Menu
Geri İrəli

Avrokuboklardakı rəqiblərimizi tanıyaq:

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2014 • Baxış sayı: 302 dəfə • Şərh yoxdur

Köhnə tanışlar və yada düşər xatirələr

Məlum olduğu kimi, ötən həftənin bazar ertəsi Çempionlar Liqasının və, Avropaliqanın ilk iki mərhələsinin püşkatma mərasimi keçirildi. Püşkatmanın ardından ölkəmizi Çempionlar Liqasında təmsil edəcək ”Qarabağ”və Avropa Liqasındakı təmsilçimiz “Neftçi”nin ikinci, avrokuboklardakı digər komandalarımızın isə ilk təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi. Xatırladaq ki, püşkün nəticəsinə əsasən ölkə çempionu “Qarabağ” Maltanın “Valletta”, vitse-çempion “İnter”in Moldovanın  “Tiraspol”, Premyer-Liqanın bürünc mükafatçısı “Qəbələ” Bosniya və Hersoqovinanın “Şiroki Briyeq”, ölkə kubokunun qalibi “Neftçi” ikinci təsnifat mərhələsində”Koper” (Sloveniya) – “Çelik” (Monteneqro) cütünün qalibi ilə  qarşılaşacaq. Artıq Avropa Liqasının ilk mərhələsinin oyunlarının ərəfəsindəyik. Belə ki, artıq sabah “Qəbələ” doğma meydanda, “İnter” isə Moldovada meydana çıxacaq. Indi isə gəlin, qitəmiqyaslı yarışlarda ölkəmizi təmsil edəcək klublarımızın rəqiblərini daha yaxından tanıyaq. Hər halda, rəqib düşərgəsinə boylanmaqla sözügedən komandaları ayrı- ayrılıqda dəyərləndirmək maraqlı olar. Hələlik “Neftçi”nin rəqibinin Sloveniya, yoxsa Çernoqoriya komandası olacağı bilinmədiyindən digər üç klubumuzun rəqiblərinə nəzər salacağıq.

Birləşmiş komanda

Ölkəmizi ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edən Ağdamın “Qarabağ” komandasının ikinci təsnifat mərhələsindəki rəqibi olan Maltanın  “Valletta” komandası 1943-cü ildə “Valletta Prestons”, “Valletta Sent-Pauls” və II dünya müharibəsindən əvvəl 2 dəfə ölkə çempionu olmuş “Valletta Yunayted” komandalarının birləşməsindən yaranıb. “Valletta Yunayted”in davamçısı kimi 2 titulu da saysaq, “Valletta” 22 dəfə Malta çempionu, 13 dəfə isə Malta kubokunun qalibi olub. İndiyə qədər 10 dəfə ölkə Superkubokunu qazanan “ağ cəngavərlər” bundan başqa, 1996/97-ci illər mövsümündə Maltada keçirilən bütün 5 ölkə titulunun hamısını qazanmaqla adından söz etdirməyi də bacaran komanda 2000/01 mövsümündə isə Malta Futbol Assosiasiyasının 100 illiyi münasibəti ilə keçirilən kubok da daxil olmaqla 6 titul qazanılıb ki, bu da rekord göstəricidir. Yerli mütəxəssis Qilbert Aciusun rəhbərlik etdiyi “Valletta” klubu ilə bağlı daha bir maraqlı məqam isə komandanın ev oyunlarını doğma şəhərində keçirməməsidir. Xatırladaq ki, bu komanda rəqiblərini Malta milli komandasının da stadionu sayılan və18 min tamaşaçı tutumuna malik olan Ta Kali şəhər stadionunda  qəbul edir.

Tanış rəqib

Son mövsümün vitse-çempionu paytaxtın “İnter” komandasının Avropa Liqasının ilkin mərhələsindəki rəqibi olan Moldovanın “Tiraspol” komandasının əsası 1992-ci ildə qoyulub. Əvvəl “Konstruktorul” adı ilə paytaxt Kişinyovu təmsil edən kollektiv  2001-ci ilin iyulunda Kişinyovdan Çobruçiyə, bir il sonra isə tanınmamış Dnestryanı Respublikanın paytaxtı olan Tiraspola köçüb. Məhz 2002-ci ildən bu komandaya təmsil etdiyi şəhərin adı verilib. İndiyə qədər bir dəfə ölkə çempionu, iki dəfə gümüş, bir dəfə bürünc mükafatçı, olan üç dəfə isə Moldova kubokunun qalibi adını qazanan “Tiraspol” Azərbaycan futboluna yad komanda sayılmır. Belə ki, 2006-cı ildə İntertoto kubokunda İmişlinin MKT-Araz komandası ilə qarşılaşan sözügedən komanda iki oyunun nəticəsinə görə (1:0, 0:2) bölgə təmsilçisini üstələmişdi. Məlumat üçün bildirək ki, 8 il öncəki Avrokubok mövsümündə “MKT-Araz” və “Lex”i keçən “Tiraspol”u “Avstriyanın “Rid” klubu dayandırmışdı.

Xatırladaq ki, “Turaspol” – “İnter” oyunu sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Onu da qeyd edək ki, “İnter” mərhələ adlasa, növbəti mərhələdə İsveçin “Elfsborq” komandası ilə qarşılaşacaq.

“Neftçi”yə uduzan klub

Bu mövsüm ilk dəfə ölkəmizi beynəlxalq miqyasda təmsil edəcək “Qəbələ”nin Avropa Liqasındakı rəqibi Bosniya və Hersoqovinanın “Şiroki Briyeq” komandası 1948-ci ildə yaradılsa da, komanda Bosniya və Herseqovina Yuqoslaviyanın tərkibində olduğu vaxt elitada yox, yalnız regional turnirlərdə, ölkədəki müsəlman, xorvat və serblər arasında milli və dini ayrılıq ölkəni  üç yerə parçaladığı dövrdə isə ölkənin xorvatlara aid hissəsində keçirilən birincilikdə iştirak edib və bu regionda hər il ən güclü olmaqla yadda qalıb. 2000-ci ildən isə müsəlmanlarla xorvat klublarının iştirakı ilə birgə çempionat keçirilib. 2002-ci ildən bura serb komandaları da qatılıb. Həmin vaxtdan bu yana “Şiroki Briyeq” 2 dəfə ölkə çempionu olub və 2 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Hazırda 43 yaşlı mütəxəssis Slaven Musanın rəhbərlik etdiyi komanda ilə bağlı diqqətçəkən məqam isə “mavilər”in son 10 ildə müntəzəm olaraq Avrokuboklara vəsiqə qazanmasıdır. On il öncədən söz düşmüşkən qeyd edək ki, həmin vaxt “Şiroki Briyeq” Çempionlar Liqasında “Neftçi” ilə görüşmüşdü. Səfərdə baş tutan ilk matçda 2 qol buraxan “Neftçi” yalnız 90-cı dəqiqədə Zaur Tağızadənin fərqlənməsi ilə şanslarını qorumuşdu. Məhz həmin top da sonda həlledici oldu. Bakıdakı görüşdə Emin Quliyevin qolu ilə 1:0 hesablı qələbə qazanan bakılılar mərhələ adlamağa sevinmişdi. Bu da səfər qolu sayəsində mümkün olmuşdu. Onu da qeyd edək ki, Bosniya və Hersoqovina təmsilçisi ilə duel “Neftçi” üçün tarixi olub. Paytaxt təmsilçisi məhz 2004/05 mövsümündəki qələbə ilə tarixində ilk dəfə mərhələ keçib.

Məlumat üçün bildirək ki, “Qəbələ” – “Şiroki Briyeq” qarşılaşması iyulun sabah saat 20:00-da keçiriləcək. Onu da xatırladaq ki, “Qəbələ” isə ilk səddi keçsə, Çexiyanın “Mlada Bolselav” klubu ilə qarşı-qarşıya gələcək.

Yada düşər xatirələr

Sabah meydana çıxacaq “İnter” və “Qəbələ”nin oyunlarını idarə edəcək hakimlərin Azərbaycan futboluna yad sima olmaması da maraqlı məqamlardandır. Belə ki,  Bakı “İnter”inin ilk oyununu idarə edəcək xorvatiyalı Ante Vuçemiloviç artıq ikinci dəfədir “bankirlər”in oyununa təyinat alır. Buna qədər 2009-cu ildə Kaxaber Tsxadadzenin “drujinası” ilə yolları kəsişən 40 yaşlı referi “İnter”in Slovakiya “Spartak”ına uduzaraq (1:3) mübarizəni dayandırdığı oyunda fit səsləndirmişdi.

Avroliqanın I təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Qəbələ” – “Şiroki Briyeq” görüşünün qazaxıstanlı hakimi Artyom Kuçin də futbolçularımıza tanışdır. Belə ki, 36 yaşlı referi son 2 ildə təmsilçilərimizin oyununda fit çalıb. Qazaxıstanlı ədalət təmsilçisi əvvəlcə 2012-ci il iyulun 24-də “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsinin Zestafonidə eyniadlı klubla oyununda baş hakim olmuşdu. Daha sonra isə ötən ilin noyabrında millimizin Bişkekdə Qırğızıstan yığması ilə keçirdiyi və qolsuz heç-heçənin qeydə alındığı matçında da baş hakim Kuçin idi.

Sonda isə xatırladaq ki, beynəlxalq arenadakı digər təmsilçilərimiz Azərbaycanı Çempionlar Liqasında təmsil edən Ağdamın “Qarabağ” komandası ən nüfuzlu klub turnirində iyulun 15-də, ölkə kubokunun qalibi kimi ikinci dərəcəli klub turnirinə yollanan “Neftçi” isə bundan iki gün sonra meydana çıxacaq.

Tural Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın