Menu
Geri İrəli

Azərbaycan futbolunun hücumçu problemi – TƏHLİL

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2013 • Baxış sayı: 276 dəfə • Şərh yoxdur

Forvard qıtlığı bu gün Azərbaycan futbolunun ən önəmli problemlərindən biri hesab olunur. Əslində, kifayət qədər hücumçumuz var, sadəcə, onlar işlərinin öhdəsindən layiqincə gələ bilmirlər. 

Elə Topaz premyer-liqasının geridə qalan 11 turundan sonra milliləşdirilmiş Pərdis Fərcad Azad və Ruslan Qurbanovu da nəzərə alsaq, qol hesabını açmış 9 yerli hücumçunun cəmi 16 qola imza atması da bunun bariz nümunəsidir. Müqayisə üçün deyək ki, Topaz premyer-liqasında top qovan əcnəbilər geridə qalan turlarda 36 dəfə fərqlənərək səviyyə fərqini ortaya qoyub.

Vaxtilə Vəli Qasımov, Nazim Süleymanov, Nazim Əliyev, Samir Ələkbərov kimi santraforlar yetişdirmiş Azərbaycan futbolu indi nə daxili birincilikdə, nə də ölkə hüdudlarından kənarda olan hücumçuları ilə öyünə bilir. Futbolumuzdakı hücumçu problemi yeni bir şey olmadığından bu çatımazlığı aradan qaldırmaq üçün müxtəlif vaxtlarda İbrahim Həsənbəyov, Badri Kvaratsxelya, Leandro Qomeş, Daniel Axtyamov, Branimir Subaşiç, Murad Hüseynov, Cihan Özkara və s. kimi oyunçuları milliləşdirdik, amma onlar da komandamıza lazımınca fayda verə bilmədi.

Təsadüfi deyil ki, millinin indiki vəziyyətinə nəzər salanda da üzücü mənzərə ilə qarşı-qarşıya qalırıq. Ümumilikdə cari seçmə mərhələdə 10 oyunda 7 dəfə rəqib qapısına yol tapan seçmə komandamızın hücum xəttində problem olması birmənalıdır. Bu seçmə tsikldə Ruslan Abışov iki qola imza atıbsa, Rauf Əliyev, Rüfət Dadaşov, Vaqif Cavadov, Rahid Əmirquliyev və Mahir Şükürov hərəyə bir dəfə rəqibi məyus edib. Göründüyü kimi, qollardan yalnız üçünü hücumçular vurub. Bu isə irəli xətdəki “dişsizliyin” göstəricisidir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Topaz premyer-liqasının cari mövsümü də yerli hücumçular baxımından yaxşı keçmir və bu durum nikbin düşünməyə əsas vermir. Cari milli çempionatın ən sərrast oyunçuları sıralamasına baxanda yerli futbolçulardan yalnız 4 qol vurmuş Vaqif Cavadovun adına rast gəlirik ki, bu da yerli hücumçuların kölgədə qalması deməkdir.

Düzdür, birinciliyin sadəcə 11 turu geridə qaldığından qarşıdakı turlarda azərbaycanlı forvardların məhsuldar çıxış edəcəyinə ümid etmək olar. Amma yaxın keçmişə ekskurs edərək, ən sərrast oyunçuların adlarına nəzər salanda xoşagəlməz mənzərə ilə barışmalı oluruq.

Məlumat üçün bildirək ki, yerli futbolçulardan sonuncu bombardir Fərid Quliyev olmuşdu. 2009/2010-cu illər mövsümündə “Standart”ın heyətində 16 qol vuran hücumçunun ən yaxşı bombardir olduğu mövsümdən sonrakı “futbol ili”ndə ən sərrast oyunçu gürcüstanlı Gerorgi Adamiya (18 qol) olmuşdu. Həmin mövsüm ən çox fərqlənən yerli ön xətt oyunçusu isə siyahıda 5-ci olan Rauf Əliyev idi ki, onun da hesabında ikisi penaltidən olmaqla 10 qol var idi. 2011/2012 və 2012/2013-cü illər mövsümündə isə bombardirlər siyahısında ümumiyyətlə yerli futbolçu yox idi.

Yerli hücumçuların ötən mövsümkü məsuladarlığı ilə bağlı daha bir maraqlı məqam isə milli komandamızın forvardları olan Branimir Subaşiçin-Rauf Əliyev-Vaqif Cavadov triosunun birlikdə cəmi 6 qola imza atması idi. Xatırladaq ki, serb əsilli Subaşiç ötən mövsüm 23 matçda, Vaqif Cavadov isə 24 qarşılaşmada 3 dəfə fərqlənmişdi. Hazırda “Bakı”da çıxış edən Rauf Əliyev isə ötən “futbol ili”ndə “Qarabağ”da 18 görüşdə 1023 dəqiqə meydanda olsa da, qol hesabını aça bilməmişdi.

Gəlin, yerli ön xətt oyunçularının bu mövsümün ilk dövrəsindən sonra sərgilədiyi performansa nəzər yetirək.

Topaz premyer-liqasının cari mövsümündə komandaların Peşəkar Futbol Liqasına (PFL) təqdim etdiyi iştirak ərizəsində 19 yerli hücumçu yer alır və geridə qalan turlarda onlardan 13-ü debüt etməyə imkan tapıb. Yerli hücumçularlar arasında ən sərrast oyunçular 4 dəfə fərqlənmiş “İnter”li Vaqif Cavadov, üç dəfə qol sevinci yaşamış “Bakı”lı Rauf Əliyev hərəyə iki qol vurmuş “Qarabağ”lı Vüqar Nadirov və onun “Sumqayıt”dan olan adaşı Əsgərovdur. Bundan başqa,“Sumqayıt”ın üzvləri Elşən Abdullayev, Ruslan Qurbanov, Pərdis Fərcad Azad eləcə də “Xəzər Lənkəran”dan Ağabala Ramazanov və “Simurq”dan Rəşad Eyyubov da qol hesabını açan yerli hücumçular arasındadır ki, onlarında hesabında hərəyə bir qol var.

Yerli forvardlarla bağlı yeganə sevindirici məqam hücumçularımzın əsasən iddialı elita təmsilçilərinin qapısına yol tapmasıdır.“Yerli hücumçular kimə qol vurub” sualına cavab axtararkən azərbaycanlı hücumçuların “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ” və “Bakı” kimi medallara iddialı kollektivləri məyus etməsinin şahidi oluruq. Məlumat üçün bildirək ki, çempionatın 10 turunda 4 dəfə fərqlənən “İnter”li Vaqif Cavadov qollardan üçünü “Neftçi”,“Qarabağ” və “Qəbələ” kimi iddialıların qapısından keçirib. Geridə qalan turlarda iki dəfə fərqlənən “Qarabağ”lı Vüqar Nadirov “Qəbələ” və “Bakı”nı, aktivində eyni sayda qol olan “Sumqayıt”ın ön xətt hücumçusu Vüqar Əsgərov isə “Xəzər Lənkəran” və “Qəbələ”ni cəzalandırıb. Elitanın iddialılarını cəzalandıra bilən digər yerli hücumçular isə “Neftçi”ni cəzalandıran Rauf Əliyev, “Qarabağ”ın qapısına yol tapan Elşən Abdullayev və “Qəbələ”ni oyuna mərkəzdən başlamağa məcbur edən Ruslan Qurbanovdur.

Hər nə qədər hücumçularımız əsasən iddialı klubların qapısına yol tapsa da, göründüyü kimi, hazırda ən formada olan yerli hücumçularımız belə yüksək məhsuldarlıq nümayiş etdirmir. Onların Topaz premyer-liqasındakı əcnəbi forvardlardan geri qalması bir yana, heç bəzi yarımmüdafiəçilərdən də üstün ola bilmirlər.

Biz Azərbaycan futbolundakı problemlərdən birini təhlil etməyə çalışdıq. Bu problemi həll etmək isə futbolçuların üzərinə düşür. Bunun üçün isə hücumçularımızın öz üzərində işləməsi vacibdir.

Tural Məmmədov

“Azvision.az”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın