İCRA BAŞÇILARININ “QARA GÜNLƏRİ”

832

Prezident hədələrin ardınca hərəkətə keçdi
“Balaca padşahlar”ın “qara xəbərləri” yayılır; narazılıqların daha çox olduğu rayonların rəhbərləri vəzifələrini itirir; növbədə kimlər var..

Prezident İlham Əliyevin fevralın 12-də keçirilmiş müşavirədə xalqı hakimiyyətdən narazı salan məmurların və onların harınlıq edən övladlarının ünvanına kəskin çıxışının ardınca rayon icra hakimiyyəti (RİH) başçıları bir-birinin ardınca işdən qovulur. Xəbər verildiyi kimi, prezident əvvəlcə kütləvi xalq etirazlarının baş verdiyi İsmayıllı RİH-in başçısı, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərovu fevralın 14-də işdən azad etdi.

Dünən isə əvvəlcə Şamaxı, ardınca Lerik, Neftçala və İmişlinin başçılarının vəzifələrini itirdiyi xəbəri yayılıb. Sosial narazılıqların ən çox yayıldığı rayonlardan olan Şamaxının başçısı Asif Məmmədovun işdən azad olunduğu haqda məlumatlar hələ dünən səhər yayılıb. Fevralın 15-də günün ikinci yarısında prezidentin bu barədə fərmanı president.az saytında yerləşdirilib, dövlət başçısı digər fərmanla Asif Əzizağa oğlu Ağayevi Şamaxıya başçısı təyin edib. Onun ARDNŞ-də şöbə müdiri vəzifəsində işlədiyi bildirilir. Sabiq başçı Asif Məmmədov isə “Hacı İqbal” kimi tanınan deputat İqbal Məmmədovun qardaşıdır.
Rövnəq AbdullayevMətbuat Məmmədov qardaşları və onların biznesi haqda dəfələrlə yazıb. Lerikdən deputat olan İ.Məmmədov ötən seçkilərdə iki dəfə deputatlığa namizəd olub, lakin seçilməyib. Nəhayət, 2010 seçkilərində parlamentə keçə bilib. Xəbərə görə, İ.Məmmədov buna ARDNŞ prezidenti Rövnəq Abdullayevin, yaxud Abdullayevin özünün də daxil olduğu, general Bəylər Əyyubovun başçılıq etdiyi daha güclü qruplaşmanın himayəsi sayəsində nail olub. Deputatın iki qardaşı ilə birgə bir çox rayonları əhatə edən böyük biznes imperiyasının olduğu məlumdur. Mətbuatda da yazıldığı kimi, “Kaspi-Yıldız” firması, Lerikdəki “Relax” istirahət mərkəzi İ.Məmmədova məxsusdur.
İ.Məmmədovun digər qardaşı, onun biznes imperiyasını idarə edən Çingiz Məmmədovun adı isə evindən 12 milyon manatlıq qızıl oğurlanması hadisəsi ilə gündəmə gəlib. Şamaxının icra başçısı olan A.Məmmədov isə bu vəzifəyə 2011-ci ilin aprelində təyin edilib. Bəylər ƏyyubovVaxtilə o, “Kaspi-Yıldız” MMC-də baş direktor işləmişdi. O, başçı təyin ediləndən sonra Şamaxının mərkəzində sahibkarların qanuni sənədləri olan xeyli obyektini sökdürüb, sahibkarlar ondan Prezident Administrasiyasına çoxsaylı şikayətlər edib. A. Məmmədovun fəaliyyəti barədə narazılıqlara onun Şamaxının mərkəzindən keçən yol boyu milyonlarla manatı havaya sovuraraq hündür hasarlar çəkməsi, kanalizasiya çəkmək adı altında milyonlarla manatın mənimsənilməsi, əslində heç bir iş görməməsi, nəticədə yağış sularının küçələri basması ilə bağlı məlumatlar daxil idi. Beləliklə, A.Məmmədov bütün kateqoriyalar üzrə prezidentin sərt çıxışının təsiri altına düşürdü.

***

Dünən günün ikinci yarısında sosial şəbəkələrdə və internet saytlarında İmişlinin icra başçısı Vilyam Hacıyevin, Lerikin başçısı Rövşən Bağırov və Neftçalanın başçısı İsmayıl Vəliyevin də işdən qovulduğu haqda xəbərlər yayılıb. İsmayıl Vəliyev elitar.az saytının bu barədə sorğusuna cavabında məlumatı təkzib etməyib. Deyib ki, bu məsələ prezidentin səlahiyyətindədir və o, təyin etdiyi kimi istədiyi adamları da vəzifədən azad edə bilər.
Jurnalistlər Lerik RİH-lə əlaqə saxlayıb. Oradan bildiriblər ki, başçı R.Bağırov hansısa məsələyə görə Bakıya çağırılıbmış, az öncə rayona qayıdıb: “Hazırda rayondadır, biz də bu qədər bilirik”.
İmişli RİH-dən isə Modern.az-ın sorğusuna verilən cavabda xəbərin dəqiqləşməsi üçün tələsməməyi, bir az gözləməyi məsləhət görüblər. Günün sonuna qədər president.az saytında onların işdən azad olunması barədə fərman yerləşdirilməmişdi, ancaq reaksiyalardan görünürdü ki, hər halda bu uç başçının da başı üstünü qara buludlar alıb.

***

Elmar VəliyevGün ərzində saytlarda yer alan digər məlumatda isə deyilirdi ki, narazılıqların sürətlə artdığı ölkənin ikinci ən iri şəhəri Gəncənin icra başçısı Elmar Vəliyevin də vəzifədən azad olunması barədə qərar artıq verilib və o, yaxın günlərdə işdən azad olunacaq. 12 fevral müşavirəsində prezidentin E.Vəliyevi çox sərt tənqid etdiyi, nəticədə onun vəziyyətinin pisləşdiyi və huşunu itirərək yıxıldığı haqda mətbuat artıq yazıb. Vəliyevin həmin gün Mərkəzi Klinik Xəstəxanaya (MKX) aparıldığı da məlumdur. O gün MKX-da xəstə yaxınları ilə tibb bacısı arasında insident baş verib. Belə ki, yüksək vəzifəli məmur xəstəxanaya gətirilib və yanında olan oğlu təcili surətdə atasına yardım göstərilməsini tələb edib: “Həkimlərin ilkin müdaxiləsindən sonra xəstənin vəziyyətinin stabilləşməsi üçün ona inyeksiya edilməsi tibb bacısına tapşırılıb. Ancaq tibb bacısının ləng hərəkət etdiyini görən məmur oğlu qadını döyməyə başlayıb. Tibb bacısı huşunu itirib. Sən demə, o, hamilə imiş və aldığı zərbələrdən hamiləliyi pozulub. Lakin hadisə gözlədilib və tibb bacısından şikayətçi olmaması tələb edilib”.
Tibb bacısını döyən şəxs məhz həmin gün halı pisləşərək xəstəxanaya aparılan E.Vəliyevin oğlu ola bilər.
E.Vəliyevin prezidentin harın məmur uşaqlarına qarşı sərt çıxışının ardınca huşunu itirib yıxılmasını mətbuat onunla izah edir ki, Gəncənin başçısı bu hədələri xeyli ölçüdə öz üzərinə götürüb. Belə ki, təsadüfən həmin ərəfədə E.Vəliyev övladına dəbdəbəli toy edibmiş. Digər oğlunun toyu isə dünənə – fevralın 15-nə Bakıdakı “Buta Palace”a təyin olunmuşdu. Bu toya 2 mindən artıq qonağın dəvət edildiyi, kürd əsilli türkiyəli müğənni Mahsun Qırmızıgülün, digər məşhur ulduzların çağırıldığı bildirilir.
Məlum olub ki, övladlarına dəbdəbəli toy edib onlara bahalı hədiyyələr yağdıran məmurları prezidentin hədələməsindən sonra Vəliyevlər əvvəlcə toyu ümumiyyətlə ertələməyi düşünüb. Lakin sonra belə qərara gəlinib ki, dəvətnamələr paylandığı üçün toyu təxirə salmaq düzgün olmazdı. Mənbə bildirir ki, toy təxirə düşməsə də onun daha sadə keçməsi üçün “proqrama düzəlişlər ediləcəyi” gözlənilir.
Dünən saat 18-də həmin mənbədən məlumat aldıq ki, toy artıq başlayır və bir-birinin ardınca VİP qonaqların, nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin kortejləri “Buta Palace”ə yan alır.
E.Vəliyevin oğluna gəlincə isə, artıq mətbuat onun necə dəbdəbəli həyat tərzi keçirdiyi haqda yazıb. Başçının oğlu 90 AA 700 nömrəli “Mersedes Galonwagon”da gəzir, atası hələ Yevlax RİH başçısı olarkən yerli polisin idmançı cüssəli 3 əməkdaşını mühafizəçi qismində ona xidmətə ayırıb. Başçı oğlu Bakıdan Gəncəyə gedib-qayıdanda yol boyu onu “700″ seriyalı maşınlar müşayiət edir.
İnternetdə aparılan araşdırmalardan isə məlum olur ki, E.Vəliyevin Seymur adlı oğlu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində (rəhbəri Əli Hüseynlidir) hüquqşünas-ekspert işləyir. Əslində onun adı bu işdə gedir, özü isə ayda bir-iki dəfə işə gəlir. Özü də hər dəfə ən son model yeni maşında. Onun sonuncu dəfə parlamentin qarşısında yarım milyon dollarlıq “Bentley” avtomobilində göründüyü bildirilirdi. Məsələ o yerə çatmışdı ki, Ə.Hüseynli komitə işçilərinin işə gəlməməsi ilə bağlı parlament rəhbərliyinə şikayət edib. Spiker Oqtay Əsədov isə aralarında S.Vəliyev də olmaqla bir neçə işçiyə müntəzəm şəkildə işə gəlmədiklərinə görə töhmət verib.
E.Vəliyev isə hələ Yevlaxın başçısı olarkən barəsində ən çox şikayət edilən məmurlardan biri kimi həmişə gündəmdə olurdu.
E.Vəliyevin də işdən azad olunması məsələsi öz həllini tapıb və yaxın günlərdə onun işdən azad ediləcəyi gözlənilir. E.Vəliyevin hakimiyyətdəki ən güclü qruplaşmalardan birinin (general Əyyubov) üzvü olması nəzərə alınsa, onun işdən azad edilməsi artıq prezidentin ölkədə radikal kadr dəyişikliklərinə, xalqı hakimiyyətə qarşı qaldıran məmurlardan yaxa qurtarmağa qərar verməsi kimi dəyərləndirilə bilər./xalqxeber.az/

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər