Menu
Geri İrəli

Sumqayıtlı rejisor : “Mən rejissoram, su satan yox” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2014 • Baxış sayı: 652 dəfə • Şərh yoxdur
Nazirlik deyir ki, gedin, teatrın rəhbərləri ilə danışın. Hansı əsəri istəyirsinizsə quruluş verin.
Rövşən Almuradlı "od püskürdü": "Mən rejissoram, su satan yox"- MÜSAHİBƏ

Rejissor Rövşən Almuradlı haqqı uğrunda üsyana qalxıb. Şüarı da belədir: “Mənə səhnə verin, tamaşa qoymaq istəyirəm”.

Həm Akademik Milli Dram Teatrı, həm də Mədəniyyət və Turizm Nazirliyi rejissorla əməkdaşlıq məsələsində konkret fikir söyləməkdən yayınır. Beləcə onun tələbi cavabsız qalıb. Əsəblərinin gərginliyi sosial şəbəkələrdə yazdığı fikirlərində də hiss olunur – “Gec də olsa…Nə zamansa, sular durulmalıdır…Kimin kim olduğu bilinməlidir…” 

Biz də bütün bu müəmmalara aydınlıq gətirmək üçün tanınmış teatr və kino rejissoru Rövşən Almuradlını AzNews.az-a dəvət etdik və onunla redaksiyamızda xeyli söhbətləşdik.

Əlini üzünə aparıb, dərindən ah çəkərək, danışmaq istədi. Amma həyəcanı buna imkan vermədi. “Nə yaxşı ki, bu siqaret var, yoxsa neyləyəcəyimi bilmirəm” deyə tələsik bir siqaret yandırdı. Siqaretin tüstüsünü dərindən sinəsinə çəkərək, dedi: “Nazim Hikmətin gözəl bir şeri var – “Baylar bu vatana nasıl kıydınız?” Allah rəhmət eləsin, Nazim Hikmət bunu bax, bu gün üçün yazıb”. Daha bir siqaret yandırır və Nazim Hikmətin şerini söyləyir:

İnsan olan vatanını satarmı?
Suyun içip ekmeğini yediniz.
Dünyada vatandan aziz şey var mı?
Beyler bu vatana nasıl kıydınız?
Onu didik didik didiklediler,
saçlarından tutup sürüklediler.
götürüp kâfire : «Buyur…» dediler.
Beyler bu vatana nasıl kıydınız?
Eli kolu zincirlere vurulmuş,
vatan çırılçıplak yere serilmiş.
Oturmuş göğsüne Teksaslı çavuş.
Beyler bu vatana nasıl kıydınız?
Günü gelir çarh düzüne çevrilir,
günü gelir hesabınız görülür.
Günü gelir sualiniz sorulur :
Beyler bu vatana nasıl kıydınız?

Gün gələcək, sorular sorulacaq. Mən buna inanıram. Elə bu ümüdlə də yaşayıram. Rövşən Almuradlını da didik-didik didikləyirlər. Üzümü tutduğum Lənkəran, Şəki, Mingəçevir, Sumqayıt teatrları mənə “yox” deyir.

- Bu “yox”u sizə necə deyirlər?

- Bu məsələdə teatrlara rəsmi şəkildə heç bir qadağa yoxdur. Göstərişlər yalnız şifahi şəkildə edilir. Çünki bunu açıq şəkildə deyə bilməzlər. Biz demokratik dövlətdə yaşayırıq. Onlar üçün bu problem olar. Əvvala onu deyim ki, teatrların bütün səlahiyyətləri direktorlara verilib. Azətbaycan teatrının faciəsinin bünövrəsi elə buradan başlayır. Rejissorların teatrda heç bir səlahiyyəti yoxdur. Diqqət yetirin, teatrın truppasını, repertuarını formalaşdırmağa, yaradıcı istiqamət verməyə rejissorun səlahiyyəti yoxdur. Ancaq “Al bu materialı, hazırla. İstəyirsən hazırla, istəmirsən hazırlama, öz işindir” – deyə əmr verilir. Məhz qadağalar belə olur.

- Mədəniyyət və Turizm Nazirliyindən sizə nə deyirlər?

- Nazirlik deyir ki, gedin, teatrın rəhbərləri ilə danışın. Hansı əsəri istəyirsinizsə quruluş verin.

- Bəs, teatr rəhbərləri nə deyir?

- Yaxınlaşırsan teatr direktorlarına deyir ki, “Mən kiməm ki, gərək Mədəniyyət və Turizm Nazirliyindən tapşırsınlar”. Rəsmi yox ha, sadəcə dildə desinlər. Əslində teatrın simasını formalaşdıran rejissorlardır. Teatrların direktorları ilə birbaşa işi qurmaq çox rahatdır. Çünki iş prosesi zamanı direktorla anlaşmaq asan və rahat olur. O ki, qaldı mənim teatrlara müraciət etməyimə, bunu dəfələrlə etmişəm. Elə bir teatr direktoru qalmayıb ki, ona bununla bağlı müraciət etməyim.

- Müraciət etdiyiniz teatrların adlarını sadalaya bilərsinizmi?

- Əlbəttə, sadalaya bilərəm. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, Sumqayıt Dövlət Musiqili Dram Teatrına, Mingəşevir və Şəki teatrlarına müraciət etmişəm. Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovla söhbətim olub. O da deyib ki, bir az gözlə, bu ilin repertuar planı dolub, görək gələn ilə nə edirik. Onları da anlayıram. Müraciət edirsən, amma ortaya anlaşılmaz məqamlar çıxır. Necə olur ki, Rövşən Almuradlı 2005-ci ildə bir tamaşa hazırlayır, növbəti əsəri isə 2013-cü ildə səhnələşdirir. Fərqə baxın, 7 il… Bu nə deməkdir? Artıq 3 ildir ki, mən tamaşaya quruluş vermirəm. Amma bu sənətin sirrlərini bilməyən, rejissor diplomu olmayan, elmə yiyələnməyən adamlar Akademik Milli Dram Teatrının səhnəsində bir-birinin ardınca 4 tamaşaya quruluş verir.

- Rövşən bəy, bəlkə ad çəkək. Məsələn, rejissor diplomu olmayan kimlər tamaşalara quruluş verir?

- Məsələn, Nicat Kazımov. Bu şəxs aktyorluğu bitirib. Bundan başqa “YUĞ” Teatrının aktyorları. Onlar Akademik Teatrda tamaşa hazırlayırlar. Mən anlaya bilmirəm. Bunları başa düşmək çətindir. Guya yeni rejissor nəsili yetişdirilir. Kim yetişdirir, İsrafil İsrafilov? Əgər İsrafil İsrafilov rejissor yetişdirmək qabiliyyətinə malikdirsə, onda gedib Mədəniyyət və İncəsənət Universitetində dərs desin. Yaxud da Akademik Teatrın kiçik səhnəsində eksperimental studiya açsın və orada cavanlar tamaşa hazırlasın. Onların içərisində bir qədər önə çıxana geniş səhnədə yer verilsin. Bu nə deməkdir? İndiyə qədər bir tamaşanı belə sifarişlə hazırlamamışam. Xatırladım ki, bu günə kimi 20-dən artıq teatr tamaşasının, 14 sənədli filmin, 4 bədii televiziya, 3 bədii filim müəlifiyəm. Yəni, bir rejissor kimi sınaqdan çıxmışam.

- Haqsızlıqla qarşılaşdığınızı deyirsiniz. Bunun kökündə nə dayanır?

- Əvvəlcə onu deyim ki, son bir il ərzində siyasi fəaliyyətdən kənarda olmuşam. Heç bir siyasi partiyanın da üzvü deyiləm. Bir dəfə də olsun siyasi motivli çıxışım olmayıb. Ancaq yaradıcılıqla məşğul olmuşam. Lakin özümə bir şeyi qadağa etmişəm. Ancaq öz istədiyim tamaşanı hazırlamaq istəyirəm və əsərlərdə vətəndaş mövqeyimi ortaya qoymalıyam. Əlbəttə, sözümü tamaşalarımda, filmlərimdə demişəm. Mən bu cür teatrın tərəfdarıyam. Çünki müəllimlərimdən bunu öyrənmişəm.

- Bəlkə sizə olan qadağaların arxasında mövqeyiniz durur?

- Ola bilər. Dörd ildir yollardayam. Nədir ki, “İblis” hazırlanacaq. Qalmışam Mədəniyyət və Turizm Nazirliyi ilə Akademik Milli Dram Teatrının arasındakı “yollar”da. Nazir müavini Ədalət Vəliyevlə görüşmüşəm. Ümumiyyətlə Ədalət Vəliyevlə “İblis”ə görə 3 dəfə görüşmüşəm.

- Sizə nə deyib?

- İlk növbədə gözəl qarşılayıb. “Rövşən bəy, siz bizim böyük sənətkarımızsınız. Sizə hörmət edirik. Hüseyn Cavid mənim diplom işim olub. Mən bu tamaşanın Azərbaycan səhnəsində qoyulmasını istəyirəm. Çox sevinirəm ki, bu əsərə müraciət edirsən” – deyib. Amma nə fayda? Mən düz 4 ildir ki, o əsərə quruluş verə bilmirəm. 50 min bəhanə gətirirlər. Əgər bir şeyi istəməyəndə bəhanə tapmaq mümkündür. Mən bu tamaşanı Akademik Milli Dram Teatrda hazırlamalıyam. Çünki, orada aktyor potensialı daha güclüdür. Mən yaşı 60-ı haqlamış sənətkaram. İstər aktyor, istərsə də rejissor kimi ömrümün yarıdan çoxunu peşəkar səhnədə keçirdim. Vəzifə istəməmişəm. Ad vermirlər, istəmirəm də. Müxtəlif təqaüdlərə, sosial şəraitə görə də heç bir yerə müraciət etməmişəm. Etmək də fikirində deyiləm. Mən bu yolun yolçusuyam. Pismi, yaxşımı, düzmü, əyrimi mən, bunu istəyirəm. İstədiyim tamaşa hazırlamaqdır. Bu mənim Konistitusion haqqımdır. Bunu da mənə çox görüblər. Nə etməliyəm? Axı, Azərbaycanda qeyri-dövlət teatrı yoxdur. Dövlət teatrı Azərbaycan vətəndaşnın teatrıdır. Mənim də orada işləmək haqqımdır. Nə etməliyəm, köşkdə su satmalıyam, yaxudda yük daşımalıyam? Mən rejissoram, yük daşıyan, su satan deyiləm. Burada söhbət təkcə “İblis”in tamaşaya qoyulmasından getmir. Məsələyə bir qədər qlobal yanaşılmalıdır. Anarın “Səhra yuxular”, Şeksprin “Kral Lir” əsərlərini səhnələşdirmək istəyirəm. Bu haqqdan niyə məhrum edilmişəm, buna cavab versinlər.

- Mədəniyyət və Turizm Nazirliyinin sözcüsü deyir ki, teatrda əsərlərin hazırlanmasına direktor və rejissor cavabdehdir…

- Xeyir, Mədəniyyət və Turizm Nazirliyi repertuarı müəyyənləşdirir, amma rejissoru demir? Bu absurd fikirdir. Nazirlik əsəri də müəyyənləşdirir, üstəlik dövlət sifarişini də verir.

- Bəlkə sizin quruluş vermək istədiyiniz əsərin səhnələşdirilməsi hüququ başqa rejissora veriləcək. Deyək ki, elə Mehriban Ələkbərzadəyə…

- Buna etirazım yoxdur, təki əsəri Mehriban Ələkbərzadəyə versinlər. Ümumiyyətlə, proseslər göstərir ki, hadisə baş verdikdən sonra biz onu araşdırıb qiymət veririk. Sanki, peşəkar rejissorların ayaqları teatrdan kəsilməlidir. Fakt budur. Peşəkar rejissorlarımız var. Mehriban Ələkbərzadə, Bəhram Osmanov, Azərpaşa Nemətov, Oruc Qurbanov və digərləri… Amma onlar çox deyil. Belə olan halda mənə qarşı bu ayrıseçkilik nədən ibarətdir? Bunların arasında tək Rövşən Almuradlımı “ağ qarğa” oldu? Dörd ildir film çəkmək istəyirəm. Ssenari də təqdim etmişəm, qabağını alırlar. “Olmaz, pulumuz yoxdur” – deyirlər.

- Əyalət teatrlarının təklifini qəbul edərdiniz?

- Burada heç bir problem yoxdur. Əlbəttə onlara gedərdim.

- Bəlkə digər rejissorlar kimi sakit tərzdə öz fəaliyyətinizi davam etdirəsiniz?

- Bu mümkün deyil. Vətəndaş mövqeyi yoxdursa o, insan deyil. Əsər hazırlayıramsa bu günü və Azərbaycanı nəzərdə tutmalıyam. Bu mütləqdir. Teatrın bel sütunlarından biri də budur- “zaman və məkan çərçivəsi” nəzərə alınmalıdır. Cəmiyyətin fikrini Azərbaycanın müstəqilliyinə, dövlətçiliyimizin saxlanılmasına yönətmək lazım. Biz özümüzü qorumağı və müstəqilliyimiz gələcək nəsillərə ötürməyi bacarmalıyıq. Vətəndaş mövqeyim budur. Gözəllik göyçəklik demək deyil. Ağın üstünə qara qoyanda bilinir. Amma qaranın üstünə qara qoyanda o bilinmir. Nə də ağın üstünə ağ qoymaq olmaz. Teatrın kökündə iki teatr var. Dramatik teatr və epik teatr. Dramatik teatr deyir ki, görün mən hadisələri necə gözəl oynayıram, sən məndən zövq al. Bacarırsansa gəl, məni duy, anla və zövq al. Epik teatr deyir ki, mən səndən yuxarıda deyiləm, elə sənin yanındayam. Gəl birgə çiyin-çiyinə verək, bir ətrafımıza baxaq. Mən hadisələri oynamıram, göstərirəm.

Fikirlərini yekunlaşdıran rejissor daha bir siqaret yandırmaq istədi. Əl atdı qutuya, amma orada siqaret yox idi, qutu artıq boşalmışdı…

P.S. Tanınmış teatr və kino rejissor Rövşən Almuradlının bu gün 60 yaşı tamam olur. Ömrünü Azərbaycan mədəniyyətinin inkişafına həsr edən istedadlı rejissorun dilində bu sözləri – ona qarşı etinasızlıqları eşitmək bizim üçün də xoş olmadı. Ümid edirik ki, istedadlı, ən əsası vətənpərvər rejissor Rövşən Almuradlı bundan sonra etinasızlıqla üz-üzə qalmayacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın