Menu
Geri İrəli

Təhsil nazirinin müavini: “Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bizi məyus etdi” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Yanvar 2014 • Baxış sayı: 1,461 dəfə • 1 şərh
ceyhun bayramov“Azərbaycanda müəllimlik peşəsinə gələn insanların ilkin mərhələdə hazırlığı kifayət qədər aşağı səviyyədədir”

“Dərslik siyasətində yeni yanaşmalar və dəyişikliklər gözlənilir”

Təhsil nazirinin müavini Ceyhun Bayramovun APA-ya müsahibəsi

 - Ceyhun müəllim, bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri sizi qane etdimi? Ümumiyyətlə, müəllim işləmək istəyən gənclərin bugünkü bilik səviyyəsini necə qiymətləndirirsiniz?

 - Düzdür, bu il Azərbaycanda keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bizi qane etmədi və müəyyən mənada məyus etdi. Müsabiqədə iştirak etmək üçün 19 minə yaxın insan ərizə ilə müraciət etmişdi, onlardan 15 030 nəfəri imtahanlarda iştirak etdi və nəticə etibarilə 1474 nəfər minimal keçid balını toplaya bildi. Bu il əldə olunan nəticələrə əsasən cəmiyyətdə müəllimlərə müəyyən mənada bir mesaj getdi. Bu mesaj ondan ibarət oldu ki, yerlər vakant qalsa belə, müəyyən tələblərə, səviyyəyə cavab verməyən müəllimlər işə qəbul edilməyəcəklər. Müəllimlər üçün vakant iş yerləri var. Amma hazırlıqlı olmaq, məsələyə ciddi yanaşmaq və sonradan gəlib bu yerləri qazanmaq lazımdır. Bundan əlavə, hesab edirik ki, müəllimlik peşəsinin nüfuzu qalxmalı, bunun üçün də bir çox kompleks tədbirlər həyata keçirilməlidir. Müəyyən dövrdən sonra biz bunun müsbət nəticəsini görəcəyik. Amma bugünkü statistika onu göstərir ki, müəllimlik peşəsinə gələn insanların ilkin mərhələdə hazırlığı kifayət qədər aşağı səviyyədədir. Bir çox hallarda digər ixtisaslarla müqayisə etdikdə, görürük ki, müəllimliyə daxil olmaq istəyənlər üçün ali məktəblərə daxil olma zamanı minimal tələblər çox aşağıdır. Bununla bağlı ciddi işlər aparılmalıdır. Onun nəticəsi olaraq daha yaxşı tələbələrimiz bu ixtisasa sahib olmalıdırlar. Biz başa düşməliyik ki, hər hansı bir dəyişikliyin, tövsiyə, prosesə yenidən baxma və ya  müəyyən düzəlişlərin edilməsi bizə 100%-lik nəticə verməyəcək. Amma Təhsil Nazirliyi olaraq hesab edirik ki, ümumilikdə vəziyyəti düzəltmək üçün bir çox istiqamətdə davamlı işlər getməlidir.

 - Pedaqoji kadrları hazırlayan ali təhsil müəssisələrində yüksək ixtisaslı müəllimlərin yetişməsi üçün hansı işlər görülməlidir?

 - Biz müəllim hazırlayan ali təhsil müəssisələrində tədris proqramları və planlarının müasirləşməsinə nail olmalıyıq. Onlar yeni tətbiq olunan kurrikuluma uyğunlaşdırılmalı, ali məktəbdə dərs deyən müəllimlər də kurikulumu tam mənimsəməlidirlər. Bir sıra istiqamətlərdə də islahatlar aparılmalıdır. Təhsil Nazirliyi olaraq bu məsələnin daha da təkmilləşməsi üçün tövsiyələrimizi, təkliflərimizi və dəstəyimizi verəcəyik.

 - Bu il ölkədə ilk dəfə olaraq orta məktəb dərsliklərinin müəlliflik hüququ Təhsil Nazirliyinə verilib. Bundan sonra dərsliklərin hazırlanması, yenidən nəşri ilə bağlı hansı yeniliklər olacaq?

 - Dərsliklərin sifarişi, qiymətləndirilməsi və çapına dair sifarişlərin edilməsi, hazır olduqdan sonra əldə edilərək məktəblərə paylanması böyük bir prosesdir. Bunun müəyyən qaydaları var və Təhsil Nazirliyi tərəfindən hazırlanan sənəd əsasında həyata keçirilir. Dərslik siyasətində yeni yanaşmalar və dəyişikliklər gözlənilir. Dərsliklərin müəlliflik hüququnun Təhsil Nazirliyinə verilməsi də bu prosesin mühüm bir tərkib hissəsidir və bütövlükdə dərsliklərin keyfiyyətinə, hazırlanmasına, müəlliflər institutunun yaranmasına və inkişafına öz töhfəsini verəcək. Biz düşünürük ki, dərsliklərin sifarişi daha erkən mərhələdə başlamalı, onların yerlərə çatdırılması daha tez zamanda yekunlaşmalıdır. Ən azı 1 il öncədən dərsliklər sifariş edilməli və pilot məktəblərdə, siniflərdə yoxlanılmalı, onlara dair hansısa rəy və təkliflər olarsa nəzərə alınmalıdır. Bu, bizə daha yaxşı və keyfiyyətli dərslik hazırlamağa imkan verəcək.

 - Gələn ildən dərsliklərin hazırlanması ilə bağlı təklifin daha tez – 1 il öncədən verilməsi gözlənilirmi?

 - Biz planlaşdırırıq ki, növbəti il iki sinif üzrə dərsliklərin hazırlanması ilə bağlı indidən sifariş edək. Təbii ki, bir sinif üzrə dərsliklər tam, digər siniflər üzrə isə pilot məktəblərdə yoxlanılması üçün müəyyən sayda hazırlanacaq. Növbəti ildən 7-8-ci sinif dərslikləri sifariş ediləcək, onlardan 7-ci sinif dərsliyi tam çap ediləcək. Çünki kurrikulum islahatlarına əsasən gələn ildən bu sistemin 7-ci siniflərdə tədrisinə başlanacaq. Həmin sinif üzrə dərsliklərin tam olaraq çapı nəzərdə tutulub. 8-ci siniflər üzrə dərsliklər isə pilot məktəblər üçün məhdud sayda çap ediləcək.

 - Dərsliklərin yenidən hazırlanmasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə hansı işlər görüləcək?

 - Təhsil Nazirliyi TQDK ilə birgə portal hazırlayacaq. Düşünürük ki, bu portal cəmiyyət üçün açıq olsun. Fikrimcə, bu portaldan istifadə geniş sayda insanlar üçün yox, daha çox təhsil mütəxəssisləri, müəlliflər üçün faydalı olacaq. Bu gün TQDK-nın apardığı monitorinqlərin nəticələrinə əsasən müəyyən sinif dərslikləri üzrə tövsiyələri var və onlar Təhsil Nazirliyinə təqdim olunur. Burada əks olunan düzəlişlər, korrektə və redaktə xarakterli tövsiyələr, səhvlər bir qayda olaraq qəbul olunub və növbəti tirajların çapı zamanı nəzərə alınaraq yeni dərsliklərlə müəyyən düzəlişlər edilib. Lakin müəyyən hallarda elə məsələlər olur ki, burada TQDK mütəxəssislərinin ayrı, müəlliflərin isə ayrı fikirləri olur. Belə olduqda fikirlər üst-üstə düşməyə və fikir müxtəlifliyi ola bilər. Bu kimi məlumatlar isə valideyn və şagirdlər üçün bir o qədər də aydın olmaya bilər. Buna görə də düşünürük ki, bütün məsələlərin açıq-aydın öz əksini tapacağı portal təhsil ictimaiyyəti üçün daha maraqlı olacaq.

 - Əvvəllər dərsliklər nəşriyyatların sifarişi ilə hazırlandığı üçün bu proses konkret müəlliflərə tapşırılırdı. Bu ildən işlər Təhsil Nazirliyinə verildikdən sonra müəlliflərin seçilməsi hansı formada həyata keçiriləcək?

 - Müəyyən müddət öncə mövcud olan praktika ondan ibarət idi ki, Təhsil Nazirliyi sifarişi yekun məhsula dair edirdi. Yəni tam hazır dərslik nəşriyyatdan nazirliyə təqdim edilirdi və burada çap olunurdu. İndi isə bu proses 2 hissəyə bölünür. Birinci hissə dərsliyin məzmunun hazırlanması, ikincisi isə qalib elan olunmuş dərsliklərin çapıdır. Bu iki proses bir-birindən fərqlidir. Təhsil Nazirliyi əvvəlcədən müəllifləri müəyyənləşdirə bilməz. Sadəcə, öncədən müəlliflərin təqdim etdiyi dərsliklərin məzmunu yoxlanacaq, bundan sonra çapa təqdim ediləcək. Nazirlik müəlliflər tərəfindən hazırlanmış dərslikləri qiymətləndirmə nəticəsində daha yaxşı dərslik seçmə yolu ilə müəyyənləşdirə biləcək.

 - Azərbaycanda kurrikulum islahatının 11 illik təhsil sistemini tam əhatə etməsinin ilk mərhələsi 2018/2019-cu tədris ilində başa çatacaq. Artıq ibtidai təhsil pilləsini bu sistem tam əhatə edib və hansı nəticələr əldə olunub? Gələcək illərdə kurrikulumun yuxarı siniflərdə tətbiqi hansı nəticələr verəcək?

 - Gələcək illər üçün gözləntiləri indidən söyləmək bir qədər çətindir. Yeni proqramın mənimsənilməsi ilə bağlı müxtəlif modellər var. Təhsil Nazirliyi də 2008/2009-cu tədris ilində kurrikulum tətbiqi ilə bağlı təşəbbüs irəli sürdü və həmin il tətbiq olunmağa başladı. Bu prosesin 11 illik təhsil bazasında ilkin mərhələsinin 2018/2019-cu ildə başa çatması gözlənilir. Bu o deməkdir ki, 2018/2019-cu ili gözləyib nəticəni əldə etməli, sonra qərara gəlməliyik ki, istədiyimiz nəticəni əldə edə bilmişik, ya yox. Amma bu düzgün yol olmazdı.  Ona görə müəyyən mərhələlərdə aralıq qiymətləndirmə aparılacaq. Bunun üçün məsləhətçilər, mütəxəssislər dəvət olunacaq və qiymətləndirmə nəticəsində lazım olan hansısa korrektələr, əlavələr həyata keçiriləcək.

- Bu gün Azərbaycan təhsilinin ən böyük problemlərindən biri də şagird-valideyn-məktəb bağlılığının olmamasıdır. Bu problemin həlli, valideynlərin məktəblərlə daha yaxın olması, valideyn-müəllim assosiasiyalarının real fəaliyyət göstərməsi üçün hansı işlər görülməlidir?

 - Tamamilə düzgün və haqlı bir sualdır. Təhsil Nazirliyi olaraq bizim birmənalı fikrimiz odur ki, valideynlər məktəbin həyatında daha fəal rol oynamalıdır. Valideyn-müəllim assosiasiyalarının isə formal yox, faktiki olaraq yaradılmasının və fəaliyyətinin tərəfdarıyıq. Biz hesab edirik ki, bu işlər həm təhsilin keyfiyyətinə, həm məktəbdə olan ab-havaya yalnız müsbət təsir göstərəcək. Şagird, valideyn və müəllim bağlılığının yaradılması üçün kompleks tədbirlər görülməlidir. Bir tərəfdən məktəblərin qapıları hər zaman valideynlərin üzünə açıq olmalıdır. Bu, bir növ məktəb müəllimləri və idarəçilərindən asılıdır. Əsas funksiya da Təhsil Nazirliyinin üzərinə düşür və biz də özümüzdən asılı olan məqamları edəcək, bu prosesi stimullaşdıracağıq. Ancaq valideynlərin fəallığından da çox şey asılıdır. Bununla bağlı maarifləndirmə işləri də aparılmalıdır. Müəyyən qərarların qəbul edilməsi üçün Təhsil Nazirliyinin daxilində müəyyən  müzakirələr aparılıb. Hesab edirik ki, bu və ya digər məktəblə bağlı qərarların qəbul edilməsi, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, nazirliyin və dövlətin bu məktəbə dair diqqətinin artırılması müəyyən meyarlar əsasında formalaşmalıdır. Bu meyarlara məktəbdə davamiyyət, oradakı mövcud ab-hava, valideyn-müəllim assosiasiyalarının olması, onları formal yox, faktiki olaraq fəaliyyəti nəzərdə tutulur. Bu da bizim nəzərdə tutduğumuz stimullaşdırıcı addımlardan biri olacaq.

Facebook Şərhləndirmə:

“Təhsil nazirinin müavini: “Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bizi məyus etdi” – MÜSAHİBƏ” yazısına bir cavab

  1. caresiz. deyir:

    Salam niye gore yevlax seher 5sayli mektebde direktor muellimleri hedeleyib onlardan pul alir?muellimlerin corek pulu ordan cixir axi?muellim ne qeder pul alir ki direktorada versin?yarisini alib yarisinibda isteyir.xahis edirem arasdirilsin.

Şərhinizi yazın