Menu
Geri İrəli

Bəlkə Gelaşvilisiz?

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2013 • Baxış sayı: 254 dəfə • Şərh yoxdur

“Neftçi”nin bizə yaşatdığı şokdan ayılmamış Avroliqada mübarizə aparan üç klubumuzdan ikisi turnirlə vidalaşdı. Əslində bu yerdə “mübarizə aparan” kəlməsi o qədər də doğru səslənmir. Kim deyə bilər ki, “Xəzər Lənkəran” qitənin nüfuzuna görə ikincisi sayılan turnirində mübarizə aparırdı? Cənub klubunun rəhbərliyi “Neftçi”nin çempion olması sayəsində vəsiqə qazandıqları turniri tezbazar yola verməklə məşğul idilər. Növbəti yazılarımda həm “İnter”in, həm də “Xəzər Lənkəran”ın Avroliqadakı çıxışları barədə fikirlərimi sizinlə bölüşməyə çalışacağam. Bu günsə ilk sıranı “Qarabağ”a vermək lazımdır. Yəqin ki, hörmətli oxucularımız da buna etiraz etməz. Ən azından ona görə ki, bu yay qitə kuboklarında iştirak edən dörd klubumuzun içində təkcə “köhlən atlar” üzümüzü güldürməyi bacardılar. Deməli, avrokuboklardan söz açanda öncüllüyü “Qarabağ”a verməklə qəbahətli iş tutmuş olmarıq. Digər klublarımızın sanki sözləşiblərmiş kimi bir-birinin ardınca rəqiblərinə təslim olmasının fonunda Qurban Qurbanovun yetirmələrinin qazandığı uğurun dəyərini daha yaxşı anlayırıq. Sadəcə bir suala cavab tapmağa çalışaq: “Qarabağ” hansı xüsusiyyətlərinə görə digərlərindən üstün idi ki, “köhlən atlar” digər üç klubumuzun bacarmadığını həyata keçirdi? İlk ağla gələn Qurbanovun məşqçi bacarığı və oturuşmuş heyətin yay fasiləsində “Qarabağ”a qoşulanlarla mükəmməl vəhdət təşkil etməsidir. Həyatda bütün müqayisələr nisbi xarakterlidir. Bununla belə artıq bizə heç də yad olmayan “Pyats”ın səviyyəsinin “Tromso” və “Makkabi”dən ciddi şəkildə geri qaldığını iddia edə bilmərik. Yəhudilər “Xəzər Lənkəran”la iki qarşılaşmanın heç birində fövqaladə hansısa bacarıq ortaya qoymadılar. Elə Norveç təmsilçisi də “İnter”ə uyğun rəqib idi. Əsasən ucaboy “ifaçılardan” təşkil olunmuş “Pyats”ın bizim komandalarda görə bilmədiyimiz bir-neçə fərqli xüsusiyyətləri vardı. Nəinki Azərbaycan klubları, elə “Makkabi”ylə “Tromso”nun özü belə polşalıların hava toplarındakı hakimiyyətinə, “ikinci mərtəbədə” oynamaq bacarığına həsəd apara bilərlər. Təsadüfi deyil ki, Varvodiçin qoruduğu qapının qarşısında əksər təhlükələr məhz Broşun yetirmələri hava ötürmələrindən istifadə etməyə başlayanda yaşanırdı. Qurban bəyin təhlükəni əvvəlcədən gördüyünə və yetirmələrinə müəyyən tapşırıqlar verdiyinə şübhə etmirəm. Bununla belə “Qarabağ”ın müdafiəçiləri “Pyats”lılar topu havaya qaldıran kimi çarəsiz görünürdülər. Corc Leroyun vurduğu qolun şokundan uzun müddət çıxa bilməyən rəqib məhz “köhlən atlar”ın bu zəif cəhətindən yararlanırdılar. Halbuki, “Qarabağ” hesabı açdıqdan sonra azı üç epizodda üstünlüyü artıra, rəqibin mübarizə əzmini qıra bilərdi. Mən Qurban bəyin inadla Gelaşvilini dəstəkləməsini, hər dəfə ona start heyətdə etimad göstərməsini anlayışla qarşılamağa çalışıram. Çalışdırıcı istəyir ki, gürcü forvard komandaya uyğunlaşsın, rəqibin qapısına bir qol vurub, özünə inam qazansın. Amma məsələnin digər pis tərəfi də var. Oyundan oyuna Nikolasın üzərindəki təzyiq artır. Bir tərəfdən meydanda olduğu müddətdə daha çox top itkiləriylə, qeyri-dəqiq və inamsız zərbələrlə saç-baş yolduran forvarda qarşı azərkeşlərdə daha da aqressiv münasibət, inamsızlıq formalaşır. Artıq top Gelaşvilinin ayağında olanda hücumun nəticəsiz qalacağını, elə indicə onun topu rəqibə “bağışlayacağını” düşünməyə məcbur olursan. Digər tərəfdən isə yeni komandasında qol hesabını aça bilməməsi, kəsərsiz oyunu Nikolasda psixoloji gərginlik yaradır, futbolçunun özünə inamını sarsıdır. Şəxsi qənaətimdir ki, Qurban bəy inadından əl çəkib, bir qədər də Gelaşvilisiz oyun modeli haqqında düşünməklə heç də səhv addım atmayacaq. Bununla da çalışdırıcı eyni zamanda Kapolonqoya daha çox etimad göstərərər, həm də gürcünün komandanı kənarda müşahidə edib, özünü toparlamasına yardımçı olar. Ümumilikdə isə “Qarabağ”ın bu yay transfer etdiyi futbolçuların səviyyəsini qeyd etməliyik. Hələ qış fasiləsində komandaya qoşulan Reynaldonun komandanın bir parçasına çevrilməsi bir daha sübut edir ki, seleksiya işini düzgün qurmaq, Avrokuboklarda uğurlu çıxış edəcək heyəti daha əvvəlcədən formalaşdırmaq çox vacib məqamdır. “Sambaçı” ilk qolun ötürməsini verməzdən əvvəl cinahboyu sürətlə irəliləyərkən ona mane olmağa çalışan rəqib müdafiəçi Çaba Horvatı “küləyi” ilə ehtiyyat oyunçular skamyasının önünə tulladı. Həmin axşam təkcə Horvat və komanda yoldaşları deyil, tribunadan mənfur ermənilərin “bayraq” adlandırdıqları əski parçalarını asan rəqib azərkeşləri də Qurban Qurbanov və onun cəsur futbolçularının qarşısında aciz idilər. Elə ermənilərə dəstək verənləri susdurduğuna görə də “Qarabağ”ın Polşada qazandığı uğurun əhəmiyyəti ikiqat artmış oldu. Növbəti mərhələyə yüksəlmənin sevincini doyunca yaşadıqdan sonra İsveç təmsilçisi “Qefle”ni də yolumuzdan kənarlaşırmaq üçün yeni planlar cızmalıyıq. Axı Qurban bəy yaxşı anlayır ki, “köhlən atlar”ın Avropanı fəth etməsi üçün yoluna inamla davam etməsi lazımdır.

 Amal Abuşov, “Futbol+” qəzeti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın