Menu
Geri İrəli

Sağlığında qiymət verək insanlara – ZIYALILAR SUMQAYITDA GÖRÜLƏN İŞLƏRDƏN DANIŞDI

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Oktyabr 2016 • Baxış sayı: 774 dəfə • 2 şərh

004Şifahi xalq ədəbiyyatımızda belə bir deyim vardır: “İlbəil deyil, günbəgün, saatbasaat böyüyür, gözəlləşirdi”. Son bir ildə Sumqayıtda aparılan quruculuq, abadlıq işlərinə nəzər salanda istər-istəməz həmin deyim yada düşür. Vur – tut bir ilin ərzində Gənclik şəhərinin siması heyrətamiz dərəcədə dəyişdi, gözəlləşdi. Yeniliklər hələ şəhərin girişindən başladı – geniş, iki tərəfli yol salındı, yolun kənarları boyunca milli ornamentlə bəzədilmiş divar – sədd hörüldü, çinarların, ekzotik ağac və kolların əkildiyi yaşıllıq zolağı yaradıldı. Sıralanmış yaraşıqlı küçə fonarları bu gözəlliyə məxsusi fsünkarlıq əlavə etdi.

Şəhər daxilində möhtəşəm abadlıq işləri aparıldı, onlarla kilometr yolun asfalt örtüyü təzələndi, onlarla binanın dam örtüyü müasir formada yenidən quraşdırıldı və fasadları zövqü oxşayan formada bəzədildi, bir – birindən yaraşıqlı sosial ünvanlı binalar tikilib istifadəyə veridi, bütün şəhər boyunca minlərlə ağac, on minlərlə gül və digər bəzək kolları əkildi…

Bulvar… Cəmi bir il ərzində Xəzərin Sumqayıt sahilində yaradılan bulvar şəhərin həm sosial, həm də iqtisadi həyatında, sözün əsl mənasında dönüş mərhələsinin təməli sayıla bilər.

Bütün bu genişmiqyaslı işlər cəmi bir il ərzində və deməli, böyük zəhmət, gecəli – gündüzlü fəaliyyət sayəsində ərsəyə gəldi. Ölkə Prezidentinin tapşırıqlarını ləyaqətlə həyata keçirən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Zakir Fərəcovun konstruktiv rəhbərliyi və yüzlərlə sumqayıtlının zəhməti, işi sayəsində.

                                                                                  ***

Heç şübhəsiz bu bir ildə çox əziyyət çəkildi. Amma fakt odur ki, yaradıcı insan zəhmətinin bəhrəsini görəndə bütün yorğunluqları unudur, öz yaratdıqlarına baxıb sinə dolusu rahat nəfəs alır, mənən dincəlir, həyatını əbəs yerə yaşamadığını bir daha dərk edir. “Homo sapies” – “Düşünən insan” üçün bundan vacib nə ola bilər ki? Zəhmətin bəhrəsinə verilən layiqli dəyər isə sevinci, fərəhi on qat, yüz qat artırır. Ələlxüsus da dəyəri yaşadığın ölkənin birinci şəxsi – Ölkə Başçısı vermiş olanda. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabrın 27 – də Sumqayıt səfəri zamanı görülən işlərə verdiyi dəyər bu işdə zəhməti olan hər kəsi yeni zirvələrə ruhlandırdı. Cənab Prezidentin Sumqayıtın iqtisadi, sosial, mədəni inkişafında xidməti olan insanları orden və medal, fəxri adlar və diplomlarla təltif etmək barədə xüsusi sərəncam imzalaması isə demək olar ki, bütün sumaqyıtlıların sevincinə səbəb oldu. Çünki, bu dəfəki təltifnamələr siyahısının bir neçə özəlliyi vardı; Əvvəla siyahı ötən illərdəki sihayılara nisbətən çox geniş idi.  Ikinci özəllik isə siyahıda təkcə yeni inkişaf mərhələsində deyil, illər öncə Sumqayıtın qurulmasında məxsusi zəhməti olmuş, lakin xidmətləri vaxtında və layiqlincə qiymətləndirilməyən insanların da adının yer alması idi. Sumqayıtın Tarixi Muzeyinin direktoru, doğma şəhərini hədsiz dərəcədə sevən Olya İslamova bu barədə danışanda gözlərindən açıq – aydın qürur, sevinc yağırdı.

 Olya İslamova: Artıq bir neçə gündür ki, nə iş otağımdakı, nə də evdəki telefonuma dinclik vermirəm. Təltif olunan insanların böyük əksəriyyətini şəxsən tanıyıram. Bir – birindən dəyərli, layiqli insanlardır. Hər birini şəxsən təbrik etməyi özümə borc bilirəm. Siyahıda bəzi adları oxuduqca inanın ki, sevincimdən kövrəlmişəm də. Ədalətin təntənəsi kövrəldib məni. Bilirsiniz, vaxtilə Sumqayıt ictimai, iqtisadi həyatında xüsusi xidmətləri olmuş, lakin artıq illərdir ki, pensiyaya çıxmış insanların da adları var həmin siyahıda. Deməli, dövlətimizin təqdim etdiyi ali mükafatlar hər hansı işin uğurlu icrasına deyil, məhz insana, şəxsiyyətə verilən dəyər deməkdir. Bu siyahı bir daha təsdiqlədi ki, əgər insan nə vaxtsa öz fəaliyyəti ilə Vətənə, Xalqa xidmət edibsə, nəsillər yenilənsə belə xidməti qiymətləndirəcək.

 Məlumdur ki, təltifnamələr üçün Ölkə Başçısına təqdim edilən siyahı, yerlərdən gələn təkliflərin əsasında, şəhər rəhbərinin şəxsən razılığı ilə tərtib edilir. Belə bir yekun siyahını ancaq şəhəri yaxşı tanıyan, doğrudan da sevən və ədalətli insan tərtib edə bilərdi.

Doğma Sumqayıtımın inkişafına xüsusi diqqət yetirdiyinə, sumqayıtlıların zəhmətinə yüksək qiymət verdiyinə görə cənab Prezident İlham Əliyevə minnətdaram!

Prezidentin tapşırıqlarını layiqincə həyata keçirən, şəhərimizin böyüməsi, gözəlləşməsi üçün gecə – gündüz çalmışmaqla yanaşı, həm bu qədər layiqli insanın təltif edilməsində, sevinməsində əvəzsiz rolu olan şəhər İcra Hakimiyyəti Başçısı Zakir Fərəcova minnətdaram!

 Quliyev Təbrik:

 Sumqayıta 1970 – ci ildə təyinatla gəldim. Kimya zavodunda laborant kimi fəaliyyətə başlayıb, Baş direktor vəzifəsinə qədər yüksəldim. Fəaliyyətim boyunca çoxlu sayda mükafatlarla təltiflənmişəm. Respublika Dövlət Mükafatı Laureatıyam, keçmiş SSRİ – nin qabaqcıl səmərələşdiricisi, ÜXNS – nin bürünc mükafatçısı, Respublikanın Əməkdar mühəndisi, onlarca Fəxri fərmanlar, medallar, daha nələr, nələr. Ancaq bu dəfəki mükafatın, yaşımın bu vaxtında “Tərəqqi” medalı ilə təltif edilməyimin ləzzəti tamam başqadır. Bu mənim üçün, eləcə də digər təltif olunan həmyaşıdlarım üçün sadəcə mükafat deyil, yaşamağa ruhlandıran stimuldur. Təltif barədə məlumat çox gözlənilməz oldu. Axı mən artıq 6 ildir ki, işləmirəm, təqüddəyəm. Mükafata təqdim edilməyim barədə xəbər alanda fikrimdən ilk keçənlər münnətdarlıq hissi ilə yanaşı, həm də bir növ hesabat oldu. Xatirələr yenə də varaqlandı… Kimya zavodunun səmərəli fəaliyyəti üçün gördüyümüz işləri – öz gücümüzlə, daxili imkanlar hesabına yeni sexlər yaratdığımızı, ÜXNS – də zavodumuzun qaliblər sırasında yer qazanmasını, daha nələr-nələri xatırladım. O vaxtlar söhbət gəzirdi ki, Kimya zavodu ətrafında ot da bitməz. Rəhbərliyim dövründə həm zavodun qarşısında, həm də içərisində yaşıllıq zolağı yartdım, onlarla ağac əkdirib, yetişdirməyə nail oldum. Bunu da xatırladım. Xalqımçün, şəhərimçün etdiklərimdən qürur duydum. Var olsun öz vətəndaşında dəyər verən dövlət. Dövlət rəhbəri cənab İlham Əliyevə minnətdaram. Şəhərimizin İcra Hakimiyyəti Başçısı Zakir müəllimə təşəkkürlərimi bildirirəm.

 Qurbanova Tirmə:  Xatırlayırsınızsa 1990 – cı illərin əvvəlində Sumqayıt barədə “Ölü zona” adlı film çəkilmişdi. Söhbət Sumqayıtda ekologiyanı korlayan zavodların salınmasından gedirdi. Araşdırmalar göstərirdi ki, zəhərli zavodların məhz Azərbaycan, Sumqayıt ərazisinə salınmasında SSRİ hökumətindəki erməni əsilli rəhbərlərin xüsusi xidmətləri vardı. Filmdə çixış edən digər iştirakçılar kimi mən də Sumqayıtın zəhərlənmiş havasından, Xəzərin çirklənmiş sularından bəhs edir, etirazımı bildirirdim. Müstəqillik dövrünün ilk illərində həmin zavodlar fəaliyyətini dayandırsa da, yeni problemlər ortaya çıxdı – bir tərəfdən müharibə, digər tərəfdən işsizlik, çörək qıtlığı, qaçqın və köçkünlərin bitməyən problemləri və sair. Həmin illərdə mənim fəaliyyətim daha çox şəhid və qaçqın ailələrinin problemləri ilə bağlı idi. Aman Allah, necə çətinliklərlə üzləşirdik. Hardasa 170 – dəfədən də çox getmişəm cəbhə bölgələrinə. İgid oğullarımıza Sumqayıt ictimaiyyəti adından dayaq, dəstək olmaq üçün. Bilirsiniz ən ağır olanı nə idi? Şəhid olmuş gəncin cənazəsini ailəsinə təhvil vermək… Bu bir dəhşətdir! Yaxşı ki, Ulu Öndər atəşkəsə nail oldu. Azərbaycan Respublikası iqtsadiyyatını gücləndirməyə, güclü ordu yaratmq üçün vaxt, macal tapdı.

2004 – cü ildə Prezident İlham Əliyevin regionların inkişafını ön plana çəkməsi digər bölgələr kimi Sumqayıtın da simasını dəyişməyə başladı. Ötən illər ərzində doğma şəhərimizdə az iş görülmədi. Ancaq son bir il ərzində, cənab Prezident İlham Əliyevin təbirincə desək, Sumqayıtda möcüzə baş verdi. Cəmi 9 – 10 ay ərzində şəhər tanınmaz dərəcədə gözəlləşdi, abadlaşdı. Sirr deyil ki, bu gözəlliklər cənab Prezidentin öz tapşırığı və şəhər İcra Hakimiyyəti Başçısının məsuliyyətli işi, rəhbərliyi sayəsində yaradılıb. Ancaq möcüzənin baş verməsi üçün təkcə düzgün rəhbərlik kifayət edə bilməzdi. Bu möcüzə həm də Zakir Fərəcovun doğma Sumqayıta sevgisinin təzahürüdür. Zakir müəllim 17 yaşından Sumqayıtda yaşayır. Hamını yaxşı tanıyır, kimin xalq, vətən, şəhər üçün hansı töhfələr verdiyini də gözəl bilir. Fəxri ad və mükafatlara təltif olunmaq üçün hazırlanan siyahı bunu bir daha təsdiləyir. Siyahı həm də Zakir Fərəcovun ədalətli rəhbər olmasının təzahürüdür.

 Rəhman Orxan: - 37 illik jurnalistlik fəaliyyətimdə hər zaman şərəfli saydığım jurnalist peşəsinin sıravi əsgəri kimi vəzifəmi həmişə layiqincə, vicdanla yerinə yetirməyə çalışmışam. Uzun illər “Vışka” qəzetinin Sumqayıt-Quba, sonralar isə Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağ vilayəti üzrə xüsusi müxbiri kimi müxtəlif mövzularda çoxlu sayda məqalələr, oçerk və reportajlar hazırlamışam. Təbii ki, həmin illər ərzində doğma Sumqayıtın sosial-iqtisadi inkişafından, onun fədakar qurucularının gərgin işindən-əməyindən bəhs edən yüzlərlə yazılarım dərc olunub. Bu gün də yaddaşımın “arxivində” tanınmış kimyaçılar – Ağaxan Ağayev, Zülfü Sadıxov, qabaqcıl inşaatçılar – İdris Dadaşov, Gülbahar Vəliyeva, cəngavər poladəridənlər Cahangir Mustafayev, Fərman Cəfərov, Allahyar Əmrahov, İzzət Yusifov, Yaşar Abbasov, prokatçı Əhmədxan Əmirov, alüminiumçu Kərəm Məmmədovla görüşlərimdən maraqlı xatirələr vardır. Ancaq, əlbəttə ki, jurnalist yalnız fədakar əmək adamlarını, onların yaxşı əməllərini, nailiyyətlərini yox, həm də cəmiyyətin inkişafına mane olan, xalqın ümumi maraqlarına zidd olan əməlləri, yalnız şəxsi mənafeləri üçün çalışan adamları da görməyi bacarmalı, neqativ halların qarşısının vaxtında alınmasında vasitəçi olmağı da bacarmalıdır. Yadımdadır ki, vaxtilə Sumqayıt üçün “ekoloji fəlakət” sayılan lindan istehsalatının ləğvi ilə bağlı “Vışka” qəzetindəki araşdırma-məqaləm həmin vacib problemin həllinə diqqəti daha ciddi şəkildə artırmışdı. Yaxud, Boru-prokat zavodunun o zamankı direktoru E.Dervoyedin gecə-gündüz marten sobalarının odu-alovu qarşısında çalışan poladəridənlərin maaşlarını azaltması, onlar üçün zəhərlənməyə qarşı süd məhsullarının verilməsini dayandırması və digər qanunsuz əməlləri ilə bağlı “Vışka” və “Molodyoj Azerbaydjana” qəzetlərindəki tənqidi yazılarım təsirsiz qalmamış, direktorun bəd əməllərinin qarşısında “qırmızı işıq” yandırılmışdı. Yarım əsrə qədərdir ki, mənə doğma olan Sumqayıtda yaşayıram. Ötən illərlə müqayisədə şəhərimizdə son bir ildə əsl möcüzə təsiri bağışlayan yenilikləri görərək, bu geniş miqyaslı, sürətli inkişaf barədə daha böyük sevinc, fərəh və qürur hissi ilə yazmalı oluram. Son vaxtlar qələmə aldığım “Deyəsən, axı, Sum qayıtdı”, “Aleksandr Düma bir də Sumqayıtdan keçsəydi…” adlı yazılarım şəhərimizin yüksək tərəqqisindən aldığım xoş təəssüratın, fərəhli duyğuların nəticəsidir. Şəhərimizin İcra Hakimiyyəti başçısı hörmətli Zakir Fərəcovun qayğıkeş təşəbbüsü – bizim, yəni, nə vaxtlarsa Sumqayıtın inkişafında xidməti olmuş adamların da adlarının təltif olunanlar sırasına salınması sanki mənə də “ikinci nəfəs” verdi. Ölkə başçısı İlham Əliyev cənablarının sentyabrın sonunda Sumqayıta səfəri zamanı şəhərimizdə görülən işlərə verdiyi yüksək qiymət, 40 nəfərədək sumqayıtlının dövlət mükafat və təltiflərinə layiq görülməsi, “köhnə sumqayıtlı”, İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun doğma şəhərimizin tərəqqisi, abadlaşması yolunda yorulmaz fəaliyyəti, geniş miqyasda aparılan yeniləşmə, müasirləşmə tədbirləri Vətəni sevən hər kəs üçün, xüsusən də yaradıcı peşə sahibi üçün böyük stimuldur. Fürsətdən istifadə edərək, Prezidentimiz tərəfindən Sumqayıtda İcra hakimiyyəti başçısı kimi birillik gərgin və səmərəli fəaliyyəti yüksək qiymətləndirilərək, ali mükafata – 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülmüş hörmətli Zakir müəllimi ürəkdən təbrik edir, ona Vətənimizin, onun böyük sənaye mərkəzi olan Sumqayıtın daha sürətli sosial-iqtisadi inkişafı, yüksəlişi naminə geniş spektrli fəaliyyətində yeni uğurlar arzulayıram!

 Telman Salahov: Allah ömür versin 80 –nə, lap yüzə kimi yaşayın. Bilirsiniz, 80, hətta nəinki 80, elə 65, 70 yaş olsun, bu yaşdakı insan dünyanın naz – nemətindən daha çox diqqətə ehtiyac duyur. Cənab Prezidentin sərəncamı ilə təltifləndiyim “Tərəqqi” medalı hazırda ən çox ehtiyac duyduğumu, diqqəti verdi mənə. Təbrik üçün bütün Azərbaycandan zənglər gəldi. Yetirmələrimdən, tanış – bilişdən. Bu zənglərin hər biri ürək dolusu sevinc, fərəh hissi yaşatdı mənə və əlbəttə ki, bu qədər xoş hisslər insanı daha da gümrahlaşdırır, yaşamaq eşqini artırır. Mənimlə bərabər daha iki sumqayıtlı veteran idmançı da mükafata layiq görülüblər. Əminəm ki, onlar da həmin hissləri yaşayırlar. Bizə belə xoş anlar yaşatdığına, diqqətə görə ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevə və şəhərimizn rəhbəri Zakir müəllimə sonsuz minnətdarlığımı bildirirəm.

Mən bir idmançı, futbolçu kimi kifayət qədər qaynar, maraqlı həyat yaşamışam. Komanda ilə birlikdə nəinki Azərbaycanı, bütün keçmiş SSRİ məkanını gəzmişəm. Bir – birindən maraqlı oyunlarımız olub, yaddaqalan hadisələrlə rastlaşmışam. Onlarla mükafatlarım, təltiflərim var. SSRİ idman ustası dərəcəsini, Əməkdar məşqçi fəxri adını qazanmışam. Ancaq deyim ki, onların hamısı idman xətti ilə qazandıqlarımdır. Yəni İdman nazirliyi, müxtəlif komitə və təşkilatlar tərəfindən təqdim olunan mükafatlardır. Şəhərin təqdimatı ilə indiyəcən heç bir mükafatım yox idi, o da şükür Yaradana, ömrümün 80 – ci payızında qismətim oldu. Etiraf edim ki, son bir ildə Sumqayıtın bu qədər gözəlləşdiyini gördükcə yaşamaq həvəsi günbəgün artır. Ötən əsrin 50 – ci illərindən Sumqayıtda yaşayıram. Şəhər həyatında hələ belə sıçrayışlı yenilənmə, qısa müddətdə bu qədər dəyişiklik görməmişdim. Bu gözəlliyə görə yenə də Ölkə rəhbərinə, şəhər rəhbərinə və zəhməti olan bütün insanlara minnətdarlıq bildirirəm. Bulvara görə isə xüsusi minnətdarlıq. Yeri gəlmişkən, ara- sıra mətbuatdan oxuyuram ki, Sumqayıtda gənclərin istirahətinin maraqlı keçməsi üçün gözəl məkan – bulvar yaradıldı və sair. Qardaş, bəs biz, yaşlı nəsil? Maşallah, bulvarımızın uzunluğu 4 kilometrdən çoxdur, hər yanı da gözəldir. Hamımıza yer çatar. Sağ olsun bu gözəlliyi yaradıb bizim ixtiyarımıza verənlər. Yüz yaşasınlar!

 Elcan Oruclu

Facebook Şərhləndirmə:

“Sağlığında qiymət verək insanlara – ZIYALILAR SUMQAYITDA GÖRÜLƏN İŞLƏRDƏN DANIŞDI” yazısına 2 cavab

  1. Vahid Əhmədov deyir:

    Zakir müəllim Sumqayıt üçün həqiqətən də çox böyük işlər gördü. Əminəm ki, bundan sonra da Sumqayıt üçün var gücü ilə çalışacaq. Sumqayıta və sumqayıtlılara dəyər verən bir başçıdır.

  2. Rəhim deyir:

    Atalar yaxşı deyib: Çörəyi ver çörəkçiyə, birini də artıq…

Şərhinizi yazın