Menu
Geri İrəli

“Onlar haqda ciddi tədbir görüləcək” – Nazir xəbərdarlıq etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2015 • Baxış sayı: 445 dəfə • Şərh yoxdur

shahin-mustafayevvİqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayevin “Azərbaycan” qəzetinə verdiyi müsahibəni təqdim edir:

- Bu gündən dərman vasitələrinin təsdiq edilmiş qiymətlərlə satışına başlanmışdır. Qərarın sosial əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.

- Dərman vasitələrinin qiymətləri sosial baxımdan xüsusi əhəmiyyət kəsb etdiyindən dövlət başçısı cənab İlham Əliyev bu mühüm məsələni daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, 2014-cü ilin dekabrında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilərək dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilmişdir. Bu ilin mart ayında isə dövlət başçısının fərmanı ilə hökumətə və Tarif (qiymət) Şurasına dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və qiymətlərə nəzarətin həyata keçirilməsi tapşırılmışdır.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə iqtisadiyyat və sənaye, səhiyyə nazirlikləri, Tarif (qiymət) Şurası tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Şuranın qərarları ilə 1000-dən çox dərman vasitəsinin qiymətləri təsdiq edilmişdir. Sentyabrın 15-dən etibarən həmin dərman vasitələri apteklərdə yeni qiymətlərlə satılacaqdır.

Prezident İlham Əliyevin tapşırığına və həyata keçirdiyi sosial siyasətə uyğun olaraq aparılan islahatlar ölkənin istənilən yerindən dərman vasitələrini vahid qiymətə almağa, dərman vasitələrinə ehtiyacı olan vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına, şəffaflığın təmin olunmasına əlavə imkanlar yaradacaqdır. Digər tərəfdən dövlət büdcəsinin xərcləri azalacaq, sığorta şirkətlərinin müvafiq xərclərinə qənaət etməyə imkan yaratmaqla sığorta sisteminin inkişafına töhfə verəcəkdir.

- Dərman vasitələrinin qiyməti necə tənzimlənir və bunun üçün hansı metodologiyadan istifadə olunur?

- Azərbaycanda dərman vasitələrinin qiymətinin tənzimlənməsi üçün istifadə olunan metodologiya referans qiymət yanaşması adlanır. Bu, beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur və Avropa ölkələrinin əksəriyyəti bu modeli tətbiq edir. Metodologiyaya əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla 10 istinad ölkəsində (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) topdansatış əczaçılıq müəssisələrinə satış qiymətləri əsasında bazis qiyməti müəyyən edilir. Həmin bazis qiymət əsasında nəzarət markasının da qiyməti nəzərə alınmaqla, ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiyməti hesablanır və üzərinə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr və ƏDV hesablanmaqla dərman vasitəsinin topdansatış və pərakəndə satış qiyməti təsdiq olunur.

- Dərman vasitələri üzrə qiymət tənzimlənməsi prosesi mərhələlərlə aparılır. Prosesin tam olaraq nə vaxt başa çatdırılması nəzərdə tutulur?

- Azərbaycanda dövlət qeydiyyatına alınmış 4 min 500-dən çox adda dərman vasitəsi var və dərman vasitəsinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla daha çox sayda dərman vasitəsinin qiyməti müəyyənləşdirilməlidir. Odur ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mərhələlərlə həyata keçirilir. İlk olaraq həyati vacib və daha çox satılan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə həmin kateqoriyadan olan təsiredici maddələrin siyahısından 25 təsiredici maddə seçilmiş və Tarif (qiymət) Şurasının iyulun 30-da keçirilmiş iclasında 256, avqustun 25-də keçirilmiş iclasında isə daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilmişdir. Ümumilikdə, indiyədək 25 təsiredici maddə üzrə proses başa çatdırılmış və 1057 dərman vasitəsinin qiymətləri təsdiqlənmişdir. Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri hazırda satışda olan həmin dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsində 2 dəfədən çox, 24 faiz dərman vasitəsində 3 dəfədən çox ucuzlaşdırılmış, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınmışdır.

Növbəti 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunmuş və hazırda Tarif (qiymət) Şurasının Katibliyinə təqdim olunmuş məlumatlar araşdırılır. Həmin təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin müəyyəndirilməsi işləri aparılır və sentyabrın sonunadək Tarif (qiymət) Şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaqdır. Bir daha qeyd edim ki, tənzimləmə prosesinin gedişi, hər dəfə qiymətləri təsdiqlənən dərman vasitələri, onların qiymətləri və yeni qiymətlərin qüvvəyə minmə tarixləri barədə məlumatlar KİV vasitəsilə ictimaiyyətə çatdırılacaqdır.

- Yeni qiymətlərin tətbiqi həm də ciddi nəzarət tələb edir…

- Tamamilə doğrudur. Dərman vasitələrinin qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Belə ki, dövlət nəzarəti monitorinqlər və yoxlamalar vasitəsilə təmin ediləcəkdir. Bununla bağlı, İqtisadiyyat və Sənaye Nazirliyi ilə Səhiyyə Nazirliyinin müvafiq qurumları arasında razılaşma imzalanmışdır. Razılaşmaya əsasən, dərman vasitələri bazarında birgə monitorinq və yoxlamalar keçiriləcək, mütəmadi məlumat mübadiləsi aparılacaqdır.

Bu sahədə dövlət nəzarəti ilə yanaşı, ictimai nəzarətin həyata keçirilməsi üçün də hər cür imkan yaradılmışdır. Belə ki, topdan və pərakəndə satış qiymətləri dərman vasitəsinin ticarət adı, təsiredici maddənin adı və dozası, farmasevtik forması, ticarət qablaşdırılması, qablaşdırmanın miqdarı, istehsalçı şirkət və ölkə göstərilməklə təsdiq edilmişdir. Tarif Şurası tərəfindən təsdiq edilmiş qiymətlər qəzetlərdə dərc edilmiş, İqtisadiyyat və Sənaye Nazirliyinin, Səhiyyə Nazirliyinin və Tarif Şurasının internet səhifələrində yerləşdirilmişdir. İstehlakçılar həm media, həm də qeyd etdiyim qurumların internet səhifəsinə daxil olmaqla dərmanların qiymətini asanlıqla öyrənə bilərlər.

Onu da qeyd edim ki, dərman vasitələrinin ƏDV daxil olmaqla, təsdiq edilmiş pərakəndə satış qiymətləri onların qablaşdırmalarının üzərində mətbəə qaydasında çap edilir. Qiymətin qablaşdırmanın üzərində çap edilməsi mümkün olmadıqda, dərman vasitələrinin qiymətləri digər üsullarla, sənaye printeri vasitəsilə çap olunmaqla, qiymət kağızı yapışdırmaqla və ştamp vasitəsilə vurmaqla göstərilməlidir. Təsərrüfat subyektləri bu üsullardan hər hansı birinin seçilməsində sərbəstdirlər. Bununla belə, hər bir halda qiymətin aydın oxunması təmin edilməli, qiymət dərmanın istehsal və son istifadə tarixlərinin üzərinə vurulmamalıdır.
Beləliklə, dərman vasitələrinin qiymətləri barədə istehlakçıların düzgün və dəqiq məlumat əldə etməsi üçün bütün imkanlar vardır. Bu isə, aptekdən dərman alan zaman istehlakçıya qiymətin tənzimlənmiş qiymətlə eyni olub-olmadığını asanlıqla müəyyən etməyə şərait yaradır.

Təsdiq edilmiş qiymətlərin sentyabrın 15-dən etibarən qüvvəyə mindiyini nəzərə alaraq, artıq dərman vasitələrinin satışı bazarında nəzarət tədbirlərinə başlanmışdır.

Qeyd edim ki, dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi və tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması qiymət intizamının pozulması və istehlakçıların aldadılmasıdır. Belə hallara yol verən əczaçılıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq, ciddi məsuliyyət tədbirləri görüləcəkdir.

Dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə yanaşı, keyfiyyətinə nəzarət də davam etdiriləcək. Məlum olduğu kimi, dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər əvvəlcə dərman vasitəsinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət edirlər. Adıçəkilən nazirlik tərəfindən dərman vasitəsinin ekspertiza və sınağı keçirilir və bundan sonra dərman vasitəsi dövlət qeydiyyatına alınır, dövlət reyestrinə daxil edilir və qeydiyyat vəsiqəsi verilir. Həmin dərman vasitəsi ölkəmizə idxal olunduqda da Səhiyyə Nazirliyi tərəfindən təkrarən hər partiya üzrə nümunə götürülür və keyfiyyəti yoxlanılır.

Vahid qiymət sisteminin tətbiqi ilə dərman vasitələri bazarında rəqabət qiymət müstəvisindən keyfiyyət müstəvisinə keçəcəkdir ki, bu da nəticədə xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır.

- Bəzi KİV-də iddia edilir ki, bəzi əczaçılıq şirkətləri dərman vasitələrinin idxalını dayandırıb və müəyyən dərman vasitələri üzrə qıtlıq yaranıb.

- Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi dərmanların Azərbaycana idxalına heç bir məhdudiyyət yaratmır. Mövcud qanunvericiliyə əsasən, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra istənilən ölkədə istehsal olunan dərman vasitəsi Azərbaycana idxal oluna bilər. Onu da qeyd edim ki, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkəyə idxal olunan dərman vasitələrinin həcmində artım müşahidə edilir və ölkədə dərman qıtlığı yoxdur.

Onu da vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında əczaçılıq məhsullarının istehsalının təşkili məqsədi ilə dünyada bu sahədə tanınmış şirkətlərlə danışıqlar aparılır və bu istiqamətdə tədbirlər görülür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın