Menu
Geri İrəli

Cənablar, “Qəbələ”yə istirahətə gəlməmisiniz!

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyul 2014 • Baxış sayı: 324 dəfə • Şərh yoxdur

Sabah klublarımızdan nə gözləyək?

Sabah UEFA Avropa Liqasında ilkin mərhələnin cavab oyunları keçiriləcək. Bir həftə əvvəl doğma meydanda Bosniya və Herseqovinanın “Şiroki Biriyeq” klubuna 0:2 hesabı ilə uduzan “Qəbələ” bu dəfə səfərdə, “qırmızı-qaralar”la eyni gündə Moldovada “Tiraspol”u üstələyən “İnter” isə evdə cavab matçına çıxacaq. Məsul oyunöncəsi hər iki komandanın son durumuna və şanslarına nəzər salmaq maraqlı olacağından “İnter” və “Qəbələ”nin mərhələ adlamaq imkanlarını dəyərləndirməyə qərar verdik.

Utanmasan, oynamağa nə var ki?!

İlk oyunda doğma publika qarşısında Bosniya və Herseqovinanın “Şiroki Biriyeq” klubuna iki cavabsız qolla məğlub olan Qəbələnin eyniadlı komandasının şansları əvvəlcədən yüksək qiymətləndirilmirdi. Ötən mövsüm başa çatan kimi rusiyalı Yuri Syominin baş məşqçi postundan ayrılması, bölgə təmsilçisinin isə Dorinel Muntyanu ilə anlaşana qədər xeyli vaxt itirməsi “Qəbələ” üçün ciddi problem sayılırdı. Bundan başqa, Marat İzmayılov, Lorenzo Ebesilio, Leonardo da Silva, Rail Məlikov, Daniel Subotiç, İbrahima Niasse və s. əsas heyət üzvlərinin komandadan ayrılması avrokuboklarda debüt edən təmsilçimizə olan ümidləri azaltmışdı. Avroliqadakı ilk oyunöncəsi Ruslan Əmircanov, Andrey Kristya, Adrian Ropotan və “Rubin”dən icarəyə götürülən Ruslan Abışovla güclənən, ikinci qarşılaşma ərəfəsində isə Cavid Hüseynov və Pavol Farkaşı rənglərinə bağlayan kollektivin hazırlıq mərhələsini istənilən səviyyədə keçməməsi də ilk oyunda özünü göstərdi. Amma istənilən halda, bütün sadalanan səbəblər məğlubiyyət üçün siğorta xarakterli bəhanə ola bilməz. Əgər yaradılan bu qədər imkan qarşılığında “Qəbələ” heç də güclü olmayan rəqibinə boyun əyirsə, deməli, bunun altında başqa səbəblər var. Oyun ərzində bircə dəfə də olsa, təhlükəli hücum qura bilməyən, ən əsası da 90 dəqiqə ərzində “çərçivə”yə bir dəqiq zərbə belə vura bilməyən komandadan nə gözləyəsən axı?!

Ötən həftə baş tutan oyun “Qəbələ”də sistem anlayışının yoxluğunu ortaya qoydu. Düzdür, komandanın baş məşqçisi yeni olduğundan bunu anlayışla qarşılamaq olar. Amma o da var ki, heç son bir ildə komandanı çalışdıran Yuri Syomin də futbol fəlsəfəsini komanda üzvlərinə aşılaya bilməmişdi. Başqa sözlə, uğuru hansı taktiki gediş və ya düzülüşlə axtardığını müəyyənləşdirmək hələ ovaxtdan olduqca çətin idisə, nəyi qoyub, nəyi axtarırıq? İllərdir bu kluba yatırılan sərmayə havaya sovrulursa və buna son qoyan tapılmırsa, deməli, heç kim hansı məsuliyyəti daşıdığının fərqində deyil. Odur ki, sabahkı qarşılaşmada da “Qəbələ”nin uğur qazanacağını gözləmək sadəlöhvlükdür. Axı, ölkənin ən yaxşı qapıçısı olmasına baxmayaraq ilk oyunda buraxdığı səhvlərlə sıradan qolkiper görüntüsü yaradan Kamran Ağayev, 6 aydır futbolsuz qalan Ruslan Abışov, hər gün bir əcnəbi klubla adı hallanan, amma sonra ölkə içində qalan Nizami Hacıyev kimi yerli və onlardan zərrə qədər fərqlənməyən legionerlərlə uğur qazanmaq mümkün deyil. Görünür, mövsüm yekunlaşandan sonra istirahətə yollanan komanda üzvləri hələ də istirahət havasını başından ata bilməyiblər. Düzdür, istirahət üçün Qəbələ yaxşı məkandır, amma “Qəbələ”yə gəlmək təkcə Qəbələyə gəlmək deyil axı. Bizə Qəbələ lazım olduğu qədər qələbə də lazımdır. Cənablar, axı siz Qəbələyə həm də futbol oynamağa gəlmisiniz.

Xatırladaq ki, “Şiroki Biriyeq” – “Qəbələ” qarşılaşması sabah Bakı vaxtilə saat 22:30-da start götürəcək.

Hələ ki, yaxşıdır, amma…

“Qəbələ”nin iki top buraxdığı gün “İnter” səfərdə üç qol vurdu. Moldovada yerli “Tiraspol”u 3:2 hesabı ilə məğlub edən “bankirlər”in cavab matçı ərəfəsində böyük üstünlük qazandığı şübhə doğurmur. Daim praqmatik oyun üslubuna üstünlük verən paytaxt klubunun zəif rəqibinə mərhələ adlamaq şansı verəcəyi inandırıcı görünümür. Amma bununla belə, komandanın problemlərdən xali olduğunu düşünmək üçün əsas yoxdur. Bu mərhələni adlayacağı halda İsveç “Elfsborq”u ilə qarşılaşacaq “İnter”in heyətlə bağlı probleminin olması göz önnündədir. Aralarında Ruslan Əmircanov, Vaqif Cavadov, Aleksandr İaşvili və  Brüs Abdulaye kimi oyunçularında yer aldığı 10 futbolçu ilə əməkdaşlığa son qoyan “bank təmsilçisi” hələlik sıralarını yalnız Mirzağa Hüseynpur, Elvin Məmmədov, Məhəmməd Mirzəbəyov və Aleksandr Amisulaşvili ilə gücləndirməyə imkan tapıb ki, bunun da qarşısına ciddi hədəflər qoyan komanda üçün yetərsiz olduğunu demək artıqdır. Kaxaber Sxadadzenin taktikasına görə, əsas yük cinahların üzərinə düşür ki, hazırda “İnter”də hər iki cinah axsayır. Həmçinin komandanın hücum xətti də ideal səviyyədə deyil. Baçana Sxadadze və Sezar Meza Kolli ilə çox irəli getmək olmaz. Yenilərin uyğunlaşma prosesi, taktika anlayışının mənimsənilməsinin də az vaxt aparmadığını nəzərə alsaq, “İnter”i hansı çətinliklərin gözlədiyini aydınlaşdırmaq çətin olmaz. Komandanın baş məşqçisi Kaxaber Tsxadadze əlindəki “material”dan yaxşı istifadə etməyi bacaran mütəxəssis olsa da, gürcü çalışdırıcının da məşqçilik məharətinin ciddi uğura yetəcəyi inandırıcı görünmür.

Ötən mövsüm Avropa Liqasının birinci təsnifat mərhələsində Finlandiyanın  “Mariehamn” komandasını iki oyunun nəticəsinə görə (1:1; 0:2) üstələyən Kaxaber Tsxadadzenin “drujinası” növbəti mərhələdə Norveçin “Tromse” klubuna (0:2; 1:0) məğlub olaraq mübarizəni dayandırmışdı. Bu dəfə də ikinci mərhələdə rəqib Skandinaviya təmsilçisi olacaq. Amma “Elfsborq”la qarşılaşmaq üçün öncə Bakıda “Tiraspol” səddini aşmaq lazımdır.

Məlumat üçün bildirək ki, “İnter” – “Tiraspol” qarşılaşması sabah saat 21:00-da başlayacaq.

Tural Məmmədov,  ”168saat.com”

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın