Menu
Geri İrəli

“Sumqayıt”ın prezidenti stadionla bağlı yaranan qalmaqala münasibət bildirdi (MÜSAHİBƏ)

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2013 • Baxış sayı: 298 dəfə • Şərh yoxdur

“Sumqayıt”ın prezidenti Kamran QuliyevSportinfo.Az-a müsahibəsində son günlər Sumqayıt stadionunun ehtiyat meydançası ətrafında yaranan narazılığa münasibət bildirib.

- Kamran müəllim, Sumqayıt stadionunun ehtiyat meydançalarından ikincisinin də süni örtüklə əvəzlənəcəyinə dair məlumatlar son günlər geniş narazılığa səbəb olub. Öncə ondan başlayaq ki, niyə bu addımı atdınız?

- Öncə bir məsələyə aydınlıq gətirim ki, bu, Sumqayıt stadionu yox, Sumqayıt idman mərkəzidir. Bəzən bunu mətbuatda futbol mərkəzi kimi  də təqdim edirlər, amma bura sırf idman mərkəzidir. İndi gəlim sualınıza. Bildiyiniz kimi, layihəyə görə, əsas stadiondan əlavə 3 ehtiyat meydançanın inşası da nəzərdə tutulmuşdu. Sonradan isə ərazi baxımından hesablamalar aparıldı və qərara alındı ki bir tribunalı iki meydança salınsın. Maliyyəni də Dövlət Neft Şirkəti ayıracaqdı. Bəli, ilkin planda nəzərdə tutulmuşdu ki, bir süni və bir təbii meydança olmalı idi. Lakin sonradan məşqçilərlə, futbol mütəxəssisləri ilə məsləhətləşmələr apardıq və düşündük ki, “Sumqayıt” klubunun nəzdində müxtəlif yaş qruplarından ibarət 10 komanda  fəaliyyət göstərir. Bunların hamısına lazımı şərait yaratmaq üçün ikinci meydançanı da süni etmək qərarına gəldik. Bəli, mən də qəbul edirəm ki, təbii ot örtüyü daha yaxşıdır və süni örtük təbii örtüyün əvəzini verə bilməz. Sadəcə, indiki halda biz məcburiyyətdən bu addımı atmalıyıq. Əks halda 10 yaş qrupundan ibarət komandaların hamısını bir süni meydançaya buraxmaq məcburiyyətində qalacaqdıq ki,  1-2 ilə o örtük də çökəcəkdi.  Çünki təbii örtüyü salan şirkət bizim qarşımızda şərt qoymuşdu ki, yalnız günün müəyyən saatlarında orda məşq etmək olardı. Qalan müddətdə ora dincə qoyulmalı idi. Belə olan halda da dediyim kimi, bütün yük yerdə qalan süni meydançanın üzərinə düşəcəkdi. Heç uşaqları da çatdırıb bölüşdürə bilməyəcəkdik. Dəyişiklik bununla bağlı oldu. Ancaq Mehdi Hüseynzadə adına əsas stadionumuzun layihəsi artıq hazır sayılır, oranın ot örtüyü təbii olacaq buna heç kimin zərrə qədər də olsun şübhəsi olmasın.

- Ehtiyat meydançaları süni olandan sonra əsas stadionun təbii olması bir qədər məntiqli gəlmir axı. Yəni, komanda sünidə məşq edib təbii də oyuna çıxacaq?

- Bəli, bəli tamamilə düzgün deyirsiniz ki, bu, düzgün deyil ki əsas stadion təbii, ehtiyatlar hamısı süni olsun. Təbii ki, məntiqsiz çıxır. Ona görə də bizim planımızda əsas stadionumuzun yaxınlığında bir təbii örtüklü meydançanın salınması da var.

- Bu plan son günlər yaranan etirazı yatırmaq üçün bir variantdır, yoxsa doğurdan elə plan var?

- Yox, yox heç bir variantdan söhbət gedə bilməz. Axı məntiqlə əsas stadionun ot örtüyü təbiidirsə, onun mütləq təbii örtüklü ehtiyat meydançası olmalıdır. Bu mütləqdir. Özünüz fikirləşin, 2016-cı ildə gənclər arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək. Əgər bizim stadionumuz da həmin turnir üçün nəzərdə tutulubsa və əgər ot örtüyü də təbii olacaqsa, qaçılmaz faktdır ki, bu əsas meydançanın yanında bir dənə də təbii örtüklü ehtiyat meydança olmalıdır.

- Yəni bu, tam dəqiq söhbətdir?

- Tam dəqiq. Sizə bir söz deyim. 2016-cı ildə ölkəmizə gələcək qonaq komandalara şərait yaratmalısan. Məsələn, bizim əsas stadionumuzda oyun olacaq və oynayacaq komandalar bir gün öncə məşqə çıxmalıdır. Təbii ki, biz, təbii örtükdə oynayacaq komandanı süniyə məşqə göndərə bilmərik. Ona görə, bir dənə təbii örtüklü meydança mütləq surətdə olmalıdır və olacaq da. Çünki bunun üçün imkanlarımız da olacaq və əsas stadionunun tikintisi başlanandan sonra kifayət qədər də əlavə ərazilər yaranacaq.

- Axı olmaz ki, üstünlüyü daha çox təbii meydançalara verəsiniz? Niyə “Qəbələ”, “Bakı” təbii örtüyə üstünlük verir, siz amma süniyə?

- “Qəbələ”nin neçə meydançası var, bilirsiniz?

- Aşağısı 7-8.

- Bəs bizim neçə meydançamız var? Cəmi 2. Amma görün nə qədər uşaqlarımız var. Biz bu gün akademiya qururuq. Bu akademiyada bilirsiniz nə qədər uşaq var? U-10-dan başlasaq, əvəzedici, lap əsas komandanı da buraya əlavə etsək görün hara getdi çıxdı. Mənim də 7-8 meydançam olsa onun yarıdan çoxunu təbii örtüklü edərəm. Ancaq bu günkü reallıq məcbur edir ki, ikinci ehtiyat meydançanı da süni edək. Biz bu qərarı durduğumuz yerdə qəbul etmədik, buna qədər ölçüb biçmişik. Bir daha deyirəm, ehtiyat meydançanın birini təbii eləsək, bütün planlarımız alt-üst olacaq, akademiyanın uşaqları yenə ortalıqda qalacaq. Çünki təbii örtüyü salan şirkət qarşımızda şərt qoyur ki, gün ərzində yalnız bu qədər istifadə edə bilərsiniz. Onda da bütün güc düşəcək tək bir süni örtüyə,o da tab gətirməyəcək.  Ona görə, hər iki meydançanı süni etmək qərarına gəldik. Ancaq yenə deyirəm, əsas stadionunun qazonu təbii olacaq və onun yanında bir təbii örtüklü ehtiyat meydança da salınacaq. Bundan əmin ola bilərsiniz və mən çox istərdim ki, bu söhbət artıq burda bağlansın.

 

Anar Xanlarov, “Sportinfo.az”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın