Menu
Geri İrəli

Sumqayıtlı tanınmış yazıçı: “Yazıçının məqsədi oxucu qazanmaqdır”

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Dekabr 2013 • Baxış sayı: 671 dəfə • Şərh yoxdur

varisTanınmış yazıçı,  “Ali ədəbiyyat mükafatı” laureatı Varis  ”Olaylar” informasiya agentliyinə müsahibə verib. sumqayitxeber.com müsahibəni olduğu kimi təqdim edir:

-Çağdaş ədəbiyyatımızın tanınmış qələm sahiblərindənsiniz. Qısa zaman kəsiyində öz əsərlərinizlə oxucuların qəlbini fəth etməyi bacardınız. Buna necə nail oldunuz?

-Məncə hər bir yazıçının öz uğur qazanmaq formulası olmalıdır, bu yoxdursa, yazıçı uğur qazana bilməz. Mənim formulam – hər bir oxucu ilə onun anlaşa biləcəyi dillə danışmaq, onu maraqlandıra biləcək bir hadisədən bəhs etmək, hər bir oxucunun əsərlərimdə özünü tapa bilməsini təmin eləmək və bunlarla yanaşı həm də oxucuya faydalı ola bilmək – çox vacib və aktual olan bir fikri, informasiyanı çatdırmaq, ideologiyanı təlqin etmək.

-Çağdaş ədəbiyyatımızda barmaqla göstəriləcək biləcək yazıçılardansınız ki, əsərlərini uşaqdan-böyüyə hamı oxuyur. Bu duyğunu necə ifadə edərdiniz?

-Bundan qürür duyuram, həm də bu mənə daha inadla çalışmağı, daha mükəmməl yazmağı aşılayır.

-İnternet saytlarının birində özünüz haqqında məlumat verməzdən öncə “Haralısan” ifadəsinə çox gözəl münasibət bildirmisiniz. Cəmiyyətdəki bu cür nöqsanların ədəbiyyata təsiri bu gün hansı səviyyədədir?

-Məncə bu gün ədəbiyyatımızda yerlibazlıq bir bəla halındadır. Regional qruplaşmalar ədəbiyyatımızı az qala döyüş meydanına çeviriblər. Bundan çox üzülürəm.

-Çağdaş ədəbiyyatımızda əsərlərini sevə-sevə oxuduğum yazıçılardan biri də sizsiniz. İndiyə kimi sizin oxuduğum ardıcıllıqla desəm “Əzilmiş fotoşəkillər”, “Sənə inanıram” və “77-ci gün” əsərlərinizi oxumuşam. Adını çəkdiyim hər üç əsər dil-üslub cəhətdən çox zəngindir. Amma doğrusunu desəm, “77-ci gün” əsəriniz məni o qədər də cəlb etmədi. Sizcə bu əsəri digər adını çəkdiyim iki əsərdən nə ilə fərqlənir?

-Dediyiniz əsər daha mürəkkəb konstruksiyalı əsərdir. Bu əsərdə tarixi faktlar-1937 ci il var. Üç dövrün bir birinə keçidi var. Düzü, bu və Metamorfoza romanlarım – 8 romanımın məhz bu ikisinin bestseller olmaq hədəfi olmayıb. Bunların tirajları da məhduddur. Belə deyək də, bunlar fərqli ədəbiyyat nümunələridir. Amma mənim ən sevdiyim 2 romandan biridir 77-ci gün. Və deyim ki, Türkiyədə mənə uğur da məhz bu romanla gəldi.

-Yaxşı yadımdadır, “Sonuncu ölən ümidlərdir”, “Bir ovuc torpaq” əsərlərinizi ortaya qoyanda onlar sürətlə yayılmağa başladı, dəfələrlə nəşr olundu. Ondan sonra da bir-birindən gözəl, dəyərli əsərlər qələmə aldınız. Necə düşünürsünüz ilk əsərlərinizi qələmə aldıqdan sonra qazandığınız uğurları sonrakı əsərlərinizlə qazana bildinizmi?

-Əlbəttə, adını çəkdiyiniz romanlar mənə kütləvi oxucu sevgisi qazandırdı. Amma sonrakı romanlarımın bəziləri məni oxumayan, fərqli oxucu kontingentini də oxucularım sırasına cəlb etməyə hesablanmışdı. Düşünürəm ki, bu da zəruridir. Belə ki, yazıçının məqsədi oxucu qazanmaqdır.

-Əsərlənizi oxuduğum zamanlarda sizin yaradıcılığınızda bir ziddiyyət olduğunu fərq etdim. Məs, “Əzilmiş fotoşəkillər”də İlahə ailəsindən icazəsiz Ramilə qoşulub qaçır və bədbəxt olur, lakin “Sənə inanıram”da hardasa eyni buna bənzər bir hadisə baş verir. Həmid anası Mələk xalanın onun üçün seçdiyi qızla deyil, öz sevdiyi qızla, Əminəylə evlənir və xoşbəxt olur. Bunu necə izah edərdiniz?

-Əslində xoşbəxtlik və bədbəxtlik nisbi anlayışlardır, nə tam xoşbəxt olmaq mümkündür, nə də tam bədbəxt. İlahə də, Həmid də xoşbəxtlikləri uğrunda vuruşub onu əldə etməklə xoşbəxt olurlar, amma bu xoşbəxtliyi heç biri qoruyub saxlaya bilmir. Həyatın yazılmamış qanunları bu qanunları dəyişmək istəyənlərə çox zaman öldürücü zərbə vurur.

-Əsərlərinizdə daha çox realizm və romantizm ünsürlərinə yer ayırırsınız. Ancaq mən bir oxucu kimi sizin əsərlərinizdə posmodernizm, fantastika ünsürlərini görməyi çox istərdim və düşünürəm bu sizin qələminizdə çox gözəl alınar. Gələcək əsərlərinizdə bu cərəyanlara müraciət etmək istərdinizmi?

-Təbii ki, mənim zövq estetikasına yönlənmiş bu sayaq yazılarım var, amma onları bu sayaq ədəbiyyata maraq göstərən məhdud oxucu auditoriyasına çıxarmağa bir növ qıymıram, düşünürəm ki, bunları kombinə edimiş şəkildə ortaya qoymalıyam ki, yenə də oxucu sayı yüksək olsun. Ümumiyyətlə, yazıçı elə yazmalıdır ki, oxunsun və sevilsin. Öncə özü oxucuların arxasınca getməlidir, onları qazanandan sonra isə öz arxasınca aparmalıdır.

-Sizi romantik yazıçı adlandırsam düşünürəm ki, oxucular mənimlə razılaşar. Çağdaş yazıçılardan çoxu romantikadan yazır, lakin sevilmir. Sizin isə oxuculara təqdim etmək istədiyiniz bir əsər çap olunmamışdan qabaq belə maraq dairəsinə alınır. Bunu hansı amillərlə bağlayırsınız?

-Mən ədəbiyyata çox ciddi yanaşıram. Bu gün ədəbiyyat yüz minlərlə insana örnək verir, onlar ədəbi qəhrəmanlardan nümunə götürürlər. Mən nə yazdığımın və niyə yazdığımın fərqində olan insanam. Mənimçün ən böyük qazanc oxucu rəğbəti, oxucu sevgisidir. Mən ürəkdən yazıram, səmimi yazmağa çalışıram. Məncə, fikir cilalanmadan beyindən çıxdığı kimi yazılmalıdır. Elə ki, korrektə, redaktə təhrifinə məruz qaldı, onda səmimiliyini itirəcək. Bugünkü oxucunun yazıçıdan tələb etdiyi şey səmimiyyətdir.

-Tanınmış yazıçı kimi ən çox kimləri oxuyursunuz?

-Hazırda Serdar Özkanı oxumağa başlamışam. Amma Saramoqayla Selimoviçi hələ bitirməmişəm. Mən çox mütaliə edirəm, bəzən eyni zamanda 3-4 kitabı oxuyuram. Bu bədii ədəbiyyat. Deyim ki, fəlsəfəni, siyasi ədəbiyyatı da paralel olaraq oxuyuram.

-Gənc yazarlardan kimi daha çox bəyənir, gələcək üçün daha perspektivli sayırsınız?

-Pərvini, Nərmin Kamalı, Qanturalı bəyənirəm.

-Yaradıcılıq sirri deyilsə yaxın zamanlarda oxucular sizdə hansı yenilikləri gözləsinlər?

- Dekabrın 28-də uzun zamandır ki, yolu gözlənən “Son məktub” romanım işıq üzü görəcək. Bu roman mənə çox əzizdir. Burda ənənəvi hadisəçilik yoxdur, hisslər və həyəcanlar, düşüncələr var. Burda insanı alıb aparan, öz təsiri altında sıxıb saxlayan dünyəvi insan kədəri var, insan üzüntüsü var. Hələ heç bir romanımı yazarkən bu qədər təsirləndiyim olmayıb. Burda həm də tarix var, sərhədləri aşıb keçən, zaman və məkan anlayışlarının fövqündə dayanan əbədilik var.

-Sizin fikrinizcə çağdaş ədəbiyyatımızda əsərləri ən çox oxunan və nəşr olunan yazıçı kimdir?

-Məncə bu sualı kitab ticarəti ilə məşğul olan kəslərə ünvanlamaq daha düzgün olardı.

-Tanınmış yazıçı kimi ədəbiyyata yenicə qədəm qoyan gənc yazarlara nəyi məsləhət görərdiniz?

-Tələsməməyi. Gənc nasirlər səbirsizcəsinə ilk addımlarını irihəcmli romanla başlamaq istəyirlər. Amma roman-nəsrin yüksək mərtəbəsidir. Özülü mütaliədir, ilk mərtəbəsi isə kiçikhəcmli hekayə. Bir də gənc yazarların əksərində digərləri bəyənməmək, xüsüsən yaşlı nəslə bir həqarət duyuram. Bu yolverilməzdir. Keçmişi qamçılayanın gələcəyi ola bilməz.

Yeqzar Cəfərli

Facebook Şərhləndirmə:

Şərhinizi yazın