Menu
Geri İrəli

Sumqayıtda ictimai nəqliyyatın vəziyyəti hansı səviyyədədir? – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Dekabr 2013 • Baxış sayı: 774 dəfə • Şərh yoxdur

mahir nebiyevSumqayıtın nəqliyyat sistemindəki problemlərlə, görülən və görüləcək işlərlə bağlı şəhərin Avtomobil Nəqliyyatı xidmətinin rəisi Mahir Nəbiyev “168 saat.com”-a geniş müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirib.

Qeyd edək ki, müsahibədə sosial şəbəkədə keçirilmiş sorğular və göndərilmiş sualları da M.Nəbiyevə ünvanıb. sumqayitxeber.com mövzunun aktuallığını nəzərə alaraq Avtomobil Nəqliyyatı xidmətinin rəisi Mahir Nəbiyevin müsahibəsini təqdim edir:

 Sumqayıtda ictimai nəqliyyatın vəziyyəti hansı səviyyədədir?

Hər gün minlərlə şəhər sakini müxtəlif məqsəd üçün paytaxta yollanır. Bir o qədər insan da şəhərdə nəqliyyatdan istifadə edir. Düzdür şəhərin nəqliyyat sistemində bir neçə il bundan əvvəlki acınacaqlı vəziyyət demək olar ki, yox səviyyədədir. İnsanlarımız uzun-uzadı dayanacaqlarda gözləmir, kiçik mikro avtobuslardan demək olar ki, 90% qurtulub. Ancaq problemləri də qalmaqdadır. Danılmaz faktdır ki, Sumqayıtlıları ən çox narahat edən problemlərdən biri də ictimai nəqliyyatla bağlıdır. Sumqayıtın nəqliyyat sistemindəki problemlərlə, görülən və görüləcək işlərlə bağlı şəhərin Avtomobil Nəqliyyatı xidmətinin rəisi Mahir Nəbiyev “168 saat.com”-a geniş müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirdi. Onu da qeyd edək ki, müsahibədə sosial şəbəkədə keçirdiyimiz sorğular bizə göndərilən sualları da M.Nəbiyevə ünvanlamışıq.

 Mümkündürsə, Sumqayıt şəhərinin nəqliyyat sistemi haqqında ümumi məlumat verin.

-          Bildiyiniz kimi, son 2 ildə cənab prezidentin rəhbərliyi altında Sumqayıt şəhərində böyük inkişaf gedib. Şəhərin abadlaşdırılması, gözəlləşməsi açıq aşkar görünür. Bu inkişaf Dövlət Avtomobil Nəqliyyatı xidmətində, ictimai nəqliyyatın da fəaliyyətinə təsirsiz ötüşməyib. Son illər bu sistemdə də konkret islahatlar aparılıb. İslahatların özəyini əsasən sahibkarlarla iş əhatə edir. Məlumat üçün bildirim ki, bütün ölkədə nəqliyyatın fəaliyyəti sahibkarların əlindədir. Yəni bu sistem özəl fəaliyyət sferasıdır. Biz sadəcə nəzarətedici orqan kimi fəaliyyət göstəririk.

Sahibkarlarla apardığımız danışıqların nəticəsində son iki ildə Sumqayıt şəhərinə 137 ədəd iri və orta tutumlu Türkiyə və Koreya istehsalı olan təzə avtobuslar gətirildi. Həmin avtobuslar 2, 3, 5, 8 nömrəli marşrutlar üzrə hərəkət edir. Nəzərdə tuturuq ki, 2014-cü ilə kimi bu islahatları başa vuraq. Demək olar ki, islahatların 80%-i artıq aparılıb. Sadəcə, ətraf qəsəbələrə hərəkət edən xırda maşınların dəyişdirilməsində çətinliklərimiz var. “Yaşıl dərə”, “Yaşma bağları”, “St. Sumqayıt” kimi yerlərdə yollar bərbad vəziyyətdədir, küçələr dardır. Ona görə də həmin ərazilərdə iri tutumlu avtobusların işləməsi üçün problem yaranır. Buna baxmayaraq yenilənmənin əhatəsini bir qədər də genişləndirəcəyik. Bildiyiniz kimi noyabrın 22-si Nəqliyyat nazirimiz, hörmətli Ziya müəllim Sumqayıt şəhərində vətəndaşları qəbul etdi. Bu qəbuldan sonra da cənab nazir bizə göstəriş verdi ki, yerdə qalan xırda tutumlu maşınlar da iri tutumlu avtobuslarla əvəzlənsin. Biz də sahibkarlarla görüşüb, onları xəbərdar etdik ki, avtobusları yeniləsinlər. Ümid edirik ki, qısa müddət ərzində bu problem də aradan qaldırılacaq və şəhərimiz daha da gözəl olacaq.

-          Paytaxt Bakıda taksi xidmətində də ciddi yeniliklər müşahidə olunur. Sumqayıtlıların inkişaf etmiş taksi xidmətindən istifadəsi üçün şəraitin yaradılması da apardığınız islahatlara daxildirmi?

-          Bir il öncə Sumqayıta “Aznur” şirkəti tərəfindən 18 yeni taksi gətirildi. Yeni ildən bu proses davam etdiriləcək. Etiraf edək ki, şəhərimizdə istismara yararsız olan avtomobillər taksi kimi hələ də fəaliyyət göstərməkdədir. Bunlara qarşı gündəlik reydlər təşkil olunur, əməkdaşlarımız tərəfindən maarifləndirmə işləri aparılır, belə taksi sürücülərinə bildirişlər paylanılır ki, qeyri-qanuni fəaliyyət göstərməsinlər. Tövsiyyələrimizi dinləməyənlərə tərəfimizdən inzibati qaydada protokol təqdim olunur.

Avtomobil sahibi olan hər kəs sizdən lisenziya almaqla taksi kimi fəaliyyət göstərə bilərmi?

-          Mən demək olar ki, Sumqayıtın hər bir yerində olmuşam. Taksi sürücülərini başıma yığıb, onları maarifləndirmişəm ki, hər bir vətəndaşın hüququ var ki, taksi kimi fəaliyyət göstərsin. Bunun üçün 150 manat dövlət rüsumu ödəmək kifayətdir. Lisenziyanın müddəti 5 ildir. Bu məbləği gündəliyə böləndə 20-30 qəpik tutur ki, bu da çox xırda rəqəmdir. Uzağa getməyək, qonşu Türkiyədə bu rəqəm minlərlə dollardır.

-          Sizinlə müsahibə öncəsi sərnişinlər arasında sorğu keçirdik. Demək olar ki, hər kəs artıq dayanacaqlarda saatlarla avtobus gözləmədiyi üçün özünü xoşbəxt sayır. Ancaq narazı qalınacaq tərəflər də kifayət qədərdir. Məsələn, sürücülərin sərnişinlərlə qeyri-etik davranması, avtobusların bir-biri ilə ötüşməsi, dayanacaqlardan kənarda saxlayaraq digər avtomobillərə problem yaratması və s. şəhər sakinlərini ciddi narahat edən problemlərdəndir.

-          Bunlar haqlı iradlardır. Mən bir faktı qeyd edim ki, təkcə bu gün mövcud problemlə bağlı 17 protokol tərtib olunub. Bu bizim ən yaralı yerimizdir. Biz hər gün bu iradlarla bağlı reydlər təşkil edirik. Etiraf edim ki, müsbət nəticəsini də görürük. Son 9 ayda 45 sürücü fəaliyyətindəki nöqsanlara görə öz işindən azad olunub.

Sürücülərin vahid forması var və buna biz nəzarət edirik. Tərtib olunan protokolların demək olar ki, böyük əksəriyyəti məhz forma ilə bağlıdır. Hər bir sürücünün yaxasında Sumqayıt şəhərinin emblemi olmalıdır.

-          Sürücülər işə qəbul olunarkən hansısa sınaqdan, mərhələdən keçirmi?

-          Əlbəttə keçirlər. İşə qəbul olunan hər bir sürücü Nəqliyyat Nazirliyinin Dərnəgül qəsəbəsindəki tədris kursundan mütləq keçməlidir. Yalnız bundan sonra sürücü işə qəbul olunur. Bu sahibkarların vəzifəsidir, biz sadəcə, prosesə nəzarət edirik. Sürücülərin ötüşməsi faktı ilə isə razı deyiləm. Diqqət etsəniz, görərsiniz ki, hər bir müasir dayanacaqda marşrutların hərəkət qrafiki qoyulub. Sürücülər özləri-özlərinə nəzarət edir. Dispetçer məntəqələrimiz var ki, onlar şəxsən avtobusların qrafikinə nəzarət edirlər.

-          Dayanacaqların vəziyyəti ilə bağlı nə deyə bilərsiniz ?

-          Şəhərimiz qeyd etdiyim kimi günü-gündən inkişaf edir. Biz də müasir dayanacaqlar quraşdırmaqla bu inkişafa öz töhvəmizi verməyə çalışırıq. Təəssüflər olsun ki, bu dayanacaqların şüşələri tez-tez sındırılır. Məsələ ilə əlaqədar dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmişik. Belə ziyanvericilərə qarşı yalnız biz yox, bütün ictimaiyyət mübarizə aparmalıdır.

-          Avtobuslarda bir problem də natəmizliklə bağlıdır. Çox az sayda səliqəli avtobusa rast gəlmək mümkündür. Və bir də demək olar ki, hər avtobusda hara gəldi reklam lövhələri yapışdırılıb. Görünür, buna nəzarətinizdə müəyyən boşluqlar var.

Avtobuslarda hər hansı reklam lövhəsi yapışdırmaq tərəfimizdən qadağan olunub. Avtobusun daxilində yeganə olaraq qaynar xəttimizin nömrələri yerləşdirilir ki, sərnişinlər hər hansı bir neqativ hal olduqda bizimlə dərhal əlaqə saxlaya bilsinlər.

-          Ancaq apardığımız müşahidələr göstərdi ki, hər avtobusda reklam lövhələri yapışdırılıb.

-          Bu haqda məlumatım yoxdur.

-          Özünüz sərnişin kimi ən son nə zaman avtobusdan istifadə etmisiniz. Ümumiyyətlə, belə bir ənənəniz varmı?

-          Sərnişin kimi iki dəfə 30 nömrəli marşrutda oturmuşam. Hətta qalstukumu da çıxartmışam ki, məni tanımasınlar. Neqativ halla demək olar ki, rastlaşmamışam. O ki, qaldı avtobusların təmizliyinə, bu işə sahibkarlar cavabdehdir. Hər səhər sürücülər tibbi müayinədən keçirlər. Bundan sonra xəttə buraxılırlar. Avtobuslar isə qarajdan təmiz halda çıxırlar. Razılaşın ki, avtobusları çirkləndirənlər elə sərnişinlərin özləridir. Oturacaqlara ağıllarına gələni yazır, parçaları cırır, saqqız yapışdırırlar.

-          Bu, haqlı iradlardır. Ancaq siz də razılaşın ki, bizim avtobusların demək olar ki, hamısında kimyəvi təmizləməyə ehtiyac var. Bir sözlə, avtobuslarımız çox çirklidir.

-          Açığı, mən bu faktı bilmirdim. Şəxsən bu gün axşam, qarajda özüm avtobuslara baxış keçirib, dediyiniz hallarla maraqlanacam. Əgər doğrudan da belədirsə həmin avtobus mütləq kimyəvi təmizləməyə gedəcək.

Avtobuslarda kart sisteminin tətbiqi nəzərdə tutulurmu?

-          Bu proses hələ ki, paytaxtda aparılır. Yaxın zamanlarda bizdə kart sisteminə keçid nəzərdə tutulmur.

-          Sərnişinlər Bakı-Sumqayıt marşurutlarının fəaliyyətindən də narazıdır. Günün pik saatlarında dayanacaqlarda avtobus çatışmazlığını müşahidə etmək elə də çətin deyil.

-          Bu bizim yaralı yerimizdir. Çox acınacaqlı haldır ki, sumqayıtlılar avtovağzal sistemindən istifadə etmək istəmirlər. Hər gün səhər sərnişinlər avtobuslardan deyil, şəxsi minik avtomobillərindən, qeyri-qanuni mikro avtobuslardan istifadəyə üstünlük verirlər. Tərəfimizdən qeyri-qanuni fəaliyyətə görə 948 protokol tərtib olunub. Təəssüflər olsun ki, insanlarımız bu, qeyri-qanuni fəaliyyət göstərən mikro avtobuslara üstünlük verirlər. Bütün şəhər ətrafında avtovağzala, ordan isə Bakıya iritutumlu avtobuslar işləyir. Hər səhər mən “Bank Texnik”in qarşısında oluram. Az qala yolu bağlayan sərnişinlərə avtovağzal xidmətindən istifadə etməyi məsləhət görürəm. Vəziyyət o həddə çatır ki, zəng vurub sərnişinlərin ayağına avtobus gətirilməsini tapşırıram. Etiraf edək ki, insanlarımız da səhvsiz deyil. Ancaq ümid edirəm ki, avtovağzalda metro fəaliyyətə başladıqdan sonra bu problemlər aradan qaldırılacaq.

Bakı-Sumqayıt marşrutlarının sayına gəlincə, kifayət qədər iri tutumlu avtobuslara sahibik. Hətta günün pik saatlarında əlavə avtobusların da reysə çıxmasına imkanımız var.

- Təşəkkür edirik müsahibəyə görə.

- Buyurun.

P.S. Mahir müəllimlə müsahibədən sonra bir neçə gün ərzində əməkdaşlarımız şəhərdə hərəkət edən avtobuslarda müşahidələr apardı. Təəssüflər olsun ki, qeyd olunan əksər problemlər hələ də həllini tapmayıb. Sizə təqdim edəcəyimiz fotolarda sözügedən problemlər açıq-aydın görünür.

P.S.S. Amma gəlin onu da etiraf edək ki, avtobusu zibilləyən, oturacaqları cıran sürücülər deyil…

Söhbətləşdi: Elşən, Çingiz

Facebook Şərhləndirmə:

Şərhinizi yazın