Menu
Geri İrəli

Sumqayıtlı Xalq Artisti: “Atam mənim bu sənətə gəlməyimə qarşı idi”

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Fevral 2014 • Baxış sayı: 536 dəfə • Şərh yoxdur

valeh mosuOxu.Az-ın budəfəki müsahibi Respublikanın Xalq Artisti, Prezident mükafatçısı, “Bəxt üzüyü” filmində canlandırdığı “Moşu” obrazı ilə hər kəsin qəlbinə yol tapan Valeh Kərimov oldu.

Əvvəlcə, onu qeyd edim ki, aktyor sənətini tədris edən  xalq artistimizlə  elə öz iş yerində ADMİU-da görüşdük. Onun tələbələrlə səmimi, xoş və qayğıkeş münasibəti diqqətimi çəkdi. Dəhlizdə rastlaşdığı hər bir tələbəsi ilə ata kimi davranışı məndə xoş təəssüratlar yaratdı.Tələbələr ona yaxınlaşaraq şəkil çəkdirməyi xahiş edir, o isə heç kimə etiraz etmirdi.

Beləliklə, zamanın dəyişilməsinə baxmayaraq əvvəlki kimi dəyişilməz və sadəlövh  qalan aktyor Valeh Kərimovun müsahibəsini sizə təqdim edirik:

Bu il yubiley yubileyə qarışıb. Sumqayıt Dövlət Musiqili Dram Teatrına gəlişinizin 45 ili, həyata gəlişinizin  isə 70 ili tamam oldu. Təəssüratlarınız necədir?

- Mən ADMİU-nu bitirən il Sumqayıtda teatr açıldı. Teatrın baş rejissoru Nəsir Sadıqzadə (siz onu “Bəxt üzüyü” filmində veteran rolunda görmüsünüz) məni ora dəvət etdi. Elə həmin ildən bu günə qədər 45 ildir ki, orada çalışıram.

Mart ayının 14-ü həmin teatrın açılış günüdür. Mənim doğum günüm də mart ayındadır. Oğlum da həmin ayda dünyaya gəlib. Bizim ailədə çox insan mart ayında anadan olub (gülür).

Belə bir deyim var: “Mart gəldi, dərd gəldi”. Lakin  mən bu ayı özüm üçün çox uğurlu hesab edirəm. Mart ayı  mənim üçün əlamətdar hadisələrlə doludur.

Hazırda televiziya ekranlarında çox sayda filmlər, tamaşalar, seriallar nümayiş olunur. Amma köhnə filmlər kimi təbii alınmır. Bu sünilik nədən irəli gəlir? Rejissor işi zəifdir, yoxsa aktyorlar həmin aktyorlar deyil?

- Ən istedadlı aktyor belə peşəkar  rejissorsuz heç nədir. Hər şey rejissordan asılıdır. O, aktyora rol verərkən  əsər haqqında onu məlumatlandırmalıdır. Belə bir misal çəkim. Dünyanın bir nömrəli faciəvi əsəri Şeksprin “Hamlet” əsəridir.

Tutaq ki, gənc rejissor eksperiment edir. Mənə müraciət edir ki, “Hamlet”i komediya kimi görürəm və mən də onu elə canlandırım. Amma o  məni buna inandırmalıdır ki, faciəvi əsəri komik əsər kimi necə səhnələşədirəcəkdir. Rejissor  məni bu obraza tam alışdırandan sonra mən o şəkildə də canladıracağam.

Yəni demək istəyirəm ki, rejissorun savadlı və onun öz fikrinin çox olması vacibdir. Onun əsərə özünəməxsus yanaşma tərzi olmalıdır. İstedadsız gənc rejissor öz  fikrini çatdıra bilməyəndə təcrübəli yaşlı aktyor da nə bilir, onu da edir. Nəticədə siz dediyiniz o sünilik yaranır. Halbuki, rejissor gərək 40-50 nəfəri öz arxasınca apara bilsin.

Aktyora bütün rolları əzizdir. Amma bir-iki obraz onun daha sevimlisinə çevrilir. Yaratdığınız obrazlardan sizə ən doğması hansıdır?

- Bilirəm ki, məni tanıyan hər kəs  “Moşu” obrazını fikirləşir. Əslində elə deyil. Mənim ən sevimli rolum Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanındakı “Yedigey” obrazıdır. Mən bunu ilk dəfə 1987-ci ildə Sumqayıt Dövlət Musiqili Dram Teatrında oynamışam.

Filmdə rol oynayanda daha çox zövq alırsınız, yoxsa tamaşada?

- Tamaşada. Mən teatrı, tamaşanı daha çox sevirəm. Aktyorun ən sevimli işi məşq vaxtıdır. Aktyor məşqdə yaradır. Tamaşada isə yaranmışı göstərir. Məşqdə isə  görmək  istədiyin hərəkətləri canlandırdığın obraza qatırsan, danlanırsan, danlayırsan (gülür).

Bildiyim qədərilə, siz Cənubi Azərbaycanın Miyana şəhərində doğulmusunuz. Ora ilə əlaqəniz var, qohumlarınızın yanına qonaq gedib-gəlirsiniz?

- Mən 6 yaşıma qədər orada yaşamışam. Sonra Azərbaycana köçmüşük. Əmim qızları orada yaşayır. İki dəfə Təbriz şəhərini gəzib gəlmişəm, Tehranda da olmuşam.

Bəs hansı rolunuzu ən uğursuz sayırsınız?

- Çoxdur, saysam qurtarmaz. Bu, pyesdən, rolu sevməyərək oynamaqdan, rejissordan irəli gəlir.

Sizi bu qədər Sumqayıt Dövlət Musiqili Dram Teatrına bağlayan nədir?

- Məni bu teatr tanıdıb, oradan məşhurluq qazanıb, fəxri adlar, prezident təqaüdü almışam. İnsan gərək çörək yediyi yerə xain çıxmasın. Mən 45 ildir orada çalışan yeganə insanam.

Sumqayıt Dövlət Musiqili Dram Teatrında teatrda həm dramatik, həm faciəvi, həm də  komik olmaqla cürbəcür rollar oynamışam. Müxtəlif vaxtlarda rejissor kimi fəaliyyət göstərmişəm. Hazırda M.F.Axundovun “Molla İbrahim Xəlil kimyagər” əsərini hazırlayıram.

ADMİU-da isə neçə illərdir ki, aktyor sənətini tədris edirəm. Çox istəyərdim ki, dərs dediyim tələbələrimdən heç olmasa iki-üç nəfəri mənim sənətimi davam etdirsin. Bu sənət qiymətli sənətdir. Bəzən ac, bəzən susuz qalırsan, pis yaşayırsan, amma bu sənətin xətrinə çətinliklərin hamısına dözməli olursan. Şəxsən mən elə olmuşam.

Ailədə də problem olur. Mənim atam bu sənəti seçməyimə narazı idi. Texnikumu bitirdiyim il hamıdan gizlin sənədlərimi ADMİU-ya təqdim etdim, elə həmin il də qəbul oldum. Cavablar çıxanda atamgil bağda idi. Gəldim  muştuluqlayım ki, instituta qəbul olmuşam. Atam biləndə ki, ora qəbul olmuşam əllərini sağa-sola yelləyib, heç bir söz demədən acıqlı-acıqlı çıxdı getdi.

Artıq  tanınandan sonra mənimlə  fəxr edirdi, amma özünü mənim qarşımda sındırmırdı. Hətta bir dəfə efirdə “Bəxt üzüyü” tamaşası (hələ film çəkilməmişdi, tamaşa qoyulurdu) nümayiş olunanda atam gözucu tamaşaya baxdı və mənə söylədi ki, yaxşıdır, amma çox qışqır-bağır salmısan orada. Moşu obrazı onun xoşuna gəlməmişdi.

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev

Facebook Şərhləndirmə:

Şərhinizi yazın