Menu
Geri İrəli

Vəfa Quluzadədə: ABŞ Ukraynada qalib gəlsə, Qarabağ məsələsi həll ediləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2014 • Baxış sayı: 471 dəfə • Şərh yoxdur

vefa qulizade“Ukrayna tamamilə Avropaya yönələndən və Rusiya imperiyanı bərpa etmək yolundakı bütün ümidlərini itirəndən sonra Dağlıq Qarabağ münaqişəsi həll olunacaq”.

Bunu Modern.az saytına keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Dağlıq Qarabağla bağlı aparılan danışıqların perspektivini şərh edərkən deyib.

“ABŞ Qarabağ problemini əsas prioritet elan edəndən sonra münaqişə həll olunacaq”

Siyasi ekspert Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində ABŞ-ın səylərinə diqqət çəkib. Onun sözlərinə görə Ağ Ev Qarabağ probleminin çözümünü  əsas prioritet elan edəndən sonra münaqişə öz həllini tapacaq.

“ABŞ münaqişənin həllində həmişə fəallıq göstərib. İndiki vəziyyətdə Ukrayna ABŞ-ın prioritetidir. ABŞ Ukrayna məsələsinin üzərində möhkəm dayanıb və axıra qədər də belə davam edəcək. Bir gün Cənubi Qafqazda sülh və Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın prioriteti olacaq. O zaman məsələlər öz məcrasına düşəcək və problemlər həll olunacaq”-deyə V.Quluzadə bildirib.

“Minsk Qrupu münaqişənin həllinə heç bir xeyir vermir”

Analitik Minsk Qrupunun formatının dəyişməsi ilə bağlı suala belə aydınlıq gətirib: “Minsk Qrupu münaqişənin həllinə heç bir xeyir vermir. Nə qədər müzakirə ola bilər?”.

Sabiq dövlət müşaviri onu da qeyd edib ki, Dağlıq Qarabağ probleminin ədalətli nizamlanmasında danışıqlar elə də rol oynamır.

Ekspertin fikrincə, konfliktin danışıqlar yolu ilə tənzimlənməsi üçün gərək siyasi bünövrə olsun.

“Ermənilərin marağı Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasından ibarətdir”

Quluzadənin sözlərinə görə,  dünya danışıqlar üçün  siyasi atmosferə hazır olmalıdır.

“Atmosfer nədən ibarət olmalıdır? Rusiya imperiya kimi çökməlidir. Bundan sonra Rusiyanın yaratdığı bütün münaqişələr həll olunacaq. Regiondakı bütün münaqişələri, erməni millətçiliyini Rusiya yaradıb. Rusiya Ermənistanı idarə edir. Kreml elə siyasət yürüdür ki, ermənilər Qarabağla bağlı hər hansı razılıqdan boyun qaçırır. Ermənilərin marağı Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasından ibarətdir. Ermənilər məsələnin həllinə razılıq verəndə Rusiya tərəfindən  müxtəlif vasitələrlə onlara təzyiq olunur. Ya parlament nümayəndələrini güllələyirlər, ya prezidenti işdən çıxarırlar. Ermənistanın keçmiş prezidenti Levon-Ter Petrosyan o zaman münaqişəni birbaşa Azərbaycanla həll etmək istəyəndə Moskva onu işindən kənarlaşdırdı. Serj Sərkisyan isə tam olaraq Rusiyanın nökərinə çevrilib”-deyə V.Quluzadə şərh edib.

Aqşin Kərimov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın