Menu
Geri İrəli

“Prezidentimiz kitab oxumağa vaxt tapır, amma məmurlarımız yox” – Çingiz Abdullayev – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2016 • Baxış sayı: 7,429 dəfə • Şərh yoxdur

cingiz abdullayevİsti Bakı günüdür. İsti sadəcə, küçədə yox, həm də hər saat müxtəlif xəbərlərlə yenilənən KİV-də özünü göstərir. 2016-cı ilin həm dünya, həm də ölkəmiz üçün gözlənilməz sürprizlərlə dolu olacağı əvvəlcədən proqnozlaşdırılmışdı. Dünyada baş verən son hadisələri nəzərə alsaq, bunun nə qədər real olduğunu görərik.

Bəli, deyəsən, savaş bizim alnımıza yazılıb. Və hər nə qədər döyüşün içində olsaq da, sağ qalmağı bacarırıq.

Siyasət, təhsil, idman, ədəbiyyat və s.

Bütün bunlar haqqında Azərbaycanın Xalq yazıçısı, Yazıçılar İttifaqının katibi, Azərbaycan “PEN klub”un rəhbəri, “Neftçi” PFK-nın 7-ci prezidenti Çingiz Abdullayevlə söhbət etmişik.

I hissə

- Müsahibələrinizdən birində qeyd etmisiniz ki, Avropadan vətənə qayıdanda özünüzü orta əsrlərdə hiss edirsiniz. Bu yaxınlarda Londonda idiniz. Bu gün vətəndə özünüzü hansı əsrdə hiss edirsiniz?

- Yox, əslində belə deyildi. Mən sizə həmin hadisələrdən bir az danışım. 2000-ci ildə Avropa ölkələri üzrə unikal ekspo səfər keçirilirdi. Nobel laureatları, Pulitser mükafatı laureatları daxil olmaqla, ən məşhur 140 yazıçını bir araya gətirdilər. Bizim üçün ayrıca qatar təşkil olunmuşdu. Hər birimizə ayrıca kupe vermişdilər. Və biz Lissabondan Sankt-Peterburqa, ordan da Berlinə qədər səyahət etdik. Krallarla, prezidentlərlə görüşürdük. Əlbəttə, bundan sonra, vətənə qayıdanda bəzən hiss edirsən ki, burada hələ də orta əsrlərdir. Hələ də xanlar, bəylər, vəzirlər, vəkillər dövrüdür.

Dünyanın ən görkəmli insanlarıyla ünsiyyətdə olmaq insanın ruhunu oxşayır. Həmin səfərdə bir tədbir Joze Saramaqonun (Portuqaliya yazıçısı və şairi, Nobel mükafatı laureatı – red.) “İsanın incili” əsərinə görə, Nobel mükafatı alması ilə başlayacaqdı. Mükafatı Roma papası – II İohann Pavel təqdim edəcəkdi. Lakin Saramaqo mükafatı istəmədiyini bu cür dilə gətirdi:

“Güman ki, mən bu mükafatdan daha tez imtina edəcəyəm, nəinki öz kommunist baxışlarımdan”.

news-detail

Öz baxışlarından imtina etməyən insanlara böyük hörmətim var. Təəssüf ki, azərbaycanlılar bununla lovğalana bilmirlər. Elə buna görə də demişdim, “istərdim ki, bizim demokratiyamızın, sivilizasiyamızın səviyyəsi XXI əsrin tələblərinə uyğun olsun”.

- Çoxları şikayət edir ki, Azərbaycanda dahi insanlar azdır…

- Yox, bu yanlışdır. Ölkəmizdə kifayət qədər insan var ki, biz onlarla fəxr edə bilərik. Kiçik ölkə olduğumuz üçün belə insanların sayı minə, milyona çata bilmir. Televizoru açırsan, bir də görürsən ki, orada birini təqdim edəndə onu “böyük”, “dünyaca məşhur” adlandırırlar. Bu, əslində belə deyil və onların bu cür təqdim edilməsi normaldır. Məsələn, Türkiyədə yalnız bir neçə insan (yazıçılar) öz qonorarı hesabına yaşaya bilər. Uzağı beş nəfər. Azərbaycanda doğrudan da elə insanlar var ki, onlarla fəxr edə bilərik. Məsələn, görkəmli rəssamımız Tahir Salahov. Hətta mən sizə fransız modelyer Pier Kardinin gətirib göstərdiyi və Salahov haqqında “Mənim üçün Tahir Salahovla görüşmək şərəf və qürurdur” dediyi şəkli də göstərə bilərəm.  Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov… Bakını onsuz, Füzulinin, Natavanın, Heydər Əliyevin abidələri olmadan təsəvvür etmək çətindir. Və dünyanın bir çox ölkələrində onlara abidələr ucaldılıb. Fərhad Bədəlbəyli bu yaxınlarda Amerikada uğurlu qastrola çıxdı. Kosmonavtlar uçuşdan əvvəl Rüstəm İbrahimbəyovun filminə baxırlar. Ramiz Fətəliyev – bu yaxınlarda onun 70 illik yubileyini qeyd etdik – onun filmləri təkcə Rusiya və post-sovet məkanında yox, həm də Fransada məşhurdur. Hətta mən o filmi orada görəndə sevincimdən qışqırmışdım. Bütün bunlara görə, bu fikirlə razı deyiləm. Təbii ki, belə insanların çox olmağı bizim üçün daha xoş olar. Lakin indi də onlar var, olublar və ümid edirəm ki, həmişə olacaqlar.

news-detail

- Gələcək təhsildən asılıdır. TQDK buraxılış imtahanlarının nəticələrini açıqladı. Lakin elə də ürəkaçan olmadı. Sizcə, problem nədədir? Bunu necə aradan qaldırmaq olar?

- Keçən il Azərbaycan dili bölməsindən 40% abituriyent 0 bal yığmışdı. Hətta bəziləri 5-ci sinif sualını belə həll edə bilməmişdi. Bu, Azərbaycan xalqının faciəsidir. Niyə mən həmişə təhsil haqqında danışıram? Çünki gələcəyimiz ancaq təhsildən asılıdır. Bütün iqtisadiyyatımız, siyasətimiz, ordumuzun vəziyyəti, Qarabağın qaytarılması və s. təhsildən asılıdır. Burada ikinci problem kitab oxumaq məsələsidir ki, uşaqlar çox da kitab oxumurlar. Buna görə də bir çox kitab mağazası bağlandı. Bu çox böyük problemdir. Və bu problemin həllinə ailələrdən başlamaq lazımdır. Sizin evinizdə kitab yoxdursa, ana və ata uşaqların təhsiliylə məşğul olmursa, uşaqlar savadsız böyüyürlərsə, onda heç bir məktəb, nazirlik və ya universitet buna kömək edə bilməz. Valideynlər onları təhsilə cəlb etməyə məcburdur. Çörçil bu haqda deyirdi:

“Uşaqlar atalarının kitabxanasındakı kitablarla tərbiyələnirlər”.

Təəssüf ki, indi belə deyil. Buna görə, yenidən təkrarlayıram ki, bu, ağrılı yerimizdir və çox şadam ki, hazırki təhsil nazirimiz bunları nəzərə alır, anlayır. Lakin sabiq nazirimiz hesab edirdi ki, kimisə tənqid edirəmsə, deməli, onun vəzifəsindən azad edilməyini istəyirəm. Təbii ki, hədəfim bu deyil. Mən azərbaycanlıyam, Azərbaycanın Xalq yazıçısıyam. İstəyirəm ki, Azərbaycanda hər şey yaxşı olsun, uşaqlarımız oxusunlar ki, gələcəyimiz uğurlu olsun. Lakin təhsilsiz gələcək olmayacaq.

- Niyə Azərbaycanda sadəcə, gənclər yox, böyüklər də kitab oxumağa maraqlı deyillər? Nadir hallarda kitab mağazalarında böyük nəslin nümayəndələrini görürəm. Vaxtı-zamanında çox oxuyublar, ya necə?

- Konkret deyə bilərəm ki, onlar savadsız insanlardır. Bir şeyi dəqiq bilmirəmsə, demirəm. Cənab prezidentimiz, Baş nazirimiz və digər nazirlər, məmurlar mənim kitablarımı oxuyurlar. Bütün məmurları sevdiyimi deyə bilmərəm. Hətta belə bir hadisə baş vermişdi. Gənclər və idman nazirimiz İtaliyaya getmişdi və orada çamadanını itirmişdi. Həmin çamadanda onun pulu, sənədləri və mənim kitabım var idi. Mənə zəng etdi və dedi ki, hər şeyi həll edəcəklər, amma kitab yoxdur. Mən də imzalı kitabımı ona verəcəyimə söz verdim. Yəni bəzi insanlar ən çox kitab itirəndə heyfislənirlər. Hələ başqa birini də danışım. Dostum – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ilə Moskvadan qayıdırdım. Onun yaşı artıq 80-i ötüb. Lakin hara getsə, özüylə böyük kitab çantasını aparır. 3 saat idi ki, biz uçurduq, amma o hələ də kitabları vərəqləyirdi. Necə olur ki, 80 yaşlı biri kitab oxuyur və bu, ona maraqlı gəlir, lakin 30, 40, 50 yaşlı insanlar oxumağa bu qədər maraqsızdırlar? Çünki bəzi insanları sadəcə, pul maraqlandırır.

news-detail

Marqaret Tetçer kitab oxuyurdu, Çörçil kitab oxuyurdu və yazırdı. Hətta o, bir kitabına görə, Nobel mükafatı almışdı. Onda bizim bəzi məmurlarımız niyə oxumurlar? Hər halda onlar Çörçildən çox işləmirlər.

- Nəinki məmurlar, hətta tələbələr də bəzən vaxt qıtlığından şikayət edirlər…

- Tələbə oxumadığını deyirsə, deməli, təcili onun rektorunu işdən azad etmək lazımdır. Bir tələbə ki, il ərzində heç bir kitab oxumayıb, o, sadəcə, avaradır. Boş gəzir. İkinci problem də ki, Bakıda kitab mağazaları bağlanır. Üstəgəl, bunu bizim düşmənlərimiz yox, biz özümüz edirik. Bakıda 114 kitab mağazası var idi, 8-i qalıb. Gəncədə keçən il kitab mağazası açdılar, daha sonra bağladılar. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir və orada kitab mağazası yoxdur. Müqayisə üçün Tiflisi misal çəkə bilərəm. Bu şəhər çox çətin iqtisadi şəraitdə yaşayır. Lakin 70 kitab mağazası var. Bəli, təəssüf ki, bu, həqiqətdir. İndi bizim əsas hədəfimiz bütün insanları yenidən kitaba yönəltməkdir. Gənclər bu gün telefonuna kontur yükləmək üçün 10 manatı daha tez tapa bilir, nəinki kitab almaq üçün 5 manatı. Lakin bir çox kitab oxumayan, amma özünü oxuyurmuş kimi göstərmək istəyən gənclər kitabların baha olmasından şikayət edir. Bu yalandır. Azərbaycanda çox ucuz qiymətə kitab satan mağazalar da var. Bundan başqa, indi küçələrdə açıq kitabxanalar var. Götür, oxu və qaytar. Kor insana qırmızı rənglə yaşılın fərqini izah etmək necə çətindirsə, bu cür insanlara da kitab oxumağın vacibliyini başa salmaq çətindir. Bu isə onların, həmçinin onların uşaqlarının və hətta nəvələrinin bədbəxtliyidir.

news-detail

- Son zamanlar heç gözləmədiyimiz anda Türkiyədə bir neçə siyasi prosesin şahidi olduq. Dünya KİV-i Ərdoğan haqqında başlıqlarla bəzənmişdi. Siz Ərdoğanın siyasətini necə qiymətləndirirsiniz? Türkiyədə nə baş verir? Bütün bunların arxasında kim var?

- Bunların hamısını Türkiyənin böyük faciəsi kimi qiymətləndirirəm. Ona görə ki, türklər bir-birini öldürürlərsə və ümumiyyətlə, istənilən ölkədə vətəndaş qarşıdurması baş verirsə, bu, doğrudan da faciədir. İndi Azərbaycan da iki yerə bölünüb: Ərdoğanın tərəfdarları və Ərdoğanın rəqibləri. Ümumiyyətlə, mən hər şeyin qanunla olmasının tərəfdarıyam. İndiki halda, hər iki tərəf düzgün metodla hərəkət etmir. Çünki bir tərəfdən qiyam demokratik dövlətdə yolverilməzdir. Digər tərəfdən, döymək, əsgərləri və zabitləri alçaltmaq daha böyük biabırçılıqdır. Xüsusən, türk ordusunda bu cür halların baş verməsi dəhşətlidir. Biz də bu ölkəni seviriksə, deməli, özümüzü türk hesab edirik və elə türkük. Anlamalıyıq ki, bu vəziyyət hələ bizə də çox təsir edəcək. Ölkəmizin həm daxili siyasətinə, həm də xarici. Məni qorxudan budur ki, hakimlər, qubernatorlar, prokurorlar vəzifələrindən çıxarılır. Məhkəmə səlahiyyəti bütün dünyada müstəqil olmalıdır. Qorxuram ki, nəticələr daha pis olar. Səmimi demək lazımdırsa, türk ordusu nə qədər zəifləsə, bu, onun qonşularına da təsir edəcək. Türk cəmiyyətində nə qədər ki, fikir ayrılığı olacaq, Türkiyə də o qədər zəifləyəcək. Bunu başlığa çıxarmayın, amma güman ki, elə bunu seçəcəksiniz: “Ərdoğan nə qədər güclüdürsə, Türkiyə də o qədər zəifdir”.

news-detail

- Belə bir fraza var, müəllifi dəqiq xatırlamıram: “Bir ölkənin yazıçıları zəifdirsə, digər hər kəs yaradıcılıqla məşğul olacaq”. Bizdə son illərdə yazıçıların sayı əhəmiyyətli dərəcədə artıb. Onları necə qəbul edirsiniz?

- Mən əsasən, yerli yazıçıları oxuyuram. Çünki Azərbaycan Yazıçılar İttifaqının katibiyəm. “PEN klub”un isə prezidenti. Yalnız oxumuram, həm də gənc yazıçılara kömək edirəm. Səmimi demək lazımdırsa, bacaran və bacarmayan, amma yazmaq istəyən hər kəs şeir, roman yazır. Bizim ittifaqda 1800-dən çox üzv var. Lakin bu, belə kiçik ölkə üçün çox böyük rəqəmdir. İndi çox adam kitab yazır. Amma bu o demək deyil ki, onlar həqiqətən yazıçıdırlar. Yazıçı peşəkar olmalıdır. Təəssüf ki, Azərbaycanda bu yoxdur. Kitab ticarəti yoxdur. Kitabın yayılması yoxdur. Deməli, bizdə yaxşı yazıçı yoxdur. Yaxşı yazarlarımız isə öz qonorarları hesabına yaşaya bilmirlər. Yaxşı yazıçısansa, sənin kitablarını oxumaqla yanaşı, həm də alacaqlar. Zəif yazıçısansa, onda sən özün, dostların və ailən üçün yazırsan. Heç kim oxumur, lakin müəllifə heyran olur.

news-detail

Ardı var…

Rəşid Mustafazadə

Çevirdi: Nərgiz Nənə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın