Menu
Geri İrəli

“Sarışın” ləqəbli sumqayıtlı qadın döyüşçünün tükürpədici döyüş epizodları…

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2014 • Baxış sayı: 1,425 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtın yeganə qadın Qarabağ müharibəsi əlili olan Sevil Abbasovanın döyüş yolu sözün mübaliğəsiz tərzində əsl filmi xatırladır.

VUSAL 3 dəfə yaralandıqdan sonra belə döyüşə qayıtmağa özündə güc tapan Sevil xanım hər nə qədər sağlamlığını yarıya qədər itirmiş olsa belə bu gün də “müharibə başlasa, yenidən döyüşməyə hazıram” deyir.

S.Abbasova döyüş epizodlarını indi sarsıntı hissi keçirərək xatırlayır. Bəlkə də həm də ona görə ki, yolunda şəhidlər verdiyimiz və yüzlərlə gəncin qazi olduğu torpaqlar indi düşmən tapdağındadır.

Sevil Abbasova danışır:

-         Mən cəbhəyə 1991-ci ildə valideynlərimdən icazə almadan qaçıb getmişəm. 3 il əsasən Ağdam ərazisində döyüş yolu keçmişəm, 3 dəfə ağır yaralanmışam. O günləri dəhşətli günlər kimi xatrılayıram, şəhidlərimizin ah-naləsi qulağımda cingildəyir. İstəmərəm ki, bir daha müharibə olsun, istəmərəm ki, bügünki gənclər o dəhşəti görsün, münaqişə sülh yolu ilə həllini tapsa, daha yaxşı olar. Ancaq biz prezidentimizin bu gün də sadiq əsgəriyik. O vaxt Heydər Əliyevin çağırışı ilə cəbhəyə yollanmışdıq, o vaxt o, Azərbaycan üçün prezident idi, bizim üçün ali baş komandan. Tam səmimi olaraq, deyirəm ki, əgər bu gün də ali baş komandanımız müharibə əmri versə, biz silaha sarılmağa hazırıq. Baxmayaraq ki, sağlam deyiləm, ancaq nə qədər ki, canımda can var, döyüşməyə hazıram.

Sevil xanım tank sürücüsü olub, elə ilk dəfə də bu texnikada döyüş zamanı ağır yara alıb. Həmsöhbətimiz həmin hadisəni belə xatırlayır:

-         Ağdam bölgəsində, Ballıqaya istəqamətində döyüş gedirdi. Mən T-72 tankını idarə edirdim. Bizim uşaqlar Ballıqaya istiqamətində mühasirədə qalmışdılar, bizi həmin istiqamətə hücuma göndərdilər ki, mühasirəni dağıdaq. Bizdən bir gün qabaq həmin əraziyə mina axtaranlar getmişdi və məlumat vermişdilər ki, həmin ərazi təmizdir. Ancaq təəssüf ki, elə deyildi. Bir tank qarşıda gedirdi, ardınca da bizim tank idi. Tankı idarə edən isə tank komandiridir. Birdən tank komandiri ilə mənim əlaqəm kəsildi, sən demə, bizim komandiri snayperlə vurublarmış. Tankı təkbaşıma idarə etməyə başladım, yaxınlıqdakı körpüyə qalxdım. Təəssüf ki, körpünün üstü minalı imiş. Birdən hiss etdim ki, sanki nəyəsə dəydim. Tank minaya düşən kimi mən özümdən getmişəm və alovlanma başlayıb. Həmin vaxt sifətim yanmışdı. Bizim uşaqlar tanka çatanda onun partlamağına az qalıbmış. Birinci elə biliblər ki, ölmüşəm. Məni tankın içindən çıxarıb, suya atıblar ki, söndürsünlər. Sudan çıxaranda görüblər ki, yaşıyıram. Bir də gözümü Sarıcalıdakı hospitalda açmışam. Ondan sonra dəfələrlə əməliyyatlar keçirmişəm ki, üzüm bir az düzəlsin.

Sevil Abbasova bu yaxınlarda yenidən kosmetik əməliyyat keçirməlidir:

-         Bu yaxınlarda özəl tibb müəssisələrinin birinə Türkiyədən kosmetik əməliyyat edən həkim gəlməlidir. Biz Qarabağ Əlilləri Cəmiyyətinin iştirakı ilə çalışacağıq ki, ayrı-ayrı dövlət qurumlarına müraciət edək ki, bu əməliyyat olsun. Çünki artıq gözaltı dəri dəyişilməlidir, aşağı sallanır, belə halda göz açıq qala bilər.

Yenidən döyüş bölgəsinə

Söhbətimiz yenidən 90-cı illərə qayıdır. Sevil xanım aldığı ağır yaradan sonra bir müddət müalicə alır və yenidən cəbhəyə qayıdır.

-         Yenidən cəbhəyə qayıdanda artıq tankdan qorxmuşdum, tank görəndə vahimələnirdim. Ona görə kəşfiyyat tağımına yazıldım… Qazançı istiqamətində bizim qırıcıları vurmuşdular. Bizim əsgərlər düşüb, ermənilər tərəfdə qalmışdı, 12 nəfəri – bizi göndrədilər ki, əsgərlərimizi ordan çıxaraq. Gecə idi. Az qalmışdı ora çataq, altı nəfər minaya düşdük. Mən də orda ağır yaralandım. Bizi oradan çıxardılar. Sonra yenidən hospitalda yatdım, ancaq tam sağalmamış bir daha döyüş bölgəsinə qayıtdım. Həmin vaxt Ağdam cəbhəsində qızğın döyüşlər gedirdi. Şahbulaq istiqamətində daha bir dəfə snayper atəşinə tuş gəldim, ayağımdan yaralandım. Artıq ermənilər məni tanıyırdılar, ratsiya əlaqələrindən də adımı bilirdilər – mənim ləqəbim “Sarışın” idi. Onların istifadə etdiyi texnologiya bizim “ratsiya” danışıqlarına daxil olmağa imkan verirdi. Əsasən rus texnikası idi və döyüşənlərin əksəriyyəti ruslar idi.

Bir dəfə ermənilərlə üzbəüz qaldıq. 4 nəfər idik. Onlar da bizim paltarda idilər. Bizim kimi qollarına qırmızı bağlamışdılar – biz qolumuza qırmızı bağlayırdıq ki, bir-birimizi tanıyaq. Onlar tankla idilər. Elə bildik özümüzünkülərdir, üstlərinə getdik, yaxınlaşanda bizi atəşə tutdular. İkimiz yaralandıq. Mən yıxılıb qaldım. Üstümdə qranat var idi, birini çəkib, əlimdə sıxıb saxladım ki, gəlsələr buraxaram. Birdən gördüm ki, kimsə məni arxadan tutdu, elə bildim ermənilərdir, ancaq sonra gördüm ki, komandirimiz Zahiddir. Məni sürüyüb, yaxınlıqdakı su kanalına keçirdi. Araz adlı yoldaşımız su kanalı ilə məni daşımağa başladı. Artıq qumbaranı əlimdə saxlamağa taqətim yox idi, barmaqlarım boşalırdı. Araz dedi ki, var gücünlə onu suyun içinə – uzağa at. Elə də etdim. Həmin andaca özümdən getmişəm. Bir də ayıldım ki, traxtorum dişlərinin üstündə məni aparırlar…

Milli Məclisdən Türkiyəyə

Bir müddət sonra S.Abbasovanı Milli Məclisə dəvət edirlər, o, burada millət vəkilləri ilə görüşür. Görüşlər zamanı qərara alınır ki, gənc döyüşçünü hərbi təhsil alması üçün “Naxçivanski” məktəbinə göndərmək lazımdır.

-         Polkovnik Bərsadlı Valeh orda mənim boynumu qucaqlayıb, ağladı və dedi ki, sən elə 5-45 avtomatı boydasan.

Qərara aldılar ki, məni “Naxçivanski”yə oxumağa göndrəsinlər. Orada təhsilimi bitirdikdən sonra məni Ankara hərbi məktəbinə göndərdilər. Ancaq səhhətim orada oxumağa imkan vermədi, orada rejim sərt idi, mən isə sağlam deyildim, dəfələrlə yaralanmışdım, psixoloji vəziyyətim də normal deyildi deyə bu rejimə dözə bilmədim və geri qayıtmalı oldum.

Sonralar ailə qurdum, ancaq müharibədə aldığım travmalar ailəmin də dağılmağına səbəb oldu. Elə o vaxtdan bu günə qədər kirayələrdə yaşayıram.

Açığı, öz səhvim ucbatından ev növbəsinə gec durmuşam. Yalnız 2 ildir. Çünki o vaxt biz döyüşə gedəndə, qayıdanda nələrsə alacağımız barədə düşünmürdük.

İndi 125 manat pensiya, 85 manat prezident təqaüdü alıram. Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etdim ki, kirayə pulunu verməkdə çətinlik çəkirəm, sağ olsunlar, mənə yataqxanada ev verdilər. Ancaq yataqxana yaxşı vəziyyətdə deyildi, ancaq “Azərikimya” İstehsalat Birliyinə müraciət etdim. Sağ olsun, “Azərikimya” həmin yataqxana mənzilini yüksək səviyyədə təmir etdirdi. Məni qəbul etdilər, təmkinlə dinlədilər və bu problemimi həll etdilər.

Mən dövlətimizdən razıyam, mənə göstərilən qayğını heç vaxt dana bilmərəm. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Akif Quliyevdən çox razıyam. O, mənə Sumqayıtda böyük qardaş, ata qayğısı göstərib. Evimin kirayə pulunu ödəyib, dəfələrlə müalicə pulumu verib, evimdə çörək olmayanda bazarlıq edib göndərib. Elələri var ki, adamı, Qarabağ əlilini dinləmək istəmir, amma qayğı, hörmət göstərən bu cür insanları danmaq olmaz.

“168saat” , Vusal Məmmədov, Eyvaz Qocayev

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın