Menu
Geri İrəli

Azərbaycanın gənc güləşçiləri dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazandılar

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2015 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur

Vitali_Rəhimov_-2009

Braziliyanın Salvador şəhərində davam edən güləş üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançıları 1 qızıl, 1 bürüncü medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edirlər.

Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcələrində güləşçilər yarışıblar. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurublar.

Yarışda 50 kiloqram çəkidə mübarizə aparan Arif Hüseynov Yaponiya və Qırğızıstan güləşçilərinə qalib gəlsə də, yarımfinalda İran pəhləvanı ilə görüşdə məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda Ermənistan təmsilçisi ilə görüşə çıxıb. Rəqibini 4:2 üstələyən A.Hüseynov dünya çempionatının bürünc medalına sahib olub.

Çempionatda 60 kiloqram çəkidə yığmamızın üzvü Cahid Həsənzadə ilk görüşdə Ermənistan təmsilçisini vaxtından əvvəl məğlub edib. Ardınca Ukrayna və Belarus güləşçilərini də üstələyən təmsilçimiz yarımfinalda iranlı rəqibinə məğlub olub. C.Həsənzadə bürünc medal uğrunda görüşdə Rusiya təmsilçisinə uduzub və çempionatı beşinci sırada tamamlayıb.

Yarışda 96 kiloqram çəkidə mübarizə aparan Nurməhəmməd Hacıyev finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Rusiya, Finlandiya və Qazaxıstan təmsilçiləri üzərində qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə İran təmsilçisinə də şans verməyən (7:2) Nurməhəmməd Hacıyev dünya çempionatının qızıl medalına yiyələnib.

Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində Azərbaycan idmançıları 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.

Gənc qızların yarışında isə yığmamız 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında ikinci sırada qərarlaşıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın