Menu
Geri İrəli

Sumqayıtlı gənc: “Diplomatiya mənim üçün sənətdir”

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2014 • Baxış sayı: 547 dəfə • Şərh yoxdur
Rəşad Ələkbərov: “Diplom işimin mövzusu da Dağlıq Qarabağ idi və bu başqa cürə ola bilməzdi ”
reshad1111_1394038380
“Palitra”nın xaricdə təhsil alan tələbələrlə bağlı rubrikasının budəfəki qonağı Rəşad Ələkbərovdur. Aktiv gənc olan tələbəmizlə bağlı müsahibəni oxuculara təqdim edirik
- Rəşad, özünüz barədə məlumat verərdiniz.
- Mən – Rəşad Ələkbərov 1986-cı il iyul ayının 19-da Sumqayıt şəhərində anadan olmuşam. Orta təhsilimi Sumqayıt şəhər 21 saylı orta məktəbdə almışam. Hələ məktəb illərindən humanitar fənlərə böyük marağım olub. Ümumiyyətlə, bizim ailədə humanitar fənlərə böyük maraq var. Hətta, bununla bağlı babamı misal çəkə bilərəm ki, o da zamanında tarix, coğrafiya fənlərini kənd məktəbində tədris edib, eyni zamanda da məktəb direktoru vəzifəsində çalışıb. Bəlkə də mənim seçimim bunun təsirindəndir. Hələ uşaqlıqdan kitaba marağım böyük olub. Yadımdadır, anam dəfələrlə babamın kənd yerində gecələr ay işığında kitab oxuduğunu mənə söyləyirdi. Sözsüz də bütün bu söhbətlər məndə kitaba qarşı olan sevgini daha da artırdı. 2004-cü ildə orta məktəbi bitirib Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil oldum. Tələbəlik illərində də dərslərə ciddi yanaşmışam və qrup rəhbəri olmuşam. Daha sonra isə xaricdə təhsil almaq da mənə nəsib olub.
- Azərbaycandakı tələbəlik illəriniz yəqin ki, uğurlu keçib…
- Əlbəttə. Mənim şansım onda gətirib ki, çox dəyərli və peşəkar müəllimlərdən dərs almışam. Mənim biliklərə yiyələnməyimdə böyük rolu olan bu insanlardan bir neçəsini qeyd etmək istərdim – görkəmli politoloq, tarix elmləri doktoru, professor Xaləddin İbrahimli, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Həsən Cahangir oğlu Əliyev, Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor Kərim Şükürov, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Lətif Hüseynov və s. Mənim bir gənc kimi eyni zamanda bir kadr olaraq yetişməyimdə bu insanların əməyi danılmazdır. Əgər Xaləddin müəllimdən politologiya elminin sirlərini öyrənirdimsə, Kərim müəllimdən Azərbaycan tarixinə aid zəngin məlumatları, Həsən müəllimdən beynəlxalq münasibətlər, xarici siyasət tarixi, diplomatiya, diplomatik protokol qaydalarını, Lətif müəllimdən isə hüquq elminin incəliklərini öyrənirdim. Ömrümün sonuna qədər bu insanlara minnətdar olacağam. Həsən müəllim eyni zamanda universitetimizin ağsaqqalı idi. Bakıda tələbəlik illərimlə bağlı maraqlı anlarım çox olub. O anlardan biri mən I kursda oxuyarkən Kərim müəllimin imtahanında baş verib. Kərim müəllim Vətəninə, el-obasına çox bağlı insandır. O insanı tanıyanlar bu fikri təsdiqləyə bilərlər. Beləcə, ali məktəbi 2008-ci ildə fərqlənmə diplomu ilə bitirdim.
- Bəs, necə oldu ki, ali təhsilinizi başqa bir ölkədə davam etdirmək qərarına gəldiniz?
- Öncə onu qeyd edim ki, tələbəlik illərində universitetin sosial həyatında çox aktiv olmuşam. Universitetin Tələbə Gənclər Təşkilatının Kütləvi tədbirlər şöbəsinə rəhbərlik edirdim. Sədrimiz də məndən 1 yaş böyük, Tarix fakültəsinin tələbəsi Tural bəy idi. 2008-ci ildə təhsil aldığım Azərbaycan Universiteti ilə bir çox xarici universitet arasında əməkdaşlıq protokolu imzaladı. Onlardan biri də Şimali Kipr Türk Cümhuriyyətinin Yakın Doğu Universiteti idi. Məhz prorektor Xaləddin İbrahimlinin və universitetimizin rektoru, professor, eyni zamanda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Akif Musayevin dəstəyi ilə mən tələbə mübadiləsi proqramı əsasında Kiprə yollandım. Akif müəllim o günə qədər məni yaxından tanımırdı. Mənim namizədliyim birbaşa Xaləddin müəllim tərəfindən verilib. Bu insan həqiqətən gözəl insandır və mənim həyatımın dönüş nöqtəsi də deyərdim həmin şəxslə bağlıdır. Kiprə gəldiyim ilk gün hələ də yanımdadır – 2008-ci il 23 sentyabr. 2011-ci ildə Universitetin Beynəlxalq münasibətlər fakültəsində magistratura pilləsini başa vurdum. Elmi rəhbərim Finlandiyadan olan professor Jouni Suistola olub. Maraq üçün deyə bilərəm ki, diplom işimin mövzusu da Dağlıq Qarabağ olub. Başqa cür ola da bilməzdi. Bu mövzu daim mənim üçün prioritet mövzu olub.
- Təhsildən əlavə ictimai işlərdə aktivsinizmi?
- Qeyd etdiyim kimi, tələbə təşkilatında fəaliyyətim olub və bundan əlavə qardaşım Anar Ələkbərovla birgə Bizim Gənclik İctimai Birliyində aktiv fəaliyyətim olub. Maraq üçün deyim ki, qardaşım da fəal gənclərdəndir və o Azərbaycan Texniki Universitetini avtomatika və hesablama üzrə bitirib. Hazırda isə Rusiyanın Sankt-Peterburq şəhərinin Smolniy Universitetində ikinci təhsilini alır. Özümə gəldikdə isə əlavə edə bilərəm ki, hələ 18 yaşımdan universitetdə əlaçı və aktiv gənc olduğuma görə mənə Yeni Azərbaycan Partiyasına üzv olmaq təklif olundu. Mən də bu təklifi qəbul etdim. Ümumiyyətlə, ailəliklə Yeni Azərbaycan Partiyasının üzvüyük. 2012-2013-cü illərdə Azərbaycan Universitetində diplomatik protokollar fənnini tədris etmişəm.
- Diplomatiya çətin sahədir. Yəqin bu sahənin sirlərinə yiyələnmisiniz…
- Ümumiyyətlə, diplomatiyaya həvəsim hələ Azərbaycanda tələbəlik illərimdən başlayıb. Diplomatiya mənim üçün sənətdir. Günlük həyatımızda belə, diplomatiyadan istifadə olunur. Gözəl danışıq qabiliyyəti, natiqlik, səbir və insanı inandırmaq qabiliyyəti əsl diplomatın xarakterik cəhətləridir. Sözsüz ki, bu siyahını uzatmaq da olar, təcrübə, bir çox xarici dilləri bilmək, gülərüz, səmimi olmaq, qısa zaman ərzində düzgün qərar verə bilmək, hadisələr arasında əlaqə qura bilmək və s. Ümumiyyətlə, mənim özümün gəldiyim nəticə budur ki, diplomat hər şeyi bilməlidir. Gözəl müşahidə qabiliyyətinə sahib olmalıdır. Gənc diplomatlara və ya diplomat olmaq istəyənlərə isə məsləhətim budur: bacardıqca çox dinləyin və müşahidə edin. Bunun ancaq faydası var. Jozef Fuşenin, Taleyranın həyatı hər zaman mənə maraqlı gəlib. Ümumiyyətlə, gündəlik məişət məsələlərindən tutmuş, dövlət səviyyəli məsələlərin həllinədək danışıq yolu ilə məsələlərin həlli diplomata xas olan cəhətdir. Sözsüz ki, diplomat gərək olarsa, qətiyyətli və aqressiv də olmalıdır. Əgər şərait bunu tələb edirsə belə olmaq lazımdır.
- Diplomatliyadan başqa daha hansı sahənin marağında olmusunuz?
- Hekayələr yazmağı sevirəm. Azərbaycanda pedaqoji fəaliyyətlə yanaşı poeziya ilə də məşğul olurdum. Mətbuatda “Yağlı – qumlu əllər”, “Kitablar da danışır”, “Pulların söhbəti” , “Ömür pilləkənləri” və s. hekayələrim dərc olunub. Ümumilikdə mətbuatda dərc olunan hekayələrimin sayı 15-dir. Sözsüz ki, mən özümü peşəkar yazar hesab etmirəm. Amma dost-tanışların dediyinə görə, bu, məndə pis alınmır. Bundan başqa ssenari və ümumilikdə kino sənətinə də böyük marağım var. Kitab oxumaqdan əlavə idmana və gitara musiqi alətinə həvəsim var. Asudə vaxtlarımda musiqi ilə məşğul olmağa çalışıram. Eyni zamanda dram, tarixi janrda çəkilmiş filmlərə də böyük həvəsim var. Ümumiyyətlə, kino sahəsini hər zaman sevmişəm. Hazırda bir neçə yeni layihə üzərində işləyirəm. Bəzi layihələr Şimali Kiprdə bir ilk olacaq. Düşünürəm, soydaşlarımız, həmçinin həmvətənlilərimiz tərəfindən böyük maraqla qarşılanacaq. Azərbaycanda olduğum müddətdə “Həyatın iki üzü” adlı sosial film də çəkdik. Filmin ssenari müəllifi mən idim, rejissoru Ramin Sultan. Filmdə elə əsas rollardan birini də özüm oynadım. Filmi öz vəsaitimiz hesabına çəkdik və Sumqayıt şəhərində mədəniyyət evində filmin təqdimatı da oldu. Film şəhərin elm və ictimai xadimləri, qeyri-hökumət təşkilat nümayəndələri, mətbuat nümayəndələri, hər kəsin marağına səbəb oldu. Bu, Sumqayıt şəhərinin həyatında bir ilk idi. Sumqayıt gəncləri ilk dəfə belə bir layihəyə imza atırdılar.
- Kino sahəsinə aidiyyəti olmayan bir gəncin ssenari yazdığı filmə maraq qatan nə idi?
- Filmin mövzusu iki ailənin – xoşbəxt və bədbəxt ailənin müqayisəsindən bəhs edir. İçki düşkünü, sərxoş atadan bezən evin xanımı artıq həyatdan, yaşamaqdan bezib. Azyaşlı övladı ilə çıxılmaz vəziyyətdədir və ailədə baş verən münaqişələr, ananın göz yaşları sözsüz ki, uşağın psixologiyasında dərin iz buraxır. Azyaşlı uşaq bütün bu baş verənlərə üsyan edir. İçki şüşəsini məktəb çantasına qoyub evin həyətində basdırır. Bu, əslində azyaşlı uşaq tərəfindən cəmiyyətimizə bir mesaj idi. Filmi qış aylarında – bir qədər çətin şəraitdə çəkmişdik və düşünürəm ki, maraqlı bir layihə alınmışdı. Hər kəs təqdimat mərasiminə böyük maraqla gəlmişdi.
- Azərbaycandakı fəaliyyətinizdən xəbərdar olduq. Bəs Kiprdə necə, aktivliyinizi saxlaya bilirsinizmi?
- Hazırda Yakın Doğu Universitetində doktorantura pilləsi üzrə təhsil alıram. Mustafa Sağsan, Zeliha Kaşman, Muhittin Tolqa Özsağlam, Umut Koldaş kimi dəyərli və tanınmış müəllimlərdən dərs alıram. Eyni zamanda da universitetin Beynəlxalq tələbələr üzrə şöbəsində azərbaycanlı tələbələr üzrə məsul şəxsəm. Bacardığım qədər Yakın Doğu Universitetində təhsil alan soydaşlarımızın problemlərinin həllinə çalışmışam. Düzü, bu işdə əsas yük azərbaycanlılarının Kipr üzrə Diaspor rəhbəri, eyni zamanda Yakın Doğu Universitetinin rektor yardımçısı Fəxrəddin Sadıqoğlunun üzərinə düşür. Fəxrəddin müəllim eyni zamanda burda təhsil alan və yaşayan bütün azərbaycanlıların ağsaqqalı sayılır. O, heç zaman bizə dəstəyini əsirgəməyib. Artıq 5 ildən artıqdır Şimali Kiprdə yaşayıram. Bu 5 il ərzində eyni zamanda diaspor fəaliyyəti ilə də məşğul olmuşam. Azərbaycan üçün siyasi-sosial xarakterli bir neçə tədbir, layihə həyata keçirmişik. Son 2 ayda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı “Mən də azərbaycanlıyam” və Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar olaraq “Hepimiz Hocalıyız” devizi altında tədbir keçirmişik. Hər iki tədbirdə nəinki Yakın Doğu Universitetinin, eyni zamanda Girnə Amerikan Universitetinin, Doğu Akdeniz Universitetinin azərbaycanlı tələbə və müəllim heyəti də iştirak edib. ASAİF-in Kipr üzrə təmsilçisi olaraq, hər şeydən öncə bir azərbaycanlı olaraq bu missiyanı şərəflə yerinə yetirirəm. Arzum, gələcəkdə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərindən birində fəaliyyət göstərməkdir.
- Ümumilikdə tələbələrimizin aktivliyi hansı səviyyədədir?
- Yakın Doğu Universitetində 250-yə yaxın soydaşımız təhsil alır və kifayət qədər fəaldırlar. Adanın digər universitetlərində də təhsil alan soydaşlarımızla daim ünsiyyətdə oluruq və münasibətlərimiz çox gözəldir. Hər dəfə həyata keçirilən tədbirlərdə də bu münasibət özünü açıq-aşkar büruzə verir. Mən özüm də aktivliyi saxlamağa çalışıram ki, bura gələn gənclərə nümunə olum. İctimai işlər təhsil işləri kimi ilbəil çoxalır, hətta deyərdim ki, son bir neçə ayda Özbəkistana, Rusiyaya, Türkiyəyə səfərlərim də olub. Qısası, biz tələbələrin, gənclərin Kiprdəki aktivliyini qənaətbəxş saymaq olar.
Tural Tağıyev,  palitranews.az/

 rewad5_1394038380 (1) rewad6_1394038380

Facebook Şərhləndirmə:

Şərhinizi yazın