Menu
Geri İrəli

“Əli ətəyindən uzun” geri qayıdanlar

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Avqust 2013 • Baxış sayı: 253 dəfə • Şərh yoxdur

Gözlənilən oldu və bir müddət öncə ötən mövsümün qış fasiləsindən etibarən Ruminiyanın “Petrolul” klubuna yollanan Elhad Nəzirinin “Rəvan” ilə anlaşmasından sonra yenidən Azərbaycan Premyer-liqasında top qovacağı dəqiqləşdi. Əslində, millimizin üzvü açıqlamalarında Azərbaycana qayıtmayacağını bildirmişdi  və belədə onun mövsümün əvvəlində vətənə qayıtması bir qədər gözlənilməz oldu. Çağdaş azərbaycanlı futbol nəslindən kiminsə ölkə xaricində uğurlu karyera quracağına inamımız Elhadın gözlənilməz dönüşündən sonra tükəndi. İş o yerə çatıb ki, ən nikbin azarkeş belə nə vaxtsa hansısa futbolçumuzun yenidən ölkə sərhədlərini adlayacağına, hansısa əcnəbi klubun heyətində Azərbaycan futbolunu təmsil edəcəyinə inanmaq üçün əsas tapmır. Düzdür, qış fasiləsində milli komandamızın üzvlərindən Ruslan Abışovun “Rubin”ə, Arif İsayevin isə “Dənizlispor”a yollanması, eləcə də yeni mövsümdən Andrey Popoviçin “Tavşanlı Linyitspor”da, Saşa Yunusoğlunun “Dənizlispor”da, Davud Kəriminin “Fethiyespor”da, Branimir Subaşiçin “Orduspor”da, Fərid Quliyevin isə “Kahramanmaraşspor”da çıxış edəcəyinin rəsmiləşməsi üzümüzü güldürdü. Amma bu amil belə legionerlərimizlə bağlı xoşagəlməz mənzərəni dəyişməyə kifayət etmir. Maraqlıdır ki, son zamanlarda  legioner həyatı yaşamış futbolçularımız heç orta səviyyəli futbol ölkələrinin orta səviyyəli klubunda belə duruş gətirə bilmir. Elə  ötən mövsüm “Dənizlispor”da çıxış edən Rail Məlikovun “Qəbələ”yə, Latviyanın “Metallurq” komandasının forvardı Vüqar Əsgərovun “Sumqayıt”a, Türkiyə aşağı liqasının təmsilçisi  “Adana Dəmirspor”un üzvü Cavid Hüseynovun isə bu ilin yanvarında “Bakı”ya dönüşü dediklərimizin təsdiqi sayıla bilər. İş o yerə çatıb ki, indi xaricdə top qovan legionerlərimizin sayı təxminən, bir əlin barmaqlarının sayı qədərdir.

Hər halda, ölkə səviyyəsində ulduz sayılan Rəşad Sadıqov, Vaqif Cavadov, Mahir Şükürov kimi oyunçular ölkə xaricindən “əli ətəyindən uzun” qayıdandan sonra başqalarından bundan artığını gözləməyə dəyməz. Son illərdə ölkəmizi tərk edən fuitbolçulardan olan və Türkiyədə müxtəlif vaxtlarda “Kayserispor”, “Kocelispor” və “Eskişehirspor”da forma geyən Rəşad Sadıqovun konkret heyətə düşə bilmədiyindən geri döndüyü heç kəsə sirr deyil. 2004-cü ildə İngiltərə yığmasıyla Bakıdakı oyunda yığmamızın o vaxtkı çalışdırıcısı Karlos Alberto Torres Rəşad Sadıqova kapitan sarğısını həvalə edəndə və bu amil UEFA-nın rəsmi saytında Rəşaddan bəhs edən yazı fonunda öz əksini tapanda kapitanın daha uğurlu karyera quracağına inamımız xeyli artmışdı. Amma azarkeşlərin Sadıqovla bağlı ümidlərinin çox az hissəsi özünü doğrultdu.

Elə Vaqif Cavadovun taleyi də hardasa millidəki komanda yoldaşı ilə eynidir. Son illərdə iki dəfə əcnəbi kluba- sırası ilə Hollandiyanın “Tvente” və Rusiyanın “Volqa” komandalarına yollanan Cavadovun geri dönüşü də təxminən eyni ssenari ilə reallaşmışdı. Yadınızdadırsa, UEFA Avro Liqanın təsnifat mərhələsində “Qarabağ”la uğurlu çıxış edən Cavadov ağdamlılara rəqib olan “Tvente”nin baş məşqçisi S.Maklarenin də diqqətini cəlb edə bilmişdi. Sürəti və çevikliyi ilə diqqəti çəkən millinin üzvünü böyük ajeotaj və fərəh hissi ilə “Tvente”yə yola salanda heç kəs işlərin bu həddə çatacağını gözləmirdi. Vaqif Cavadovun “Tvente”yə yollanması nə qədər səs-küylü olmuşdusa, vingerin geri dönüşü o qədər də sükutla və gizlinlərlə müşayiət olundu. Bəlkə də Cavadov “Bakı”nın heyətində peyda olanda Mişel Prüdomun qarasınca deyinir, həmyərlimizin Hollandiyada haqsızlığa məruz qaldığını iddia edirdik. Amma Azərbaycan futbolunun son illərdə yetişdirdiyi ən istedadlı futbolçularından biri “Bakı”da belə əsas heyətə düşməyə çətinlik çəkincə, əsl həqiqəti qəbul etməyə məcbur olduq. Azərbaycan çempionatında da istədiyini tapa bilməyən futbolçu bu dəfə  Rusiyaya üz tutdu və şimal qonşumuzun yüksək dəstəsində mübarizə aparan “Volqa”ya keçdi. Amma onun buradakı legioner həyatı da digərindən ciddi şəkildə fərqlənmədi. Belədə, hücumçunun növbəti dayanacağının ölkə klublarından biri olması qaçılmaz idi.

Təbii ki, bizim futbolçularımız ölkə daxilində olduqca yüksək məvacib aldıqdan və əsas heyətdə yerini təmin etdikdən sonra özünü qətiyyən əziyyətə salmaq istəmir. Aydın məsələdir ki, futbolçularımız xarici klublarda ehtiyatda qalmaqla yanaşı, qazancının az olmasından da çəkinir. Ehtiyatda qalmaq demişkən, vaxtilə yığmanın özəyini təşkil edən legonerlərimiz milli komandamızda nə qədər xoş təsir bağışlasa da, oyun praktikasının yoxluğu özünü göstərirdi. Bundan belə nəticə çıxartmaq olar ki, futbolçularımızın xüsusən də milli komandamızın üzvlərinin daim əsas heyətə düşə biləcəyi klublarda, dolayısıyla da, Azərbaycan Premyer-liqasında top qovması daha məqsədə uyğundur, nəinki hər hansı bir xarici ölkənin aşağı dəstə komandasının ehtiyat oyunçular skamyasının daimi «sakini»nə çevrilməsi. Digər tərəfdən ölkə futbolunun aparıcı simalarının daxili birincilikdə forma geyməsi çempionatın səviyyəsinə də təsirsiz ötüşmür. Amma o da həqiqətdir ki, bəzi futbolçularımız sırf məcburiyyətdən ölkə çempioanatında top qovur. Etiraf etməliyik ki, futbolumuzun keyfiyyəti aşağı olan məhsullarına bahalı Avropa bazarında yer yoxdu. Hər halda, ayağımızı yorğanımıza görə uzatmalıyıq. İstənilən halda, yorğanı kəsib ayağımıza uyğunlaşdırmaq gülünc iddiadan savayı bir şey olmazdı.

Tural Məmmədov

“Azvision.az”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın