Menu
Geri İrəli

Gürcülər, yoxsa yerlilər?

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2013 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur

Topaz Premyer-Liqası davam etməkdə, turlar ötdükcə çempionluq yarışı qızışmaqdadır. İndiyə qədər çempionluq iddiasında olan elita təmsilçilərinin arzulanan hədəfə çatmaq imkanlarından çox bəhs etmişik. Amma nədənsə, çempionluq şansları yüksək qiymətləndirilən ölkə klublarının məşqçilərinin işi nisbətən geri planda qalıb. Hansı ki, hədəfə gedən yolda məşqçilərin peşəkarlığından, təcrübəsindən və s. amillərdən çox şey asılı olur. Bugünkü yazını da məhz çempionluq və medallar uğrunda mübarizə aparan kollektivlərin məşqçilərinə həsr etmişik. Amma ilk “altılıq” komandalarından  “Bakı” və “Qəbələ”nin mükafatçılar sırasına düşmək imkanları yüksək qiymətləndirilmədiyindən digər dörd klubun –“Neftçi”, “Inter”, “Qarabağ” və “Simurq”un  çalışdırıcıları  haqda danışacağıq.

 

  Böyüakağa Hacıyev (“Neftçi”)

* Futbolçu karyerası Naxçıvanın  “Araz” komandası ilə bağlı olub. Uzun müddət bu komandanın şərəfini qoruduğundan Hacıyevə idman ustası adı verilib. Xatırladaq ki, sovet dönəmində uzun zaman bir komandada çıxış edən futbolçuya bu ad verilirdi.

* Məşqçi kimi ən böyük uğuru “Neftçi”ni Avroliqanın qrup mərhələsinə daşımasıdır. Bundan başqa, 2005-2006-cı illər mövsümündə “Bakı” ötən mövsüm isə hazırkı klubu ilə ölkə çempionu olması da Hacıyevin aktivinə yazılmalıdır.

* 2012-ci ilin ən yaxşı məşqçisi seçilib.

* Çempionluq üçün yarışan yerli mütəxəssislərdən olan  Qurban Qurbanov fərqli olaraq flaqmanın  çalışdırıcısı məşqçi kimi legioner həyatı  yaşayıb. Qeyd edək ki, Böyükağa bəy İranın “Traktorsazi” və “Maşinsazi” klublarında fəaliyyət göstərib.

* “Standard”da işləyərkən komandanın aşağı dəstəyə yuvarlanması Hacıyev üçün uğursuzluq kimi qiymətləndirilməlidir.

* Adətən çalışdırdığı komandalarda sələflərindən ciddi narazılığı ilə diqqət çəkir.

*  Tez qıcıqlanan adamdır. Bu üzdən həmkarları ilə mütamadi olaraq qalmaqal yaşayır.

* Bir mütəxəssis kimi Hacıyevin  əsas özəlliyi komandanı motivasiya baxımından yaxşı hazırlaya bilməsiidir. Komandanın potensialından yararlanmağı bacarır.

 

Kaxaber Tsxadadze (“İnter”)

* Futbolçu karyerası ərzində ölkəsinin “Metallurq”, “Dinamo”, “Lokomativ”, Rusiyanın “Spartak”, “Dinamo”, “Alaniya” və “Anji”, eləcə də İsveçin “Sundsval”, Almaniyanın “Ayntraxt” və İngiltərənin “Mançester Siti” klublarının formasını geyib.

* Gürcüstan birinciliyində mükafatçılar sırasına düşməklə yanaşı, Almaniya çempionatının da bürünc mükafatını qazanıb.

* Məşqçi kimi ilk iş yeri “Lokomativ” (Tiflis) olan Tsxadadze daha sonra 2005-2006-cı illər mövsümündə “Dinamo” ya rəhbərlik edib. 2006-2007-cı illər  mövsümünü “Sioni” də keçirən mütəxəssisin ölkəmizdəki ilk iş yeri isə 2008-2009-cu “futbol ili”ndə  təyinat aldığı “Standard” klubu olub.

* 2009-cu ildən isə paytaxtın “İnter” klubunun  “sükanı arxasında”dır. Bu müddət ərzində “Bank təmsilçisi” ilə ölkə çempionluğunu və Rusiyada keçirilən “Birlik kuboku”nu qazanan mütəxəssisin işini uğurlu saymaq olar.

* Əsas özəlliyi əlindəki “material”dan yaxşı istifadə etməyi və praqmatik oyun üslubu ilə nəticə qazanmağı bacarmasıdır.

* Ən çatışmayan cəhəti isə mütamadi olaraq bir sıra həmkarları ilə problem yaşamasıdır.

 

Qurban Qurbanov (“Qarabağ”)

* Futbolçu karyerasında ölkəmizin “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi” və “İnter”, eləcə də Gürcüstanın “Alazani”, həmçinin  Rusiyanın “Dinamo”(Stavropol), “Baltika”, “Fakel” və “Volqar-Qazprom” klublarında forma geyib.

* Karyerası ərzində ölkə çempionu, kubokun sahibi və çempionatın bombardiri olub.

* Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxsdir. Qurbanov 2004-cü ildə “Neftçi”də çıxış edərkən komandanın kapitanı kimi, 2009-cu ildə isə baş məşqçi kimi kuboku başı üzərinə qaldırıb. Bundan başqa, 2009-cu ildə onun çalışdırdığı “Qarabağ” Azərbaycan kubokuna sahib çıxıb.

* Məşqçi kimi “Neftçi” ilə gümüş, “Qarabağ”la isə ardıcıl iki il çempionatın bürünc medallarını qazanıb.

* Məşqçi kimi ən böyük uğurları 2009, 2010 və 2011-ci illərdə ardıcıl olaraq üç dəfə Azərbaycanın ən yaxşı məşqçisi seçilməsi və “Qarabağ”la ard-arda iki il Avropa Liqasının pley-off mərhələsinə yüksəlməsidir.

* Əsas üstünlüyü yetirmələrini çətin duellərə yaxşı kökləməsidir. Bunu sübuta yetirmək üçün “köhlən atlar”ın boyundan yuxarı tullandığı matçları xatırlamaq yetərlidir. Bundan əlavə, bölgə komandasının məhz Qurbanovun müəyyənləşdirdiyi oyun üslubu və kadr siyasəti fonunda yüksələn qrafik cızması da danılmazdır.

* Komandanın qazandığı nəticələrdən asılı olmayaraq mətbuata açıqlama verməkdən qaçmır.

 

Georgi Çıxradze (“Simurq”)

* Futbolçu karyerası ərzində ölkəsinin “Dinamo”,”Suxumi”, “Lokomativ”, “Ameri”, eləcə də Ukraynanın “Temp”, “Şaxtyor”, Çinin “Xuandao” və İsrailin “Hapoel” koçmandalarının şərəfini qoruyub.

* Məşqçi kimi ilk iş yeri Gürcüstanın “Ameri” komandası olan məşqçi (2004-2009) “Simurq”a gələnə qədər isə “İnter”də köməkçi-məşqçi kimi çalışıb.

* 2005-ci ildə A, 2006-cı ildə B, 2009-cu ildə isə “PRO” kateqoriyasını əldə edib.

*  Məşqçi kimi ən böyük uğurları 2005 və 2006-cı illərdə Gürcüstan kuboku və superkubokuna sahib çıxması və ovaxtkı adı ilə UEFA kubokunda mərhələ adlamasıdır. Bundan başqa, “İnter”də ikinci məşqçi kimi çempionluq sevinci yaşayıb.

* 2006-cı ildə Gürcüstanın üç ən yaxşı məşqçisindən biri, 2007-ci ildə isə ölkəsinin ən yaxşı mütəxəssisi seçilib.

* 2012-ci ilin mart ayında “Simurq”un sükanı arxasındadır.

* Əsas özəlliklərindən biri yaxşı transfer siyasəti yürütməsidir

* Çatışmayan cəhəti kimi isə komandasında nizam-intiazamı bərpa edə bilməməsini göstərmək olar.

 

Tural Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın