Menu
Geri İrəli

Azərbaycanda tək Sumqayıta qar yağıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2014 • Baxış sayı: 607 dəfə • 1 şərh

anarrNəhayət, fasilə bitdi və XIX turla birlikdə Azərbaycan Premyer Liqasında həyəcan yenidən başladı. Özü də qarla, boranla. Düzdür, oyunlar qırmızı topla oynanılmadı. Ümumiyyətlə, qırmızı top söhbətini açmasaq, yaxşıdı. Avropa təcrübəsindən görmüşük ki, qırmızı topla o meydançada oynayırlar ki, həmin meydança qarla örtülü olur. Bizdə amma ya meydança qardan təmizlənməlidir (bu halda qırmzı topa ehtiyac qalmır), ya da o meydançada oyun oynanılmır (oyun oynanılmadığı üçün təbii ki, yenə qırmızı topa ehtiyac qalmır). Sumqayıtda olduğu kimi.

Sumqayıtdan söz düşmüşkən, elə toxunmaq istədiyim məsələ də bununla bağlıdır. XIX turun bütün oyunlarında ev sahibi komandalar rəqiblərini doğma meydançalarında, doğma azarkeşlərinin gözləri önündə qəbul etdi. Yalnız “Sumqayıt” didərgin olub düşdü çöllərə. Səbəb? Kəskin hava şəraiti, güclü qar. Sanki bütün Azərbaycana günəş doğub, tək Sumqayıta qar yağıb. O boyda İdman Mərkəzi tikildi, açılışına şəxsən UEFA prezidenti Mişel Platininin özü gəldi, çoxsaylı jurnalistlərin də iştirakı ilə mərkəzə baxış keçirildi və hər kəsə məlumat verildi ki, hər şey yüksək səviyyədədir, amma bu gün məlum olur ki, hər şeyin yüksək səviyyədə olduğu deyilən Sumqayıt İdman Mərkəzi qarlı havada oyun qəbul etmək iqtidarında deyil.

Axı necə olur, təbii örtüyə malik o boyda Tofiq Bəhramov adına Respublika stadionunu, eləcə də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu, “Bakı” Futbol Klubunun bazasını qardan təmizləmək mümkün oldu, amma Sumqayıt İdman Mərkəzinin süni örtüklü meydançasını yox? Axı Sumqayıt stadionunda çalışan texniki işçilərin “Bayıl Arena”da çalışan texniki işçilərdən nəyi əksikdir ki, “Sumqayıt” “Qəbələ”ni Bayılda qəbul etməlidir? Heç kim inciməsin, bu utancverici bir haldır. Hətta deyərdim biabırçılıqdır. Axı kəskin hava bütün ölkədə tüğyan edir və qar da bütün ölkəyə yağır. Necə oldu, hamı öz meydançasını qardan təmizləyib normal duruma gətirə bilir, “Sumqayıt” bunu bacarmır? Yoxsa Bakıxanova, Şüvəlana, “Bakı”nın bazasına, “Şəfa”ya yağan başqa qar idi, Sumqayıta yağan başqa? İndiyə qədər bəhanə edirdilər ki, Mehdi Hüseynzadə adına stadionun ot örtüyü təbiidir, qışda qazonun durumu bərbad olur, baxa bilmirik. Ona görə də keçən mövsümün ikinci dövrəsinin bütün oyunlarnı Bayılda keçirdilər. Ondan əvvəl yenə stadionu bəhanə edib “Dalğa Arena”da oynayırdılar. İndi qarnınızın ağrısı nədir? Yeni meydança tikdiniz özü də bütün etirazlara baxmayaraq süni elədiniz ki, qışda problem çəkməyəsiniz. Amma indi belə çıxır ki, o vaxt deyilənlər sözlər bəhanə olub. Çünki  meydança sünidir, amma “Sumqayıt” yenə onun-bunun qapısında qalıb.

Onda sabah yağış yağanda gedin, yağış düşməyən meydança axtarın, külək əsəndə külək tutmayan meydança axtarın. Olmaz axı belə. Xəbəriniz var ki, “Makquli” (Sumqayıt azarkeşləri bu insanı yaxşı tanıyır) dünən nə qədər azarkeşi “oyun burda yoxdu, Bakıya getdilər, orda oynayacaqlar”deyərək, Mehdi Hüseynzadə adına stadionun qabağından geri qaytarıb?  Bu qədər azarkeşin günahı nə idi ki, qarlı havada şəhərin müxtəlif nöqtələrindən stadiona gəlib əliboş geri qayıdıblar?

Yenə deyirəm, mən sadəcə, bu sualıma cavab tapmaq istəyirəm ki, niyə Tofiq Bəhramov adına Respublika, İsmət Qayıbov adına Bakıxanov, eləcə də “Şəfa”, “Bakı” Futbol Klubunun stadionlarını  qardan təmizləmək mümkün oldu, amma Sumqayıt İdman Mərkəzinin stadionunu yox? Bir meydançanı 3 gün ərzində qardan təmizləmək belə çətin idi?

Yox, deyəsən bu qış Azərbaycanda qar həqiqətən də yalnız Sumqayıta yağıb…

Anar XANLAROV

rekord.az

Facebook Şərhləndirmə:

“Azərbaycanda tək Sumqayıta qar yağıb?” yazısına bir cavab

  1. suqayitli deyir:

    haqqinda sohbet geden stadion Azerikimyanin balansina verilib. Azerikimyanin iscileri ise eyinlerine SOCAR-in uniformasini geyib, eldar ezizovun emri ile icra hakimiyyetinin etrafindaki kuceleri qardan temizlemekle mesguldurlar

Şərhinizi yazın