Menu
Geri İrəli

“Sumqayıt”ın bəyənmədiyi futbolçu: “Mənə konkret bir söz deyən olmadı”

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Yanvar 2014 • Baxış sayı: 511 dəfə • Şərh yoxdur

Şəhərimizin Topaz Premyer Liqasındakı təmsilçisi “Sumqayıt”da baxışda olan Ukrayna “Zarya”sının müdafiəçisi Səbuhi Həsənov artıq bir müddətdir komandanın düşərgəsini tərk edib. Azərbaycanın gənclərdən ibarət yığmasında çıxış etmiş “Bakı” və “Simurq”un sabiq üzvünün “Sumqayıt”ın məşqçilər korpusu tərəfindən bəyənilməməsi maraq doğurduğundan futbolçu ilə əlaqə saxlayıb bu və digər maraqlı məqamlara aydınlıq gətirdik.

-         Bildiyimizə görə, bir müddət əvvəl “Sumqayıt”da baxışda olsanız da, keçidiniz alınmayıb. Bu haqda nə deyə bilərsiniz?

-         Bu barədə nə deyə bilərəm ki? Alınmadı. Deməli, qismət beləymiş.

-         “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov sizin oyununuzdan razı qalmadı, yoxsa necə?

-         Mən komandanın düşərgəsinə gələndə yanvar ayının 13-nə qədər vaxt istəmişdim. Bu müddət ərzində baxışdan keçməliydim və komandadakı gələcək taleyimə aydınlıq gəlməliydi. Amma bu müddət ərzində ”Sumqayıt”da mənə konkret bir söz deyilmədiyindən yenidən Ukraynaya qayıtmağı üstün tutdum.

-         Mətbuatda sizin oyununuzun  Aqil Məmmədovu razı salmadığı yazılır. Necə oldu ki, sizə konkret söz deyilmədi?

-         Dediyim kimi, şəxsən mənə konkret bir şey deyən olmadı. Artıq ötən həftədən “SK Zarya”nın məşq prosesində iştirak edirəm.

-         Son vaxtlar “Sumqayıt”ın ciddi maliyyə problemi yaşadığı yönündə məlumatlar dolaşmaqdadır. Maraqlıdır, sizi Ukraynada nə qane etmir ki, “Sumqayıt”a keçmək istəyirdiniz?

-         Düzü, məni “SK Zarya”da hər şey qane edir. Sadəcə “Sumqayıt” variantı üzə çıxanda bunu dəyərləndirmək istəyirdim.

-         Sizi baxışa komandanın baş məşqçisi dəvət etmişdi, yoxsa bu variant menecerlər tərəfindən “Sumqayıt” təklif olunmuşdu?

-         Açığı, bu barədə komandanın çalışdırıcısı Aqil Məmmədovla özümüz razılaşmışdıq.

-         Digər yerli klublardan təklif var idimi?

-         Yox, hazırda heç bir Azərbaycan klubundan təklif almamışam.

-         Yeri gəlmişkən, Ukrayna aşağı dəstəsi ilə Azərbaycan premyer liqası arasında nə kimi fərqlər var?

-         Ukrayna 1-ci dəstəsi ilə Azərbaycan Premyer Liqası arasında ciddi səviyyə fərqi müşahidə olunmur. Demək olar ki, çempionatların səviyyəsi eynidir. Fərq yalnız komandaların maliyyə imkanlarındadır.

-         Yəqin ki, Azərbaycan klublarının maliyyə imkanları daha yaxşı olar

-         Elədir ki, var.

-         Topaz Premyer Liqasının oyunlarını izləmək imkanınız olurmu?

-         İnternet vasitəsi ilə matçlardan hazırlanmış icmalları izləyirəm.

-         Keçmiş komandalarınız “Bakı” və “Simurq”un bu mövsümkü çıxışını necə dəyərləndirirsiniz?

-         Hər iki komanda iddialı klublarımız sırasındadır. “Bakı”nın qış fasiləsindən sonra stabil oyun sərgiləyəcəyini düşünürəm. “Simurq”a gəlincə, komandanın Zaqatalaya qayıtmasının “sarı-qaralar” üçün əlavə üstünlük olacağı qənaətindəyəm.

 

 Tural Məmmədov, “168 saat” qəzeti

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın