Menu
Geri İrəli

Sumqayıt bələdiyyəsinin sədri: “Bələdiyyə üzvlərinin və fəallarının 35 faizini gənclər təşkil edir”

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2013 • Baxış sayı: 719 dəfə • Şərh yoxdur

“Azərbaycanda Yerli Demokratiya həftəsi  Bələdiyyə və vətəndaş münasibətlərinin fəal və səmərəli dövrü olaraq uğurla başa çatmışdır”

belediyye

 Bütün Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da bu il noyabr ayının 25-dən dekabrın 1-dək “Yerli demokratiya həftəsi” keçirilib. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Sumqayıt Bələdiyyə­sinin sədri, texnika elmləri doktoru, professor Əbülfəz Babayevdən bu mühüm tədbirin məqsəd və məramı, əhəmiyyəti ilə bağlı fikirlərini oxucularımıza çatdırmaq üçün onunla müsahibəni təqdim edirik:

 - Əbülfəz müəllim, dünyanın ən qabaqcıl, sivil ölkələrində belə çox zaman həm cəmiyyətin özündə, həm də “kiçik dövlət” hesab edilən ailə daxilində də ədalətin, bərabərliyin, düzgünlüyün ifadəsi olan demokratiyaya heç də tam əməl edilmir. Bu isə cəmiyyəti hələ keçmiş dövrlərdən bəri çox narahat edən bir məsələdir. Bununla belə inkar etmək omaz ki, son 20 ildə – Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra ölkəmiz demokratik inkişaf yoluna qədəm qoymuşdur və xalqımız indi demokratik dəyərlərə daha çox üstünlük verir, həm dövlət strukturları, həm də adi cəmiyyət daxilində öz fəaliyyətlərini bu amil nəzərə alınmaqla qurmağa çalışır. Sizcə, demokratik prinsiplər, demokratik mədəniyyət Azərbaycanda nə vaxtdan etibarən formalaşmağa, cəmiyyət üçün xarakterik  xüsusiyyət kəsb etməyə başlayıb?

- İlk öncə onu deyim ki, Azərbaycanın bütün tarixi dövrlərində ölkədaxili müxtəlif problem və təzadlara baxmayaraq, cəmiyyət içərisində bərabərlik, ədalət, demokratiya prinsipləri müəyyən qədər gözlənilib. Bu, ilk növbədə xalqımızın milli mədəniyyətindən, müsəlmançılıq ənənələrindən irəli gəlir. Bu gün isə cəmiyyətimizin bütün strukturlarında, müxtəlif səviyyələrdə demokratik prinsiplərə kifayət qədər əməl olunur. Son illərdə ölkəmizdə Milli Məclisə, Bələdiyyə qurumlarına seçkilər, həmçinin oktyabrın 9-da keçirilən növbəti Prezident seçkiləri bunu bir daha sübut etmişdir. Bizdə seçkilərin tam aşkarlıq və demokratiya şəraitində keçirildiyini xarici ölkələrin nüfuzlu müşahidə qrupları da dəfələrlə təsdiqləmiş, hətta Qərb ölkələrinə nisbətən demokratiya amilinin özünü Azərbaycanda daha çox göstərdiyini etiraf etmişlər. Bu da təsadüfi deyil. Böyük bir tarixi yol keçərək, yüzillərdən sonra dövlət müstəqilliyi əldə etmiş Azərbaycanın sivil bir dövlət kimi demokratik prinsiplər və dəyərlər əsasında inkişafında xalqımızın unudulmaz lideri, böyük xilakarı Heydər Əliyevin müstəsna rolu olmuşdur. Ulu öndər ölkəmizin inkişafının, cəmiyyətimizin müasir, bəşəri tələblər səviyyəsində formalaşmasının bütün mərhələlərində demokratik təməl və ənənələrin mühüm əhəmiyyət kəsb etdiyini daim xüsusilə qeyd edirdi.  Dahi rəhbərin layiqli davamçısı olan ölkə başçısı İlham Əliyevin gərgin və çoxşaxəli prezidentlik fəaliyyəti sayəsində Azərbaycan son illərdə böyük yürksəliş dövrü keçirərək, bütün sahələrdə inanılmaz sürətli inkişafa, böyük uğurlara nail olmuşdur ki, bunun da əsasında dıgər mühüm amillərlə yanaşı demokratik prinsiplərə geniş meydan verilməsi dayanır.

- Bu sahədə Azərbaycan Bələdiyyələrinin rolu barədə nə deyə bilərsiniz? Eyni zamanda bilmək istərdik ki,  ölkəmizdə “Yerli demokratiya həftələri” nə vaxtdan keçirilir və onun hansı ənənələri, cəmiyyətə hansı faydaları vardır?

- Əlbəttə, respublikamızda demokratiya tələb və prinsiplərinin qorunmasında, cəmiyyətin demokratik fəallığının artmasında və inkişafında yerli özünü idarəetmə orqanları olan bələdiyyələrin də müəyyən rolu vardır və bu özünü son illərdə real olaraq xüsusilə göstərir. Yerli idarəçilik sisteminin xalqın istək və arzularına uyğun şəkildə təşkil olunmasında Bələdiyyə və vətəndaş münasibətlərinin mühüm və ən səmərəli dövrü, fəal “faza”sı olan, demokratik təzahürləri daha aydın və əhatəli, bütün spektrləri ilə əks etdirən, ölkəmizdə artıq yaxşı ənənə halını almış Yerli Demokratiya həftələri xüsusi əhəmiyyət kəsb edir.

Bu silsilədən olan tədbirlər Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin qərarı ilə “Yerli Demokratiya həftəsi” adı altında bütün Avropa ölkələrində ilk dəfə olaraq 2007-ci ildə keçirilmişdir və bu ardıcıl şəkildə hər il davam etdirilir. Təqdirəlayiqdir ki, İspaniyanın Valensiya şəhərində keçirilən həmin Konqresin iştirakçısı olmuş Azərbay­can tərəfinin bu təşəbbüsü dəstəkləməsi o zaman tədbirdə qəbul edilmiş “Valensiya Bəyannaməsi”ndə yüksək qiymətləndirilmişdir. Və xüsusilə qeyd etmək istərdim ki, “Yerli Demokratiya həftəsi” Azərbaycanda ilk dəfə respublikamızın Milli Assosasiya­larının tövsiyələri əsasında 2007-ci ilin noyabr ayında keçirilmişdir. 2008-ci ildə isə Bələdiyyə sədrlərinin Yevlax şəhərində keçirilmiş II Ümumrespublika Toplantısı “Həftə”nin hər il təşkil olunması barədə qərar qəbul etmişdir. Həmin ildən etibarən “Yerli Demokratiya həftəsi” Azərbaycanın Şəhər, Qəsəbə və Kənd  Bələdiyyələri Milli Assosiasiyalarının xətti ilə ölkəmizin bütün şəhərlərinin məhəllə və mikrorayonlarında, kənd və qəsəbələrində bələdiyyə üzvlərinin, məhəllə komitələri fəallarının və sakinlərin iştirakı ilə geniş və səmərəlı şəkildə  təşkil olunur.

Yerli özünü idarəetmə qurumları olan Bələdiyyələrin işində əhalinin bilavasitə iştirakının təmininə və genişləndirilməsinə təkan verən, onların fəaliyyətində aşkarlığın, şəffaflığın artırılmasına, demokratik prinsiplərin inkişaf etdirilməsinə səbəb olan 2007-ci ildəki ilk “demokratiya həftəsi”ndə yerlərdə – şəhərlərin mikrorayon və məhəllələrində, kənd və qəsəbələrdə sakinlərlə keçirilmiş görüşlərdə yeni təşəbbüsün mahiyyəti barədə əhaliyə ətraflı məlumat və izahatlar verilmiş, tədbirin kütləvilik, mütəşəkkillik və demokratiklik baxımından yüksək səviyyədə təşkilinə səy göstərilmiş, “Demokratiya həftəsi” barədə cəmiyyətdə ilk anlayışın yaradılmasına nail olunmuşdu.

Sonrakı illərdə bu məsələyə daha yaradıcı yanaşılaraq, “demokratiya həftələri”nə tematik məzmun və istiqamət verildi. Həmin tədbirlər silsilələrinin real nəticələri olaraq yerlərdə əhalini narahat edən problemlərin həlli ilə yanaşı, sakinlərin diqqətəlayiq, səmərəli təklif və istəkləri də reallaşdırılmış, məhəllə və mikrorayonlarda, həyət və meydançalarda geniş abadlıq işləri aparılmışdır.

- Bəs bələdiyyə-vətəndaş” əlaqələrinin praktik olaraq genişləndirilməsi üçün “Demokratiya həftəsi” ərzində hansı tədbirlərə üstünlük verilir?

-        Artıq bir ənənə olaraq bu “həftə”lər ərzində Sumqayıt Bələdiyyəsində “açıq qapı” günləri, “dəyirmi masa” görüşləri keçirilir, sakinlərin təklif və müraciətlərini öyrənmək, onları operativ qəbul etmək üçün “qaynar telefon xətləri” təşkil edilir, yerlərdə “bələdiyyə poçtu” qutuları, xüsusi məlumat lövhələri qoyulur, tədbirlərdə əhalinin, xüsusilə də gənclərin və qadınların daha fəal iştirakına xüsusi diqqət yetirilir ki, bununla da “vətəndaş-bələdiyyə”, “bələdiyyə-vətəndaş” əlaqələrinin genişləndirilməsinə nail olunur. Builki “həftə” ərzində də bu tədbirlər demokratiya “atributları” kimi davam etdirilmişdir.

Onu da qeyd edim ki, “Demokratiya həftəsi” üçün xüsusilə xarakterik olan “açıq qapı” günləri bizim bələdiyyə sistemində praktik olaraq bütün il boyu davam edir. Belə ki, bətəndaşları narahat edən məsələlərlə bağlı onların daha çox, gündəlik olaraq müraciət etdikləri qurum olan Bələdiyyə yalnız “qrafik üzrə” müəyyən edilmiş vaxtlarda qəbul təşkil etməklə, bununla da  vətəndaşlara çox zaman heç də hamı üçün əlverişli olmayan vaxt məhdudiyyəti qoymaqla, onları “vaxt çərçivəsi”nə salmaqla narazılıq yaranmasına imkan verməməlidir. Çünki bizim üçün hər şeydən öncə və vacib olan insan amilidir. Vətəndaşları narahat edən problemlər elə bələdiyyələri narahat edən, bilavasitə bizim diqqət yetirməli, həll etməli olduğumuz məsələlərdir.  Digər mühüm olan həm də odur ki, Bələdiyyəyə üz tutub, pənah gətirənlərin əsas kontingenti yaşlı, imkansız, köməyə ehtiyacı olan adamlardır və biz onları hər zaman qəbul etməyə, qayğı göstərməyə borcluyuq.

 “Həftə”lərin keçirildiyi günlərdə isə Bələdiyyə üzvləri, işçiləri və fəalları məhəllə və mikrorayonlarda əhali ilə daha sıx ünsiyyətdə olur, onların problem və qayğıları ilə elə yerindəcə tanış olub, bu və ya digər məsələnin həllinə praktik köməklik göstərməyə çalışırlar.


Ölkəmizdə artıq 7-ci ildir ki “Yerli Demokratiya həftəsi” çərçivəsində keçirilən tədbirlərdə, əhali ilə görüşlərdə yeni, müasir vətəndaş cəmiyyətinin formalaşmasına, adamların fəallığının artırılmasına xüsusi diqqətə yetirilmişdir.

“Fəal vətəndaş olaq: səs verək, bölüşək, iştirak edək”,  “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” devizləri altında keşirilən “demokratiya həftəsi”nin  proqramına uyğun olaraq Sumqayıtın yaşayış sahələrində sakinlərlə görüşlərin təşkilinə, onları narahat edən problemlərin diqqətlə araşdırılmasına, Bələdiyyə-vətəndaş münasibətlərində qarşılıqlı anlaşmanın təmin edilməsinə, hər bir mikrorayon və məhəllə sakininin, hər bir ailənin müraciət və təkliflərinin reallşmasına maksimum səy göstərilir. Bir vəzifə olaraq qarşıya məqsəd qoyulmuşdur ki, Bələdiyyə və onun məhəllə komitələri təqaüddə olanların, şəhid ailələrinin, kimsəsizlərin müraciətlərinə daha çox diqqətlə yanaşmalı, bütün imkan və resurslardan istifadə edərək, onların ehtiyaclarının ödənilməsinə, istəklərini maksimum yerinə yetirilməsinə çalışılmalıdırlar.

Son zamanlar cəmiyyətin ictimai həyatının daha mənalı, əhalinin yaşayışının, istirahətinin daha yaxşı təşkili məqsədilə Bələdiyyə fəalları tərəfindən yeni təşəbbüslər irəli sürülmüşdür ki, həmin təşəbbüslər çərçivəsində daha çox yerli əhəmiyyətli yolların keyfiyyətinin, rahatlığının təmin olunması və qorunub-saxlanılması, yerlərdə sakinlərin içməli su ilə təchizatı, ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması, “Xeyir-şər evi”nin, sadə idman meydançalarının inşası və qorunub-saxlanılması, məktəbəqədər uşaqların ilkin hazırlıq-təhsil kurslarının təşkili, yardım və mükafatların verilməsi ilə bağlı  layihələr uğurla reallaşdırılmışdır.

 Məlumdur ki, istər dövlət qurumları, istərsə də  yerli özünüidarə qurumları olsun, məqsəd birdir – xalqa səmərəli xidmət göstərmək. İri sərmayə tutumlu qlobal layihələrlə yanaşı yerli əhəmiyyətli layihələri də həyata keçirməklə vətəndaşları narahat edən məsələləri həll etmək, hər bir vətəndaşın və ya eyni məhəllədə, mikrorayonda yaşayan sakinlərin kiçik bir probleminin aradan qaldırılması, bununla da onların  razı salınması əksər vaxt çox təsirli olur və daha çox razılıqla qarşılanır, dövlətimizə olan etimadı daha da gücləndirir. Bələdiyyənin planlaşdırdığı tədbirlər bir qayda olaraq böyük vəsaitlər tələb etmir, başqa sözlə, maliyyə tutumu çox olmasa da, sosial tutumu ilə daha əhəmiyyətli, ictimai-sosial baxımdan daha səmərəli olur.

- Əbülfəz müəllim, yerlərdə vətəndaşların ictimai fəallığının artırılmasına, onların yerli özünü idarəetmədə iştirakına Bələdiyyə necə nail ola bilir? Bu işdə yerli məhəllə komitələri nə dərəcədə fəallıq göstərirlər?

- Bələdiyyə “həftə” tədbirləri çərçivəsində və ümumiyyətlə bütün il ərzində cəmiyyətin problemlərinin onun özünün fəal iştirakı ilə həllinə daha çox səy göstərir. Belə ki, cəmiyyətin, hər bir vətəndaşın özünün yerli problemlərinin həllində iştirakı onların fəallığını və görülən işlərin faydasını daha da artırır, məzmunlu edir və bu, vətəndaşların məsuliyyət hissini də xeyli yüksəldir. Odur ki, “Yerli Demokratiya həftəsi” keçirilərkən ilk növbədə vətəndaşları narahat edən problemlər, qaldırılan məsələlər bilavasitə vətəndaşların, sakinlərin özlərinin iştirakı iıə araşdırılr və onların fəallığı şəraitində də həyata keçirilr.

Təqdirəlayiqdir ki, ötən illərdə olduğu kimi, bu il də “Yerli Demokratiya həftəsi”nin geniş miqyasda və yüksək səviyyədə keçirilməsində Bələdiyyənin formallıqdan uzaq, işgüzar, çevik və dinamik, həm də etibarlı ictimai dayaqları olan məhəllə komitələrinin xüsusilə mühüm rolu olmuşdur. Yerli idarəetmə sisteminin təkmilləşdirilməsi və inkişafı, vətəndaşların siyasi fəallığının artırılması, hər bir seçicinin problemlərindən vaxtında xəbər tutub, onların aradan qaldırılması, şəhər təsərrüfatının, mənzil fondunun idarə olunmasına qoşulmaq üsul və vasitələri, təhsil imkanlarının genişləndirilməsi, məhəllə və mikrorayonlarda uşaqların və gənclərin asudə vaxtlarının təşkili, uşaq baxçalarından kənarda qalan məktəb yaşına qədər uşaqlar üçün məktəbə hazırlıq kurslarının təşkili, bir sözlə – Bələdiyyələrin səmərəli işinin yerlərdə təmini bilavasitə məhəllə komitələrinin aktiv fəaliyyəti ilə müəyyənləşir.

Məhəllə komitələri vətəndaşlara daha yaxın olan, bir-birini yaxından tanıyan sakinlərin Bələdiyyənin rəhbərliyi altında seçki yolu ilə formalaşdırdığı ilkin özünüidarə qurumu kimi gündəlik olaraq səmərəli işlər aparır. Yeri gəlmişkən deyim ki, bu ilin oktyabr ayında keçirilən  Prezident seçkilərində vətəndaşların seçki hüquqlarının təmin edilməsində, onların siyasi aktivliyinin artırılmasında  məhəllə komitələrinin xüsusi rolu olmuşdur.

Onu da qeyd edim ki, Sumqayıt Bələdiyyəsinin 130-dan artıq məhəllə komitəsi vardır ki, onların fəalları gündəlık olaraq məhəllə və mikrorayon sakinləri ilə bilavasitə təmasda olduqlarından vətəndaşların problem və qayğılarını daha həssaslıqla duyur, görür və onların həlli üçün Bələdiyyəyə nəinki öz təkliflərini verirlər, hətta yeri gəldikdə prinsipiallıq göstərərək, müvafiq tələblər də qoyurlar ki, bu da, təbii ki, bizim strukturda demokratiya mühitinin, sağlam ünsiyyət mühitinin olmasından irəli gəlir.  Sevindirici haldır ki, Bələdiyyənin baza qurumu olan məhəllə komitələri öz fəallıqları, sakinlərə diqqətli, qayğıkeş münasibətləri ilə onların vətəndaş hüquqlarının qorunub, təmin olunmasında mühüm rol oynamaqla əhalinin rəğbətini qazana bilmişlər. Məhəllə komitələri builki “Yerli Demokratiya həftəsi”ndə də öz  funksionallıqları və işgüzarlıqları, sakinlərin problemlərinə diqqət və qayğıları ilə yenə də fəallıq göstərmişlər.

“Həftə” ərzində bizim tərəfimizdən Bələdiyyə fəalları və məhəllə komitələri ilə birlikdə hazırladığımız proqram üzrə mikrorayon və məhəllələrdə görüşlər keçirilmiş, ötən dövr ərzində görülmüş işlər barədə, “demokratiya həftəsi”nin prinsipləri və qarşıda duran vəzifələr, sakinlərin ölkə vətəndaşı kimi hüquqları barədə onlara ətraflı məlumat və izahatlar verilmişdir.  Bilavasitə şəhər əhalisinin arzu və təklifləri əsasında görülmüş işlər də az deyil. Belə ki, hər il olduğu kimi, Sumqayıt Bələdiyyəsinin xətti ilə ehtiyacı olan aztəminatlı ailələrə, kimsəsizlərə və c. maddi və mənəvi yardım göstərilmiş, şəhərin 42-ci məhəlləsində “xeyir-şərevi”nin tikintisi başa çatdırılmış, digərləri isə təmir olunmuşdur. Hazırda məhəllələrdə abadlıq işləri aparılır, uşaq meydançaları,  bağ yolları təmir edilir. S.Vurğun küçəsində, Saray körpüsü ərazisində isə təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir.  Məhz demokratik prinsiplərin, insan amilinin əsas tutulmasının real nəticəsidir ki, Sumqayıtda bütövlükdə son illərdə bu gün də geniş vüsətlə davam etdirilən xeyli abadlıq-quruculuq işləri aparılmışdır. Şəhər İcra Hakimiyyətinin dəstəi ilə 7 ha ərazisi olan Bələdiyyə parkının abadlaşdırılaraq istifadəyə verilməsi də sumqayıtlıların ürəyincə olmuşdur. Yeri gəlmişkən qeyd edim ki, bir çox hallarda sakinlərin Bələdiyyə qarşısında qaldırdıqları məsələlərin, şəxsi müraciətlərin, o cümlədən haqlı narazılığa səbəb olan problemlərin həllində obyektiv səbəblərdən çətinliklərlə üzləşdikdə Sumqayıt şəhər İcra Hakimiyyəti hər zaman Bələdiyyəyə və sakinlərə müvafiq köməkliklər göstərir.

Sumqayıtın perspektiv inkişaf proqramı üzrə görülən işlərlə yanaşı məhəllə komitələrinin və sakinlərin müraciət və şıkayətlərinə şəhər rəhbərliyi tərəfindən operativ və obyektiv baxılması sayəsində bu gün Sumqayıtın bir çox park və xiyabanları, istirahət güşələri yenidən qurulmuş, binalar milli və müasir  memarlıq tələblərinə uyğun görkəmə salınmış, küçələr müasir standartlar səviyyəsində, yüksək keyfiyyətlə təmir edilmiş, meydançalara daş örtüklər döşənmiş, işıqlandırma sistemləri təzələnmiş, bütünlükdə şəhərin siması xeyli yaxşılaşmış, daha gözəl və göz oxşayan olmuşdur. Şəhərin ayrı-ayrı yerlərində kommunikasiya sistemləri də yenidən qurulmuş, ailələrin xoş istirahəti üçün həyətlər abadlaşdırılmış, gənclərin asudə vaxtlarını mənalı və səmərəli keçirmələri üçün yeni mini-futbol meydançaları, tennis kortları, uşaq meydançaları və s. yaradılmışdır ki, bu da şəhərdə nümunəvi məhəllələrin sırasının genişlənməsnə  səbəb olmuşdur.

- Bilmək istərdik ki, həm “Demokratiya həftəsi”  çərçivəsində, həm də ümumiyyətlə götürdükdə yetişməkdə olan gənc nəslin Bələdiyyə tədbirlərində iştirakı necə təmin edilir?

- Yalnız “Demokratiya həftəsi” çərçivəsində deyil, bütünlükdə Bələdiyyə tərəfindən gənclərin tədbirlərimizdə fəal iştirakına xüsusi diqqət yetirilir. Keçirdiyimiz tədbirlər çərçivəsində  gənclərin cəmiyyətdəki rolunun artırılması məqsədilə qəbul edilmiş proqrama uyğun olaraq “Gənclərin yerli əhəmiyyətli məsələlərin həllində vətəndaş fəallığının artırılması”, “Gənclərin yerli həyatda rolu və iştirakının təşviq edilməsi”, “Gənclər, hakimiyyət, seçkilər”, “Gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi” mövzularında maraqlı söhbətlər, müzakirələr aparılmışdır. Keçirilən bütün tədbirlərdə gənclərin fəal iştirakı təmin edilmiş, onların arzu və təklifləri, cəmiyyətimizin inkişafı ilə bağlı ideyaları işgüzarlıq və qayğıkeşliklə qəbul edilmişdir. Qaldırılmış məsələlərin reallaşması işinə məhz gənclərin özlərinin cəlb edilməsinə nail olunmasının mühüm əhəmiyyət kəsb etdiyi və bunun vacib bir amil kimi onların ictimai-demokratik fəallığının daha da artmasına müsbət təsir göstərəcəyi, əlbəttə ki, şəksizdir.

Onu da qeyd eim ki, Sumqayıt Bələdiyyəsi üzvlərinin və fəallarının 35 faizə qədərini məhz  gənclər təşkil edir. Və bu gün yerli özünü idarəetmə orqanları gələcəyin gənc siyasətçilərinin yetişdirilməsi baxımından  xarakterik sınaq meydanı, mühüm bir arenadır. Çünki bu qurumlar ilk təşkilatlanmadan başlayaraq yerlərdə bilavasitə əhali ilə daim ünsiyyətdə olduqlarından burada  çalışan gənclər vətəndaşlarla işləmə prinsiplərinə və xüsusiyyətlərinə daha yaxından bələd olur, idarəetmənin ilk pillələrini keçirlər.  Bu baxımdan düşünürəm ki, gələcəkdə də gənclərin özünü idarəetmə işlərinə cəlb edilməsi, onların fəallığının  artırılması, onlara öz vətəndaş hüquqlarından tam istifadə etməyə maksimum şərait yaradılması bizim fəaliyyətimizin əsas istiqamətlərindəndir. Belə ki, biz öz gələcəyimiz olan gəncləri sabahın yüksək hazırlıqlı, kamil  mütəxəssisləri kimi yetişdirməliyik. Fərəhli haldır ki, hazırda ölkəmizdə istedadlı, bacarıqlı mühəndislər, iqtisadçılar, həkimlər, hərbçilər və s. nəsli yetişməkdədir. Ancaq  bizdə gənc siyasətçilərə, idarəetmə, təşkilatçılıq  təcrübəsinə malik gənclərə də ehtiyac vardır. Onların ilk, debüt arenalarından biri isə Bələdiyyə ilə bağlıdır.

Özünüidarəetmə orqanlarının fəaliyyət sferası  onların özlərini sınaya bilməsi, geniş auditoriyaya çıxaraq, tanınması, yetişməsi üçün ən münasib sahələrdən biridir. Məhz bu mərhələdən başlayaraq gənclərimiz bütün dünyada, o cümlədən qardaş Türkiyədə olduğu kimi irəli gedərək, güclü siyasətçi, nüfuzlu deputat, təşkilat və qurum rəhbəri və s. kimi özlərini təsdiq edə bilərlər. Axı, Avropada, elə qardaş Türkiyədə də tanınmış, məşhur siyasətçilər, dövlət xadimləri  bilavasitə bələdiyyə məktəbini keçib, bələdiyyələrdə formalaşıb, yetkinləşmişlər. İnanırıq ki, bizim gələcəyimiz olan gənclər də yerli özünüidarəetmə proseslərində fəallıqlarını artıraraq, gələcəkdə respublikamızın ictimai-siyasi həyatında yüksək mövqelər tutacaqlar.

Söhbətləşdi:     Rəhman Orxan

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın