Menu
Geri İrəli

Suat Usta ilə “əlifba dərsi” (MÜSAHİBƏ)

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2013 • Baxış sayı: 440 dəfə • Şərh yoxdur

Suat Usta- bu ad yerli futbol azarkeşlərinə yaxşı tanışdır. Azərbaycanlı futbol azarkeşlərinin ilk olaraq 2002-2004-cü illər aralığında  “Qalatasaray”dakı çıxışı ilə tanıdığı müdafiəçi ölkə futbolsevərlərinin yaddaşında daha çox isə “Neftçi”dəki oyunu ilə iz buraxdı. Amma ölkəmizdə iki mövsüm (2008-2010) keçirməsinə baxmayarq futbol azarkeşlərinin heç də hamısı Suat Ustanı yaxından tanımır. Odur ki, “ağ-qaralar”ın keçmiş üzvünü “əlifba dərsi”nə dəvət etdik. Müsahibimiz hər hərfdən seçdiyimiz bir sözə münasibət bildirdi.

 

Azərbaycan

Mənim üçün Azərbaycan  Türkiyə, Türkiyə isə Azərbaycan deməkdir. 

Bakı

Çox inkişaf etmiş bir şəhərdir. Eyni templə inkişaf etməyə davam etsə, turistlər  üçün çox cəlbedici bir yerə çevrilə bilər. Ən əsası Bakı çox dəyərli dostlarımın olduğu şəhərdir.

Cərimə zərbəsi

“Ölü toplar” futbolda olduqca önəmlidir. Çıxış etdiyim komandalarda uzaq məsəfədən vurulan cərimə zərbələrini əsasən mən yerinə yetirirəm.

Çempionluq

Futbolçular mövsüm ərzində qızıl medal üçün çalışır. Çempionluğu bir növ mövsüm ərzində çəkilən əziyyətin bəhrəsi kimi də qiymətləndirmək olar. Karyeram ərzində bir neçə dəfə çempionluq hissini yaşadığım üçün Allaha şükür edirəm.

Dostlar

Dostluq barəsində insanların düşüncələri fərqlidir. Təəssüf ki, indiki dövrdə münasibətlər hər hansı mənafeyə görə qurulur. Amma mənim dostlarım mənə qardaş qədər yaxındır. Məhz bu üzdən dostlarım barmaqla sayılacaq qədər azdır.

Ermənistan

Mən heç kimi günahlandırmaq istəmirəm. Bəlkə də ermənilərin içində də yaxşı insanlar var. Amma bununla belə, onların insanlığa sığmayan vəhşiliklərini, başqalarının gücü ilə etdikləri qətlimları qeyd etməliyəm. Bu cür düşüncəyə malik bir hökümət barədə danışaraq özümü yormaq istəmirəm.

Əvəzlənmək

Oyunçunun əvəzlənməsi baş məşqçinin qərarıdır və mən həmişə buna hörmətlə yanaşmışam. Amma zədə və yorğunluq olmadığı halda futbolçuların əvəzlənmədən məmnun olduğunu deyə bilmərəm.

Fatih Terim

Türkiyənin yetişdirdiyi ən ən bacarıqlı və ən xarizmatik məşqçisidir. İndiyə kimi rəhbərliyi altında oynadığım məşqçilərdən ən fərqlisi məhz odur. Daim yetirmələri üçün ən yaxşısını istəyən və heç vaxt oyunçusunu əzdirməyən bir adamdır. Futboldan kənarda belə, yetirmələrinə sahib çıxdığını şəxsən görmüşəm. Küçədə belə gördüyüm zaman sevinərək salamlaşdığım bir insandır.

Gənclik

Bəlkə də insan həyatının ən dəyərli dövrüdür. İnsanın ən aktiv olduğu dönəm gənclik illəri olduğundan ibadətimizi etməli, elm oxumalıyıq. Gənclik illərində pis əməllərdən uzaq olmaq üçün xüsusən diqqətli olmalıyıq.

Hakan Şükür

İşində çox peşəkar bir insandır. Məncə, Türkiyənin yetişdirdiyi ən yaxşı hücumçudur

“Xəzər-Lənkəran”

Lənkəran təmsilçisi Azərbaycan çempionatına həm oyunu, həm stadionu, həm də azarkeşləri ilə rəng qatan komandalardandır. Mən “Neftçi”də oynayanda “Xəzər-Lənkəran”a qarşı keçirdiyimiz oyunlar həmişə yaxşı abu-havada, gərgin mübarizə şəraitində keçirdi. Bu derbinin Azərbaycan Premyer-Liqasında öz yeri var. Mən Lənkəranı Trabzona bənzədirəm. O zonanın adamları bir az əsəbi olsa da, çox mərd insanlardır.

İstanbul

Peyğəmbərimizn hədislərinin birində fəth ediləcəyini xəbər verdiyi və mənəvi dəyərlərlə zəngin olan bir şəhərdir. Mənim üçün müqəddəs torpaqlardan sonra dünyanın ən gözəl və dəyərli yeridir.

Jurnalistika

Bəzi istisnaları nəzərə almasaq, jurnalistlərlə münasibətim həmişə yaxşı olub. Yalan məlumat yazılmadığı müddətcə problem olmaz. Yeri gəlmişkən, azərbaycanlı jurnalistlərə salamları çatdırın. Azərbaycanda olduğum zaman müsahibələrim həmişə olduğu kimi çap olunub. Bu səbəbdən bütün azərbaycanlı idman yazarlarına təşəkkür edirəm.

“Kurtlar vadisi” serialı

Mən demək olar ki, televiziya kanallarını izləmirəm və bu üzdən sözügedən serial haqqında o qədər də məlumatım yoxdur.

“Qalatasaray”

“Qalatasaray” haqqında danışarkən hisslərini izah etmək çətin olur. Bunu əyani şəkildə yaşamaq lazımdır.

Liderlik

Kimsə çox yaxşı oyunçu ola bilər, amma heç də hamı lider ola bilmir. Liderlik keyfiyyəti insanın qanında olmalıdır. Mən həmişə çıxış etdiyim klubların liderlərindən olmuşam.

Milli komanda

Milli komandanın formasını geymək bütün bir millətin qüruru üçün oynamaqdır. Bütöv bir xalqı sevindirməyə çalışmaqdır milli komandada oynamaq. Milli formanı geymək sözlə ifadə oluna bilən bir hiss deyil.

“Neftçi”

Xatirimdə gözəl və maraqlı anları ilə yadda qalan komandadır. Demək olar ki, bu komandada heç bir problemlə üzləşmədim. Yeri gəlmişkən, “Neftçi”nin azarkeşlərini salamlayıram. Onlar mənə “cəsur ürək” ləqəbini vermişdilər.

Oyun alveri

Oyun alqı-satqısını xərçəng xəstəliyinə bənzətmək olar. Oyun alveri də futbolun xərçəng xəstəliyidir.

Övlad

Evli olmadığıma görə  övladım da yoxdur. Amma mən övlad sevgisini kiçik qardaşa olan sevgiyə bənzədirəm. Yəqin ki, kiçik qardaşa olan münasibət övlada bəslənən hisslərə ən yaxınıdır.

Penalti

Kənardan çox asan görünsə də, dünya ulduzlarının belə, qaçırdığı penalti zərbələri olur.

Rasim Kara

Düzü, o qədər də yaxından tanımıram, amma Azerbaycanda uğur qazandığını eşitmişəm.

Siqaret

Mənim üçün siqaretin digər adı zəhərdir

Şirniyyat

Əslində, çox sevdiyim bir şeydir, amma futbolçu olduğumdan çəkimə diqqət etməliyəm və bu üzdən çox yeyə bilmirəm.

Türkiyə

Yuxarıda Azərbaycan üçün dediyim sözləri Türkiyə üçün də təkrar edə bilərəm. Mənim üçün Türkiyə Azərbaycana, Azərbaycansa, Türkiyəyə bərabərdir.

Uşaqlıq illəri

Mənim uşaqlıq illərim geniş ailədə keçib. Atamın gəliri yüksək olmasa da, bizim heç nəyimizi əskik etməyib. Atamın işləri çox olduğundan biz onu gün ərzində çox görə bilmirdik. Demək olar ki, mənim üçün qardaşım atamı, bacım isə anamı əvəz edib. Elə indi də vəziyyət eynidir. Ümumiyyətlə, bizim ailə bağlarımız çox qüvvətlidir.

Üstünlükləriniz

Buna mən yox, ətrafımdakılar cavab versə, daha yaxşı olar

Vəzifə

Heç vaxt vəzifə düşgünü olmamışam. Heç kimlə də vəzifəsinə görə sıx əlaqə qurmamışam. Yaxşı insanlara münasibətim yaxşı olub, pis adamlardan isə uzaq durmuşam. Önəmli olan Allaha yaxın olmaqdır. Vəzifəcə yüksəkdə olmaq deyil.

Yalnızlıq

Yalnızlık allaha məxsusdur. Ağılı olan bir insan özünü əsla yalnız hiss etməz.. Allah var, deməli, problem yoxdur.

Zəif  cəhətiniz

Bildiyimə görə, məni sevən insanlar hər zaman dürüst davrandığıma görə sevirlər. Amma bir məsələ də var ki, düz danışmaq yaxşı şey olsa da, hər yerdə doğru olanları demək xeyirli deyil. Mənsə, bu dediyimə heç cür əməl edə bilmirəm. Məhz bu mənim zəif tərəfim sayıla bilər.

 

Tural Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın