Menu
Geri İrəli

Xaricdə təhsil alan həkimlərimizin Azərbaycana dönməsinin zamanı çatıb

Müəllif: Sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2015 • Baxış sayı: 392 dəfə • Şərh yoxdur

Gün.Az Kaspi.az saytına istinadən İstanbulun Dr Siyami Ersek Ürək və Damar Cərrahiyyəsi Mərkəzi, Təhsil və Araşdırma Xəstəxanasında (Dr.Siyami Ersek Kalb ve Damar Cerrahisi Merkezi, Egitim ve Araştırma Hastanesi) çalışan uzman həkim Yalçın Velibeyin müsahibəsini təqdim edir:

Onu Türkiyədə azərbaycanlı həkim kimi tanıyır və hörmət edirlər.

Tibbi biliyini qardaş ölkədə artırsa da, həkimlik peşəsinin sirlərinə daha çox o ölkədə yiyələnsə də “bir gün Azərbaycana dönəcəyəm” deyir. Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirdikdən sonra universitetlərarası anlaşmaya əsasən İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində təhsilini davam etdirib.

Hazırda Avropanın ən böyük kardioloji mərkəzlərindən birində – İstanbulun Dr Siyami Ersek Ürək və Damar Cərrahiyyəsi Mərkəzi, Təhsil və Araşdırma Xəstəxanasında (Dr.Siyami Ersek Kalb ve Damar Cerrahisi Merkezi, Egitim ve Araştırma Hastanesi) çalışan uzman həkim Yalçın Velibeyin “Kaspi” qəzetinə müsahibəsi ürək-damar xəstəlikləri ilə bağlı ən praktik tövsiyələr də sayıla bilər:

300 risk faktoru

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ürək-damar xəstəlikləri ilə bağlı son statistikası ürəkaçan deyil. Ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər ürək-damar xəstəlikləridir. Səbəb nədir? 

- Hal-hazırda dünyada ölümə səbəb olan xəstəliklər sırasında ürək-damar xəstəlikləri birinci sıradadır. ÜST-ün rəsmi məlumatına görə, 2020-ci ildə bütün ölümlərin 36 faizini ürək-damar xəstəlikləri təşkil edəcək. Hal-hazırda hər il dünyada 17,3 milyon insan ürək-damar xəstəliklərindən vəfat edir. 2030-cu illərdə bu rəqəmin 23 milyona çıxacağı bildirilir.

Avropada 75 yaş altı kişi ölümlərinin 38, qadın ölümlərinin isə 42 faizini ürək- damar xəstəlikləri təşkil edir. Belə olduğu halda həkimlərin diqqətini ürək-damar xəstəlikləri xüsusi ilə cəlb edir. Ürək-damar xəstəliklərinin bu qədər geniş yayılmasına səbəb bəzi risk faktorlarının son zamanda cəmiyyət içində yaygınlaşmasıdır. İllər keçdikcə bu risk faktorlarının sayı bütün dünyada artır. Bu günə qədər bu cür 300 risk faktoru müəyyənləşib. Ancaq hər kəs tərəfindən qəbul edilən, ən önəmli və ən geniş yayılmış risk faktorları aşağıdakılardır:

Birincisi Yaş faktorudur. Kişilərin 45, qadınların isə 55 yaşından sonra ürək-damar xəstəliklərinə tutulma riski artır. Bu yaşdan sonra insanların diqqətli olması lazımdır.

İkinci hipertoniya ilə bağlıdır: Hazırda dünyada bir milyarda yaxın hipertoniya xəstəsi var. 2020-ci illərdə bu rəqəmin 1,5 milyarda yaxınlaşacağı gözlənilir. Hipertoniyası olan bir insanın ürək-damar xəstəliyinə tutulması riski bu xəstəliyi olmayan bir insandan 2 qat daha yüksəkdir. Hazırda ürək-damar xəstəliklərinin 35 faizinin səbəbi hipertoniyadır.

Üçüncü faktor şəkərli diabetdir: Hal-hazırda dünyada 382 milyon diabet xəstəsi var. Diabetli insanların ürək-damar xəstəliyinə tutulma ehtimalı diabeti olmayan insanlardan beş qat daha yüksəkdir. Diabetli insanda xəstəlik daha erkən yaşda meydana çıxır və birdən çox damar tutulma ehtimalı daha yüksək olur.

Dördüncü faktor tütün və tütün məmulatlarından istifadə etməklə bağlıdır: Hal-hazırda 1,1 milyarda yaxın insanın tütün məmulatlarından istifadə etdiyi bildirilir. Qadınlar kişilərə nisbətən daha yüksək risk altındadır. Siqaret çəkən bir qadında ürək-damar xəstəliyinin ortaya çıxma riski 4,7, kişidə isə 2,7 qat artır. Hər növ tütündən istifadə riski artırır. Filtirli siqaretlərdən istifadə etmək riski əsla azaltmır.

Həmçinin tənbəki ve nargilə içmək (sulu qəlyan) də riski artırır. Siqaret çəkməyən, ancaq siqaret çəkən insanla bir evdə yaşayan insanın xəstəliyə tutulma riski 30 faiz artır. Buna “passiv siqaret çəkmə” deyilir. Bu baxımdan, siqaret çəkən təkcə öz həyatını deyil, onunla bir evdə yaşayanların da həyatını risk altına qoyur. Bu baxımdan passiv çəkicilik də risk faktorudur.

Hiperxolesterinemiya ( Qan xolesterin miqdarının yüksək olması) beşinci risk faktorudur. 

Köklük də ürək-damar xəstəliklərini yaradan risk faktorlarından sayılır: 2008-ci ilin statistikasına görə, dünyada 400 milyon piylənmədən və ya köklükdən əziyyət çəkən insan var. 2015-ci ildə bu rəqəmin 700 milyon olduğu göstərildi.

Köklük təkcə ürək-damar xəstəliklərinə deyil, eləcə də digər xəstəliklər – diabet, qadınlarda yumurtalıq və süd vəzisi, kişilərdə yoğun bağırsaq və prostat xərçəngi, insult, öd kisəsi xəstəlikləri, qanda xolesterinin miqdarında yüksəlmə, qaraciyərin piylənməsi, astma, osteoartrit , qadınlarda adət düzənsizlikləri və s. üçün də risk faktorudur. Həmçinin azhərəkətlilik və stress də xəstəliyin faktorlarından sayılır.

O cümlədən, ailə hekayəsinin olması: Bir insanın birinci dərəcəli qohumlarında (ana, ata, qardaş, bacı və uşaqlar) qadınlarda 55, kişilərdə 65 yaşından öncə ürək-damar xəstəlikləri ortaya çıxıbsa, bu da risk faktorudur.

Sadaladığım faktorlardan hər hansı biri ilə mübarizə aparılmaması insanın ürək-damar xəstəliklərinə yaxınlaşma riskini artırır. Araşdırmalar göstərir ki, ürək-damar xəstəliyinə sahib hər yüz insanın 90-da bu risk faktorlarından bir və ya bir neçəsi mövcuddur. Bu faktorların sayı artdıqca risk daha da artır. İnsanların ürək-damar xəstəliklərinə yaxalanmasını önləmək, ortaya çıxdıqda isə müalicə etmək əsas hədəf olmalıdır.

- Bəzi kardioloqlar hesab edirlər ki, insanın ürəyinə edə biləcəyi ən böyük yaxşılıq pəhrizə diqqət etməsidir. Onların fikrincə, qidalanmanı nizama salmaqla ölüm riskini 30-60 faiz azaltmaq olar. 

- Düzgün qidalanma, mütəmadi idmanla məşğul olmaq və tütün məmulatlarından uzaq durmaqla ürək-damar xəstəliklərinə tutulma ehtimalı 80 faiz azaldıla bilir. 2012-ci ildə Avropa Kardioloji Cəmiyyəti “Sağlam bir insanın ürək-damar xəstəliklərinə yaxalanmaması üçün nə etmək lazımdır?” deyə bir sıra tövsiyələr yayımladı.

Burada ilk növbədə tütün və tütün məmulatlarından qətiyyən istifadə olunmaması, gündə ən az 200 qram ( 2-3 porsiya) meyvə və 200 qram tərəvəz yeyilməsi məsləhət görülür. Çünki onların tərkibində olan kalium elementi damarların genişlənməsində və qan təzyiqinin tənzimlənməsində önəmli rola malikdir. Digər tərəfdən, meyvə və tərəvəzin tərkibindəki antitoksidant maddələr ürəyi qidalandıran damarların aterosklerozunu (xalq arasında “kirəclənməsini” ) önləyən maddələrdir. Bu maddələr insanın infarkt keçirilməsinin qarşısını önəmli ölçüdə alırlar.

Gündə ən az 30-45 qr lif qəbul etmək lazımdır. Bunlar (lifler) daha çox paxlalı bitkilərdə, meyvə və tərəvəzlərdə mövcuddur.

Həftədə ən azı 2 dəfə biri yağlı olmaqla 200-400 qram porsiyalarla balıq yemək qeyd edilir. Aşırı miqdarda duzdan istifadə etməmək də məsləhətdir – günlük limit 5 qramdır (bir balaca çay qaşığı qədər). Ən çox duz qaynağı turşular və konservləşdirilmiş qidalardır ki, bunlardan mümkün qədər uzaq durulması tövsiyə olunur.

Çoxlu doymamış yağ turşuları ilə zəngin olan yağlardan istifadə etmək lazımdır. Günəbaxan yağı, qarğıdalı, balıq və zeytun yağı, həmçinin qoz, fıstıq və fındığın içində olan yağlardan istifadə etmək məsləhət görülür. Tortların və digər şirniyyatların hazırlanmasında istifadə olunan yağlardan da uzaq durmaq lazımdır.

Mütəmadi idmanla məşğul olmaq məsləhət görülür. Sağlam bir insan həftənin 5-7 günü ən azı 30 dəqiqə müddətində ( həftədə 2.5-5 saat) aerobik idmanla məşğul olmalıdır. Sürətli şəkildə yürümə, qaçma, velosiped sürmə, üzgüçülük, avarçəkmə ürək-damar sisteminə ən yaxşı təsir edən aerobik idman növləridir. İnfarkt keçirən, şuntlama əməliyyatı ilə damarları dəyişən və ya stend taxılan hər bir insan həftənin ən azı 3 günü ən az yarım saat müddətində aerobik idmanla mütləq məşğul olmalıdır.

Həmçinin insanlar Avropa Kardioloji Cəmiyyətinin tövsiyələrinə əməl edərək öz çəkilərini nəzarət altında saxlamalıdır. Avropada yaşayan kişilərdə bel çevrəsi maksimum 94, qadınlarda isə 80 sm. olmalıdır.

Bütün bu tövsiyələrə riayət etməklə insanlar ürək-damar xəstəliklərinə tutulma ehtimallarını 80-90 faiz azaltmış olurlar.

Ani ölümlər

- Çox vaxt qəfil ölümləri də ürəklə bağlayırlar. 

- Ani ürək ölümü şikayətlər başladıqdan sonra bir saat içərisində insanın dünyasını dəyişməsi olaraq qəbul edilir. Nəfəs darlığı, ürək çırpıntısı və ya sinə ağrısı ortaya çıxdıqdan sonra bir saat içərisində həmin insan ölərsə, həmçinin analizlərin nəticəsi ölümün hər-hansı bir ürək xəstəliyinə bağlı olduğunu təsdiqləyərsə, bunlar ani ürək ölümləridir.

35 yaşdan yuxarı insanlardakı ani ölümlərin əsas ( 80 faiz) səbəbi ürək-damar xəstəlikləridir. 35 yaşdan aşağı ani ölümlərin əsas səbəbləri isə ürəyin anadangəlmə bəzi xəstəlikləridir. Bunlar arasında da ən önəmlisi ürək əzələsinin anadangəlmə qalınlaşması ilə xarakterizə olunan və “Hipertrofik Kardiyomiyopatiya” deyilən bir xəstəlikdir. Ani ölümlərə səbəb olan digər xəstəliklər ürək qapaq xəstəlikləri, ürək əzələsinin anadangəlmə və ya genetik xəstəlikləri, kanalopatiyalar, ürəyi qidalandıran tac arteriyalarının anadangəlmə anomaliyaları və s. dir. Bəzi ani ürək ölümlərinin səbəbi isə bilinmir.

- Son vaxtlar qadınlar arasında da infarkt halları çoxalıb. Hətta bu cür hallar ölümlə müşahidə olunur.

- Xəstəliyin şiddəti və ortaya çıxması riski baxımından cinslər arasında da müəyyən fərqlər var. Məsələn, siqaret çəkən qadınlar siqaret çəkən kişilərə nisbətən daha yüksək risk altındadır. Digər tərəfdən, ürək-damar xəstəlikləri qadınları daha çox öldürür. Ayrıca qadınlar təcili tibbi yardım bölgəsinə daha gec baş vururlar.

Tədqiqatlar da göstərir ki, ürək-damar xəstəliyi keçirən insanlar təcili-tibbi yardım vasitəsilə xəstəxanaya müraciət etdikdə, özləri könüllü surətdə xəstəxanaya müraciət edənlərdən daha tez ölürlər. Əslində təcili-tibbi yardımla xəstəxanaya çatdırılan insanlar daha yaşlı insanlardır və onların əlavə risk faktorları daha çoxdur. Bu baxımdan, onların ölüm riskləri daha yüksəkdir.

Ballon, stendləmə və ya şuntlama

- Müşahidələr göstərir ki, xəstəlik təkcə bizim ölkəmizdə deyil, bütün dünyada cavanlaşır… 

- Xəstəliyin erkən yaşda ortaya çıxmasının ən önəmli səbəblərindən biri tütündən istifadə etmənin daha erkən yaşlardan başlanılmasıdır ki, bu da erkən yaşda ürək-damar xəstəliyinə yaxalanma riskini artırır. Düzgün olmayan qidalanma və həyat tərzi də bunda rol oynayır. Bu gün diabet bütün dünyada geniş şəkildə yayılır. Diabeti olan bir insanda ürək-damar xəstəliyinə erkən yaşda yaxalanma ehtimalı daha yüksək olur. Həmçinin son zamanlarda inkişaf etmiş ölkələrdə yanlış qidalanma tərzinə bağlı olaraq piylənmənin də get-gedə çox erkən yaşlarda ortaya çıxması ürək-damar xəstəliklərinin daha da cavanlaşmasına səbəb olur.

- Tibb elmi gündən-günə inkişaf edir. Müasir metodlarla ürək-damar xəstəliklərinin qarşısını tamamilə almaq mümkündürmü? Və ya bir gün bu, mümkün olacaqmı? 

- Bir xəstəliyə yaxalanmaya qədərki və yaxalanandan sonrakı dövrlər var. Bir xəstənin xəstəliyə yaxalanmasını önləməklə əldə etdiyimiz fayda yaxalandıqdan sonra müalicə ilə əldə etdiyimiz faydadan daha yüksəkdir. Bir xəstəliyə yaxalanmağı önləmək ilk növbədə ondan qorunmaqdır. Bu, birincili qoruma adlanır. Bir həkim olaraq bizim ən önəmli məqsədimiz bir insanın malik olduğu risk faktorlarından asılı olmayaraq, ürək-damar xəstəliyinə yaxalanma ehtimalını azaltmaq və ya yaxalanmanı gecikdirməkdir. Yəni birincili qoruma bizim üçün önəmlidir.

Yuxarıda saydığım hər-hansı bir risk faktoru nəticəsində insan ürəyini qidalandıran tac (koronar) damarları tıxanır. Bu zaman ürəkdə işemiya, stenokardiya və ya infarkt yaranır. Ürəyin işemik xəstəliyinin müxtəlif müayinə və müalicə metodları vardır. Xəstəyə angioqrafiya edərək onun damar tıxanıqlığının olub-olmamasını ortaya çıxarırıq. Bundan sonra var olan damar tıxanıqlığı dərman müalicəsi ilə, ballonlama və ya stendləmə və ya cərrahi şuntlama yolu ilə müalicə etməyə qərar veririk.

Ürək döyüntüsünün sürətlənməsi və azalması

- Bu gün insanlar arasında aritmiya xəstəlikləri də geniş yayılıb.

- Bir aritmoloq kimi çalışdığım xəstəxanaya mütəmadi olaraq aritmik xəstələr müraciət edir. Belə xəstələr kifayət qədər çoxdur. Yaş artdıqca aritmiyaların sıxlığı artır. 3 yaşında bir uşaq da, 80 yaşında bir qoca da aritmiyadan şikayətlənə bilər. Aritmiyaların bir sıra çeşidli səbəbləri var. Onların bir qismi ürək-damar xəstəlikləri ilə bağlıdırsa, bir qismi anadangəlmə ürək-əzələ xəstəlikləri ilə bağlıdır. Həmçinin ürək-qapaq xəstəlikləri ilə bağlı ortaya çıxa bilər.

Hər hansı bir səbəbdən ortaya çıxan ürək çatışmazlığı da aritmiyaya səbəb ola bilər. Bəzi aritmiyaların səbəbləri isə müəyyən edilmir. Ürək döyüntüsünün sürətlənməsi ilə (taxikardiya) və ürək döyüntüsünün azalması ilə – bradikardiya ilə müşahidə olunan aritmiyalar vardır. Bradiaritmiyalarda əsas müalicə metodumuz xəstələrə kardiostimulyatorlar tətbiq etməkdir.

İlk növbədə bu xəstəliyi yaradan səbəbi müalicə etmək mümkündürsə, biz onu aradan qaldırırıq. Əgər o səbəb yoxdursa və ya ortadan qaldırılandan sonra hələ də bradoaritmiyalar davam edirsə – baş dönmə, bayılma, halsızlıq, yorğunluq kimi şikayətlər yaranırsa, biz ilk növbədə həmin xəstələrə kardiostimulyatorlar taxırıq. Taxiaritmiyaların müalicəsi üçün də müxtəlif metodlarımız var. İlk növbədə bütün xəstələri dərmanla müalicə edirik.

Daha sonra elektrofizioloji – yandırma və ya dondurma üsulu tətbiq edirik. Ürək xəstəlikləri ortaya çıxdıqdan sonra aritmiyaların sıxlığı artır. Həmçinin ürək əzələsi ilə bağlı bəzi aritmiyalar ortaya çıxa bilər. Anadangəlmə və sonradan qazanılmış aritmiyalar ola bilir. Aritmiyalarda ölüm halları da olur. Həyat üçün təhlükəli olub-olmamasından asılı olaraq təcili müdaxilə edilməsi gərəkən aritmiyalar var.

Bəzi aritmiyaları poliklinika şəraitində də müalicə etmək olur. Bəziləri isə xəstəxanada yatmaqla müalicə olunurlar. Bu, aritmiyanın tipindən asılıdır.

Alın yazısı, yoxsa cəhd?

- Hazırda hansı ölkələr ürək-damar xəstəliklərinin müalicə və əməliyyatları ilə bağlı öndə gedir?

17641Hazırda bu müalicələrlə bağlı ən böyük nailiyyətlər ABŞ və Avropa ölkələrində qazanılıb. Həmçinin müayinə və müalicə baxımından Türkiyə də bir Avropa ölkəsi kimi bu gün öndədir.

- Bu gün azərbaycanlı gənclər də bir sıra xarici ölkələrdə, o cümlədən Türkiyədə tibb təhsili alırlar. Yəqin ki, bir gün onların ölkəmizə gətirdiyi tibbi yeniliklər xəstələrimizin müalicə və müayinə üçün xaricə üz tutmalarının qarşısını alacaq?

- Bu gün xarici ölkələrdə təhsil alan və çalışan bir sıra tələbələr və həkimlərimiz var. Hazırda Azərbaycanda da yetərincə peşəkar ürək-damar cərrahları və kardioloqlar çalışır. Düşünürəm ki, ölkə xaricində təhsil alan və fəaliyyət göstərən hər bir kardioloq və ya ürək-damar cərrahımızın Azərbaycana dönüb bu millət üçün müəyyən işlər görmək zamanı çatıb. Mən də nə zamansa Azərbaycana dönməyi düşünürəm və bu fikrimdə ciddiyəm.

- Məşhur Amerika kardioloqu Robert Eliot uzun tədqiqatlardan sonra ürəyi qorumağın iki qızıl qaydasını müəyyənləşdirib: “Əhəmiyyətsız şeylərə görə kədərlənməyin” və “Hər şey mənasızdır” deyib keçin. Belə yaşamaq mümkündürmü? 

- Hal-hazırkı dünyada bu cür qaydalarla yaşamaq çətindir. Ancaq bir çox insanın qəbul etdiyi və şəxsən mənim fikrində olduğum qayda budur: düzgün qidalanma tərzini seçməklə, mütəmadi olaraq idmanla məşğul olmaqla və tütün məmulatlarından uzaq durmaqla 80 faiz ehtimalla ürək-damar xəstəliyindən qorunacaqsınız. Qoruyucu həkimlik hal-hazırda müalicəedici həkimlik qədər önəmlidir.

- Bəzən deyirlər ki, insanların nə qədər və necə yaşaması onların öz əlindədir. Bəs alın yazısı? 

- Alın yazısı qaçılmazdır. Allah deyir ki, hər kəsin alın yazısını onun cəhdinə görə yazdıq. Siz oturacaqsınız, yaşam tərzinizi düzəltməyəcəksiniz, xəstəliyə tutulacaqsınız və buna “alın yazısı” deyəcəksiniz – mən bununla razı deyiləm.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın