Menu
Geri İrəli

Sumqayıt Dram Teatrının ilk aktrisalarından biri ilə müsahibə

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Yanvar 2013 • Baxış sayı: 366 dəfə • Şərh yoxdur

Svetlana Həkimova Sumqayıt Dram Teatrının ilk aktrisalarından biridir. Aktrisa ilə görüşümüz ad günü ərəfəsində, Sumqayıt şəhərində yaşadığı evində baş tutdu. Xalq artistinin doğum gününü təbrik edib suallarımıza keçdik. Qeyd edək ki, aktrisanın bu gün 73 yaşı tamam olur.

- Svetlana xanım, sənətə neçənci ildə gəldiyinizi xatırlayırsınız?

- 1968-ci ildə Sumqayıtda ilk teatr binası açılan zaman teatrın o vaxtkı rəhbərliyi şəhərdə fəaliyyət göstərən Xalq teatrlarının həvəskar aktyorlarını da teatra işə dəvət etdi. Teatra konkursla qəbul olan gənclərdən biri də mən idim. O zaman Sumqayıt Dram Teatrının rejissoru rəhmətlik Nəsir Sadıqzadə idi. Mən Sumqayıt Dram Teatrına gəlməmişdən əvvəl Xalq teatrında müxtəlif səpkili rollarda çıxış edirdim. Xalq teatrı o vaxt Səməd Vurğunun “Fərhad və Şirin” dramı ilə Moskvaya qastrol səfərinə getmişdi. Mənim oynadığım Şirin obrazı Ümumittifaq festivalında “Qızıl medal”a layiq görüldü. Hazırda yaşadığım evi də mənə o festivaldan qayıdandan sonra verdilər.

1978-ci ildən 1990-ci ilə kimi Ağdam Dövlət Dram Teatrında, 1990-1992-ci illərdə isə Füzuli Dövlət Dram Teatrında işləmişəm. 1992-ci ildən 2011-ci ilə kimi isə Sumqayıt Dram Teatrında çalışmışam. Teatrın səhnəsində Gülüş (“Sevil”, C.Cabbarlı), Gülcahan (“Kəndimizin cavanları”, Ə.İlham), Fez (“Qəribə missis Səvic”, Con Patrik), Gülcamal (“Müsibəti Fəxrəddin”, N.B.Vəzirov), Naza (“Duel”, M.Bayciyev), Hakimin qızı (“Demoklisin qılıncı”, N.Hikmət), Nami (“Qəribə marka”, Holfred), Şıltaq qız (“Paralelin nəbzi”, R.Heydər), Tahir (“İnam”, F.Məmmədov), Sara (C.Cabbarlının “Solğun çiçəklər”), Münəvvər (Tamara Vəliyeva, “Mənim ağ göyərçinim”) və s. tamaşalarda bir-birindən müxtəlif rollar oynamışam. 2011-ci ildə mənə dedilər ki, Svetlana xanım artıq qocalmısınız (gülür). Amma bu, belə deyil, teatrda 3 nəsil olmalıdır. Bu, bütün dövlət teatrlarında belədir. Rejissor aktyora saqqal, bığ qoymaqla, aktyorun qaşlarını ağartmaqla qoca insanın daxilini verə bilməz… Sən zahiri görünüşü verə bilərsən, amma onun daxili işləməlidir. Ona görə də teatrda rollar süni alınır. Səhnə axı təbiilik sevir.

- Teatrı tərk edən zaman, yəqin ki, çox üzüldünüz…

- Teatrdan çıxmağım mənim üçün çox çətin oldu. Çox… (kədərlə). Elə olur ki, insanlar təsadüfən teatra gəlirlər ki, məşhur olub televiziyaya çıxsınlar. Mən axı onun üçün teatra gəlməmişdim. Uşaqlıqdan bu sənətə həvəsim olub, başqa sənətim də yoxdur axı… Sağlamlığım da, şükürlər olsun Allaha, hələ yaxşıdır. Aktyor ömrünün axırına kimi səhnədə olmalıdır, dünyasını dəyişəndə də səhnədən yola salınmalıdır. Mən 43 il professional səhnədə olmuşam, bütün ömrümü bu sənətə bağlamışam. Təsəvvür edin, həmişə işləyən bir insan, birdən-birə çıx otur evdə. Əlbəttə ki, mənim üçün çox çətindir. Aktrisanı teatrdan çıxarmaq olmaz. O, səhnə ilə nəfəs alır…

- Svetlana xanım, tək yaşayırsınız?

- Bəli, oğlum tək yaşayıram.

- Bəs darıxmırsınız?

- Darıxmağa vaxtım olmur (gülür). (Kitabları göstərərək) Bax bu kitabları dəfələrlə oxuyuram, kitabxanaya gedib-gəlirəm. Evdə də tərcümə işi ilə məşğulam. 28 yaşına kimi öz ailəmizlə, anam, bacılarımla birlikdə yaşayırdım. Onlar dünyasını dəyişəndən sonra isə tək yaşamağa başladım. Artıq təkliyə alışmışam…

- Ailə həyatı qurmağı özünüz istəmədiniz?

- Qızların bir vaxtı var axı, deyirdilər ki, ailə həyatı quracağam, uşaqlarım olacaq filan… Amma mən həmişə deyirdim ki, ailə həyatı qurmayacağam, aktrisa olacağam, özü də xalq artisti (gülür). Elə də oldu, başım sənətə qarışdı, ailə həyatı qura bilmədim… Bəli, mən şəxsi həyatımı sənətimə qurban verdim. Düzdü, istəyənlər çox idi, amma ürəyimcə olanı yox idi. Ailə həyatını qurmaq asanddır, onu qoruyub saxlamaq isə çətindir. Həm də bunlardan qorxdum (gülür). Nəsə məndə alınmadı… Hərdən fikirləşirəm övladım yoxdur filan… Amma özümə təskinlik verib deyirəm ki, oynadığım 130 obraz elə mənim övladlarımdır…

- Buna görə bu gün peşmançılıq çəkirsiniz?

- Xeyr, peşman deyiləm. Bir də görürsən ki, 1 ildir ailə həyatı qurublar, 2 ildən sonra ayrılırlar. Mənim bacım da əzazil bir insana rast gəlmişdi. Anama deyirdim ki, ona axı həyat yoldaşı əzab verir. Anam isə mənə deyirdi ki, yəqin dilini farağat saxlamayıb (gülüb). Deyirdim ki, mən də ailə həyatı quranda yoldaşım mənə elə əzab verəcək? Deyirdi ki, əlbəttə, kişinin sözünə qulaq asmasan, səni döyəcək (gülür). Dedim, yox, mən ailə həyatı qurmaq istəmirəm (gülür).

- Bu gün teatrdan sizə gəlib baş çəkənlər olur?

- Teatrımızdan yanıma gələnlər olur. Sağ olsunlar, ad günümdə, bayramlarda məni yad edirlər. Gəlməyənləri isə qınamıram, çünki məşqlər çox olur, imkan tapa bilmirlər.

- “Şans”, “Yanmış körpülər” filmlərində müxtəlif xarakterləri canlandırmısınız. Bu gün necə, filmlərə, seriallara çəkilirsiniz? Sonuncu dəfə sizi “Həyat varsa” serialında gördüm…

- Bu yaxınlarda Xəyyam Abdullayev və Elməddin Əliyevin rejissoru olduğu “Ağ qan” filmində çəkildim. Filmdəki rolum yaşlı bir qadın obrazı idi. Düzdü, qısametrajlı film idi, amma mənə çox maraqlı idi. Həyatda tək qalan qadın, yoldaşından ona miras qalmış yaylağı satıb çıxış yolu tapır. Tez-tez isə “Həyat varsa” serialının müxtəlif bölümlərində çəkilirəm. Mən həmişə çalışıram ki, özümə yaxın olan obrazları oynamayım. Dəyişkən rolları çox sevirəm.

- Svetlana xanım, albomda fotoşəkilləri görürəm. Çox gözəl xanımsınız. İndi o fotoşəkillərə baxmağa cəsarətiniz var?

- Şəkillərə baxan zaman xəyallara dalıram. Xəyallar məni çox uzaqlara aparır. Eh… Hər şey artıq geridə qalıb. Şəkillər nə edəcək ki?..

- Xüsusi bir əsər qoyulsa və sizi dəvət etsələr, yenidən teatra qayıtmaq istərdiniz?

- Xeyr, mən öz teatrımıza qayıtmaq istəməzdim. Rejissor repertuarı seçəndə fikirləşməlidir ki, mən elə bir əsər səhnələşdirim ki, orada hər yaşda olan aktyora uyğun rol olsun. Heç olmasa, ildə 1 tamaşa mənim üçün qoyulmalı idi. Yaxud aktyor üçün benefis keçirilməli idi… 70 yaşım tamam oldu, teatr mənim yubileyimi keçirtmədi. Ona görə qəlbimdə bir az inciklik qalıb, bu, mənə çox pis təsir etdi. Nəinki mənə, bu, hamıya pis təsir edər. Mən bunun günahını teatrın direktorunda görmürəm. Yenə də sağ olsun kollektivimiz, mənim üçün kiçik bir ad günü keçirdilər…

Mən kollektivimizi, aktyorlarımızı çox sevirəm. Çox istəyərdim Şəki Teatrının baş rejissoru Mirbala Səlimli və Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov ilə işləyim. Mən “Aktyor əbədiyyətə qovuşanda” adlı bir əsər tərcümə etmişəm, orada bir aktrisa obrazı var, istərdim onu oynayım. Bir zamanlar çox məşhur, gözəl olan aktrisaya sonradan rol vermirlər. O teatrı tərk edəndən sonra gözəlliyini itirir. Çox maraqlı bir əsərdir, mənim bugünkü həyatım ilə səsləşir (gülür). Dramaturqlarımız da yaşlı qadın rolları yazmaqdan çəkinirlər, hara baxırsan hamısı cavanlardır. Bu hal məni çox üzür. Allah Təaladan arzu edirəm bircə məni xəstə edib yatağa salmasın. Əsas can sağlığıdır. Sizə də çox təşəkkür edirəm ki, məni yada saldınız.

Biz də saytımız adından aktrisanı təbrik edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın