Menu
Geri İrəli

“Azərbaycan kimi dövlət dünyada yoxdur” – Nazir məqalə yazdı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2015 • Baxış sayı: 275 dəfə • Şərh yoxdur

8c4e724f9be9eacb8bfb1bc4537cdab9

“Müasir dövrümüzdə qloballaşmadan öz məqsədləri üçün istifadə edən bəzi qüvvələr dünyada nüfuz dairələrini genişləndirməyə səy göstərir. Bu zaman onlar bir çox xalqların milli maraqlarına etinasız yanaşır, hətta bu yolda ümumbəşəri dəyərlərə hörmətsizlik edirlər. İkili standartlarla müşayiət olunan bu münasibətlər son nəticədə böhranla nəticələnir, insanlıq adına yaraşmayan faciələrə səbəb olur”.

Bu fikirləri Gənclər və idman naziri Azad Rəhimov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yazıb. Nazir öz yazısında bildirib ki, belə ikili standartlardan əziyyət çəkən Azərbaycan 24 il bundan əvvəl – yenicə müstəqilliyini bərpa etdiyi bir dövrdə ərazilərinin 20 faizinin işğal olunması ilə hərbi münaqişəyə cəlb edilib, 1 milyona yaxın vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Özlərini dünyaya demokratik, sülhsevər kimi göstərən həmin qüvvələr bu işğala göz yummaqla öz maraqları naminə ədalətsiz mövqelərini hər zaman davam etdirmişlər”.

Birinci Avropa oyunlarının uğurlarını xatırladan nazir yazır ki, bütün bunlara baxmayaraq, Azərbaycanın tək qitədə deyil, bütün dünyada Olimpiya ideallarının gerçəkləşməsinə yönələn fəaliyyəti Qərbdə bəzi qüvvələrin məqsədləri ilə üst-üstə düşmədiyi üçün bu, ölkəmizə qarşı qərəzli addımlarla müşayiət olunur: “Çox maraqlıdır ki, bu qüvvələr ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan hadisələr zamanı daha da fəallaşırlar.

Təəssüf ki, Avropa Parlamenti bütün dünya xalqlarını birləşdirən nadir fürsətdən istifadə etməkdənsə tətbiq etdiyi ikili standartlarla bu cür humanist dəyərləri məhv etməyə çalışır. Ona görə də Avropada yalnız iqtisadi böhran hökm sürmür. Son vaxtlar aydın oldu ki, qaçqın problemi ilə üzləşən Avropanın ən inkişaf etmiş dövlətləri belə cəmi bir neçə min qaçqına sığınacaq vermək iqtidarında deyil. Bəziləri hətta qaçqınları dinlərini dəyişdirmək şərtilə qəbul edəcəklərini deyiblər.

Azərbaycanda hüquqi müstəvidə baş verən adi məsələyə siyasi don geydirərək öz “ideya”larını söz azadlığı və insan hüquqları, demokratik dəyərlər adı altında Azərbaycana sırımaq cəhdlərinin boşa çıxması da təbiidir. Xalqımız bədnam dairələrin cəmiyyətdə çaxnaşma yaratmaq və bundan məkrli məqsədləri üçün yararlanmağı əsas hədəf seçdiklərini yaxşı bilir. Bu qüvvələrin əsas məqsədinin Azərbaycanda sabitliyi pozaraq onu təhlükəli yerə çevirmək, vətəndaş qarşıdurması yaratmaq və beləliklə, müstəqil dövlətin rəhbər və idarəetmə strukturunu təzyiq və təsir altına salmaq olduğu gün kimi aydındır. Bu gün Suriyada, Liviyada, İraqda, Ukraynada baş verənlər məhz həmin qüvvələrin “əsər”i deyilmi? Nə qədər ki, dövlətimizin müdrik siyasət yürüdən hakimiyyəti və onun İlham Əliyev kimi rəhbəri var, Qərbin müəyyən dairələrinin Azərbaycanı bu ölkələrin sırasına qoşmaq cəhdi baş tutmayacaq.

Azərbaycanın tolerant ölkə olduğunu xatırlatmağa ehtiyac yoxdur. Bunu ölkəmizə münasibətdə qərəzli mövqe tutanlar yaxşı bilirlər. Bu il xristian Avropasının ilk çoxnövlü idman oyunlarını Olimpiya Oyunları səviyyəsində keçirən dövlətimiz 2017-ci ildə müsəlman dünyasının Həmrəylik Oyunlarını da ən azı həmin möhtəşəmliklə keçirəcək. Bu cür iki şərəfli missiyanın daşıyıcısı olan ikinci dövlət nəinki Avropada, ümumiyyətlə, dünyada yoxdur”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın