Menu
Geri İrəli

Klublarımız necə hazırlaşdı?

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Yanvar 2014 • Baxış sayı: 320 dəfə • Şərh yoxdur

Uzun müddət qış fasiləsində olan elita təmsilçiləri artıq sabah start götürəcək ölkə çempionatının üçüncü dövrəsinə hazırlıq mərhələsini başa vurub. Məlum olduğu kimi, bu dəfə də klublarımızın əksəriyyəti ölkə xaricinə üz tutmuşdu. Ölkə hüdudlarından kənara çıxmayan AZAL və “Sumqayıt”ı, eləcə də İspaniyada hazırlıq keçən “Bakı”nı nəzərə almasaq, digər bütün elita təmsilçiləri Türkiyənin Antalya şəhərinə yollanmışdılar. Azərbaycandan kənarda olan komandalarımız hazırlıq çərçivəsində ümumilikdə 32 oyun keçirdilər. Bu qarşılaşmalardan 13-də qalib gələn təmsilçilərimiz eyni sayda matçda heç-heçə oynadı. Komandalarımız 6 görüşündə isə məğlubiyyətlə üşləşdi. Ölkə xaricində təlim-məşq toplanışında olan 8 komandamız ümumilikdə 48 qola imza atıbsa, 30 dəfə topu torindan çıxarmalı olub. Onu da xatırladaq ki, hazırlıq dövründə ən çox yoldaşlıq matçına ümumilikdə 6 qarşılaşmada qüvvəsini sınamış “İnter”, ən az oyuna isə hərəyə iki görüş olmaqla “Xəzər Lənkəran” və “Rəvan” çıxıb. Hər halda, klublarımızın hazırlıq mərhələsini necə keçirdiyinə ayrı-ayrılıqda  nəzər salmaq maraqlı olar.

“Qarabağ”

 Qış fasiləsinə turnir cədvəlinin ilk pilləsində yollanan Ağdam təmsilçisi mövsümün əvvəlində olduğu kimi, bu dəfə də hazırlıq prosesini Türkiyədə keçdi. “Köhlən atlar”ın qardaş ölkədə dörd hazırlıq matçı keçirməsi planlaşdırılsa da, əlverişsiz hava şəraiti üzündən Ukrayna “Volın”ı ilə qarşılaşma baş tutmadı və Qurban Qurbanovun komandası Antalyada üç görüşdə qüvvəsini sınadı. İlk matçda Ruminiyanın “Dinamo” komandasına minimal hesabla qalib gələn “Qarabağ” ikinci görüşdə isə Albaniyanın “Flyamurtari” kollektivinə 1:2 hesabı ilə məğlub oldu. Bölgə təmsilçisinin Türkiyədəki sonuncu oyunu isə “sülh”lə yekunlaşdı. Almaniyanın “Vuppertaler” kollektivinə qarşı keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatdı.

“Qəbələ”

Yanvar ayının 5-dən 25-nə qədər Türkiənin Antalya şəhərində hazırılıq keçən “Qəbələ” bu müddət ərzində üç ölkədən beş komanda ilə qarşılaşdı. İlk oyunda Türkiyənin aşağı dəstə komandası “Maltəpəspor”la “sülh” bağlayan (1:1) kollektiv sonrakı matçında Qazaxıstan “Tobol”una 2:1 hesabı ilə qalib gəldi. Antalyadakı ilk məğlubiyyətini bu ölkənin “Konyaspor” komandasından alan (2:4) “qırmızı-qaralar” digər iki qarşılaşmada isə heç-heçəyə razılaşdı. Əvvəlcə Qazaxıstanın “Spartak” komandası ilə 1:1 hesablı heç-heçəyə imza atan Yuri Syominin komandası son qarşılaşmada isə Rusiya “Volqa”sı ilə qolsuz heç-heçə oynadı.

“Neftçi”

Qış fasiləsində baş məşqçi postuna yenidən Böyükağa Hacıyevi gətirən flaqmanın köhnə-yeni baş məşqçisi ilə necə oyun sərgiləyəcəyi maraq doğururdu. Türkiyədə ümumilikdə 5 qarşılaşmaya çıxan “ağ-qaralar” bu oyunlardan ikisində qalib gəldi, ikisində heç-heçə oynadı, bir matçda isə məğlub oldu. İlk oyunda Albaniyanın “Partizani” komandasına iki cavabsız qolla qalib gələn son çempion ikinci görüşündə isə Türkiyə Superliqasının lideri “Fənərbağça” ilə qolsuz heç-heçəyə razılaşdı. “Neftçi”nin Antalyadakı ikinci qələbəsi isə 4:2-lik hesabla Qazaxıstanın “Tobol” kollektivi üzərində oldu. Paytaxt klubunun son iki görüşünə gəlincə, Ukrayna “Metallurq”u ilə oyunda bərabərlik (0:0), Polşa “Şlensk”i ilə qarşılaşmada isə məğlubiyyət (1:3) qeydə alınmışdı.

“İnter”

Hazırlıq mərhələsi çərçivəsində 6 qarşılaşmaya çıxmaqla bu baxımdan bütün elita klublarını qabaqlayan “İnter” təlim-məşq prosesini üç qələbə, iki heç-heçə və bir məğlubiyyətlə başa vurdu. Onu da xatırladaq ki, bu matçlarda 16 dəfə fərqlənən “bankirlər” bu göstəricidə də hamıdan öndədir. Məlumat üçün bildirək ki, Türkiyə toplanışı zamanı Hollandiyanın “Asten” (8:0), Almaniyanın “Zeyts” (2:0) və Braziliyanın “Uniao” (3:1) komandalarına qalib gələn Kaxaber Tsxadadzenin yetirmələri Almaniyanın “Arminiya” (2:2) və Qazaxıstanın “Aktobe” (1:1) komandaları iləysə heç-heçə oynadı. Bakılıların məğlub olduğu yeganə komanda isə Almaniyanın “Holsteyn Kil” kollektivi oldu – 0:3.

“Bakı”

Mövsümün qalan hissəsinə hazırlığı İspaniyanın Marbelya şəhərində keçən “Bakı” bu ölkədə ümumilikdə beş qarşılaşmaya çıxdı. İlk oyunda Albaniya “Laçi”sinə dörd cavabsız qolla qalib gələn “zolaqlılar” ikinci oyunda İspaniyanın “Linense” komandasına minimal hesabla məğlub oldu və bu məğlubiyyət paytaxtın eyniadlı komandasının hazırlıq dövründəki yeganə uğursuzluğu oldu. Bundan sonrakı qarşılaşmalarda Ukraynanın “Dinepr” (0:0) və “Dinamo” (1:1) kollektivləri ilə “sülh” bağlayan Milinko Pantiçin komandası Ruminiyanın “Styaua” komandasına isə 2:0 hesabı ilə qalib gəldi.

“Simurq”

Zaqatala təmsilçisi hazırlıq prosesi çərçivəsində məğlubiyyət üzü görməyən iki komandadan biridir. Antalyada dörd qarşılaşmaya çıxan “Simurq” bu matçların ikisində qalib gəldi, ikisində isə heç-heçə oynadı. Almaniyanın “Felbert” (2:0) və Xorvatiyanın  “Hrvatski Draqovolyas” (2:0) komandalarına qalib gələn Georgi Çixradzenin “drujinası” digər iki oyunda isə Tanzaniyanın “Yanq Afrikans” (2:2) və Çinin “Şanxay Şenxua” (0:0) komandaları ilə heç-heçə oynadı.

“Xəzər Lənkəran”

Mövsümöncəsi hazırlıq mərhələsini Almaniyada keçən cənub təmsilçisinin dövrələrarası hazırlıq dövründə Türkiyəyə yollanacağı gözlənilən idi. Baş məşqçi postuna türkiyəli Mustafa Dənizlini gətirən “ağ-yaşıllar”ın məhz baş məşqçinin istəyi ilə qardaş ölkəyə yollanmışdı. Amma cənub təmsilçisi Antalyada cəmi iki yoldaşlıq oyunu keçirməklə yadda qaldı. İlk oyunda “Çaykur Rizəspor”la qolsuz heç-heçə oynayan lənkəranlılar digər qarşılaşmada isə “Gənclərbirliyi”nə 0:2 hesabı ilə uduzdu.

“Rəvan”

Dövrələr arası fasilədə baş məşqçi postunda Şahin Diniyevi türkiyəli Güvənc Kurtarla əvəzləyən “Rəvan”ın Türkiyə toplanışı zamanı dörd qarşılaşmada qüvvəsini sınaması planlaşdırsa da, sonradan iki oyun baş tutdu. Hər iki qarşılaşmada qalib gələn “uçan aslanlar” öncə Braziliyanın “Uniao” (2:1), ardınca isə Ruminiyanın “Universtatya” (1:0) komandaları üzərində qələbə çaldı. Güvənc Kurtarın “drujinası”nın Xorvatiyanın “Split” komandasına qarşı keçirməli olduğu qarşılaşma isə əlverişsiz hava şəraiti üzündən baş tutmadı

AZAL

Dövrələr arası hazırlıq dövründə ölkədən kənara çıxmayan iki komandadan biri olan AZAL ümumilikdə 7 hazırlıq matçına çıxdı. Həmin oyunlarda “Şuşa” (3:0), “Şahdağ” (5:1), “Araz-Naxçıvan” (2:0), “Ağsu” (6:0) və “Neftçala” (2:0) kimi komandaları üstələyən “təyyarəçilər” “Qaradağ” (2:3) və “Sumqayıt”a (1:2) isə məğlub oldu.

“Sumqayıt”

Hazırda turnir cədvəlinin son sırasında yer alan “Sumqayıt”da hazırlıq prosesini ölkə daxilində keçirdi. Bu səbəbdən də yalnız yerli klublarla qarşılaşan Aqil Məmmədovun komandası iki elita və iki birinci divizion təmsilçisi ilə qarşılaşdı. Elita təmsilçilərindən “Rəvan”la heç-heçə oynayan (0:0), AZAL-a isə qalib gələn (2:1) “kimyaçılar” “Araz Naxçıvan” (0:1) və “Şahdağ”a isə (1:2) məğlub oldu.

 

Tural Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın