Menu
Geri İrəli

Klublarımızın şansları nə qədərdir? – SORĞU

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyun 2014 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur

Həftənin bazar ertəsi ölkəmizi Avrokuboklarda təmsil edəcək komandaların rəqiblərinin adına aydınlıq gəldi. Ən nüfuzlu klub turniri olan Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ”ın Malta təmsilçisi “Valletta”, “İnter”in Moldova klubu “Tiraspol”, “Qəbələ”nin Bosniya və Hersoqovina komandası “Şiroki Briyeq”, “Neftçi”nin isə  ”Koper” (Sloveniya) – “Çelik” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacağının bəlli olmasının ardından komandalarımızın şansları müzakirə olunmağa başladı. Belə vəziyyətdə ölkəmizin idman mediasının tanınmış nümayəndələrinin təmsilçilərimizn rəqibləri və mərhələ adlamaq şansları haqqında fikirlərini öyrəndik.

Sənan Şəfizadə (ATV-də redaktor assistenti, idman icmalçısı): “Klublarımızın avrokuboklarda ilk mərhələdəki rəqibi normaldır. Püşk üzümüzə güldü demək olar. Əlbəttə, müasir Avropada zəif rəqib və ya futbol oynaya bilməyən komanda yoxdur. Amma əgər biz Malta kimi komandayla oynayacağımıza seviniriksə deməli, biz heç nəyə nail olmaq istəmirik. Öz oyunumuz haqda düşünməliyik, yalnız bu halda arxayınlaşmamaq olar. “Qarabağ”ın ilk rəqibi Malta çempionudur. Fikrimcə, stabil oyunla seçilən “Qarabağ” bu mərhələni çətinlik çəkmədən keçməlidir. “İnter” Moldova, “Qəbələ” Bosniya komandasıyla qarşılaşacaq. “Bankirlər”in təcrübəli baş məşqçisi Kaxaber Tsxadadze özünü göstərməlidir. Heyətin əksər üzvləri komandanı tərk etsə də, “İnter” ən azı 2 mərhələ keçməyə borcludur. Çünki növbəti mərhələdəki rəqib İsveç təmsilçisidir – münasib komandadır. Onlarla oynamaq olar. “Qəbələ” debütantdır. Baş məşqçiləri təzədir. Heyət dəyişib. Ona görə 1 mərhələ keçsələr, onlar üçün uğur sayılacaq. Hazırlığa gec başlamaqlarını da unutmaq olmaz. “Neftçi” ikinci təsnifat mərhələsində Sloveniya və ya Monteneqro klubuna rəqib olacaq. “Neftçi”ni hər iki rəqibdən güclü sayıram. Sadəcə, flaqmanda indi islahatlar dövrü başlayıb. Komandanın əksər oyunçuları göndərildi. Bununla belə, Böyükağa Hacıyevin komandasının bu mərhələni keçəcəyinə ümid böyükdür”.

Natiq Muxtarlı (“Publika.az” saytının redaktoru):“Klublarımız olduqca asan rəqiblərin düşdüyü qənaətindəyən. O başqa məsələ ki, bizim klublara hətta asan rəqiblər də keçilməz görünür. İlk mərhələdəki rəqiblərimizin illik büdcəsi 1-2 milyon dollar civarındadır. İkinci mərhələdə “İnter” və “Qəbələ”nin rəqiblərinin -   İsveç və Çexiya komandalarının büdcəsi 6 milyon dolardan yuxarı deyil. Pul məsələsinə görə bütün rəqiblər bizim komandalara uduzur. Ancaq oyun planında necə? Bax, bu haqda konkret fikir yürütmək çox çətindir. “Neftçi” dağınıq  durumda, “İnter” bir dəstə gürcü göndərib bir dəstə gürcü gətirməklə məşğuldur, “Qəbələ” özünə güclə baş məşqçi tapıb. Belə qeyri-peşəkarlığın fonunda proqnoz vermək çox çətindir. Ancaq bunlar xərcəldikləri vəsaitin hesabatını verməlidirlər axı. Ya zəhmət çəkib bütün komandalar ən azı 2 mərhələ keçməli, ya da klub rəhbərləri tam tərkibdə istefa verməlidirlər. Heç bir bəhanə uğursuzluq üçün əsas ola bilməz. Azərbayvcan klublarının peşəkarlığına bələd olanlar “mərhələ keçmişik” deməməlidir. Ötən il “Neftçi”nin “Saknderbeu”ya məğlubiyyətini unutmamaq lazımdır. Biz “rəqiblərimiz” zəifdi deyib sevinirik. Ancaq rəqiblər də Azərbaycan klubları ilə qarşılaşacaqları üçün  sevinclidirlər. Azərbaycan futboluna ayrılan vəsitin hesabatı verilməyənə, məsuliyytətə görə cəzalananlar olmayana, komandalarımız peşəkarlaşmayana qədər biz hamı üçün zəif rəqib olaraq qalacağıq. Bu rəqiblərə də qalib gələ bilməyib, kimi arzulayacağıq? Avropada həm büdcəsinə, həm də oyun keyfiyyətinə görə ən zəiflər bizə rəqib olub.  İndi futbol ictimaiyyəti  komandalar qarşısında tələb qoymalıdır: “Qalib gəlməyə məhkumsunuz!”

Amal Abuşov (“Futbol+ qəzetinin əməkdaşı”): “Püşk biz gözlədiyimizdən daha asan rəqibləri qarşımıza çıxardı. Xüsusilə, ardıcıl iki mövsüm Malta təmsilçisiylə rəqib olmağımız UEFA-nın yeni sisteminin bizə lütfüdür. “Qarabağ”ın rəqibinə ehtiyatla yanaşması, Qurban bəyin futbolçularına rəqib haqda danışmağı qadağan etməsi isə komandadakı gərginliyin, psixoloji hazırlığın qaydasında olmadığının göstəricisidir. Bütün təmsilçilərimiz mərhələ adlamağa borcludur. Kim bacarmasa, özünü günahlandırsın.

İlqar Tağıyev (“Het-trik news” qazetinin baş redaktoru): “Bu ilki püşkü komandalarımız üçün düşərli saymaq olar. Hər 4 klubumuz mərhələ adlamaq üçün münasib rəqiblə qarşılaşacaq. Avrokuboklarda əsas ümidimiz “Qarabağ”ın bəxti digər komandalarımızla müqayisədə daha çox gətirib. “Valetta” Ağdam klubundan qat-qat zəifdir. “Qarabağ” mərhələ keçməyə borcludur. Üstəlik, ilk oyunun səfərdə keçirilməsi bizim üçün əlavə üstünlük sayılmalıdır. Əleyhimizə olan yeganə amil rəqibi düzgün qiymətləndirməmək ola bilər. “Neftçi”nin “Skenderbeu”ya “ilişmə”sini yaddan çıxarmayaq. Səviyyə fərqini nəzərə alsaq, “Qarabağ” cütün taleyini Maltada həll edə bilər. Fikrimcə, elə belə də olacaq. “İnter”in rəqibi də o qədər “dişli” deyil. “Qarabağ” kimi “İnter” də ilk oyununu səfərdə keçirəcək. Həm də nəzərə alaq ki, “İnter” səfər oyunlarında daha yaxşı nəticə qazanır. Mərhələ keçməkdə Avropa təcrübəsi və Georgi Sxadadze amili “İnter”ə kömək ola bilər. Düşünürəm ki, gürcü baş məşqçi ötənilki səhvin təkrarlanmasına imkan verməyəcək. “Qəbələ”nin əleyhinə işləyən yeganə amil təcrübəsizlikdir. “Şiroki Briyeq” elə də güclü komanda deyil. Ölkə birinciliyində 2-ci yeri tutmasına baxmayaraq, keçirdiyi oyunların statistikasına nəzər salsaq, təxminən yarısında xal itirib. 15 səfər oyununun cəmi 5-də qalib gələn komandanı ilk oyunda mütləq məğlub etmək lazımdır. Əks təqdirdə “Qəbələ” üçün mərhələ adlamaq əlçatmaz olacaq. Çünki, “Şiroki Briyeq”  evdə demək olar ki xal itirmir. Söz düşmüşkən, ilk oyunun Bakıda deyil, Qəbələdə keçiriləcək olması lap yerinə düşdü.  O ki qaldı “Neftçi”yə, bildiyiniz kimi rəqib ya Sloveniya, ya da Monteneqro təmsilçisi olacaq. Həm “Koper”, həm də “Çelik” eyni səviyyəli komandalardır. Hər ikisi səfərdə o qədər də inamlı təsir bağışlamırlar. Amma evdə bu komandalar nadir hallarda qələbəni əldən verirlər. Bu səbəbdən “Neftçi” ilk oyunu evdə keçirəcəyindən cavab oyununa sərfəli nəticə ilə yollanmalıdır. Əks təqdirdə, elə ilk mərhələdəcə ötən il olduğu kimi fiaskoya uğrayacaq… Hər dörd klubumuz mərhələ adlaya bilər. ”Poker” etmək əla olardı. Amma het-trik də pis deyil.”

Kənan Hakimov (ANS TV-nin əməkdaşı): “Məncə “Valetta” “Qarabağ” üçün mümkün rəqiblər arasında optimal variant sayıla bilər. Düzdür, atletik futbola üstünlük verirlər, heyətində Malta millisinin üzvləri oynayır və komanda hər il Çempionlar Liqasında çıxış edir. Lakin Çempionlar Liqasında zəif rəqib olmur. Hər halda, Qurban Qurbanov həmişə ehtiyatlı davranmağı xoşlayır. İnanmıram ki, komandaya arxayınlaşmağa imkan versin. Üstəlik, “Qarabağ” ilk görüşü səfərdə keçirəndə əksər hallarda mərhələni adlayan tərəf ağdamlılar olur. Bir sözlə, “Qarabağ”ın növbəti mərhələyə yüksələcəyinə inamım böyükdür. “Qəbələ” klubuna gəldikdə, “Şiroki Brieq”i şimal klubu üçün münasib rəqib adlandırardım. Hər halda, püşk “Qəbələ”nin bəxtinə “Rusenburq”, “Tromse” və “Aberdin” kimi rəqiblərdə çıxarda bilərdi. Qəbələnin eyniadlı komandasının baş məşqçi təyinatı ilə bağlı gec qərar verməsi komandaya problem yarada bilər. Hər halda, heyətə Ruslan Abışov, Ruslan Əmircanov kimi yerli futbolçular qatan komanda bir-iki səviyyəli legionerlərlə sıralarını gücləndirsə, mərhələni adlaya bilər. Eyni nəticəni “İnter”dən də gözləyirəm. “Bankirlər”in avrokubok təcrübəsi yetərincədir. Üstəlik, Sxadadze artıq uzun müddətdir ki, komandanın “sükanı arxasında”dır və komandanın gücünə bələddir. Lakin komandanın güclənməyə ehtiyacı olduğunu düşünürəm. “Neftçi”yə gəldikdə isə, fikrimcə, flaqman ikinci mərhələdə Sloveniyanın “Koper” klubu ilə qarşılaşacaq. Düzdür, “Neftçi”nin heyətində dəyişikliklər olub. Lakin uğura ac gənc futbolçular meydanda daha istəkli olurlar. Üstəlik, “ağ-qaralar”ın Böyükağa Hacıyev kimi risk etməyi sevən baş məşqçisi var. Fikrimcə, “Neftçi” birinci oyununu “doğma divarlar” arasında keçirəcəyindən oyunun taleyini elə ilk matçda həll etməlidir. 4 klubumuza da uğurlar arzu edirəm. Hər il oduğumu kimi, bu ildə onlardan gözləntilərimiz böyükdür.”

Anar Xanlarov (“Rekord.az” saytının redaktoru):“Çox münasib rəqiblərdir. Ən azından rəqiblərimiz nə maddi, nə də heyət baxımından bizdən üstün deyillər. “Qarabağ” və “İnter” mərhələni keçməlidir və buna borcludurlar. Şəxsən mənə görə, “Qarabağ” mərhələni problemsiz keçəcək. “İnter” çətinliklə üzləşə bilər, amma onlar da mərhələni adlayacaq. “Neftçi” bildiyiniz kimi Sloveniya və Çernaqoriya təmsilçilərindən biri ilə qarşılaşacaq. Milli səviyyəsində hər ikisi bizdən güclüdür, amma klub səviyyəsində üstünlük bizdədir. Düşünürəm ki, çətin də olsa “Neftçi”də rəqibini mübarizədən kənarlaşdıracaq. Amma “Qəbələ”nin mərhələ keçəcəyinə inanmıram. Fikrimcə, ən güclü rəqib məhz “Qəbələ”yə düşüb. Əvvəllki heyəti saxlaya bilsəydilər, şansları daha çox olardı. Ancaq indiki vəziyyətdə, özü də debütant ola-ola “Qəbələ”nin “Şiroki Briyeqi”i keçəcəyinə inanmıram.

Elçin Cəlilov (“futbolpress.az” saytının baş redaktoru): ”Qarabağ”ın rәqibi çıxa bilәcәk üç әn sәrfәli rәqibdәn biri idi. Malta futbolu zәifdir, bu, açıq-aydın mәsәlәdir. Mәrhәlәni keçmәyә әn real namizәd elә “Qarabağ”dır. Ancaq müasir futbolda zәif rәqib anlayışı aktual deyil. Ona görә dә, “Ehtiyat igidin yaraşığıdır” misalını unutmamaq vacibdir. “İnter”in “Tiraspol” sәddini keçmәkçün heyәti güclәndirmәlidir. Moldova klubunun yaxşı heyәti var vә avroliqa tәcrübәsi dә böyükdür. “Qәbәlә”yә gəlincə, әn güclü rәqib məhz “Qəbələ”nin oynayacağı komandadır. Bosniya vә Herseqovinanın “Şiroki Briyeq” klubu ölkәsinin ikiqat çempionudur vә dәfәlәrlә avroliqada iştirak edib. Tәcrübәli rәqibә qarşı debütant klubuzun mübarizәsinin uğurlu alınması üçün yaxsı toplanış keçmәk lazımdır. Komandanın әsas qol ümidi olan Daniel Subotiç gedibsә, yerini dolduracaq keyfiyyәtli hücümçu lazımdır. Hәmçinin ortaya vә müdafiәyә səviyyәli futbolçular gәtirilmәlidir. Neftçi”nin mәrhәlә keçәcәyinә inanıram. Məncə, ötәnilki uğursuzluq onlara dәrs olub. Ümumiyyətlə, püşkdәn keçilmәyәcәk rәqiblәrin çıxmadığını düşünürәm.

İlkin Babayev (“Futbol11.az” saytının redaktoru): “Əslində “Qarabağ”ın püşkatma nəticəsində qarşılaşacağı Malta komandasını çox da güclü saymıram. Nəzərə alsaq ki, Malta çempionatı çox da irəliyə getmiş çempionat deyil, o zaman “Qarabağ” üçün “Valetta”nı çətin sədd saymaq olmaz. Bir tərəfdən də “Qarabağ” bu klubu məğlub edib, mərhələ keçməyə borcludur. Həm adına görə, həm də əgər Maltanın iddiasız komandasına uduzacaqsa, o zaman ağdamlıların I divizion klubundan fərqi olmaz. “Qəbələ” üçün isə çətin rəqib düşdüyünü deyə bilərik. Çünki bizim əyalət komandamız Avropaya ilk addımını atacaq. Və nəzərə alsaq ki, “qırmızı-qaralar”da yeni baş məşqçi, yeni futbolçular var və artıq fərqli taktika, hər şeyin sıfırdan başlaması komandamızın işinə əngəl yarada bilər. “İnter” gərək Moldova komandalarına qarşı uğursuzluqları dəf edə. “Tiraspol”u asan rəqib kimi dəyərləndirmək olmaz. Hücumçu problemini hələ də həll edə bilməyən “bankirlər”in az vaxtı qaldığından, yeni gələcək hücumçunun da adaptasiyası ləngiyəcək. “İnter” ilk etapda büdrəməsə, yaxşıdır”.

Zaur Xudiyev (“Gündəlik Teleqraf” qəzetinin əməkdaşı): Məncə, ən asan rəqib “Qarabağ”a, nisbətən güclüsü isə “Neftçi”yə düşüb. Amma bununla belə, avrokuboklarda çıxış edəcək komandalarımızın asan rəqiblərlə üzləşdiyini deyə bilərəm. İndiki halda bütün komandalarımız mərhələ adlamağa borcludur. Əgər hər hansı bir təmsilçimiz rəqib qarşısında aciz qalsa, Azərbaycan futbolunun inkişafından danışmağa dəyməz. Mənə elə gəlir ki, püşkün bundan yaxşı nəticəsini yalnız arzulamaq olardı.”

 

Tural Məmmədov, “168 saat.com”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın