Menu
Geri İrəli

AFFA-ya təklif: klub yığması legioner yığması ilə qarşılaşsın

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Avqust 2013 • Baxış sayı: 234 dəfə • Şərh yoxdur

Azərbaycan yığmasının bir gün sonrakı Malta qarşılaşmasına maraq o qədər də çox deyil. Bunu müxtəlif vaxtlarda epizodik uğurlar qazanaraq futbolsevərləri stadionlara çəkə bilən millimizin son oyunlardakı uğursuzluğu ilə də, yerli azarkeşlərin düşüncəsinin “Berti Foqts yığmadan gedəcəkmi” sualı ilə məşğul olması ilə də əlaqələndirmək olar.

Elə Ağdamın “Qarabağ” komandasının Avroliqada uğurlu çıxış etməsi də diqqətin millidən çox klub komandasına yönəlməsini şərtləndirib. Amma istənilən halda, reallıq budur ki, yerli futbol ictimaiyyətini iki gün sonrakı matça hazırlaya bilmək üçün yeni konsepsiya ortaya qoya bilməmişik.

Gələn ay Dünya çempionatının seçmə mərhələsində İsrail yığması ilə qarşılaşacaq Berti Foqtsun “drujinası”nın oyun praktikası qazanması baxımından millimizin yoldaşlıq matçında qüvvəsini sınaması labüddür. Amma bununla belə, azarkeşlərin də marağını nəzərə almaq lazımdır. Hər halda, həm yığmanın, həm də azarkeşlərin mənafeyini nəzərə alaraq ən azı gələcək dövrlər üçün alternativ variantlar üzərundə düşünmək olar.

Məsələn, sambalına görə yoldaşlıq görüşündən heç də geri qalmayacaq şou-matç təşkil etmək olar. Hətta uğurlu marketinq siyasəti nəticəsində şou-matça sponsor da tapmaq mümkündür. Əgər istər ölkəmizdə, istərsə də dünyada veteranların qarşılaşmasına xeyli pul xərclənirsə, deməli, böyük azarkeş kütləsi toplamaq gücündə olan milli oyuna da vəsait qoyulması mümkündür. Nə də olsa, indidən Azərbaycan millisinin iştirakı ilə keçiriləcək şou-matçda ajiotajın necə olacağı asan proqnoza gəlir.

Bəs görəsən, milli komandamızın iştirakı ilə təşkil olunacaq şou-matçı keçirmək üçün hansı variantlardan istifadə etmək olar? Bu mənada ilk ağıla gələn variant ölkə çempionatında top qovan yığma üzüvlərindən ibarət milli komanda ilə ölkə hüdudlarından kənarda çıxış edən azərbaycanlı legionerlərin qarşılaşmasını təşkil etməkdir. Davam etməkdə olan transfer dönəmində legioner həyatı yaşayan milli üzvlərinin sayının xeyli artması legionerlərdən ibarət komanda qurmağa imkan verir. Hələ legionerlərdən ibarət yığmaya əcnəbi klublarda çıxış edən gənclərdən ibarət yığma üzvlərini də cəlb etməklə ehtiyat qüvvəsi olan komanda da qurmaq olar.

Şou-matçın əsas məqsədlərindən biri Azərbaycan millisinin üzvlərinin oyun prkatikası qazanması olduğundan yerli klublarda forma geyən milli üzvlərinin hamısını bir yerə toplamaq lazımdır. Amma bu tip qarşılaşmanı FİFA-nın milli komandalar üçün ayırdığı gündə təşkil etmək mütləqdir. Belədə həm elita təmsilçilərinin hazırlıq planına mane olmamaq, həm də ölkə xaricində top qovan legionerlərin qarşılaşmaya məxsus olduğu klubda problem yaşamadan qatılmasına nail olmaq mümkündür.

Əgər Topaz premyer-liqasında çıxış edən yığma üzvləri ilə legionerlərimizdən ibarət komandanın qarşılaşması baş tutsa, tərəflərin hansı heyətlə mübarizə aparacağı da maraq doğuranan məqamlardan olardı. Hər halda, şou matç üçün yığmalara cəlb olunacaq oyunçuların siyahısını da tərtib etmək mümkündür. Şübhəsiz ki, bu məsələdə fikirlər haçalana bilər, amma bununla belə, biz öz versiyamızı təqdim edirik.

Klub yığması:

Qapıçılar: Kamran Ağayev (“Bakı”), Səlahət Ağayev (“İnter”)
Müdafiəçilər: Rəşad Sadıqov (“Qarabağ”), Rasim Ramaldanov (“İnter”), Vlodimir Levin (“Qəbələ”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Mahir Şükürov (“Neftçi”), Maksim Medvedev (“Qarabağ”), Aqil Nəbiyev (“Bakı”)
Yarımmüdafiəçilər: Rəşad Sadiqov (“Neftçi”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Qara Qarayev (“Qarabağ”), Əfran İsmayılov (“Bakı”), Vüqar Nadirov (“Qarabağ”), Araz Abdullayev (“Neftçi”), Cavid Hüseynov (“Bakı”), Cavid İmamverdiyev (“Neftçi”), Elvin Məmmədov (“Bakı”)
Hücumçular: Rauf Əliyev (“Bakı”), Vüqar Əsgərov (“Sumqayıt”) Vaqif Cavadov (“İnter”), Pərdis Fərcad- Azad (“Sumqayıt”)

Legionerlər yığması:

Qapıçılar: Andrey Popoviç (“Tavşanlı Linyitspor”, Türkiyə), Davud Kərimi (“Fethiyespor”, Türkiyə)
Müdafiəçilər: Ruslan Abışov (“Rubin”, Rusiya), Saşa Yunusoğlu (“Dənizlispor”, Türkiyə), Elhad Nəziri (“Petrolul”, Ruminiya), Ufuk Budak (“Eskişehirspor”, Türkiyə), Səbuhi Həsənov (“SK Zarya”, Ukrayna), Usim Nduka (“Tavşanlı Linyitspor”)
Yarımmüdafiə: Arif İsayev (“Dənizlispor”, Türkiyə), Ali Gökdemir (“Hannover-96”, Almaniya), Romal Hüseynov (Bucaspor), Taşkın İlter (“Ayntraxt Braunşveyq”, Almaniya), Tumur Təməltaş (“Altınordu”, Türkiyə)
Hücumçular: Branimir Subaşiç (“Orduspor”, Türkiyə), Rüfət Dadaşov (“Kayzersulatern”, Almaniya), Cihan Özkara (“Sivasspor”, Türkiyə), Fərid Quliyev (“Kahramanmaraşspor”, Türkiyə), Fatih Şanlı (“Yimpaş Yozqatspor”, Türkiyə)

Tural Məmmədov

“Azvision.az” 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın