Menu
Geri İrəli

Dənizli “gəmiçilər”i qaldıracaqmı? – Türkiyədən baxış

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2013 • Baxış sayı: 223 dəfə • Şərh yoxdur

Artıq “Xəzər Lənkəran”da Mustafa Dənizli dönəmi başlamaq üzrədir. Məşhur uelsli mütəxəssis, Con Benjamin Toşakı əvəzləyən türkiyəli çalışdırıcıdan gözləntilər böyükdür. Nə də olsa, “ağ-yaşıllar” qardaş ölkənin ən yaxşı üç məşqçisindən biri sayılan Mustafa Dənizliyə əmanət ediləcək. 

“Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”ın çalışdırıcısı kimi Türkiyə çempionu olan yeganə məşqçi, 65 yaşlı Dənizlinin Lənkəranda uğur qazanmaq ehtimalı yüksək qiymətləndirilsə də, adların heç də hər zaman işə yaramadığını dəfələrlə görmüşük.

Adlar uğur qazanamq üçün yetərli olsaydı, “əmək kitabça”sı Dənizlidən daha yaxşı olan Con Benjamin Toşak “Xəzər Lənkəran”dan əli ətəyindən uzun yola salınmazdı. Düzdür, türkiyəli mütəxəsisin çalışdığı klublarda qazandığı nəticələr ümidlənməyə əsas verir. Amma Mustafa Dənizlinin problemlər burulğanında olan komandaya gəldiyi də unudulmamalıdır.

İndi yerli futbol ictimaiyyətinin nümayəndələrini türkiyəli çalışdırıcının uğur qazanmaq ehtimalı maraqlandırır. Onun bacarığına ən yaxından bələd olanların qardaş ölkənin futbol adamları olduğunu nəzərə alaraq, bəzi türkiyəli məşqçilərlə əlaqə saxlayıb, Dənizlinin “Xəzər Lənkəran”da uğur qazanmaq perspektivini dəyərləndirməyə qərar verdik. Qardaş ölkənin futbol mütəxəssislərinin düşüncələri belə oldu:

Mehmet Ak (“Qarabağ” və “Neftçi”nin sabiq məşqçisi): 

- Cari mövsümdə uğur qazanması çox çətin görünür. Amma indidən yeni mövsümə hazırlaşsa və ən əsası da, komanda rəhbərliyi ona lazımi imkanı yaratsa, arzulanan hədəfləri reallaşdıracağına inanıram.

Çoşkun Demirbakan (“İstanbul Güngörenspor”un baş məşqçisi): 

- Mustfa Dənizli bacarıqlı məşqçidir, amma komandadaxili vəziyyəti, komandanın imkanlarını bilmədiyim üçün bu haqda konkret fikir bildirməkdə çətinlik çəkirəm. Ötən mövsüm mən də “Xəzər Lənkəran”la danışıqlar aparımışdım, ancaq sonradan Con Toşakla anlaşmışdılar.

Fatih Kavlak (“Qəbələ”nin sabiq baş məşqçisi): 

- Mustafa Dənizlinin ən böyük üstünlüyü çalışdığı komandalarda özünə inam hissini yaratmasıdır. Son illərdəki uğursuzluqlardan sonra itirilən özünə inam hissinin Dənizli sayəsində bərpa olunacağını düşünürəm. Məhz bu üzdən məşqçinin “Xəzər Lənkəran”da uğur qazanacağına əminəm.
Dənizlinin yeni klubundakı fəaliyyəti ilə bağlı yeganə narahatlıq mənbəyi onun Azərbaycan futboluna bələd olmamasıdır. Amma Almaniya və İran kimi xarici ölkələrdə çalışaraq beynəlxalq təcrübə qazanması və Azərbaycanda sonsuz dəstək alması Mustafa Dənizlinin lehinə olacaq.

Güvənç Kurtar (Hazırda işsiz): 

- Türkiyənin yetişdirdiyi ən yaxşı məşqçilərdən biri olan Mustafa Dənizlinin bacarığını müzakirə predmetinə çevirməyə ehtiyac yoxdur. Onun səviyyəsi hamıya bəllidir. “Xəzər Lənkəran”da da uğur qazanacağına 100% inanıram.

Naci Şensoy (“Turan”ın sabiq çalışdırıcısı):

- Mustafa Dənizli Türkiyədə özünü təsdiqləmiş məşqçidir. Ona hörmətim böyükdür. Amma o da var ki, Azərbaycan Türkiyəyə bənzəməz. Mustafa Dənizli kimi Toşak da adlı-sanlı mütəxəsisdir, amma adların işə yaramadığını onun timsalında gördük. Bu məsələdə Dənizlinin “Xəzər Lənkəran”da hansı enerji ilə çalışacağı da önəmlidir. Necə deyərlər, yaşayarıq, görərik

Ali Günəş (Hazırda işsiz): 

- Mustafa Dənizlinin Azərbaycan futboluna faydalı olacağına şübhə etmirəm. Söhbət Türkiyənin ən yaxşı məşqçilərindən birindən gedirsə, ondan uğur gözləməyə dəyər.

İlhan Akgül (“Xəzər Lənkəran”ın aşağı yaş qrupları üzrə koordinatoru):

- Mustafa Dənizlinin komandamızda uğur qazanma perspektivi haqqında gələcəkdə danışarıq.

Hasan Özer (“Gaziantep” BB klubunun baş məşqçisi): 

- Mustafa Dənizlinin həm Türkiyə milli komandası ilə, həm də işlədiyi klublarda qazandığı uğurlar onun səviyyəsini ortaya qoyur. Məhz bu üzdən sözügedən mütəxəssisin Azərbaycanda uğur qazanacağına inanıram.

Tural Məmmədov
AzVision.az 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın