Menu
Geri İrəli

“Qarabağ məsələsi Sumqayıt hadisələrindən başlayıb”

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2014 • Baxış sayı: 532 dəfə • Şərh yoxdur

aslanAslan İsmayılov: “İğtişaşlara Qriqoryanın başçılıq etməsini tərkibində bir azərbaycanlının belə olmadığı istintaq sübut edib”

Erməni diasporu bu günlərdə 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələrlə bağlı tarixi həqiqətləri təhrif etməklə növbəti ildönüm tədbirləri keçirməkdədir. Sumqayıtdakı talanların, insan qətllərinin arxasında dayanan qüvvələrin heç də Azərbaycana aid olmadığı zaman-zaman isbatlansa da, erməni saxtakarlar vay-şivən qoparmaqda davam edirlər.

 Sumqayıt hadisələri ilə bağlı Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror kimi proseslərdə iştirak etmiş hüquqşünas Aslan İsmayılov bizimlə söhbətində erməni təbliğatını alt-üst edən qiymətli faktlar açıqladı.
Qeyd edək ki, A.İsmayılov tarixi qaynaqlara istinad edərək bu faktlarla zəngin olan “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” adlı kitabın da müəllifidir.
- Aslan bəy, üstündən 26 il keçəndən sonra da dünya Sumqayıtda gerçək nə baş verdiyindən xəbərsizdir. Bu barədə nə deyə bilərsiniz?
- Bizim heç birimizin azərbaycanlı olaraq haqqımız yoxdur ki, dünya ictimaiyyətini qınayaq. Çünki dünya ictimaiyyətinin nümayəndələri gəlib Sumqayıtda nə baş verdiyini görmür. Siz bu gün Azərbaycanda 1988-89-cu illərdə doğulmuş uşaqların 100 nəfərindən soruşun. Onların 50-sinin Sumqayıtda nə baş verdiyindən xəbəri olmayacaq, qalan 50-si də deyəcək ki, elə-belə eşitmişik. Axı biz özümüz bu problemlə maraqlanmırıq. Ermənilər isə bizdən fərqli olaraq daim işləyir, bütün dünyaya bunu yayırlar. Mən dünyanın bir çox ölkələrindəki konfranslarda heç Qarabağa aid olmayan məsələlərin müzakirəsi zamanı da ermənilərin davranışını görmüşəm. Onlar tədbirdə hüquqla bağlı çıxış edir, fasilə zamanı isə dərhal Qarabağ problemindən, Sumqayıtdan danışmağa başlayırlar. Dünya da eşitdiyini, telekanalda gördüyü, oxuduğu əsasında rəy verir. Mən 2010-cu ildə “Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı” kitabını yazmağa başlayanda uşaqlarım alman, rus, fransız, ingilis dillərini bildikləri üçün onlardan xahiş etdim ki, mənə dünya arxivində nə varsa, internet vasitəsilə tapıb tərcüməsini versinlər. Mən o materialları oxuyandan sonra dəhşətə gəldim. Dünyada Sumqayıtda real olaraq nə baş verdiyi barədə heç nə yoxdur. O dövrdə SSRİ DTK-sı da etiraf edib, biz də bilirik ki, Sumqayıtda ölən 32 nəfərin 6-sı azərbaycanlı, 26-sı erməni olub. Amma mən xarici mətbuatda gördüm ki, “Sumqayıtda minlərlə adam ölüb” məlumatı var. Ermənilər bunu yayıblar. Albert Eynşteynin bir ifadəsi var ki, atomu parçalamaq formalaşmış stereotipi qırmaqdan daha asandır. Ermənilər bu yalanları formalaşdırıblar, biz isə bunun üstünə getmirik. Mən əminəm, bu gün biz Xocalı soyqırmı, Qarabağ problemi ilə bağlı nə qədər səy göstərsək də, mənası olmayacaq. Ona görə ki, bunlar sonrakı məsələlər, nəticələrdir. Qarabağ məsələsi Sumqayıt hadisələrindən başlayıb, dünyaya  bunu göstərmək lazımıdır. Ermənilər bütün dünyada qondarma “erməni genosidi” barədə kampaniya aparmağa başlayanda Türkiyə susdu və NATO-ya qəbul oldular. Avropa Birliyinə girmək istəyəndə isə Türkiyənin qarşısında şərt qoyuldu ki, “erməni soyqırmını tanı”. Türklər “soyqırım olmayıb” desə də, sübut edə bilmədi. Çünki türklərin dünyada bir materialı yox idi. Bundan sonra hər il bir ölkənin parlamenti “erməni soyqırımı”nı tanımağa başladı, türklər nə qədər çalışsa da, belə hadisənin olmadığına inandıra bilmədilər. Çünki həmin o atom məsələsidir, stereotip formalaşıb. NATO-nun Türkiyəyə heç bir xeyri yox idi, amma Avropa Birliyinin xeyri var idi. Bax, təbliğatın nəticəsi budur. Özü də bu gün informasiya əsridir. Xocalı ilə bağlı dünyanı niyə inandıra bilməyəcəyik, ona görə ki, istintaqını özümüz aparmışıq. Ermənilər dünyaya yayır ki, azərbaycanlılar saxtakar, vəhşi bir millətdir, bu stereotipi formalaşdırıblar.
 
- Sumqayıt hadisələrinin dünyaya yayılmasının önəmi nədədir?

“1987-ci ilin sonunda Ermənistandan köçürülən azərbaycanlıları Naxçıvana yerləşdirmək istədilər ki, münaqişə orda salınsın”

- Mən Sumqayıtla bağlı cinayət işində prokuror kimi iştirak etmişəm. Kitabda da göstərmişəm ki, Sumqayıtdakı proseslərə Qriqoryanın başçılıq etməsini istintaq sübut edib və istintaq qrupunda da bir nəfər belə azərbaycanlı olmayıb. Moskvadan, Ukrayna, Belarus, Volqoqraddan, Belqoroddan gələn müstəntiqlər bunu araşdırıb. Onlar bizə deyə bilməz ki, Xocalı işi kimi bu hadisəni də siz araşdırıbsınız və Qriqoryanın adını özünüz yazıbsınız. Bir də Sumqayıt hadisələrinin təfərrüatları dünyaya göstərilməlidir. Dünya görməlidir ki, Sumqayıt hadisələri hadisələrinin təşkilində məqsəd bütün dünyaya azərbaycanlıların “vəhşi” olduğunu sübut etmək olub. Məqsəd bu olub ki, “vəhşi” azərbaycanlılarla “mədəni, özünə hörmət edən” erməni bir yerdə yaşaya bilməz. Bu stereotipi formalaşdırandan, bizi “vəhşi”kimi qələmə verəndən sonra ermənilər bütün dünyanın gözü qarşısında torpaqlarımızı zəbt etdilər və dünya susdu.
 
- 1918-ci ildə çar Rusiyası dağılan dövrdə də azərbaycanlılar və ermənilər arasında qanlı hadisələr törədilmişdi. Budəfəki qanlı hadisələr də sovetlərin dağıldığı ərəfəyə düşdü. Hesab etmək olarmı ki, Sumqayıt və ya Qarabağ hadisələrinin ssenarisi “KQB”yə məxsusdu və ermənilər sadəcə icraçı idilər?
- Siz mənə sual versəniz ki, Sumqayıt hadisələrinin baş verməsində daha kimlər maraqlı idi, mən sizə bu cavabı verərəm: birinci, SSRİ-nin başında duran Qorbaçov. O, erməni diasporunun dünyada gücünü bilirdi. Ermənilərlə də Stavropolda, harda ki, mən məhkəmə sədri işləmişəm, onun bütün yaxın ətrafı erməni olmuşdu və ermənilərin gücünə bələd idi. SSRİ-nin başında duran adam və şöhrətpərəst, murdar birisi kimi istəyirdi ki, onu dünyada demokrat kimi qələmə versinlər. Ona görə də bütün məsələləri ermənilərin xeyrinə həll etməyə çalışırdı ki, ermənilər onun haqqında “demokrat” imici formalaşdırsınlar və buna da nail oldu. Ermənilər rüşvətxor, axmağın biri olan Qorbaçevi dünyaya bir demokrat kimi tanıtdılar.
İkinci: Sumqayıt SSRİ DTK-sına lazım idi. Çünki bunlar görürdülər ki, Qorbaçovun apardığı siyasət SSRİ-nin dağılmasına gətirib çıxaracaq. Özləri də ikinci plana keçmişdi. Odur ki, güc strukturlarına özlərini sübut etmək üçün qan düşməsi lazım idi. Üçüncü: Sumqayıt Amerika və Qərbə lazım idi. Onlar gözəl bilirdilər ki, SSRİ-ni diz çökdürmək üçün ən yaxşı yol milli münaqişələri salmaq vasitəsidir və buna rəvac verirdilər. Bütün bu prosesləri bir-biri ilə uzlaşdıran isə erməni diasporu idi. Onlara lazım idi ki, Sumqayıt hadisələri baş versin və bütün dünyaya göstərsinlər ki, azərbaycanlılar vəhşidir, insan haqqını tanımır, erməni milləti onlarla birgə yaşaya bilməz.
 
- Bundan əvvəl münaqişəni alovlandırmağa hesablanmış Zori Balayanın “Ocaq” kitabı da yayılmışdı…
- Təbii ki, bu hadisələr birdən-birə başlamadı. Mən o xronologiyanı sizə deyim. Birinci bunlar ideya bazasını hazırladılar. O oldu Zori Balayanın “Ocaq” kitabı. Ondan sonra 1987-ci ildə Aqanbekyanın Parisdə “Qarabağ Ermənistana verilməlidir” fikri beynəlxalq aləmə çıxarıldı. Həmin ildən etibarən azərbaycanlılar Ermənistandan deportasiya olunmağa başladı. Erməni diasporu və adını çəkdiyim güclər üçün Sumqayıt qırğınının baş verməsi lazım idi.
Bunun üçün ermənilərin ilk planlaşdırdığı Naxçıvan idi. 1987-ci ilin sonunda Ermənistandan köçürülən azərbaycanlıları Naxçıvana yerləşdirmək istədilər ki, münaqişə orda salınsın. Çünki ev-eşiyindən didərgin düşən, qohum-əqrəbasını itirən azərbaycanlılar Naxçıvana gəlib orda erməniləri görəndə təbii ki, onların üstünə yeriyəcəkdi. Amma onda Azərbaycan rəhbərliyi bunun qarşısını ala bildi.
Qatarla vağzala gələn azərbaycanlıları enməyə qoymayıb geriyə-Ermənistana qaytardılar. Ondan sonra bu qırğını Gəncədə törətmək istədilər. 1987-ci ilin axırında, 1988-ci ilin əvvəllərində Gəncədə kompakt yaşayan ermənilər vardı. Orda qırğın törətmək istəyirdilər. Lakin çayın üstündəki körpünü yük maşınları ilə kəsməklə bunun da qarşısını aldılar.
 Sumqayıtda isə qırğının qarşısını ona görə ala bilmədilər ki, plan daha yaxşı hazırlanmışdı. Sumqayıtın 1-ci katibi Müslümzadə Moskvaya getmişdi, orda “İzvestiya”nın baş redaktoru Laptevə intervü verib özünə imic yaradırdı ki, xəstə olan Kamran Bağırovdan sonra Azərbaycanın 1-ci katibi olsun. Yerli DTK-nın sədri işdən çıxarılmışdı, şəhər rəhbərsiz idi. Şəhərdə 20 minə yaxın vaxtından əvvəl cəzaçəkmə yerlərindən azad olunmuş adamlar var idi, kriminal vəziyyət ağır idi. Ona görə qırğını Sumqayıtda uğurla həyata keçirtdilər.
 
- Deməli, ermənilər Sumqayıt hadisələrindən kifayət qədər bəhrələnə bilib…
- Təbii ki. Xaricdə Qarabağ mövzusu qalxan kimi ermənilər deyir Sumqayıtda erməniləri qırıblar. Mən əminəm, əgər bu gün də biz sussaq, Sumqayıt hadisələrini bütün dünyaya açmasaq, necə ki, Türkiyə dünyaya “erməni genosidi”nin olmadığını sübut etməyə çalışır, arxivləri də açır ki, gəlin, baxın, amma yenə də inanan yoxdur, təxminən 5-10 ildən sonra eyni qaydada dünya parlamentləri “Sumqayıt genosidi”ni qəbul etməyə başlayacaq. Artıq ermənilər buna hazırlıq görürlər. Mən Sumqayıtla bağlı kitabı öz vəsaitim hesabına Azərbaycan, rus, türk, ingilis dillərində yaymışam, həm də kitabın amozon.com saytındakı son elektron versiyası bu dəqiqə satışdadır. Mən çox təəssüf edirəm ki, bizdə bu məsələyə diqqət yetirmirlər.
Bu kitabı amerikalı professorlar oxuyanda dəhşətə gəlmişdilər. Mən 1989-cu ildə məhkəmə prosesinə çıxanda bu təhlükəni görmüşəm və bununla bağlı bütün rəhbər vəzifəli şəxslərin hamısına lazım olanları demişəm, mənası olmayıb. Belə olanda mən arxiv materialını götürüb saxlamışam. Ondan sonra illərlə bar-bar bağırmışam ki, məndə arxiv materialı var, bunu yazın.
Sonra özüm kitab yazmışam. Ancaq indi də bir şey edən yoxdur. Ermənistanda bu təbliğatın arxasında duran və bütün prosesi koordinə edən hakimiyyətdir. Bizdə də hakimiyyət bu prosesə dəstək verməlidir, lap mənim adımı çıxarsınlar və Sumqayıtla bağlı kitabın dünyada yayılmasına kömək etsin. Bu dəqiqə dünya informasiyalar əsasında qərar qəbul edir. Son dövrlər Xocalı ilə bağlı ciddi işlər görülür. Amma Sumqayıt hadisələri bunların hamısının açarıdır.
 
- Demək siz “Sumqayıta ədalət” kampaniyasına başlanmasını təklif edirsiniz?
- Bəli. Sumqayıtda baş verənləri dünya bilməlidir. Bu, daha önəmlidir. Biz adətən Sumqayıt hadisələrini açmamışıq ki, orda “ermənilər öldürülüb, biz bunu niyə etiraf edək”. Mən bu kitabı yazanda da bəziləri deyirdi lazım deyil, biz  dünyaya göstərəcəyik ki, Sumqayıtda qırğın olub. Biz Sumqayıtda nə olduğunu açıq bəyan etməliyik. Onsuz da bunu bütün dünya bilir. Amma deməliyik ki, ölən 32 adamdan 6-sı azərbaycanlıdır. Onlar erməniləri xilas etmək istəyəndə öldürülüb. Amma bunu təşkil edən azərbaycanlılar deyil, bu qüvvələrin başında duran Qriqoryan olub. Biz dünyanı inandırmalıyıq ki, azərbaycanlılar yox, əksinə, ermənilər yırtıcıdır, onlar hiyləgər və özgə torpağını almaq üçün insan ölümünə gedənlərdir. Yoxsa Sumqayıtda o hadisələri törətməzdilər.
Sumqayıtdan danışmağa başlayanda digər həqiqətlər də üzə çıxacaq. Əhalini qızışdıranlar kimlər olub? Ermənistandan 4 mindən artıq qaçqın azərbaycanlı Sumqayıta gəlib. Onlar başlarına gələnləri danışmağa başlayıblar. SSRİ hərbi prokuroru Katusevin çıxışında var ki, Qarabağla bağlı ilk ölüm Sumqayıtan əvvəl Dağlıq Qarabağda olub, iki azərbaycanlını öldürüblər. 1987-ci ildə Ermənistanda sürgün zamanı 216 azərbaycanlı öldürülüb. Ona görə də Sumqayıtdan danışmağa başlayanda istər-istəməz Sumqayıta gələn azərbaycanlıların kimlər olduğu, nə üçün bu hadisələrin baş verdiyini çözələməli olursan. Nəticədə isə “Ocaq” kitabına, Aqanbekyanın çıxışına gedib çıxırsan. Ondan başqan 80-ci illərdə Qazaxda üç respublikanın “qardaşlığı”na həsr olunan abidə olub, bir erməni keşişi onu partladanda özü də yaralanmışdı. Bütün bunları araşdırmaq lazımdır. Bütün bunları dünyaya yayanda beynəlxalq ictimaiyyət reallığın nə olduğunu biləcək.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın