Menu
Geri İrəli

“Qız dedi ki, nazir müavinlərini, deputatları qovum…” – Vasif İsmayıl

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2017 • Baxış sayı: 1,018 dəfə • Şərh yoxdur
Share Button

vasifGün ərzində yalnız 10 ərik çəyirdəyi və bir neçə gavalı qurusu yeməklə bütün enerjisini qoruya bildiyini deyən həkim Vasif İsmayılın “Qafqazinfo”ya müsahibəsi:

“Həyat prinsipim 4 maddədən ibarətdir: insansevərlik, incəsənətə hörmət, əmək və elm”

- Son zamanlar həkim səhvləri ilə bağlı mediada yer alan xəbərlərin sayı xeyli artıb. Əməliyyatdan sonra xəstənin qarnından 10 əlcək çıxır, doğum şöbəsində körpələr qarışdırılır, həkim xəstənin sağlam ayağını kəsir və sairə. Bəs siz bir həkim kimi səhiyyəmizin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Qısa bir ad qoymuşam: yarıtmaz. Ancaq vəziyyəti düzəltmək üçün çox iş görülür. Həm hökumət, həm də həkimlər tərəfdən əmək sərf olunur, amma çatmır. Niyə çatmır deyə soruşsaz, artıq texniki və praktik cəhətdən imkanımız yoxdur deyə bilmərik, ölkədə hər şey var. Hətta qonşularımızın çoxundan da qabağa getmişik. Kadr potensialı da xeyli düzəlib. Düzdür, problemlər var. Onun da səbəbini deyim sizə. Bir həkimin səhvini kim tuta bilər? Başqa bir həkim. Ancaq biz çox vaxt səhvi tutsaq da, Azərbaycansayağı yola veririk, öz işimizin dalınca gedirik. Artıq son bir neçə aydır ki, mən hər bir sahənin seçilən həkimindən bunu tələb etməyə başlamışam. Deyirəm ki, kiminsə doğru iş görmədiyini biliriksə, susmaq lazım deyil. Həkimlər öz aralarında təmizlik aparmalıdır. Azərbaycanda insanların görmədiyi, bilmədiyi tibbdə çox böyük xətalar var. Bu böyük xətaların altında ciddi insan faktoru yatır. Əgər bir sistemdə insan xətası tez-tez baş verirsə, bu, artıq sistemin xətası olur. Bizdə sistemin ən böyük xətası hər şeyi adminstrativ yollarla həll etməyə çalışmaqdır. Tapşıracam, əmr imzalayacam və düzələcək. Xeyr. Ümumiyyətlə, biz iş görmək adına iş görməyi çox sevirik. Məsul şəxslər xətaların qarşısını almaq üçün iclas keçirib əmrlər yazmaq yerinə məsələnin məğzinə getməlidir.

- Səhiyyəni zəncir kimi götürsək, hansı sahəni ən zəif bənd adlandırmaq olar?

- Azərbaycanda cərrahi sahələr çox yaxşı inkişaf edib. Bunun da səbəbi odur ki, bu sahələrdə maddi gəlir insanı təmin edə bilir. Yəni, bir insanın yaxşı cərrah olmağa marağı var. Bizdə çatışmayan terapevtik alt sahələrdir. Endokrinologiya artıq yavaş-yavaş inkişaf edir. Bunun da səbəbi şəkər xəstəsinin çox olmasıdır. Ancaq elə sahələr var ki, yaxşı həkim tapmaq olmur. Məsələn, elə revmotologiya. Dünənə kimi nefrologiyada da (böyrək və sidik yolların xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası) vəziyyət eyni idi. Ancaq bu gün xeyli inkişaf var və mən artıq bir uroloq kimi daha ürəklə işləyirəm. Bilirəm ki, arxamda nefroloji dəstək var. Hazırda arxadan çox günclü gənclik gəlir. Nə qədər biz ölkədəki tibb təhsilinə yan baxsaq da, tibb tələbəsi digər tələbələrdən öyrənməyə daha çox maraqlı olur. Öz hesablarına çox iş görürlər.

- Bir var, öz həyatınla bağlı qərar verəsən, onda səhv də, düz də qəbul olur. Bir də var ki, başqa insan həyatı ilə bağlı. Bu zaman ən kiçik xətalar da bağışlanmır. Peşəniz elədir ki, ən qısa müddət ərzində xəstələrinizlə bağlı qərar verməlisiniz. Səhv etmirəmsə, iki il əvvəl sizi də bir xəstənin ölümündə günahlandırırdılar.

- Bəli, siz də yazmışdınız bu barədə. Belə deyək, əgər bir həkim iş görürsə, mütləq onun xətaları olacaq. Həkim xətası da iki cür olur: ondan asılı olan və asılı olmayan. Ondan asılı olan xətalara həkim yol verməməlidir. Məsələn, mən sistemli çalışıram və bundan narazı olanlar da var. Haqqımda soruşsanız, telefonlara cavab vermədiyim üçüb özümdən razı olduğumu deyəcəklər. Ancaq bunun da səbəbi var. Telefon tibbi problemləri həll etmək üçün yer deyil. Səhvimizi minimala endirmək üçün hazırda zəncirvari qrup halında işləyirik. Mən başqa həkimə yönləndirirəm, o analizlərə göndərir, sonda üzümü bir də cərrahiyyə stolunda görürlər.

İkincisi isə həkimdən asılı olmayan xətalar var ki, biz bu riski hesablaya bilməliyik. Həmin hadisədə riskin olduğu əvvəlcədən ailə ilə danışılmışdı. Hətta rəhmətliyə belə demişdim. Onun sidik kisəsini çıxarmışdıq və bu əməliyyatlardan sonra 100 xəstədən 8-i ölür. Təəssüf ki, bu, belədir. Məsələn, artıq 100-dən çox xəstəm var və əməliyyatdan sonrakı ilk doxsan gündə ikisi ölüb. Mən bundan utanırammı? Yox. Həmin məsələdə mətbuata incidiyim o idi ki, fikrimi almamışdılar. Ancaq mətbuatın bu kimi məsələləri işıqlandırması çox yaxşıdır. Hər kəsin işi nəzarət altında olmalıdır. Həkimlər aldadıcı məlumat verməməlidir, əgər bir xəta olubsa, onu demək və nəticəsinə qatlanmaq lazımdır.

- Bəs xətaların baş verməsində əsas səbəb nədir?

- 2013-cü ildən Azərbaycanda işləyirəm. Bir şeyi gördüm ki, bizdə problemlərin əksəriyyətinin səbəbi həkimlə xəstənin bir-birini başa düşmənəsindən qaynaqlanır. Həkimlər çətin əməliyyatlara girməkdən çəkinirlər. Bircə istəyirlər ki, adı çıxmasın. Mənə də Bakıya gələndə edilən məsləhət belə idi. Bir xəstəmiz var idi, çox tanınmış bir professor idi. Onu əməliyyata alanda yaxın bir dostumuz yaxınlaşdı ki, bu xəstəyə mən yox, molla lazımdı. 2 aydı gəlmişəm, özümü işə salmayım. Mən bütün bu riski həmin xəstənin qızının bir hərəkətinə görə üstümə götürdüm. Yəqin ki, bu sətirləri oxusa, özünü tanıyacaq, ancaq ad çəkmirəm. Qapıda 10-15 adam yığılmışdı və onların ən aşağı vəzifəlisi millət vəkili idi. Nazir müavinləri belə var idi. Qız içəri girib dedi ki, onların hamısını qovub əlimdən nə gəlirsə edim. Professor əməliyyatdan sonra 8 il yaşadı, sonra başqa səbəbdən vəfat etdi. Ancaq klassik azərbaycanlı həkim kimi düşünsəydim, o xəstə həmin gün ölməli idi. Xəstə həkimə “bax, bir şey olsa, başını kəsərəm, ha”- deyir, həkim də bundan təsirlənib özünü çətinə salmaq istəmir. Bəzən xəstənin taleyi pula satılır.

“Fikir sferamız azaddır, ancaq insanlar və söz demək azad deyil”

- Uzman doktor olmaqla yanaşı həm sosial şəbəkədəki paylaşımlarınız, həm də mətbuata verdiyiniz açıqlamalarla biz sizi güclü vətəndaş mövqeyi olan biri kimi tanıyırıq. Necə deyərlər, toxunmadığınız, fikir bildirmədiyiniz mövzu yoxdur. Fərqli yanaşırsınız, bu çıxışlarınız daha sonra başınızı ağrıtmır ki?

- Nə reaksiya olursa, həmin paylaşımların altında olur. Bunun səbəbini məndən çox soruşurlar. Onlar elə fikirləşirlər ki, mən çox sərt danışıram. Ancaq insanlar o qədər də axmaq deyil. Başa düşənlər mənim nə demək istədiyimi başa düşür. Mən insansevər biriyəm. Heç bir quruma qarşı mənfi fikrim yoxdur. Məsələn, Putinin əleyhinə çox danışıram deyə elə bilirlər ki, mən Rusiyanı sevmirəm. Halbuki Azərbaycanda 100 Rusiyasevər varsa, siyahının ilk beşliyində mənəm. Rusiyanı, xüsusilə də, rus xalqını sevdiyim üçün onlara qarşı çox tələbkaram. Bundan başqa, mən öz xalqımı sevirəm və öz xalqıma qarşı tələbkaram. Özüm də bu xalqın nümayəndəsiyəm və yazılarım elə mənə də aiddir. Bunu ağıllı insanlar onsuz da görür.

- Bəs təzyiqlər necə?

- Mənə indiyə kimi heç bir təzyiq olmayıb. Kimin ki, təzyiq etməyə gücü var – bu, istər hökumətdən olsun, istər cəmiyyətdən, istərsə də dini qruplardan onlar məsələyə ciddi yanaşırlar. Çox insan qəbul etmək istəmir, ancaq mən dinlə bağlı nəsə yazanda bu, mütləq çox araşdırılmış bir məlumat olur. Yazdıqlarımı din alimləri də (düzü dində alim sözünü sevmirəm) təsdiqləyir ki, düzdür. Qısacası, sözü araşdırıb və insansevərliklə dedikdə problem olmur. Kimin başına problemlər gəlir? Müəyyən mövzular var ki, niyyətləri yaxşı belə olsa, onları deyənlərin başına problemlər gəlir. Bəzi mövzulara mən də toxuna bilmirəm. Toxunsam, başım ağrıyar, bunu da istəmirəm. Amma bəzən elə olur ki, artıq dözə bilmirsən. Bir az yumşaq, bir az yanından keçəcək cümlələr demək məcburiyyətində qalırsan. Onsuz da, Azərbaycanda hər kəs hər şeyi bilir, sözdən bu dəqiqə qorxmaq lazım deyil. Artıq danışmaqdan keçib. Ölkədə vəziyyət bu işə nəzarət edən qurumların nəzarətindən çoxdan çıxıb. Fikir sferamız azaddır, ancaq insanlar və söz demək azad deyil. Ən sadə bir insanla da danışsaq, bizə problemləri bir-bir sayacaq. Ona görə də, sözdən qorxmaq və təzyiq göstərmək lazım deyil. O, Sovetin dövründə idi, 5-ci şöbə fikirlərə də nəzarət edirdi, ancaq artıq o ip əldən qaçıb.

- Çox radikal yanaşdığınızı deyirsiniz. Tam əksini fikirləşirəm. Bəli, fikirləriniz, bəlkə də, çox adamdan radikaldır, ancaq yanaşmanız üçün bunu deməzdim. Yəqin ki, yazı üslubunuzdan irəli gəlir ki, sadə və heç kimi incitmədən sözünüzü deyirsiz, hər kəs də lazımi payı götürür.

- Bunun elmi var, o da psixologiyadır. Psixologiyada qarşındakı adama fikrini çatdırmaq üçün onun müdafiə mexanizmini oyatmamaq lazımdır. Hər bir insanın içərisində quzğun köpək yatır. Bu təbii bir instinkdir və hörmətlə yanaşmaq lazımdır. Ümumiyyətlə, insanların əksəriyyəti hörməti başa düşürlər. Ola bilsin ki, üzdə buna etiraz etsinlər, amma öz daxillərində niyyətin yaxşı olduğunu dərk edirlər. Həyat prinsipim 4 maddədən ibarətdir: insansevərlik, incəsənətə hörmət, əmək və elm. Bunu 90-cı illərdə bir kitabda oxumuşdum və şüar kimi istifadə edirdim. Sonradan internetdən öyrəndim ki, antik dövrdə həkimlərin devizi olub.

“Din mənim üçün bir vicdandır”

- Dinlə də bağlı maraqlı fikirləriniz var.

- Belə deyim, mənim gündəliyimdə din dayanmır. İnanan bir insanam, hətta cəfəriyəm. Öz daxilimdə dinlə bağlı problemi həll etmişəm. Söyləməyi çox sevdiyim bir ifadə var: Din insanın alt paltarı kimidir. O, mütləq olmalıdır, ancaq onu cəmiyyətə göstərməyə ehtiyac yoxdur. Hər kəsin öz şəxsi işidir. Din mənim üçün bir vicdandır. Humanizm isə birmənalı olaraq dini inancdan daha qabaqda gəlir. Ciddi dini ədəbiyyat mütaliəsindən sonra təqribən Əhməd Əl Qubbancının fikirlərinə yaxın ideyalara gəldim. Onlar belədir:

• Dini təhsilə sərf etdiyim illərimin nə mənə, nə də cəmiyyətə heç bir faydası yoxdur. Boş-boşuna vaxtım və enerjim getdi.

• Ərəb zehni öz keçmiş mirasının qaranlıq hörümçək torunda həbs edilib.

• Bütün məzhəbləri inkar edirəm. Sünnilik və şiəlik eyni dərəcədə batildir, yanlışdır.

• Bizə miras qalan İslam ilə Tanrı qatında olan İslam arasında heç bir əlaqə yoxdur.

• Günümüzdə İslam insanları qaragüruha apararaq onları kor edir.

• İlahi din elə bizim bildiyimiz vicdandır.

• Günümüzə gələn İslam insanların ağlını istifadə etməsinə imkan vermir. Camaatın axmaq olmağını istəyirlər. Axmaqları idarə etmək daha asandır.

“Media halal yolla pul qazana bilmədiyi üçün kiminsə əlinə baxmaq məcburiyyətində qalıb”

- Söhbətimiz əsnasında medianın hadisələri işıqlandırmasını müsbət qiymətləndirdiyinizi bildirdiniz. Bəs özünüz necə, medianı izləyirsinizmi? Məsələn, öz verilişinizdən başqa hansısa verilişə baxırsız?

- Heç öz verilişimə də baxmıram. 10 ildən çoxdur ki, yerli, 5-6 ildir türk, 3 ilə yaxındır ki, heç xarici kanalları da izləmirəm. Mənə lazım olan nəyəsə yalnız yutubdan baxıram və kitab oxuyuram. Dünyada medianın vəziyyəti gedərək çətinləşir. Keyfiyyət aşağı düşür, xəbərlər tərəfli olmağa başlayır. Öz fikrini oxucuya sırımağa çalışırlar. Mən də buna qarşı müdafiə mexanizmimi işə salıb izləməkdən imtina etmişəm. Ancaq medianın düşdüyü bu vəziyyəti də başa düşürəm. Halal yolla pul qazana bilmədiyi üçün kiminsə əlinə baxmaq məcburiyyətində qalıb. Bu yaxınlarda bir nəfərin aylıq min manat maaş aldığını öyrənəndə çox təccüblənmişdim. O keyfiyyətdə biri hazırda ən lüks evdə yaşamalı, ən bahalı maşını sürməlidir. Hələ bu, ən yaxşı vəziyyətdir. Əgər sənin jurnalistin, həkimin, yazarın dilənçi olacaqsa, onda sən nə cəmiyyət oldun?

- Artıq uzun illərdir ki, sizi daim ekranda görürük, çox zaman kitab oxuduğunuzu deyirsiniz, teatra marağınız var, dostlarınızla ünsiyyətdəsiniz. Maraqlıdır, vaxtınızı necə bölürsünüz?

- Vaxtımı necə bölürəm? Vaxt itirməməklə. Maraqlıdır ki, insanlar kvant fizikasının ən yaxşı bilənlərindən olan Leonard Susskindin mühazirəsini dinləmək üçün 100-150 min dollar pul verib xaricə gedirlər. Ancaq onun mühazirələri pulsuz yutubda da var. Bu, bütün sahələrdə belədir. Məsələn, mən həkiməm, ancaq riyaziyyatı çox yaxşı bilirdim və hər zaman ali riyaziyyatı öyrənmək istəmişəm. Hazırda bunu yutubdan öyrənirəm.

- Bu sualı verməkdə məqsədim var. Nədənsə ölkəmizdə hamı harasa tələsir, kimi dindirsək, vaxt qıtlığından gileylənir. Ancaq ortada bir şey yoxdur.

- Bəli, ortada bir şey yoxdur. Hələ deyirlər ki, uşaqları görməyə vaxtım yoxdur, mən uşaqlarımla oynayıram da, oxuyuram da. Vaxt bölmək bir sənətdir. Həftənin iki günü günortadan sonraya iş qoymuram. Əgər mən bu gün böyüməkdə olan övladıma vaxt ayıra bilmirəmsə, mütaliə etmirəmsə, onda niyə yaşayıram? Bir ara düşündüm ki, həftədə iki günümü boşaltsam, gəlirim arasında 15 % fərq olacaq. Bu 15% məni varlı eləməyəcək. Ona görə iki günü boşaltdım, ən azından düşünmək üçün vaxtım oldu. Əksinə, asudə vaxt mənim əmək qabiliyyətimi daha da artırdı.

- Heyvansevərsiniz, ancaq illər əvvəl öz pişiyinizi qısırlaşdırmısız. Bu, paradoks yaratmır? Axı bu, heyvanın həyatına müdaxilədir.

- Bu sualın cavabını özüm də bilmirəm. Sadəcə oxuyub, öyrənib gəldiyim bir nəticə var. Əgər bu heyvan təbii şəraitdə yaşasa, başqa məsələ. Ancaq biz onları təbii şəraitdə yaşada bimirik. Onların çoxalması nəzarətsiz olur, ac qalırlar. Normalda o pişik 3 ildən artıq yaşamayacaq, bir pişiyin 18 ilə qədər yaşamaq şansı var. Qısırlaşdıranda daha uzun müddət yaşayır. Əslində bu, humanist bir aktdır. Ancaq razıyam ki, kifayət qədər ağır mövzudur.

“Dünyada çox az insanlardanam ki, istədiyim hər şeyə nail olmuşam”

- Həm bir həkim kimi, həm də vətəndaş kimi həyatda müəyyən bir yerə çatmısınız. Bəs bundan sonrakı planlarda nələr var? Məsələn, həmkarınız Rəşad Mahmudov Astara rayonunun deputatıdır. Sizin də siyasi iddianız var?

- Mən uşaqlıqdan həyatımı planlaşdırmağa öyrəşmiş insanam. Bir dəfə dostlarla oturanda demişdim ki, bəlkə də, dünyada çox az insanlardanam ki, istədiyim hər şeyə nail olmuşam. Dönüb geri baxanda nəsə istəmişəm, olmayıb deyəcəyim bir şey yoxdur. Asan olduğunu deyə bilmərəm, onda bir mənası olmazdı. Amma nail olmuşam hər şeyə. Bəli, siyasi iddiam da var, ictimai xadim kimi iddiam da var. Əgər Azərbaycanda seçki olsa, mən də namizədliyimi irəli sürəcəm. Bunların hər biri vaxtı gələndə olacaq. Zirvədə duran əsas məqsədim isə özümdən sonra ad qoya bilməkdir. Bunun üçün də bir yol seçmişəm. İndiyə kimi etdiyim hər bir iş də zamanında və yerində olub. Arzular aydın, konkret və vaxta bölünmüş olanda əlçatan olur. “Əsa” teatrının aktyoru Murad Məmmədovun kitabında belə bir ifadə var: “Səhv buraxanda özünüzü əfv edin, heç kim ideal deyil”. Bu, möhtəşəm bir ifadədir. Mən bunu bir neçə il əvvəl qatıldığım təlimdə dərk elədim.

Çörçil də qəşəng deyib: “Əgər yolunuz cəhənnəmdən keçirsə, irəliyə davam et”. İndi bir işdi düşmüsən, oturub baxmayacaqsan ki,..

- Çağdaş dövrdə Böyük Britaniya parlamentini çox bəyəndiyinizi demisiz. Bəs bizim parlamenti necə? İl ərzində millət vəkilləri müxtəlif fikirlər səsləndirir və heç də birmənalı qarşılanmır.

- Çalışıram izləməyim. Qarşıma çıxanda da bir söz deyirəm: nə əkərsən, onu da biçərsən. Onlar namenklatura insanlarıdır. Mən onları “Üç gombul”a oxşadıram. Belə bir münasibət var ki, biz şahıq, siz rəiyyət. Başınızı aşağı salıb yaşayın.

- Trampın gələcək fəaliyyəti ilə bağlı da müxtəlif fərziyyələr səsləndirilir. Sizin də münasibətiniz maraqlı olardı.

- Düzü impiçmentin olacağına inanmıram, mən ona 100 gün verilməsinin tərəfdarıyam. Tramp ağıllı bir insandır və indiyə kimi öz işini bacarıb. Belə bir iddiası var idi və qazandı da. Amerikada cəmiyyət sağlam və canlıdır. Məncə siyasi təzyiq qalxacaq, dünya bir az daha çalxalanmağa doğru gedir. Özümü siyasi öngörmə qabiliyyəti güclü biri kimi bilirdim, ancaq Trampın qalib gələcəyini gözləməzdim. Bu məsələdə yanıldığım üçün, sakit oturmağa üstünlük verirəm.

- Xarakteriniz kimi ətrafınız da maraqlı və rəngarəngdir. Daha çox Qulu Məhərrəmli və başqaları ilə görürük sizi. Öz sferasından kənara çıxan çox az insan var.

- Əslində həkimlər də kənara çıxırlar, sadəcə çox ağıllıdırlar. Baxırlar ki, cəmiyyətə standart düşünmək sifariş olunub, ona görə də özlərini standart göstərirlər. Bəzən mənə də deyirlər ki, susum, özüm üçün yaşayım. Bunu edə bilmədiyim, çəkinmədiyim üçün çox gözə girirəm. Yoxsa mən bu dəqiqə də onlardan müxtəlif mövzularda çox şey öyrənirəm.

- Son olaraq cinsi zəifliklə bağlı soruşmaq istəyirəm. Əsas səbəbini ailədə oğlan uşaqlarının düzgün tərbiyə edilməməsində görürsünüz. Cəmiyyətimizdə bu problem nə dərəcədə ciddi yer tutur?

- Biz uşaq yaşından oğlan uşaqlarına daha çox qayğı göstəririk. Hətta 5 bacının bir qardaşı kimi ifadələr də var. Belə yetişdirilən oğlan kişi atributlarını daşısa da, prinsipcə infantiv olur. Yəni qərar verməkdə çətinlik çəkir, kiməsə möhtac olur, məsuliyyətdən qaçır. Düzdür, qız uşaqlarının da yetişdirilməsində problem var, ancaq hər ikisini yanaşı qoyanda qızlarımız daha ağıllıdırlar. Çünki qızlar başa düşür ki, bunlar başdan 1:0 geridədir və öz üzərində işləmək məcburiyyətində qalırlar. Bu gün ailələrin əksəriyyətində ailəni qoruyan güc qadındır.

Günel Hacı

Fotolar: Nuran Məmmədov

“Qız dedi ki, nazir müavinlərini, deputatları qovum...”   -  Vasif İsmayıl
“Qız dedi ki, nazir müavinlərini, deputatları qovum...”   -  Vasif İsmayıl

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın