Menu
Geri İrəli

AFFA-ya təklif: Süleymanovla anlaşın

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2014 • Baxış sayı: 337 dəfə • Şərh yoxdur

Ötən həftə Xorvatiya ilə səfər qarşılaşmasında 6 cavabsız qol buraxmaqla səviyyəsini ortaya qoyan futbol üzrə milli komandamızın qrupda üçünclüklə bağlı illüziyaları seçmə mərhələnin elə ilk üç turunda dağıldı. İndi yerli futbol ictimaiyyətinin düşüncəsini milli komandamızın baş məşqçisi postunu kim tutacaq sualı məşğul etməkdədir. Berti Foqtsun gedişindən sonra başda Quraban Qurbanov olmaqla bir çox yerli və xarici mütəxəssisin adı yığma ilə birgə çəkilir. Bəs görəsən, Mahmud Qurbanovun müvəqqəti təyinat aldığı məlum posta hansı mütəxəssisin gətirilməsi daha real görünür?article_1335007216

İctimai rəy “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun tərəfindədir. Əslində, 42 yaşlı çalışdırcının son illərdə qazandığı uğurlar onu milli üçün əsas namizəd olaraq önə çıxarır. Ən əsası da vaxtilə AFFA prezidenti Rövnəq Abdullayev “o hələ cavandır” deməklə Qurbanovun milliyə yolunu bağlamışdısa, bu dəfə vəziyyət nisbətən fərqlidir. Amma Qurbanovun indiki halda milliyə gəlməsi ağlabatan deyil. Ən azı ona görə ki, “Qarabağ”ın baş məşqçisi yığma komandada nüfuzunu itirəcəyini anlayır. Reallıq Qurbanovun əsas yığmada uğur qazanmaq şansının az olduğunu göstərir. Belədə “Qarabağ”ın baş məşqçisinin uğurlu klub karyerasının üstündən xətt çəkməsi və milli variantına qol qoyması az inandırıcıdır.
Milli komandamıza namizəd ola biləcək yerli çalışdırıcılardan biri isə “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevdir. Düzdür, əksər yerli mütəxəssislər kimi Hacıyevi də milliyə layiq görməyənlər yox deyil. Son bir neçə ildə  mütəxəssisin “Neftçi”dəki məlum uğurlarını legioner futbolçuların hesabına qazandığını düşünənlər millidəki yerli oyunçularla uğur qazanmağı eyforiyaya qapılmaq sayır. Hər halda, Hacıyevin cari mövsümündə flaqmanda yaşadığı uğursuzluqdan sonra istefaya göndərilməsini və vaxtilə çalışdırdığı “Standard”ın aşağı dəstəyə yuvarlanmasını yada salanda bu qənaətə gələn futbol ictimaiyyətinin nümayəndələrini qərəzli mövqe tutmaqda qınamaq olmur. Digər tərəfdən, Hacıyevin “məni istəməyən qüvvələr çoxdur. Odur ki, məni milli komandaya dəvət etməzlər” şəklindəki açıqlaması AFFA-nın ona etimad göstərmək ehtimalının az olduğunu düşünməyə əsas verir.
Yuxarıda da qeyd etdiyimiz kimi, ictimai rəy əcnəbi məşqçi amilini qəbul etmir. Bu səbəbdən AFFA-nın adı milli komanda ilə birgə anılan Kaxaber Tsxadadze, Georgi Hacı, Xristo Stoiçkov, Şota Arveladze, Şenol Günəş, Kristof  Daum və s. mütəxəssislərlə anlaşması inandırıcı görünmür. Bəs görəsən, indiki halda millini kimə tapşırmaq daha yaxşı olardı?
Digər variantları gözdən keçirdikdən sonra yığma komandamızın baş məşqçisi postunu tutmağa ən uyğun namizəd kimi Nazim Süleymanov görünür. Ən əsası ona görə ki, Süleymanovun artıq milli təcrübəsi var. Vaxtilə əsas milli komandamızda Berti Foqtsun köməkçisi və hərbçilərin dünya çempionatında Azərbaycan millisinin baş məşqçisi olan 49 yaşlı mütəxəsis üçün bu amil böyük üstünlük sayılır.
Digər tərəfdən, Süleymanovun  pərdəarxası oyunlara meylli olmaması da onun yığmaya yolunu aça bilər. Üstəlik, idman ictimaiyyəti də bu dəyişikliyi həzm etmək iqtidarındadır. Hər halda, sanballı futbolçu keçmişi olan və  olduqca müsbət imicli kadr olan Nazim Süleymanovun seçmə komandaya təyinat almasına etiraz edənlərin sırası o qədər də geniş olmaz.
Hər nə qədər “Neftçi”dəki fəaliyyəti qısamüddətli olsa da, buna qədər çalışdığı AZAL-dakı işi millinin sabiq kapitanının üstündən xətt çəkməyə imkan vermir. Ancaq təbii ki, işin başqa tərəfi də var. Əgər Süleymanov millinin baş məşqçisi vəzifəsinə gətirilərsə, ona vaxt verilməli, komandaya oyun fəlsəfəsini aşılamaq üçün müvafiq şərait yaradılmalı, tələbləri yerinə yetirilməlidir. Əks halda, milli komandamızın oyun səviyyəsi Foqts dönəmindəkidən fərqlənməyəcək.
Tural Məmmədov
Facebook Şərhləndirmə:

Şərhinizi yazın