Menu
Geri İrəli

Elita klubları: kim harada hazırlaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyun 2014 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur

May ayının ortalarında başa çatan futbol mövsümünün ardından istirahətdə olan elita təmsilçilərinin əksəriyyəti artıq növbəti ölkə birinciliyinin hazırlıqlarına başlayıb. Hələlik təlim-məşq prosesinə başlamayan klublarımız isə hazırlıq mərhələsinə start vermək ərəfəsindədir. Deməli, elita təmsilçilərinin qış fasiləsindəki hazırlıq planı ilə tanış olmağa dəyər.

Qarabağ: Ötən mövsümün qızıl mükafatçısı olan Ağdam təmsilçisi təlim-məşq toplanışına ötən həftədən başlayıb. İyunun 12-də Bakıda bir araya gələn “köhlən atlar” sabaha qədər paytaxtda hazırlıq keçəcək. Komandanın bazar günü səhər saatlarında isə Avstriyaya yola düşməsi nəzərdə tutulub. Xatırladaq ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iyulun 15-i və ya 16-da mübarizəyə qoşulacaq Qurban Qurbanovun komandasının buna qədər bir neçə hazırlıq matçı keçirməsi planlaşdırılır. Artıq bölgə təmsilçisinin hansı kollektivlərlə qarşılaşacağı da bəllidir. Belə ki, ağdamlıların rəqibləri iyunun 23-də“Şaxtyor” (Donetsk), iyunun 28-də “Kuban” (Rusiya), iyulun 1-də Almaniya regional liqa təmsilçilərindən “SV Wacker Burghausen” bundan üç gün sonra isə Çexiyanın “Viktoriya Pilzen” komandaları olacaq.

“İnter”: Ölkəmizi Avropa Liqasında təmsil edəcək “bankirlər” hazırlıq mərhələsinə ən erkən başlayan elita təmsilçisidir. İyun ayının 1-dən Türkiyədə olan və İzmit şəhərinin Kartəpə qəsəbəsində hazırlıq keçən “İnter” artıq qardaş ölkədəki təlim-məşq prosesinə yekun vurub. Hazırlığın ilkin mərhələsini ötən həftə başa vuran Kaxaber Tsxadadzenin komandası bu müddət ərzində keçirdiyi yeganə hazırlıq matçında  “Afrikan Çellenc” U-21 komandasını 6 cavabsız qolla məğlub etməklə yadda qaldı. İyunun 10-da 3 günlük istirahətə buraxılan komanda ötən həftənin cümə günü isə təlim-məşq toplanışının ikinci mərhələsini keçmək üçün Avstriyaya yola düşdü. Hazırda adıçəkilən ölkənin Lutzmannsburq qəsəbəsində olan paytaxt klubunun ümumilikdə 5 hazırlıq oyunu keçirməsi nəzərdə tutulub. İyunun 16-da yerli “Buhşaxen” klubu ilə qarşılaşan və 5:0 hesabı ilə qalib gələn “İnter”in dünən isə digər Avstriya klubu “Şturm”la qarşılaşmadan 3:2 hesabı ilə qalib ayrıldı. Ayın 23-də isə Kaxaber Tsxadadzenin yetirmələri Macarıstanın “Sombathey Haladaş” komandası ilə üz-üzə gələcək. Bundan iki gün sonra isə “bank təmsilçisi”nin rəqibi Slovakiyanın “Dukla” komandası olacaq. “İnter”in digər rəqibinin adına aydınlıq gəlməsə də, oyunun iyunun 27-də keçiriləcəyi məlumdur.

“Qəbələ”: Baş məşqçi postundakı boşluğu rumıniyalı Dorinel Muntyanu ilə anlaşmaqla aradan qaldıran Qəbələnin eyniadlı komandası hazırlıq prosesinə isə bundan bir müddət əvvəl başlamışdı. İlk olaraq iki mərhələli hazırlıq keçməyi nəzərdə tutan “qırımızı-qaralar” ilk olaraq Türkiyənin Bolu şəhərində hazırlıq keçməyi planlaşdırsa da, sonradan bundan imtina edildi. Əvəzində isə iyunun 12-də Sloveniyaya yola düşən “Qəbələ” hazırda sözügedən ölkədədir. Artıq hazırlıq dövründəki ilk iki matçına çıxan və Sloveniyanın III liqa təmsilçisi “Stoynitsa”nı minimal hesabla üstələyən, “Koper” komandasına isə eyni hesabla uduzan şimal təmsilçisinin iyunun 27-nə kimi qalacağı Sloveniyada ümumilikdə daha iki hazırlıq matçı keçirməsi də nəzərdə tutulub. Məlumat üçün bildirək ki, “Qəbələ” sabah Bolqarıstanın “Botev”, iyunun 26-da isə Sloveniyanın “Maribor” komandası ilə qarşılaşacaq.

nqix“Neftçi”: Ölkə kubokunun qalibi olan flaqman da hazırığı ölkə xaricində keçən təmsilçilərimiz sırasındadır. Artıq iyunun 12-dən Türkiyənin Bolu şəhərində olan “ağ-qaralar” hazırlığın ilkin mərhələsini keçəcəyi qardaş ölkədə iyunun 28-nə kimi qalacaq. Onu da xatırladaq ki, Türkiyədəki ilk hazırlıq görüşündə Gürcüstanın  “Çixura” kollektivinə uduzan (2:3) “ağ-qaralar”ın bu gün yenidən bu komanda ilə oyuna çıxması gözlənilir. Daha sonra isə Bakıya qayıtmağı planlaşdıran Böyükağa Hacıyevin “drujinası” gələn ayın ilk günündə isə 12 gün davam edəcək hazırlıq mərhələsini keçmək üçün Avsriyaya yola düşəcək. Bu müddət ərzində 4 hazırlıq matçına çıxması gözlənilən “xalq komandası”nın Avroliqadakı rəqibi Qərbi Avropa ölkələrindən birinin təmsilçisi olsa və ilk oyun səfərdə baş tutsa, “Neftçi”nin hazırlıq prosesi nisbətən uzana və komanda iyulun 17-dəki Avroliqa matçına məhz Avstriyadan yollana bilər.

“Bakı”: Son mövsümü 5-ci sırada tamamlamaqla Avrokuboklardan kənarda qalan paytaxtın eyniadlı komandası hələ ki, hazırlığa başlamayıb. Yaxın 1-2 gün ərzində komandanın bazazasında bir araya gələcək komanda bir neçə günlük bərpa məşqləri keçdikdən sonra iyunun 25-də təxminən bir aylıq təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək. Komandanın Mərkəzi Avropa ölkəsində hansı komandalarla qarşılaşacağı məlum olmasa da, “zolaqlılar”ın 5 matça çıxması gözlənilir.

“Xəzər Lənkəran”: Baş məşqçi postunda Mustafa Dənizlini Oğuz Çətinlə əvəzləyən Lənkəran təmsilçisinin hazırlıq planında da dəyişiklik edildi. Buna qədər komandanın hazırlıqlara iyunun əvvəlində başlayacağı və bir mərhələdən ibarət olan təlim-məşq prosesini Avstriyada keçəcəyi bildirilsə də, komandanın yeni baş  məşqçisi hazırlıq mərhələsinin iki mərhələdən ibarət olmasına və iyunun 22-də başlamasına qərar verib. İlk olaraq Ərzurumda hazırlıq keçəcək “ağ-yaşıllar” daha sonra isə Avropa ölkələrindən birinə yola düşəcək. Komanda iyulun 6-da başlayacaq hazırlığın ikinci mərhələsi üçün isə ya Avstriya, ya Sloveniya, ya da Hollandiyaya yollanacaq. Onu da xatırladaq ki, cənub klubu təxminən iki həftə qalacağı Ərzurumda “Xanadu Snow White” məskunlaşacaq.

“Simurq”: Yeni mövsümün hazırlıqlarına dünəndən başlayan və Zaqatalada hazırlıq keçən “Simurq” iyunun 26-da isə Sloveniyaya yola düşəcək. Komanda burada iyulun 13-nə kimi hazırlıq keçməyi planlaşdırır. Bir neçə günlük istirahətdən sonra, iyulun 17-də isə Zaqatala təmsilçisi Avstriyaya yola düşəcək. Georgi Çixradzenin yetirmələri vətənə avqustun 1-də qayıdacaqlar. Onu da xatırladaq ki, bu iki ölkədəki hazırlıq çərçivəsində “Simurq” bütövlükdə 8 yoxlama oyunu keçirəcək. Onlardan 3-ü Sloveniyada, 5-i isə Avstriyada baş tutacaq.

AZAL: İyunun 16-da bir araya gələn komanda üzvləri dünənə qədər tibbi-müayinədən keçirildi. Sabahdan isə öz bazasında hazırlıqlara başlayan “təyyarəçilər” iyulun 6-na kimi paytaxta hazırlaşacaq. Bu müddət ərzində Şüvəlanda fiziki hazırlıqlara diqqət ayıracaq Tərlan Əhmədovun komandası bununla yanaşı, yerli komandalarla hazırlıq matçları da keçirəcək. Paytaxt klubunun iyulun ortalarında isə Boluya yola düşməsi və hazırlıqlarını iyulun 28-nə qədər qardaş ölkədə davam etdirməsi nəzərdə tutulub. Onu da xatırladaq ki, “təyyarəçilər”in bu müddət ərzində Qara dəniz bölgəsində – “Esentepe” otelində məskunlaşması gözlənilir.

“Sumqayıt”: Yeni “futbol ili”nin hazırlıqlarına iyunun 23-də başlaması gözlənilən Sumqayıtın eyniadlı komandası hazırlığın ilkin mərhələsini ölkə daxilində keçəcək. “Kimyaçılar”ın planlarına ölkə hüdudlarından kənarda hazırlıq keçmək də daxildir. Belə ki, Aqil Məmmədovun “drujinası”nın İzmitin Kartəpə qəsəbəsində təlim-məşq prosesini keçirməsi nəzərdə tutulub. Onu da xatırladaq ki, hazırlığın ilkin mərhələsində dörd matça çıxması gözlənilən “gənclik şəhəri”nin iyulun 5-də “Neftçala”, bundan bir həftə sonra isə “Rəvan”la qarşılaşacağı məlum olsa da, digər rəqiblərin adına aydınlıq gəlməyib.

“Araz Naxçıvan”: Yeni mövsümdən Topaz Premyer Liqasında mübarizə aparacaq Muxtar Respublika təmsilçisi artıq qarşıdakı mövsümün hazırlıqlarına başlayıb. İyunun 15-də bir araya gələn Əsgər Abdullayevin komandası hazırlığın ilkin mərhələsini məhz Naxçıvanda keçəcək. Təlim-məşq prosesinin ikinci mərhələsi isə Türkiyədə baş tutacaq. Komandanın təlim-məşq toplanışını Ərzurum şəhərindəki “Ərzurumspor” klubunun idman bazasında keçməsi və qardaş ölkədə aralarında “Ərzurumspor” və “Çaykur Rizespor”un da olduğu bir neçə komanda ilə yoxlama matçında qüvvəsini sınaması gözlənilir.

Hakimlər də  xaricinə yollanır

Əksər klublarımız kimi, hakimlərimiz də mövsümlərarası fasiləsində ölkə xaricinə yollanacaqlar. Azərbaycan çempionatında növbəti mövsüm idarəçilik edəcək hakimlərimiz təlim-məşq toplanışını Polşada keçirəcəklər. Xatırladaq ki, növbəti mövsümə hazırlaşmaq üçün referilərimiz iyulun 10-da təlim-məşq toplanışının keçiriləcəyi məkana yollanacaqlar. Orada hakimlərimiz fiziki hazırlıqlar keçirəcək və bir neçə yoxlama görüşlərində idarəçilik edəcəklər.

Tural Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın