Menu
Geri İrəli

Tərlan Quliyev: “Sumqayıt”da oynamaq mənim kimi gənclərin futbol təcrübəsini artırmağa xeyli təkan verəcək”

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Dekabr 2011 • Baxış sayı: 251 dəfə • Şərh yoxdur

“Sumqayıt” Futbol Klubu qış “transfer pəncərəsi” dövründə ilk transferini rəsmiləşdirib. “Neftçi” Peşəkar Futbol Klubunun və 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sol cinah müdafiəçisi Tərlan Quliyev ikinci dövrədən etibarən komandamızın formasını geyinəcək. Quliyev “Sumqayıt” Futbol Klubunun rəsmi saytına müsahibə verib.
- Premyer Liqanın birinci dövrəsi sənin üçün nə ilə yadda qaldı?

- Mövsümə yaxşı başladım. Premyer Liqanın 3-cü turu çərçivəsində “Sumqayıt”la oyunda mövsümdə ilk dəfə meydana start heyətində çıxdım. Karyeram ərzində ikinci dəfə “Neftçi”nin heyətində 90 dəqiqə meydanda oldum. Daha sonra dizimdən zədə aldım. Buna görə, bir ay yaşıl meydanlardan kənarda qaldım. Birinci dövrədə “Simurq”la qarşılaşmada da bütün oyunu meydanda olmuşam. AZAL-la görüşdə isə ikinci hissədə komandaya kömək etmişəm. U-21-in heyətində İngiltərə və Belçika milliləri ilə səfər qarşılaşmalarında 90 dəqiqə meydanda olmuşam. Zədəli olduğum üçün isə Bakıda keçirilmiş Norveç və Belçika ilə oyunlarda iştirak edə bilməmişəm.

- “Sumqayıt” Futbol Klubuna gəlişin necə baş tutdu?

- İki ay bundan əvvəl “Sumqayıt” Futbol Klubunun mənimlə maraqlanmasını eşitmişdim. Bu klubdan başqa, bir necə bölgə təmsilçisi də xidmətimdə maraqlı idi. Lakin özüm gənc olduğum üçün gənclərlə oynamağa üstünlük verdim. Digər bir məsələ isə Sumqayıtın evimə yaxın olması idi. Bir neçə gün əvvəl “Sumqayıt”ın prezidenti Kamran Quliyevlə söhbətləşdim, “Neftçi”nin rəhbərliyi isə bu kluba keçməyimə icazə verdi.

- Yeni klubun haqqında nə deyə bilərsən?

- Bu layihəni çox bəyənirəm. Hamı bu layihənin tezliklə Azərbaycan futboluna verdiyi bəhrənin şahidi olacaq. Bildiyiniz kimi, “Sumqayıt” gənc və əslən azərbaycanlı futbolçulardan qurulub. Bu komandada oynamaq mənim kimi gənclərin futbol təcrübəsini artırmağa xeyli təkan verəcək. Əlbəttə, gənclərin yanında bir neçə təcrübəli futbolçunun olması da məqsədəuyğun haldır. “Sumqayıt” Premyer Liqanın ilk dövrəsində yaxşı təsir bağışladı. “Qarabağ” və AZAL kimi komandalarla oyunda qələbə qazanmaq klubda görülən işlərin nəticəsidir. “Sumqayıt” inamlı müdafiəsi yadda qalan komandadır. Ümid edirəm ki, arxa xəttə mənimdə köməyim dəyəcək. “Sumqayıt”da oyun praktikamı artırıb, uğurlu çıxışımla Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun rəğbətini qazanmaq istəyirəm. Əsas yığmada çıxış etmək ən böyük arzumdur.

 

- Komandaya nə vaxt qoşulacaqsan?
- Yanvarın 5-dən etibarən klub Bakıda təlim-məşq toplanışına toplaşacaq. Mən də bu tarixdən etibarən klubla olacağam. Daha sonra “Sumqayıt”la Antalyada təlim-məşq toplanışına yollanacağam.- “Sumqayıt”ın baş məşqçisi Bernhard Raabla görüşmək imkanın olubmu?
- Yox, Raabla görüşmək imkanım olmayıb. Uşaqlardan aldığım məlumata görə, çox təcrübəli məşqçidir.- “Sumqayıt”da 3 nömrəli futbol formasını geyinəcəksən. U-21-də də eyni nömrəli formada çıxış edirsən. 3 nömrəli forma nəyə işarədir?
- Uşaq yaşlarımdan “Milan”ın və İtaliya millisinin müdafiəçisi Paolo Maldininin azarkeşiyəm. Mənim üçün italiyalı futbolçu dünyanın ən güclü sol cinah müdafiəçisidir. Maldininin azarkeşi olduğum üçün 3 nömrəli formanı seçdim.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın