Menu
Geri İrəli

Tahir Mirkişili: “Texnologiyaların inkişafı innovativ sahibkarlıq fəaliyyətini də inkişaf etdirir”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2017 • Baxış sayı: 528 dəfə • Şərh yoxdur

tahir mirkisliDünya İqtisadi Forumunun açıqladığı 2016-2017-ci illər üçün qlobal rəqabətlilik reytinqində Azərbaycan 140 ölkə arasında 37-ci yerdə qərarlaşıb. Ölkəmizin 3 pillə irəliləməsi aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın dayanıqlılığının və innovativliyinin artdığını,  rəqabət potensialının gücləndiyini göstərir.  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü,  iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili ilə söhbətimizin əsas mövzusu iqtisadi islahatlara həsr olunub.

- Tahir müəllim, dünyada baş verən  qlobal təsirlər  fonunda Azərbaycanda iqtisadi aktivliyi artırmaq, respublikanın inkişafının ardıcıllığını və dayanıqlığını bərpa etmək üçün nə kimi işlər görülür?

- Hazırda dünya iqtisadiyyatında keyfiyyətcə yeni dəyişikliklər baş verməkdədir. 4-cü sənaye və ya rəqəmsal inqilabın baş verdiyi bir dövrdə iqtisadi subyektlər arasında münasibətlər, onların xarakteri və rəqabət üstünlüklərinin mənbələri dəyişməkdə və bir çox hallarda gözlənilməz xarakter almaqdadır. İnformasiya texnologiyalarının tətbiqinin rəqabət üstünlüyü yaratdığı bir dövrdə neftin dünya bazarında qiymətlərinin kəskin düşməsi, enerji mənbələri kimi alternativ enerjilərdən geniş istifadə olunması iqtisadiyyatların tsiklik inkişaf dövrlərinə də təsir etmişdir.

Dünya iqtisadiyyatının bir parçası olan və indiyədək dinamik inkişaf yolu keçən Azərbaycan iqtisadiyyatı da bu təsirlərə məruz qalmaqdadır. Qlobal təsirlərin milli iqtisadiyyata təsirini önləmək üçün hələ 2004-cü ildən Azərbaycan Prezidentinin sərəncamı ilə «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı» həyata keçirilir, neft ixracından əldə olunan gəlirlər qeyri-neft sektorunun inkişafına və buna zəmin yaradan əsas infrastruktur layihələrinə yönəldilir. Məhz bu önləyici təsirlər nəticəsində ölkə iqtisadiyyatı 2008-ci ildə baş verən və bir çox ölkələri əhatə edən iqtisadi böhrandan uğurla keçdi.

Qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, ixracın neftdən asılılığının azaldılması, Azərbaycanda istehsal olunan məhsulların ixrac edilməsi üçün müxtəlif təşviq mexanizmləri tətbiq olunmağa başlanılmışdır. Kənd təsərrüfatı istehsalçılarının vergidən azad edilməsi, texnologiya idxal edən və istehsal ilə məşğul olan sahibkarların vergi və gömrük rüsumlarından 50% azad olunması, kənd təsərrüfatı istehsalçılarına 70% güzəştlə gübrənin, 40% güzəştlə maşın və texnikanın verilməsi, sahibkarlara güzəştli kreditlərin ayrılması, dövlət orqanlarının öz ehtiyacları üçün milli ərzaq məhsulu alış sisteminin yaradılması, vergi borclarının bağışlanılması, sahibkarlıq fəaliyyətində bütün növ yoxlamaların dayandırılması, ixracın təşviqi mexanizmlərinin yaradılması, xarici ölkə səfirliklərində ticarət nümayəndələrinin təşkil edilməsi və s. kimi çoxsaylı tədbirləri nümunə kimi söyləmək olar.

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri»ndə iqtisadiyyatın qısa, orta və uzun müddətdə dayanıqlı inkişafını təmin edəcək tədbirlər toplusu öz əksini tapmışdır. Qeyd etmək istərdim ki, görülən tədbirlərin nəticəsində artıq 2017-ci ildən başlayaraq Azərbaycanda ÜDM-in sabit artımı proqnozlaşdırılır. Qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisi artıq 70%-ə çatmışdır.

- 2016-cı ildə dövlət başçısının rəhbərliyi ilə dərin iqtisadi islahatlara start verildi. Bu islahatların hərtərəfli, uzunmüddətli və effektiv olması məqsədilə hansı tədbirlərin görülməsinə ehtiyac var?

- Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən «Doing Business 2017» hesabatında Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biri kimi göstərilmişdir. Ölkə Prezidentinin iqtisadi islahatlar strategiyası milli iqtisadiyyatın bütün sektorlarını əhatə etməklə, insanların sosial rifahının yaxşılaşdırılmasına yönəldilmişdir. 2016-cı ilin sonunda qəbul edilmiş «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi»ndə qısa, orta və uzun müddət üçün həyata keçiriləcək bütün tədbirlər müəyyən olunmuşdur.

 - Milli Məclisdə  də bu ilin əvvəlindən bir sıra iqtisadi xarakterli mühüm qanunlar qəbul olunub. Bu qanunların əsas hədəfləri nədən ibarətdir?

- Bütün qanunların və mövcud qanunlara edilmiş dəyişikliklərin əsas məqsədi ölkədə aparılan iqtisadi islahatlara dəstək vermək və iqtisadiyyatın inkişafına mane ola biləcək amilləri aradan qaldırmaqdır. Qeyri-neft sektorunun inkişafı və bu sektora xarici investisiyaların cəlb olunması ilə bağlı qəbul edilən qanunlar qısa müddətdə iqtisadi cəlbediciliyi artıracaqdır. Digər tərəfdən, kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət dəstəyinin artırılmasını nəzərdə tutan mövcud qanunvericiliyə edilən dəyişikliklər günümüzün tələbidir və islahat paketinə uyğunlaşdırılmışdır. İxrac potensialının artırılması və ixracyönümlü sahələrin dəstəklənməsi üçün qəbul edilən qanunlar bu sahədə uzunmüddətli iqtisadi siyasəti müəyyən edərək sahibkarlar üçün əlverişli imkanlar yaradacaqdır. Bu baxımdan, Milli Məclis tərəfindən qəbul olunan iqtisadi qanunlar ölkə iqtisadiyyatının gələcək inkişafına hesablanıb.

- Ölkədəki biznes mühitinin daha əlverişli olması, investisiya cəlbediciliyinin artırılması, milli istehsalın dəstəklənməsi üçün  hansı əlavə addımlar atılmalıdır?

- Yenə də Dünya Bankının «Doing Business 2017» hesabatına istinad etsək, ölkəmiz «Biznesə başlama» göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), «Kiçik investorların maraqlarının qorunması» göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), «Xarici ticarətin aparılması» göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və «Elektrik təchizatı şəbəkələrinə qoşulma» göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Hesabatın «Biznesə başlama» göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib. Bundan başqa, «Əmlakın qeydiyyatı» (22), «Vergilərin ödənilməsi» (40), «Müqavilələrin icrasının təmin edilməsi» (44) indikatorları üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq, 190 ölkə arasında ilk 50-likdə qərarlaşıb. Göründüyü kimi, Azərbaycan biznes mühitinin daha əlverişli olması, investisiya cəlbediciliyinin artırılması, milli istehsalın dəstəklənməsi üçün hər il öz göstəricilərini xeyli yaxşılaşdırır. Bununla belə, görüləcək işlər də hələ kifayət qədərdir. Bu istiqamətdə daim iş aparılır.

- Azərbaycanda ixrac potensialının artırılması və ixracyönümlü sahələrin inkişafı məqsədilə təşkil edilmiş «ticarət evləri» iqtisadiyyatımıza nə kimi yeniliklər gətirəcək?

- İxrac fəaliyyətinin əsas hissəsi xarici bazarlara çıxış, bazar araşdırmaları, xarici bazarların ələ keçirilməsi, xarici bazarlarda milli sahibkarların maraqlarının qorunması və ticarət maneələrinin aşılmasıdır. Bu baxımdan, dövlət başçısının fərmanı ilə xarici ölkələrdə Azərbaycanın ticarət nümayəndələrinin təyin edilməsi yaradılacaq güclü ixrac potensialının reallaşmasına hesablanıb. Xarici bazarlarda çox güclü rəqabət var. Azərbaycan ixracatçılarının bu rəqabətdə rəqiblərindən üstün olması üçün bir tərəfdən keyfiyyətli məhsul istehsal etmək tələb olunursa, digər tərəfdən də güclü marketinq və təbliğat işləri aparmağa, ixrac olunan ölkələrin qanunlarını mənimsəməyə ehtiyac var. Ticarət nümayəndələri bütün məsələlərdə milli ixracatçıların maraqlarını qoruyaraq, ümumilikdə ölkənin iqtisadi maraqlarını təmin edəcəklər.

- Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, yeni anlayışlar haqqında da fikirlərinizi bilmək maraqlı olardı…

- Artıq bir neçə ildir ki, iqtisadi inkişafın tələbinə uyğun ardıcıl olaraq Vergi Məcəlləsində dəyişiklik aparılır. Bu dəyişikliklərin əsas mahiyyəti iqtisadi şəffaflığın artırılması, vergi ödəyicilərinin hüquqlarının artırılması, iqtisadi inkişafın stimullaşdırılması, sahibkarların iqtisadi aktivliyinin artırılmasından ibarətdir. Müasir vergitutma metodlarının tətbiqi, vergidən yayınma hallarına qarşı texnoloji vasitələrlə mübarizə, inzibatçılığın elektron vasitələrlə daim təkmilləşdirilməsi Vergi Məcəlləsinin işləkliyinə və səmərəliliyinə xidmət edir. Texnologiyaların inkişafı innovativ sahibkarlıq fəaliyyətini də inkişaf etdirir. Sahibkarlığın ənənəvi formalarından fərqli olaraq, innovativ sahibkarlıq fəaliyyəti virtual məkanda həyata keçirilir. Vergi Məcəlləsinə edilən son dəyişikliklər yeni sahibkarlıq fəaliyyəti növlərini də qanunla nəzərdə tutulmuş vergiyə cəlb etməklə haqsız rəqabətin aradan qaldırılmasına şərait yaradır. Ümumilikdə demək olar ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklər vergiödəmə və vergitutma sahəsinin fəlsəfəsinin yenilənməsinə gətirib çıxaracaq və bu da ölkə iqtisadiyyatının inkişafına əlavə stimul verəcək. Yeni fəlsəfə vergi inzibatçılığını daha da səmərəli etməklə Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin güclənməsinə səbəb olacaq.

Müsahibəni hazırladı: Fəxriyyə İKRAMQIZI

Facebook Şərhləndirmə:

Şərhinizi yazın