyingən insan kimdir? Həyatda elə deyiləm, xoşbəxtəm. Həyatda neqativ deyiləm, daha çox pozitivəm. Görünür Facebook insanın görünməyən tərəfini üzə çıxarır.

A. Zeynalov:

- Dediniz ki, ölkədən gedə bilərsiniz, bu ölkə nəzərinizdə necə görünür?

- Yaşamalı yerdir. Bu ölkəyə bağlıyam. Mənəvi anlamda incə bağlar var, bu ölkənin dilində danışıram, yeddi arxa dönənim bu ölkəyə məxsus insanlardır.

- Yaradıcılığınızda sosial-siyasi yön hiss olunmur?

- Siyasi yox, sosial yön var. Sevda Ələkbərzadə ilə “Dünya sənin əlində” adlı layihəmiz bir çağırışdır. Pop janrında fəaliyyət göstərirəm, siyasət mövzusuna toxunmuram. Mənim üçün prioritet sevgi və insan münasibətləridir.

- Yaxşı onda deyin görək, yaradıcı insan kimi sizin həyatınızda siyasətin yeri hardadır?

- Xəbərləri izləyirəm.

- Bununla məhdudlaşır?

- Siyasət sonadək dərk etmədiyim, anlamadığım sferadır. Siyasət elə bir mövzudur ki, bu barədə danışmamağa çalışıram.

C.Səlimqızı:

- Bəlkə bunun özü də bir siyasətdir

- Bəlkə də, ola bilər. Nə yaxsı, nə də pis – bu barədə rəy bildirmirəm.

A.Zeynalov:

- Azərbaycanın siyasi elitasına bələdsiniz? Məsələn, həm iqtidar, həm müxalifət tərəfdən kimləri tanıyırsınız?

- Milli Məclisdə əyləşən bir çox deputatların fəaliyyəti ilə tanış deyiləm, bu da bağışlanandır. Çünki maraq dairəm fərqlidir. Ümumiyyətlə, sizə deyim ki, rahatdır burada yaşamaq. Arzularımı gerçəkləşdirə bilirəm, sevdiyim peşə ilə məşğulam, bu peşədə uğurluyam. Çalışmağa, qazanmağa, vergi ödəməyə heç nə mane olmur. Ən yaxşı quruluş da budur. Fəaliyyətimi heç nə məhdudlaşdırmır, fikirlərimi istədiyim kimi ifadə edirəm arzularımı gerçəkləşdirirəmsə, xoşbəxtəmsə adına “quruluş” ya “rejim” deyin bilmirəm, demək ki, qənaətbəxşdir. Daha betər olmağından qorxuram.

- Betər deyərkən, nəyi nəzərdə tutursuz?

- Bugünkü rahatlıq əlimdən alına bilər.

- Hansı halda ölkədən gedə bilərsən?

- Nəsə dəyişə bilər. Məsələn, mən pop sənətçiyimsə totalitar islam rejimi bu ölkəyə gələrsə, getmək məcburiyyətində qalaram. Çünki öz peşəmdə reallaşa bilmərəm. Bu gün çox şey məni qane edir.

C. Səlimqızı:

- Özünüzü deputat kürsüsündə görürsünüz?

- Bu gün mənim millət vəkilliyinə mandat verməyə vaxtım yoxdur. Öz çevrəmdə 100 faiz reallaşdıra bilməmişəm. Kütlənin aqibətində öz rolumu hiss eləsəm, namizədliyimi verərəm.

- Məmur dostlarınız varmı?

- Heç məmur övladları arasında dostlarım yoxdur.

- Nə əcəb?

- Nə bilim. Sizə səmimi bir açıqlama verim. Hansısa oliqarxın övladının məclisində idik. Mənimlə yarımsaatlıq toya gedən insanlar qapıda sıraya düzülmüşdü ki, onunla görüşsünlər. Mən də ofisiantların arxasında gizlənmişdim ki, birdən mənə nəsə irad bildirərlər. Deyim ki, uşaq vaxtlarımda da məktəbdə direktordan qorxurdum. Həmin vaxt oliqarx dedi ki, o toppuş oğlan hanı, çağırın gəlsin. Qorxdum ki, hə, bitdi, adamın da əlində restoranlar şəbəkəsi var. Yaxın gələndə mənə dedi ki, bu nə ürəksiz yerişdir, səhnədə çox cəsarətlisən. Ümumiyyətlə, məmurlarla münasibət saxlamağı sevmirəm.

- İstəməzdin sənin də məmur övladları arasında dostun olsun?

- Siz inanmayacaqsız bəlkə, amma doğrudan istəmirəm. Mənim rahatlığım pozula bilər. Dostluq etdiklərim adidən adi adamlardır.

- Yəni övladları üçün bir mahnı da sifariş vermirlər?

- Neynirlər e məni…

- Burda səmimi olmadınız…

- Amma yox, olub. Sifarişli mahnılar olub. Mötəbər insanların övladlarına mahnı yazmışam. Bir neçə mahnı var ki, uşaqların adı olduğu üçün efirə buraxılmayıb. Şəkillər göstəriblər, barəsində danışıblar, mən də mahnılar yazmışam. Hətta bu yaxınlarda bir oliqarxın qız nəvəsinə mahnı yazdım.

- Yəqin qonorar da yüksək olar?

- Qiymət eynidir. Mən çox vaxt maraqlanmıram da, bu mahnı hansı məmurun övladına yazılır. Bir də görürsən deyiblər: “filankəslər gələcək studiyanı boşaldın”. 8 saat səsini yazmışam, bilməmişəm ki, hansısa məmurun övladıdır. Bəlkə də çox adam elə düşünür ki, Murad “qaz vurub, qazan doldurur”, sürdüyü maşını da yəqin hansısa məmur alıb.

- Maşının markası nədir?

- Nimdaş “Toyota”… Yüz yerindən də çapılıb.

- Göz qaytarırsınız? Ümumiyyətlə, gözdən, nəzərdən qorxursunuz ?

- Hər şey enerjidir və təsiri var. Uzaq olmağa çalışıram. Məsələn, biri gəlir ki, ay Cəvahir xanım, nə gözəl gözləriniz var, dərhal üzündə təbəssüm yaranır. Artıq bu müsbət bir enerjidir. Göz də bir enerjidir, kiminsə gözü kimisə götürməyəndə neqativ təsiri olur.

- Nəzərdən qorunmaq üçün talismanlardan istifadə edirsiniz?

- Dindar deyiləm, amma mənasını anlamasam da belə “ayətəl- kürsü”nü gecə-gündüz təkrarlayıram.

A. Zeynalov:

- Mahnı sifariş alanda, ya tədbir danışanda şəxsin müxalifət, ya da iqtidar yönlü olduğunu nəzərə alırsınız?

- Çörək satanda demirlər ki, filankəslər üçündür. Bizim işimiz də dükan prinsipidir. Elə olub ki, bəylə gəlinin adını da bilmirəm. Getdiyim məclislərdə partiya nümayəndələri olub, heç birinə fərq qoymamışam. Soruşuram tədbir nə vaxtdır, boşamsa gedirəm. İnsanları təqdim edəndə titullarını saymıram. Deyirəm, atasının əmisi, babasının qardaşı buyursun. Belə yanaşmağı xoşlayıram. həmin adam cinayətkar da ola bilər, xeyirxah da. Toyda müğənnilər gəlib, bayağı mahnılar oxuyur; mən ona deyə bilmərəm ki, bu nə mahnılardır?! Bunu desəm, məni öldürərlər.

C. Səlimqızı:

- Bədxərcsiniz?

- Mən xərclədiklərimi hər gün yazıram; 50 manat benzin, 40 manat market, uşağa oyuncaq. 150 min ipoteka borcum var e…

- Xəsis demək olar sizə?

- Mirzə Cəlili çox sevirəm. Əsərlərindəki personajlar kimi düşünməyim var. İçimdə bir az “hacı qaralıq”, bir az da “kefli isgəndərlik” var. Mən evdə su da artıq işlənəndə danışıram.

- Xanımınız bezər ki.

- Ən çox əziyyəti o çəkir. İsveçdə böyüyüb, orda çalışıb və bir sevgiylə Bakıya köçüb. Altı ildir ki, bərabər yaşayırıq, heç vaxt məndən heç nə tələb etməyib. Bəlkə də başqaları elə fikirləşir ki, Muradın xanımı bahalı brendlər geyinir. Heç də elə deyil. Bu yazı da məni ən “protivni” insan kimi cəmiyyətə təqdim edəcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın