Menu
Geri İrəli

Sumqayıt hadisələri SSRİ-nin bünövrəsinə qoyulmuş barıt çəlləyi oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2014 • Baxış sayı: 454 dəfə • Şərh yoxdur

eyruz memmedovMüsahibimiz 26 il bundan əvvəl Sumqayıtda baş verən hadisələrin tədqiqi ilə məşğul olan tanınmış jurnalist Eyruz Məmmədovdur. Əlavə edim ki, Eyruz müəllim “28-dən 29-na keçən gecə”, “Erməni təxribatı”, “Sumqayıtda ermənilərin qanlı aksiyası”, “İyirmi ildən sonra”, “Sumqayıt hadisələrinin sirləri” kitablarının müəllifidir. Əsərləri rus, alman və ingilis dillərinə tərcümə olunmuşdur. O, həm də “Sumqayıtın əks-sədası” tammetrajlı, “Sumqayıtın əks-sədası-2″, ”Sumqayıt” sənədli filmlərinin ssenari müəllifidir. Sumqayıtda baş verən hadisələrlə bağlı onun məqalələri Rusiya, Türkiyə, Almaniya və İngiltərə mətbuatında dərc olunmuşdur.

– Eyruz müəllim, məqalələrinizdən birində Sumqayıt hadisələrindən danışarkən belə bir fikir səsləndirmişdiniz: “Sumqayıt SSRİ dövlətinin bünövrəsinə qoyulmuş bir barıt çəlləyi oldu”. Sual olunur: SSRİ kimi dünyaya meydan oxuyan bir imperiyanın bünövrəsinə bu barıt çəlləyini qoymağa kim cəsarət etdi? 

– 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələrdən 26 il keçir. Ötən illərə nəzər salsaq, bir çox hadisənin şahidi olarıq. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi M.Qorbaçovun 1985-ci ildə elan etdiyi “yenidənqurma” siyasəti bəzi respublikalarda birmənalı qarşılanmadı. Ermənistan rəhbərliyi və Qarabağda yaşayan erməni millətçiləri “yenidənqurma”dan tarixi bir şans kimi istifadə etmək niyyətinə düşdülər. Onlar Kremlin dəstəyi ilə Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etdilər. İki qonşu respublika arasında münaqişə yarandı, bu da böyüyüb müharibə səviyyəsinə çatdı.

O vaxtlar Sovetlər Birliyində, o cümlədən Azərbaycanda xaos, anarxiya baş alıb gedirdi. SSRİ-nin ayrı-ayrı respublikalarında milli zəmində münaqişələr baş verir, qarşı tərəflər bir-birinə düşmən kimi baxırdılar. Bu münaqişələrin yaratdığı alov Azərbaycanı da bürüdü. 1988-ci il fevral ayının 28-dən 29-na keçən gecə Sumqayıtda qan töküldü. Onun kökünü və mahiyyətini açıqlamazdan əvvəl onu qeyd etmək lazımdır ki, bəli, Sumqayıtda törədilən təxribat SSRİ dövlətinin bünövrəsinə qoyulmuş barıt çəlləyi oldu. Böyük bir imperiyanı dağıtmaq lazım idi. Bu işdə, şübhəsiz, ilk növbədə Sovetlər Birliyinin o dövrki lideri Mixail Qorbaçovun əli var idi. İri dövlətlər, transmilli korporasiyalar, hərbi-sənaye kompleksləri təzyiq edir, SSRİ-nin dağıdılması üçün ona məsləhətlər verirdilər. Bir neçə plan hazırlanmışdı. Pribaltika ölkələri, Orta Asiya respublikaları, Moldava və Qafqaz. Heç birində ciddi iğtişaşlar törətmək Mərkəzin və kəşfiyyat orqanlarının istəyi kimi alınmadı. Azərbaycan və Ermənistan arasında olan münaqişə isə torpaq iddiası ilə başlandı və onun mümkünsüzlüyünü anlayandan sonra nəzərdə tutulmuş ssenari həyata keçirilməyə başlanıldı. Haradasa milli zəmində münaqişə ocağını alovlandırmaq lazım idi. Sumqayıt seçildi.

– Niyə məhz Sumqayıt?

– Sumqayıt təkcə Azərbaycanda yox, bütün SSRİ-də iri sənaye şəhəri kimi tanınırdı. Burada istehsal edilən məhsullar Sovet İttifaqının 500 şəhərinə və 25 xarici dövlətə ixrac olunurdu. Bununla belə, burada yaşayanların vəziyyəti heç də xoşagələn deyildi. Kimya sənayesi gündən-günə inkişaf edir, yeni zərərli sex və istehsalatlar işə salınırdı. Burada çalışan gənc fəhlələr ekoloji vəziyyətin acınacaqlı olduğundan daim şikayət edirdilər. Lakin onların şikayətinə baxan yox idi. İyirmi minə yaxın fəhlə gecəqondularda yaşayırdı, kriminogen vəziyyət də camaatın narazılığına səbəb olurdu. On doqquz min adam ev növbəsinə dayanmışdı. Mənzil tikintisi sənaye obyektlərinin inşasından geri qalırdı. Əhalidə Kommunist Partiyasına, hökumətə qarşı bir etiraz, narazılıq vardı. Camaat öz iradlarını mitinqlərdə söyləməyə başladı. Lakin onların sözlərini eşidən olmadı.

Burada təxribat törədən qüvvələr, insanları qızışdıran provakatorlar da vardı. Çox maraqlıdır ki, Sumqayıtda hadisələr baş verəndə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi yerli orqanlara hadisələrə qarışmamaq əmrini vermişdi. Hadisələr zamanı Sumqayıtda 100-ə yaxın qara gödəkçəli gənc yeniyetmə uşaqları iğtişaşlara təhrik edib, cinayət törədirdilər. Məgər Sumqayıta ekstremist qrupların gəlişi yerli təhlükəsizlik orqanlarına məlum deyildimi? Əlbəttə, məlum idi. Ancaq Moskvadan qadağa vardı. Son nəticəni gözləyirdilər. Nəticədə isə insan tələfatına yol verildi.

Sumqayıtda baş verən hadisələr barədə bəzi siyasətçilərin, alim və mütəxəssislərin fikirləri də bizim qənaətimizi təsdiqləyir:  Yerevan Dövlət Universitetinin elmi işçisi Svetlana Lurye “Ermənilərin kütləvi şüurunda Rusiyanın və rusların obrazı” məqaləsində yazır: “Qarabağ uğrunda mübarizəyə qoşulan andan bu işlərin Moskvanın icazəsi ilə aparıldığına əmin idik”.

Parisdə yaşayan dissident S.Qriqoryants: “SSRİ-nin tarixi başdan-başa qan içindədir. Cinayətkarlar və təşkilatçılar hamıya məlumdur. Bəs kimdir günahkar? Əlbəttə ki, Qorbaçov”. (“Russkaya mısl” qəzeti. “Qafqazda faciə” məqaləsi.)

Rus politoloqu Aleksey Zverev: “SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Sumqayıtda hadisələr zamanı iğtişaşların baş verəcəyindən və qətllərin törədiləcəyindən xəbərdar idi”. (“Qafqazda mübahisəli sərhədlər” məqaləsi).

Digər rus politoloqu Leonid Borisov yazır: “1988-ci ildə ağır faciə baş vermişdir. Rusiyanın ziyalıları bir milləti satıb, o biri millətin tərəfinə keçdilər. Bu, azərbaycanlılara qarşı bir xəyanət idi”.

– Maraqlıdır, SSRİ rəhbərliyi ölkə daxilində belə bir təxribata nədən razı oldu?  

– 1980-ci illərin ikinci yarısında Sovetlər Birliyində demokratiya, aşkarlıq, fikir plüarizmi şüarı ön plana çəkildi. Kütləvi informasiya vasitələrində mövcud hakimiyyətin 70 il ərzində SSRİ-də baş verən neqativ halları, insan hüquqlarına qarşı haqsızlıqları, mətbuat üzərində olan senzuranı açıq-aşkar tənqid etməyə başladılar. Radikal qüvvələr insanları işdən ayırıb küçələrə, mitinqlərə dəvət etdilər. Zavod və fabriklərdə tətillər başlandı. Bütün bunların qarşısını almaq üçün partiya funksionerləri, kommunist rejiminin saxlanılmasını arzulayanlar ölkədə xaos yaradanlara qarşı ciddi tədbir görməyi Mərkəzi Komitədən, Baş katib M.Qorbaçovdan tələb edirdilər. Lakin Qorbaçov qəti addımlar atmırdı. Bütün bunları o, “demokratik hərəkat” adlandırırdı. Həmin illər milli respublikalarda SSRİ-nin tərkibindən çıxmaq şüarları da artıq səslənməkdə idi.

Ermənilər M.Qorbaçovun dəstəyi ilə Dağlıq Qarbağı Azərbaycandan alıb Ermənistana qatmaq istəyirdilər. Bunun da öz səbəbi vardı. Rus imperiyası əsrlər boyu Qafqazı öz nəzarəti altında saxlamağa çalışmış, Şərqdə təsir dairəsini genişləndirməyə səy göstərmişdir.

M.Qorbaçov ermənipərəst mövqe tutsa da, bu problemlə bağlı apardığı gizlin siyasət düyünə düşmüşdü. Bu problemin həll olunmasında böyük bir maneə ilə qarşılaşmışdı. Bu da Heydər Əliyev idi. Ulu öndərin Siyasi Büroda və hökümətdə böyük nüfuz sahibi olduğunu nəzərə alan Baş katib M.Qorbaçov ilk illərdə Dağlıq Qarabağla bağlı məsələni qabartmırdı. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra Dağlıq Qarabağ mexanizmi işə salındı.

M.Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi, akademik A.Aqanbekyan Fransaya ezam olundu. O, Parisdə erməni elitası qarşısında çıxış etdi və Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsinin mümkün olduğunu sübut etməyə çalışdı. Bu haqda Parisdə nəşr olunan “Humanite” qəzeti geniş material dərc etdi. Onu da qeyd edim ki, mən 1990-cı illərin əvvəllərində “Sumqayıtın əks-sədası” adlı sənədli filmin çəkilişləri zamanı Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü, M.Qorbaçovun “yenidənqurma” siyasətinin “baş memarı” sayılan Aleksandr Yakovlevdən müsahibə alarkən o qeyd etmişdi ki, “Aqanbekyan Fransaya getməmişdən qabaq Qorbaçovun yanında olmuş, Parisdəki çıxışının tezisləri ilə onu tanış etmişdir. Qorbaçovdan dəstək alandan sonra o, Parisdə belə bir bəyanatla çıxış etmişdir”.

Burada bir faktı da diqqətə çatdırmaq istərdim. Aqanbekyanın Fransanın paytaxtında çıxışından xeyli əvvəl Dağlıq Qarabağ məsələsi xaricdə erməni diasporları tərəfindən qaldırılmışdı. 1987-ci ilin yazında Yunanıstanın paytaxtı Afina şəhərində “Erməni məsələsi və türk ekspansionizmi” adı altında beynəlxalq konfrans keçirilmişdi. Bu konfransda Ermənistan SSR-dən bir neçə nümayəndə də iştirak etmişdi. Burada Dağlıq Qarabağ probleminə də toxunulmuşdu. Konfrans belə bir qərar çıxarmışdı ki, “ermənilərin irəli sürdükləri problem siyasi yolla həll olunmalıdır”.

Göründüyü kimi, Afinada keçirilən konfrans Dağlıq Qarabağ problemini qabartmaq üçün atılan ilk addımlardan idi. Aqanbekyanın çıxışı da təsadüfi deyildi. Onun bu bəyanatına Azərbaycan xalqı kəskin reaksiya verdi. “Ədəbiyyat və incəsənət” qəzetində mərhum akademik Ziya Bünyadovun ifşaedici məqaləsi dərc olundu. Yerlərdə yığıncaqlar, toplantılar keçirildi. Aqanbekyanın avantürist çıxışı tənqid olundu. Ermənilər isə istəklərindən əl çəkmək istəmirdilər. Onlar daha radikal mövqe tutdular. SSRİ rəhbərliyinə təzyiqlər etməyə başladılar.

Dağlıq Qarabağda erməni millətçiləri, Yerevanda yaşayan və qatı şovinist yazıçılar Zori Balayan, Silva Kaputikyan, Sero Xanzadyan və başqaları xalqı itaətsizliyə çağırır, Dağlıq Qarabağı Azərbaycandan ayırmaq şüarları küçələrdə gecə-gündüz səslənirdi.

Həmin illər Moskvada ermənilərin tərəfini saxlayanlar, onlara maddi və mənəvi dəstək verənlərin sayı günbəgün artırdı. Rusiyanın kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə kəskin yazılar dərc olunur, Dağlıq Qarabağın tarixən ermənilərə məxsus olduğunu sübut etməyə çalışırdılar. Bu işdə canfəşanlıq göstərənlərdən Boroviki, Staravoytovanı, Saxarovu, Burlatskini, Nuykini, Korotiçi, Əlixanyan-Bonneri, Çerniçenkonu və başqalarını misal göstərmək olar. Erməni lobbisinin maddi imkanlarına arxalanan və ondan sui-istifadə edən Moskavanın bu “demokrat qüvvələri” xalqımızın ünvanına yalan-böhtan yağdırmaqla məşğul idilər. “Böyük Ermənistan” dövləti yaratmaq xülyası erməni millətçilərini, radikal qüvvələri sakitləşdirmir, torpaq iddiası ilə tez-tez kütləvi informasiya vasitələrində çıxış edirdilər.

– Bəs təkcə ermənilərin mənafeyini yox, həm də öz ölkəsinin gələcəyini düşünən rus siyasətçiləri buna necə baxırdılar?

– 1990-cı illərin əvvəllərində Moskvada hərəkata rəhbərlik edənlərdən biri olan Dmitri Raqozindən (indi o, Rusiya Baş nazirinin müavinidir) müsahibə almışdım. O deyirdi: “Dağlıq Qarabağ problemi SSRİ-nin dağılması üçün bir vasitəyə çevrildi. Sumqayıtda qan töküldü. Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Bu müharibə tezliklə qurtarmayacaq. Onu da bilmək lazımdır ki, Dağlıq Qarabağın açarı Moskvadadır. Bunu birmənalı başa düşmək gərəkdir”.

Təkcə Azərbaycana və Azərbaycan xalqına yox, bütün türk dünyasına, bütövlükdə müsəlmanlara qarşı açıq düşmənçilik mövqeyi ilə tanınan Rusiya Liberal Demokrat Partiyasının lideri V.V.Jirinovski bizə verdiyi müsahibədə SSRİ-nin çökməsinin başlanğıcı olan Sumqayıt hadisələrində, ilk növbədə, Mixail Qorbaçovu müqəssir saydı və əlavə etdi ki, o, ABŞ-ın casusudur: “Rusiya belə qətiyyətsiz ikinci bir rəhbər görməmişdir. Xarici imperialistlər onun əli ilə belə böyük, hegemon dövləti dağıtdılar. Qərb dövlətləri üçün SSRİ-də münaqişə yaratmaq lazım idi və onlar bunu bacardılar… Milli məsələ çox incə və həssas olduğundan onlar məhz bundan yapışdılar. Qərbin kəşfiyyat institutlarında hazırlanmış ssenariyə əsasən, iki qonşu xalq arasında narazılıq salındı, qan töküldü və bu od-alovun tüstüsü SSRİ-ni bürüdü. Əgər süni yolla yaradılan bu ocaq vaxtında söndürülsəydi, onda heç SSRİ də dağılmazdı.

Jirinovski açıq şəkildə dedi ki, Sumqayıt faciəsində M.Qorbaçovla yanaşı, keçmiş SSRİ DTK-sı, Hərbi Sənaye Kompleksi də məsuliyyət daşıyır. Bəs ermənilər? – deyə müsahibimizin diqqətini bədxah qonşularımızın bu təxribatda oynadıqları rola yönəltdik. Jirinovski belə dedi: “Ermənistan böyük bir oyunda alət olduğunu dərk edir, lakin büruzə vermək istəmir. Çünki torpaq iddiasındadır. Ola bilsin ki, Qarabağ problemi onların xeyrinə həll olunacaq. Onların Azərbaycan torpaqlarını işğal etməsi erməni vətənpərvərliyindən irəli gəlmir, rus hərbi qüvvələrinin maddi-mənəvi dayaqlarından qaynaqlanır və bunu dünya ictimaiyyəti də başa düşür. Azərbaycan isə özünün ərazi toxunulmazlığını tələb edir. 3 milyon əhalinin 8 milyon əhaliyə qarşı vuruşması cəfəngiyyatdır, bunu hamı başa düşür, məhz buna görə də rus qoşunları ermənilərə kömək edirlər…”.

Jirinovski “Ola bilsin ki, Qarabağ problemi ermənilərin xeyrinə həll olunacaq” – dedi. Bu, yəqin ki, həm də onun arzusudur. Mən isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük inamla dediyi sözə inanıram: “Azərbaycan xalqı sülhpərvər xalqdır. Biz müharibə istəmirik. Əgər işğal olunmuş torpaqlar sülh yolu ilə qaytarılmasa, onda hərbi gücümüzdən istifadə edib torpaqlarımızı azad edəcəyik”.

Müsahibəni apardı: Qüdrət PİRİYEV,

“Xalq qəzeti”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın